Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5719/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya məxsus olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən, ümumi sahəsi 343,5 kv.m olan 98B-li fərdi yaşayış evindən (bundan sonra – ev) cavabdehin istifadə hüququna xitam verilsin və cavabdeh evdən çıxarılsın. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, cavabdeh həmin evindən çıxarılsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Həmin ev və evin yerləşdiyi 0,029 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, onun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb, reyestr çıxarışı və texniki pasport verilib. Cavabdeh iddiaçının gəlinidir, o, xx.xx.2022-ci ildə cavabdehin oğlu Tural Abbasov ilə nikah bağlayıb, həmin vaxtdan iddiaçının evində yaşayır, bir uşağı var. Cavabdehin evdə istifadə hüququ yoxdur, çünki istifadə hüququnun yaranması üçün Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində, habelə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində müəyyən edilmiş əsaslar mövcud deyil. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Mülki Məcəllənin 157.2-ci maddəsinin görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh iddiaçının mülkiyyətində olan evin bir hissəsinə qanunsuz sahiblik edir. Ona görə də birinci instansiya məhkəməsi cavabdehin evdən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Cavabdeh apellyasiya icraatı zamanı bildirib ki, o, evin 2-ci mərtəbəsindəki sahədə yaşayır, yaşadığı sahə bir zal, bir otaq və bir sanitar qovşaqdan ibarətdir, onun yaşadığı sahə iddiaçının mülkiyyətində olan evə aid deyil. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdehin yaşadığı sahə iddiaçının mülkiyyətində olan evə aiddir. Cavabdehin özü etiraf edir ki, onun yaşadığı sahənin alt mərtəbəsində, yəni 1-ci mərtəbədə iddiaçı (mülkiyyətçi) yaşayır. Texniki pasportdan görünür ki, iddiaçının evi iki mərtəbəlidir. Cavabdehin yaşadığı sahə evin texniki pasporunda “A” tikilisi kimi göstərilən tikilinin 2-ci mərtəbəsinə yerləşir. Tərəflərin təqdim etdikləri videoyazıdan da müəyyən olunur ki, iddiaçının yaşadığı sahə iddiaçının mülkiyyətində olan evin ikinci mərtəbəsində yerləşməklə həmin evə aiddir. Cavabdeh tərəf iddiaçının yaşadığı sahənin texniki göstəricilərinin texniki pasportda müəyyən edilmiş texniki göstəricilərə uyğun gəlmədiyini bildirsə də, bu halın hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, həmin hal müvafiq icra hakimiyyəti orqanı ilə iddiaçının arasında olan münasibətlərə aiddir. Qətnamə iddianın rədd edilməsinə aid hissədə, yəni evdən istifadə hüququna xitam verilməsi barədə tələbə aid hissədə mübahisələndirilməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5719/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5719/2023
27.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver