Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5718/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliyin icrası, mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: öhdəliyin icrası, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliyin icrası, mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(005)-1549/2024 nömrəli qətnaməsindən cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə "X10" MMC-nin nümayəndəsi X3 bağlanmış və 12 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsinə aşağıdakı bəndlərinə əsasən 1) X4 ona məxsus sənəd üzrə ümumi sahəsi 62,50 kv.m, faktiki ümumi 86,67 kv.m tikili və 47,07 kv.m sahəsi olan Bakı şəhəri, N.Nərimanov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilinin sökülərək həmin ərazidə "X10" MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün "X10" MMC-yə təhvil verir. 2) tərəflər arasında hesablaşma aşağıdakı üsulla aparılır: 86,67+47,07/2=110,21 kv.m, 110,21+20%=132,25 kv.m. 3) Müqavilənin dəyəri -154294 manat nəzərdə tutulur. 4) Təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzinə "X10" MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,06 kv.m 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X2 adına rəsmiləşdirilib təhvil verməyi öhdəsinə götürmüşdür. 5) X4 və ailə üzvləri 3 ay müddətinə qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər. 6) X4 mülkiyyətçisi olduğu Bakı şəhəri, N.Nərimanov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilini xx.xx.2022-ci il tarixinədək boşaldaraq "X10" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. 7) Gələcəkdə qeyd olunan mənzillə əlaqədar mülkiyyətçi X4, onun ailə üzvləri və digər aidiyyatı şəxslər tərəfindən irəli sürüləcək hər hansı bir iddiaya mülkiyyətçi X4 cavabdehdir. 8) Müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil veridyi gündən başlayaraq, 2 il nəzərdə tutulur. Bu müddət fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. 9. Müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürmüşdür.
2. 22 iyun 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, N.Nərimanov rayonu, Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birdəfəlik 45000 manat ödənişin əvəzində “X11” MMC-nin Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəlı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə onun adına rəsmiləşdirib təhvil verməyi həmin MMC-nin öhdəsinə qoyulması, müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün “X11" MMC tərəfindən ona 50000 manat təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, 24 fevral 2024-cü il tarixdən “X11" MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillər ona təhvil veriləndən iki ay sonraya kimi kirayə haqqı olaraq ona hər ay üçün 700 manat ödənilməsi vəzifəsinin “X11" MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onun tərəfindən ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzində "X11' MMC tərəfindən sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı təmirsiz mənzilin ona verilməsi 106,06 kv.m. 1 ədəd 3 otaqlı mənzilin təmiri və 2 il müddətində 4 nəfərdən ibarət ailəsinin kirayə haqqının əvəzində nəzərdə tutulmuşdur. "X11” MMC-nin Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda yeni binanın tikintisi 2023-cü ilin mart ayından başlanmışdır. MMC tərəfindən ona bildirilmişdir ki, mənzillərə dair müqavilələrin bağlanması və aylıq müvafiq ödənişin edilməsi vaxtını onların ona bildirəcəklər. Lakin bir müddət ona hər hansı bildiriş verilmədikdə 2023-cu ilin avqust ayından başlayaraq 1875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyimə baxmayaraq cavabdeh nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabı təqdim etmişdir. Tərəfindən olan şifahi və yazılı müraciətlərə cavab verilməmişdir. Sentyabr 2023-cü il tarixdə müvafiq məsələ ilə əlaqədar “X11" MMC-yə müraciət etdikdə ona bildirilmişdir ki, ötən müddət ərzində ödəniş etmədiyi üçün razılaşmada nəzərdə tutulmuş sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil ona verilməyəcək. Beləliklə, "X11" MMC onunla notarial qaydada bağladığı müqavilənin qeyd edilən mənzilə aid şərtindən birtərəfli qaydada imtina etmişdir. "X11" MMC ilə onun arasında notarial qaydada bağlanmış müqavilənin şərtlərinə əsasən Bakı şəhəri N.Nərimanov rayonu Mayakovski küçəsində yerləşməklə yaşadığı 9 saylı evin 6 saylı mənzilinin sökülməsi üçün həmin MMC-yə təhvil verməyi və ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin edilməsini öhdəmə götürməklə "X11" MMC, yəni kreditor qarşısında borclu şəklində çıxış etmişdir. "X11" MMC isə təhvil verdiyi 6 saylı mənzilin və 24 ay ərzində ödəyəcəyi 45000 manat vəsaitin əvəzində ona, yəni kreditora Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106.06kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94 77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə təhvil verməyi öhdəsinə götürməklə borclu kimi çıxış etmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilə əvəzli müqavilə olmaqla qarşılıqlı surətdə hər birində öhdəlik və tələb etmək hüququ yaratmışdır. Cavabdehin qarşısında boclu olduğu halın, yəni ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin edilməməsi kreditorun, "X11" MMC-nin icranı üzürsüz səbəbdən qəbul etməməsi nəticəsində olmuşdur. Bunu əsaslandırmaq üçün bildirir ki, müqavilə bağlandığı tarixdən sonra dəfələrlə nağd ödənişin edilməsi və ya vəsait ödəmək üçün müvafiq bank hesabının verilməsinə görə yazılı və şifahi müraciətlər etməyinə baxmayaraq cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənişin icrası yubadılmış və qəbul edilməmişdir. Bununla da kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməmiş və ya mənim (borclunun) öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməyərək icranı gecikdirmişdir. Heç bir əsas olmadan onla notariat qaydasında bağladığı müqavilənin yuxarıda göstərilən hissəsindən qanunsuz olaraq birtərəfli qaydada imtina etmişdir.
6. Cavabdeh “X11” MMC-nin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin məzmununu və eləcə də tərəflərin müqavilədə götürdükləri öhdəlikləri tamamilə təhrif edərək, cavabdehdən yaranmayan öhdəliklərə görə tələblər irəli sürmüşdür. Qeyd edilən müqavilənin 3-cü bəndində göstərilir ki, müqavilənin dəyəri 154294 manat təşkil edir. İddiaçıya məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilinin ümumi sahəsi, 86,67+47,07=110,21 kv.m. təşkil edir. Göstərilən sahə faktiki tikili və həyat sahə nəzərə alınmaqla müəyyən edilmişdir. Cavabdeh MMC qeyd edilən sahəyə 20% əlavə sahə verəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin real halları 110,21 kv.m. sahə və 154294 min manat təşkil edir. Cavabdeh qeyd edilən sahəni iddiaçıya verməli və ya da onun göstərilən məbləğini iddiaçıya ödəməlidir. Müqavilənin 4-cü bəndində göstərilir ki, “Təhvil verilən yuxarıda göstərilən mənzilin 154294 manat hissəsinin və əlavə ayda 1 875 manat olmaqla, 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzinə Cavabdeh MMC Bakı şəhəri, İ. Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, cox mənzilli yaşayış binasından ümumi sahəsi 106,06 kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonar təmirsiz vəziyyətdə X2 adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür”. Müqavilənin qeyd edilən bəndinin məzmununa görə, iddiaçı 94.77 kv.m. sahəsi olan iki otaqlı mənzili 24 ay müddətində, ayda 1875 manat ödədiyi halda əldə edə bilərdi. Lakin, iddiaçı, müqavilədə göstərilən qeyd edilən öhdəliyi ümumiyyətlə yerinə yetirməmişdir. İddiaçı müqavilə öhdəliyini nəinki qəsdən yerinə yetirməmişdir, eyni zamanda MMC ilə hər-hansı bir formada əlaqə saxlamamışdır və əlaqənin saxlanması üçün isə ünvan və digər əlaqə vasitəsini də bildirməmişdir. İddiaçı göstərilən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək müqavilə öhdəliyini pozmuşdur. İddiaçı müqavilənin 5-ci bəndinin tələbini də pozmuşdur. Həmin bənddə göstərilir ki, X4 və ailə üzvləri üç ay müddətində qeydiyyatdan cıxmağı öhdələrinə götürürlər. Lakin, iddiaçı həmin müqavilə öhdəliyini də pozmaqla qeydiyyatdan çıxmamışdırlar. İddia ərizəsində də iddiacı həmin ünvanda qeydiyyatda olduğunu göstərir. Bundan başqa müqavilənin 6-cı bəndinin şərtinə görə iddiaçı 28 mart 2022-ci ilə qədər qeyd edilən mənzili boşaldaraq "X10" MMCyə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, iddaçı müqavilənin həmin bəndinin də tələblərini pozaraq qeyd olunan müddətdə mənzilini boşaldaraq təhvil verməmişdir. Halbuki, müqavilənin 8-ci bəndinin şərtlərinə görə "X10" MMC-nin iddiaçı qarşısında öhdəliyi yalnız iddiaçı həmin mənzili cavabdehə təhvil verdiyi gündən yaranmağa başlamalayırdı. Göründüyü kimi müqavilənin bu bəndləri də iddiaçı tərəfindən açıq-aşkar pozulmuşdur. Bununla belə iddiaçının öz müqavilə öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq "X10" MMC müqavilənin 3-cü bəndində qeyd edilən və müqavilənin ümumi dəyəri kimi nəzərdə tutulan 154294 manat məbləğində vəsaiti istənilən vaxt iddiaçıya ödəməyə hazırdır. Müqavilənin 9-cu bəndində göstərilir ki, hər hansı bir tərəf müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50000 manat təzminat ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə öhdəliklərini kobud qaydada pozmuşdur. Lakin buna baxmayaraq İddiaçının tamamilə əsassız olaraq qarşı tərəfdən 50.000 manat təzminat tələb etməsi müqavilə öhdəliyinə vicdansız yanaşmadır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(005)- 1549/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında İddiaçı tərəfindən 45000 manat ödənişin edilməsi əvəzinə Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə İddiaçı adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyi cavabdeh "X10" MMC-nin üzərinə qoyulması, qalan hissələrdə iddianın rədd olunması qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən əsasən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırki vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə 29 fevral 2020-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1875 manat olmaqla, cəmi 45000 manat ödənişi MMC-yə ödəməmişdir. İddiaçı bunu 2023-cu ilin avqust ayından başlayaraq 1875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyinə baxmayaraq cavabdehin nə icranı nağd şəkildə qəbul, nə də ki, müvafiq bank hesabı təqdim etməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəf müqavilənin 4-cü bəndinin iddiaçı tərəfindən yerinə yetirilməməsini təsdiq etməklə yanaşı iddiaçının ödəniş üçün MMC ilə heç bir formada əlaqə saxlamamasına istinad etmişdir. İşin mübahisəli hissəsi də məhz müqavilənin 4-cü bəndinin yerinə yetirilməməsi və bunun faktiki olaraq kimin təqsiri üzündən baş verməsi təşkil edir. Belə ki, cavabdeh tərəfin dəlillərinə əsasən ödənişlər vaxtında ödənildiyi təqdirdə heç bir mübahisə olmazdı. Lakin nə qədər ki, ödənişlər olmayıb, onlar müqavilə üzrə mənzilləri deyil, təhvil verilmiş mənzilin müqavilədə göstərilmiş dəyərini iddiaçıya ödəməklə mübahisəni həll etməyə etiraz etmirlər. Əvvəla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh tərəf onun ləğv edilməsi ilə bağlı müvafiq iddia qaldırmamışdır. Başqa sözlə, müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək mükəlləfiyyətinin daşıyıcısı olaraq qalır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin biri olan aylıq ödənişlərin ümumiyyətlə həyata keçirilməməsi faktı ilə bağlı cavabdeh tərəf iddiaçıdan müqavilənin 9-cu bəndinə uyğun təzminatla əlaqədar iddia belə qaldırmamış, ona qarşı hazırki iddia qaldırıldıqdan sonra isə məhz aylıq ödəniş etməməsinə istinad edərək müqavilədə nəzərdə tutulan mənzilləri vermək istəməyərək, təhvil verilmiş mənzilin müqavilədə göstərilən dəyərini ödəməyə hazır olduğu bildirmişdir. Cavabdehin bu formada mübahisəni həl etmək istəyi həm müqavilə şərtlərinə, həm qanunvericiliyə, həm də iddiaçının mənafeyinə uyğun olmamaqla ziddir. Belə ki, məhkəmənin qənaətinə görə əvvəla müqavilədə mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin iddiaçı tərəfindən MMC-yə hansı qaydada, formada və hansı hesaba ödənilməsi qeyd edilməmişdir. Bundan əlavə, MMC özü iddiaçı tərəfindən 2 və daha artıq müddətdə ödənişlərin həyata keçirilməməsi fonunda özü tərəfindən iddiaçı ilə müqavilənin 4 və 9-cu bəndləri ilə bağlı xəbərdarlıq etmək üçün hər hansı formada əlaqə saxlamağa cəhd etmələrinə dair heç bir sübut təqdim etməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri hazırki vaxta kimi həyata keçirmək niyyətindədir və bundan yayınmaq fikri olmamışdır. Sadəcə onun bu məbləğləri hara və hansı qaydada ödənilməsi barədə heç bir məlumatı olmamış, hazırda da yoxdur. Göründüyü kimi, cavabdehin iddiaçının müqavilənin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı irəli sürdüyü arqument faktiki təsdiq olunsa da, bu halın yaranması özü tərəfindən də yol verilmiş bir növ səhlənkarlıqla müşayiət olunmuşdur. Halbuki, binanı inşa edən cavabdehin nümayəndəsinin izahatında göstərdiyi kimi tikinti işləri kredit alınması ilə həyata keçirildiyindən həmin vəsaitin ödənilməsində MMC-i iddiaçıdan daha çox maraqlı olmalı və iddiaçının bu öhdəliyini yerinə yetirməkdən qəsdən, bilərəkdən yayınması halını müəyyən etdiyi təqdirdə qanunvericiliylə müəyyən edilmiş hüquqi tədbirlərini görməli idi. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 110,21 kv.m sahəsi olan mənzilə görə 20 % nəzərə alınmaqla 132,25 kv. m sahə verilməli olduğu halda, həmin sahəli mənzil layihədə olmadığı üçün tərəflər razılaşmışlar ki, ümumi sahəsi 106,06 kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X2 adına rəsmiləşdirib təhvil verilməlidir. Başqa sözlə, 132,25 kv.m sahədən əlavə verilən 68,58 kv.m sahə üçün iddiaçı cavabdehə 45000 manat ödəniş etməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı 45000 manat ödənişi həyata keçirmədiyi halda cavabdeh müqavilə qiyməti olan 154294 manat məbləği verməklə hər iki mənzili ona verməkdən imtina etməkdə haqlı ola bilməzdi. Ehtimal olaraq nəzərə alınsa ki, cavabdeh iddiaçıya verilməsi nəzərdə tutulan ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili verməkdən imtina edə bilərdi, bu hal da iddiaçının mənafeyinə uyğun deyildir. Belə ki, qeyd olunduğu kimi cavabdeh 110,21 kv.m sahəyə münasibətdə iddiaçıya 132,25 kv. m sahəli mənzil verə bilmədiyi üçün iki, yəni, ümumi sahəsi 106,06 kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil təklifi məhz bununla əlaqədar olmuşdur. Başqa sözlə, ümumi sahəsi 94,77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzilin sahəsinə iddiaçının təhvil verdiyi mənzilə görə 20 % nəzərə alınmaqla verilən 132,25 kv.m sahə də daxildir. Beləliklə də, müəyyən edilmişdir iddiaçının 4-cü bənd üzrə üzərinə götürdüyü müqavilə şərtlərini yerinə yetirməməsi qəsdən deyil, obyektiv səbəblərdən baş verdiyindən bu onun tərəfindən müqavilənin qeyd edilən şərtinin kobud pozuntusu kimi qiymətləndirilmir. Lakin müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş mənzilləri ona 4-cü bəndin tələbləri pozulmasına görə təhvil verməməsini məhkəmə qanunsuz sayır və hesab edir ki, cavabdehin bu hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, o mənzilləri iddiaçıya təhvil verməli idi. Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh mənzilləri iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, öz öhdəliklərini icra etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Halbuki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olduğundan iddiaçı həmin öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələblərinin digər hissələri üzrə qeyd etmişdir ki, iddianın 24 fevral 2024-cü il tarixdən “X11" MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillərin ona təhvil veriləndən iki ay sonraya kimi kirayə haqqı olaraq ona hər ay üçün 700 manat ödənilməsi vəzifəsi “X11" MMC-nin üzərinə qoyulması hissəsi əsaslı olmadığı üçün təmin edilə bilməz. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır, həmçinin də iddiaçı tələbinin bu hissəsinin əsaslandırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün “X11" MMC tərəfindən ona 50000 manat təzminatın ödənilməsi hissəsinin də əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh müqavilə şərtlərini pozması halını yuxarıda qeyd edildiyi kimi ilk növbədə iddiaçı tərəfindən aylıq ödənişləri etməməsi ilə əsaslandırmış və bu halın araşdırma zamanı iddiaçıdan asılı olmayan oybektiv səbəblərdən baş verməsi təsdiqini tapmışdır. İddia bu hissədə iddiaçı tərəfindən müqavilənin bütün şərtləri tamamilə yerinə yetirildiyi və cavabdehin də müqavilə öhdəliklərinə riayət etməməsi halında əsaslı sayıla bilərdi. Lakin müəyyən edildiyi kimi cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirməməsi qanunsuz olsa da, bu həm də iddiaçının qarşılıqlı olaraq müqavilə şərtlərini tam yerinə yetirməməsi ilə də əlaqədar olmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 386.1, 442, 405.1, 427.3, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh “X11” MMC apellyasiya şikayəti verərək iddianın təmin olunan hissədə ləğv olunmasını və həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə cavabdeh arasında 22 fevral 2022-ci il tarixdə Razılaşma müqaviləsi bağlanmış və müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin iddiaçı müqavilədən irəli gələn öhdəlikləri yerinə qəsdən yetirməyərək qəsdən müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Belə ki, qətnamənin 22-ci bəndində göstərilir ki, “Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əsasən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırki vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə xx.xx.20202-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1875 manat olmaqla, cəmi 45000 manat ödənişi MMC-yə ödəməmişdir. Daha sonra göstərilir ki, iddiaçı bunun səbəbini guya cavabdehin ödənişin nə nəğd şəkildə qəbul etməməsini, nə də ki, bank hesabının ona təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə də cavabdehin heç bir sübutla təsdiq edilməyən qeyd edilən mülahizəsini qətnamədə əsas kimi qəbul etmişdir. Baxmayaraq ki, cavabdehin həqiqətə uyğun olmayan mülahizəsi təkzib edilmişdir. Belə ki, cavabdeh tərəfindən dəfələrlə bildirilmişdir ki, cavabdeh, onun əri və oğlu mütəmadi olaraq cavabdehlərin ofisinə gəlmişlər və müqavilə üzrə ödəməli olduqları 45000 manatı ödəmək istəmədiklərini bildirməklə yanaşı, eyni zamanda ödənilmə şərti ilə onlara verilməsi nəzərdə tutulan 94.77 kv.m sahəsi olan mənzilin əvəzindən də cavabdehdən 230000 manat pul tələb etmişdirlər. Bununla da və eyni zamanda iddiaçının qəsdən müqavilə öhdəliyini yerinə yetirməməsi və müqavilə öhdəliyinə vicdansız yanaşması sübut olunur. Qətnamənin 28 və 29-cu bəndlərində belə bir qənaətə gəlinir və qiymət verilir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin biri olan aylıq ödənişlərin ümumiyyətlə həyata keçirilməməsi faktı ilə bağlı cavabdeh tərəf iddiaçıdan müqavilənin 9-cu bəndinə uyğun təzminatla əlaqədar iddia belə qaldırmamış, ona qarşı hazırki iddia qaldırıldıqdan sonra isə məhz aylıq ödəniş etməməsinə istinad edərək müqavilədə nəzərdə tutulan mənzilləri vermək istəməyərək, təhvil verilmiş mənzilin müqavilədə göstərilən dəyərini ödəməyə hazır olduğu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu formada mübahisəni həl etmək istəyi həm müqavilə şərtlərinə, həm qanunvericiliyə, həm də iddiaçının mənafeyinə uyğun olmamaqla ziddir. Məhkəmənin işin hallarına bu qaydada qiymət verməsi doğru deyildir. Beləki, müqavilədə əmlakın tərəflər tərəfindən müəyyən edilmiş qiymətinin tələb edilməsi iddiaçının hüququdur. İddiaçı belə bir tələblə iddia qaldırmış olduğu halda tələbi haqlı olardı. Eyni zamanda cavabdehin müqavilədə nəzərdə tutulmuş qiymətini ödəyə biləcəyinə hazır olması barəsindəki mülahizəsi cavabdehin iddiadan imtina etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh yalnız 94.77 kv.m sahəsi olan mənzilin müqavildə göstərilən öhtəliyin iddiaçı tərəfindən icra edilmədiyini bildirmişdir. Müqavilənin qalan hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı və onun ailə üzvləri mütəmadi olaraq yəni müqavilədə göstərilən öhdəliyin icra edilməli oldugu müddətdə cavabdehin ofisində olublar və 94,77 kv.m sahəsi olan mənzilə görə ödənilməli olan məbləği tələb edilsə də (nəğd qaydada və ya bank hesabına) ödəməkdən imtina ediblər. Mənzilin dəyərini ödəmədikləri halda cavabdehdən onlara aid olmayan mənzildən imtinaya görə külli miqdarda pul tələb edilibdir. Cavabdehin bank hesabından çıxarış bütün müştirilərə verildiryi kimi iddiaçılara da verilibdir. Cavabdeh bank hesabını itirdiyi halda isdə istədiyi zaman ofisdən bank hesabını əldə edə bilərdi. Cavabdeh tərəfindən mütəmadi olaraq iddiaçı və ailə üzvlərinə görüşlər zamanı dəfələrlə xəbərdarlıq edilibdir ki, müqavilədə göstərilən 94,77 kv.m sahəsi olan mənzilin dəyəri ödənilmədiyinə görə müqavilənin həmin hissəsindən imtina edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsinə əsasən təhvil verilən mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzinə "X10" MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,06 kv.m 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X2 adına rəsmiləşdirilib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 8-ci bəndə əsasən mənzilin təhvil verildiyi gündən 2 il müəyyən olunmuş, 22 iyun 2022-ci il tarixli akta əsasən mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Hər 2 tərəf üçün öhdəliklərin icrası müddətinin axımı 22 iyun 2022-ci il tarixdən başlanmışdır, yəni, 22 iyun 2024-cü il tarixə kimi iddiaçı tərəfindən ödənişlər tam aparılmalı, həmin tarixdə isə mənzil ona təhvil verilməli idi.
20. Müqavilənin predmetini 2 mənzil təşkil etsə də, hazırkı iddianın predmetini yalnız ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzil təşkil edir. Digər ümumi sahəsi 106,06 kv.m 1 ədəd 3 otaqlı mənzil iddianın predmeti deyildir və məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi həmin mənzili istənilən vaxt iddiaçıya təhvil verməyə hazır olduğunu bildirmişdir.
21. İddia ərizəsində qeyd olunur ki, “... MMC tərəfindən mənə bildirilmişdir ki, mənzillərə dair müqavilələrin bağlanması və aylıq müvafiq ödənişin edilməsi vaxtını biz sənə bildirəcəyik. Lakin bir müddət mənə hər hansı bildiriş verilmədikdə 2023-cü ilin avqust ayından başlayaraq 1875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməsinə baxmayaraq cavabdeh nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabı təqdim etmişdir. Tərəfimizdən olan şifahi və yazılı müraciətlərə cavab verilməmişdir.”
22. Qeyd olunan hallarla bağlı məhkəməyə sübut olaraq yalnız İddiaçı tərəfindən "X10" MMC-yə 31 oktyabr 2023-cü il tarixdə telerqamın vurulması barədə qəbz əlavə olunmuşdur.
23. Öhdəliklərin icrası müddətinin 22 iyun 2024-cü il tarixdə başa çatmasına baxmayaraq iddiaçının öz arqumentləri ilə də təsdiq olunur ki, icra müddətinin axımının başladığı vaxtdan 1 il 2 ay ərzində öhdəliklərin icrası üçün cəhd edilməmişdir. Halbuki, həmin müddət ərzində artıq iddiaçı tərəfindən ödənişin 26250 manat (14 x 1875 = 26250) məbləğində hissəsi icra olunmalı idi. Bu hal isə iddiaçı tərəfindən öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir.
24. İddiaçı ona hesab nömrəsinin təqdim olunmadığına görə ödəniş apara bilmədiyinə istinad etsə də, bu arqument inandırıcı hesab oluna bilməz. Belə ki, iddiaçıya öhdəliklərin icrasının axımı müddətinin 22 iyun 2022-ci il tarixdə başlanması həmin vaxt məlum olduğundan onun ən azı 1 il 2 ay ərzində ödənişlərin aparılması üçün cəhdlər etməsi imkanı olmuşdur, lakin onun qarşı tərəfə ilk rəsmi müraciəti 31 oktyabr 2023-cü il tarixdə edilmişdir.
25. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müqavilənin 4-cü bəndinin yerinə yetirilməməsinin cavağdehin təqsiri üzündən baş verməsi barədə gəldiyi qənaəti əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin 33-cü bəndində iddiaçının müqavilənin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı cavabdehin irəli sürdüyü arqumentin faktiki təsdiq olunduğuna istinad etsə də, mübahisənin həllinə öhdəliyin icra olunmaması baxımından yanaşmamış, “bu halın yaranmasının cavabdehin özü tərəfindən də yol verilmiş bir növ səhlənkarlıqla müşayiət olunması”na istinad edərək iddianın qismən təmin olunması qənaətinə gədmişdir.
26. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. (Mülki Məcələnin 441.3 və 447.1-ci maddələri)
27. Qeyd olunan normaların dispozitiv şərtlərindən də görünür ki, öhdəliyin icrasının hətta tam həcmdə həyata keçirilmədiyi təqdirdə qarşılıqlı icra öhdəsinə düşən tərəfin öz öhdəliyinin icrasını dayandıra bilməsi və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmək hüququ vardır. Hazırkı situasiyada isə iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi ümumiyyətlə yerinə yetirməyərək qarşılıqlı icranı tələb edir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 560.3 və 560.3.2-ci maddəsinə əsasən iddiaçının öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını tələb etməsi hüquqdan sui-istifadədir.
29. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq həmin hissədə iddia rədd edilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(005)- 1549/2024 nömrəli qətnaməsindən cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(001)- 1549/2024 nömrəli qətnaməsi qismən, iddianın təmin olunduğu - 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında İddiaçı tərəfindən 45000 manat ödənişin edilməsi əvəzinə Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə İddiaçı adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyinin cavabdeh "X10" MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev