Məhkəmə qərarları › İş №2(103)-5718/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5718/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5718/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və onun vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə və “xxxxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4096/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə və“xxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən ümumi sahəsi 75,46 kv.m. təşkil edən 2 otaqlı mənzil sahəsinin öhdəliyin icrası olaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” MMC-nin direktoru Kazım Kazımzadə ilə xx xxx 2006-cı ildə alqı-satqı müqaviləsi imzalamışlar. Müqaviləyə əsasən cavabdeh “xxxxxxxxxxxxx” MMC Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11- ci mərtəbəsindən ümumi sahəsi 75,46 kv.m. təşkil edən 2 otaqlı mənzil sahəsini onun mülkiyyətinə verməli, o, bunun müqabilində ümumi məbləğ olaraq 22411,62 AZN məbləği ödəməli idi. 2010-cu ilin yanvarına kimi ödənişi qaydasında keçirərək müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Kazım Kazımzadə barəsində cinayət işi başlandıqdan sonra, DİN istintaq idarəsinin müstəntiqi ona bildirmişdir ki, onun mənzil ilə bağlı heç bir problemi yoxdur. O, mənzilinə sahib çıxa bilər. “xxxxxxxxxxxxx” MMC-dən sonra yarımçıq işləri başa catdırmaq və mənzil alıcılarını təmin etmək üçün cəlb edilmiş “xxxxxx” MMCnin müdiri Ələkbər Cəfərov ilk əvvəl onun mənzilə hüququnu ona çıxarış verməklə təmin etmişdir. Lakin daha sonra, o, mənzilinə gəlmək istəyərkən məlum olmuşdur ki, Ələkbər Cəfərov onun mənzilini Zəminə adlı qadına vermişdir. Hesab edir ki, cavabdeh qanunla nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4096/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhvən iddiaçının öhdəliyin icrasını tələb etmək kimi subyektiv hüqununun yaranmaması arqumentinə istinad etmişdir. İddiaçının ləğv və ya etibarsız hesab edilməmiş müqavilə üzrə öhdəliklərin icrasını cavabdehdən tələb etmək hüququ var idi. İddiaçının bu hüququ qanunvericiliyin hər hansı şərti ilə məhdudlaşdırılmamışdı. Məhkəmə yanlız cavabdeh (borclunun) öhdəliklərindən icrasından imtinanı əsaslandırmalı idi. Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəniş etməsi barədə hər hansı müddəa yoxdur. Belə olan təqdirdə, cavabdeh tərəfindən iddiaçının öhdəlikləri barədə hər hansı mübahisələndirmə aparılmadan və öhdəliyin icrası üçün və ya müqavilənin (ləğvini və ya etibarsizhğmı) mübahisələndirilməsi üçün iddia irəli sürmədən, məhkəmənin iddiaçmm öhdəliklərinə münasibət bildirməsi iddia tələbindən kənara çıxmaqla, mübahisə təşkil etməyən məsələyə münasibət bildirmə idi. Bu da mülki prosesin dispozitiv prinsipinin kobud pozulması idi. O, "xxxxxxxxxxxxx" MMC-yə qalan 1520,56 manat borcunu ödəməkdən imtina etmirdi və imtina etmir. Bu ödənişin qəbul edilməsi üçün problem borclunun özü tərəfindən yaradılıb. Belə ki, ilk əvvəl binanın tikintisi dayanıb və "xxxxxxxxxxxxx" MMC mənzil alıcıları ilə problemi yaranıb, daha sonra isə "xxxxxxxxxxxxx" MMC-nin rəhbərliyi həbs edilib. Məhkəmənin iddiaçı tərəfindən özünün öhdəliklərini depozitə icra etməsinin mümkün olmasını qeyd etsə də, görünən odur ki, məhkəmənin depozit hesabı barədə kifayət qədər məlumata malik deyildi. Depozit hesabını saxlayan qurumlardan biri də, məhkəmənin özüdür. Əgər məhkəmə doğurdan da iddiaçmm öhdəliklərini icra etməsinin iddianın təmin edilməsi üçün şərt hesab edirciisə, o zaman iddiaçıya öz öhdəliklərinin icrasının məhkəmənin depozit hesabma ödəməyi təklif etməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8249/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər “xxxxxxxxxxxxx” MMC və ya “xxxxxx” MMC-yə 1520,56 manat ödənildikdən sonra Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən ümumi sahəsi 75,46 kv.m. təşkil edən 2 otaqlı mənzil sahəsinin öhdəliyin icrası olaraq ona təhvil verilməsinin cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8249/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1251/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8249/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən, iddiaçının nümayəndəsi və vəkili Nurlan Kərimli apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçını ümumiyyətlə tanımır. Belə ki, o, 2013-cü ildə “xxxxxx” MMC-yə müraciət edərək ev almaq istədiyini bildirmiş, MMC tərəfindən isə ona mübahisəli mənzilin onu daha əvvəl almış şəxs tərəfindən geri qaytarıldığı və həmin mənzilin ona satılacağını bildirmişlər. O, 40.000 manat pulu MMC-yə ödəyərək mübahisəli mənzili almış və əlavə olaraq 20.000 manat mənzilin təmirinə xərcləmişdir. O ailə üzvləri ilə birlikdə 2013-cü ildən həmin mənzildə yaşayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” saylı ünvanda tikilmiş yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 75,46 kv.metr olan mənzil “xxxxxxxxxxxxx” MMC tərəfindən xx xxx 2006-cı il tarixli müqaviləyə əsasən İddiaçı, “xxxxxx” MMC tərəfindən isə həmin mənzil xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən Maraqlı şəxs satılıb. Göründüyü kimi eyni mənzil cavabdehlər “xxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC tərəfindən həm İddiaçı, həm də Maraqlı şəxs satılıb və 2013-cü ildən mənzildə ailə üzvləri ilə birlikdə sonuncu yaşadığı halda, o, ümumiyyətlə işdə iştirak etməyə cəlb edilməyib və nəticədə iş üzrə məhkəmə aktına əsasən Maraqlı şəxs faktiki yaşadığı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehlərin öhdəsinə qoyulub. Kassasiya instansiyası məhkəməsi təqdimatın dəlilləri ilə razılaşıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunması mülki iş materialları ilə istisna olunmur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edib.”. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Maraqlı şəxs işə birinci instansiya məhkəməsində baxılarkən ümumiyyətlə prosesdə iştirak etməmiş, yalnız İddiaçı hazırki iddia tələbləri əsasında başlanmış iş üzrə qətnamə çıxarıldıqdan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi təkrar apellyasiya baxışı zamanı işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunmasını, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan İddiaçı ilə satıcı “xxxxxxxxxxxxx” MMC-nin direktoru Kazım Kazımzadə arasında. xx.xx.2006-cı il tarixdə bağlanmış 71 saylı müqavilənin surətindən görünür ki, alıcı “xxxxxxxxxxxxx” MMC-nin Gəncə prospekti 2935 A ünvanda tikəcəyi yaşayış binasının İ blok 11 mərtəbəsindən 2 otaqlı mənzil almaq üçün satıcıya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. “xxxxxxxxxxxxx” MMC-nin Gəncə prospekti 2935 A layihə smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında 2 otaqlı mənzil sahəsi 75.46 kv.m təşkil edir. “xxxxxxxxxxxxx” MMC-nin həmin ünvanda, layihə-smeta sənədlərinə əsasən tikəcəyi yaşayış binasında 2 otaqlı mənzilin şərti qəbul edilmiş hər bir kv.m sahəsinin dəyəri: 297 yeni manat 00 qəpik təşkil edir. Bu Müqavilənin ümumi məbləği: 22411 yeni manat 62 qəpikdir. “ALİCİ” “xxxxxxxxxxxxx” MMC-nin tikəcəyi yaşayış binasından alacağı 2 otaqlı mənzilin ilkin dəyərinin ödəməyi öhdəsinə götürür. “ALİCİ” ödənişi bu yolla həyata keçirməlidir: ilk ödəniş 7830 yeni manat 00 qəpik həcmində müqavilə imzalanan zaman “ALİCİ” tərəfindən “SATİCİ”ya ödənilməlidir. Ödənişin qalan hissəsi 40 ayda hər ay 364 manat 54 qəpik “ALİCİ” tərəfindən “SATİCİ”ya ödənilməlidir. İş materiallarında olan “xxxxxx” şirkəti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 199 saylı çıxarışın surətindən görünür ki, İddiaçı Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbədə ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilin mülkiyyətçisidir. İş materiallarında olan kassa mədaxil orderlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 20891,06 manat məbləğində ödəniş edilmişdir Brinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 567, 568, 597, 598.1, 598.2-ci maddələrinə istinad edərək alıcı İddiaçı ilə satıcı “xxxxxxxxxxxxx” MMC-nin direktoru Kazım Kazımzadə arasında bağlanmış xx.xx.2006-cı il tarixli 71 sayh müqavilədə müqavilənin ümumi məbləğinin 22411 manat 62 qəpik, öhdəliyin icrası üçün müddətin isə 40 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən isə müqavilə üzrə müəyyənləşdirilmiş məbləğ həmin müddət ərzində tam ödənilməməsi, müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirilməməsi əsası ilə iddianı təmin olunmalı olmaması nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ilə “xxxxxx” X1 direktoru Əkbər Cəfərov arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli müqavilədən görünür ki, Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbədə ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzil Maraqlı şəxs satılmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxx” şirkəti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 206 saylı çıxarışın surətindən görünür ki, Maraqlı şəxs Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbədə ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilin mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbədə ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilin dəyəri X5 tərəfindən tam ödənilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə cavabdeh şirkətlərlə ayrı-ayrılıqda həm İddiaçı və həm də Maraqlı şəxs arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və Maraqlı şəxs tərəfindən mənzilin dəyəri tam, İddiaçı tərəfindən isə qismən ödənilmişdir. “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Maraqlı şəxs sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil üçüncü şəxsin sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Yuxarıda da göstərildiyi kimi, mübahisəli mənzilin yerləşdiyi bina “xxxxxxxxxxxxx” X3 tərəfindən inşa edilmiş, sonradan yarımçıq işləri başa catdırmaq və mənzil alıcılarını təmin etmək üçün binanın tikintisi “xxxxxx” MMC-yə həvalə edilmiş, MMC inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də maraqlı şəxs ilə eyni məzmunlu müqavilələr bağlamış, MMC isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci blok, 11-ci mərtəbədə ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzili həmin şəxslərlə ayrıayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə, MMC sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, Maraqlı şəxs təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Başqa sözlə, MMC Maraqlı şəxsyla bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2006-cı il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə müqavilədən irəli gələn öhdəliklər mövcud olduğundan, əşyanın (mənzilin) alınmasına müəyyən vəsait sərf etmiş şəxslər (iddiaçı və üçüncü şəxs) kreditor, öhdəliyin icrasını təmin etməyi üzərinə götürən MMC isə borclu hesab olunur. Bu mənada kollegiyanın qənaətinə görə, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kollegiya, həmçinin, qeyd edir ki, tərəflər arasında ayrı-ayrılıqda yaşayış binasında mənzil tikintisi ilə əlaqədar bağlanmış müqavilələr podrat müqaviləsi olduğundan mübahisə üzrə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin XXXİX fəslinin müddəalarının tətbiq olunması istisna edilmir. Mülki Məcəllənin həmin fəsildə yer alan 752.2-ci maddəsinin tələblərinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İş materiallarından aydın olur ki, MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz Maraqlı şəxs mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Maraqlı şəxs lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Maraqlı şəxs verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Bu qənaətə gələrkən kollegiya həmçinin onu da nəzərə alır ki, iddiaçı müqavilə bağladığı 2006-cı il tarixdən mənzilə sahiblik etməmiş, həmin mənzilin ona təhvil verilməsini tələb etməmiş, məhz 2017-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Sonda kollegiya həmçinin qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi MMC-nin iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, fərdən müəyyən edilmiş mübahisəli mənzili başqa birinə (üçüncü şəxsə) verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2006-cı il tarixli müqavilənin icrasının onun təqsirindən mümkünsüz hala gəldiyi müəyyən edilmişdir və bu mənada kollegiyanın qənaətinə görə, hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı “xxxxxxxxxxxxx” MMC-yə və “xxxxxx” MMC-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu İddiaçı izah edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iş üzrə üçüncü şəxs Maraqlı şəxs təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən digər şəxslərin tələbləri əsaslı hesab oluna bilməz və bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4096/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə və “xxxxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar