Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5720/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış 244 saylı müqaviləyə əssən 13-cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv. metr sahəyə malik 78b saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, 13cü mərtəbədə yerləşən (12b kimi adlandırılmış) iddiaçıya məxsus 60,18 kv.m. sahəyə malik 78b saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə arasında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Belə ki, iddiaçı həmin mənzilin dəyəri olan 26125,94 manat məbləğində pul vəsaitinin tam olaraq ödəmişdir. Bu barədə iddiaçıya qəbzlər də təqdim edilmişdr. "xxxx" MMC rəhbər şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-94/2014 nömrəli hökmü ilə dələduzluq cinayətini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdirlər. Həmin hökmə görə yanlış verilmiş mənzillərin qanuni sahiblərinə qaytarılması, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsində 60,18 kv.m. olan 2 otaqdan ibarət mənzilin iddiaçıya qaytarılması öhdəliyi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə edilmişdir. Lakin həmin vaxtdan etibarən sözü gedən mənzil iddiaçının mülkiyyətində olduğu halda onun istifadəsinə verilməmişdir. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mənzilin ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsini tələb etmişdir. Lakin həmin zaman cavabdeh qismində Zeynalov Samir göstərilmişdir. İddiaçı mübahisə üzrə iddiaçıya məxsus olmuş mənzilin Zeynalov Samir tərəfindən özgəninkiləşdirildiyini zənn etsə də, məhkəmə gedişatında müəyyən edilmişdir ki, məhkəmə ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçıya satılan mənzil ilə inşa olunan yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində satılan mənzil ayrı-ayrı mərtəbələrdə yerləşdiyi üçün eyni mənzillər olmadığı göstərilmişdir. Belə ki, həmin bina 2 girişli, zirzəmi + kürsü + 12 mərtəbədən ibarət olduğundan mənzillər alıcılara bölüşdürülən zaman düzgün təhvil verilməmişdir. Belə olan təqdirdə müqavilə üzrə iddiaçıya verilməli olan mənzil Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Mənzil halhazırda cavabdeh olan şəxslərin istifadəsində olduğuna görə iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş Çıxarış, maliyyə arayışından da aydın olduğu kimi cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 60,18 kv.m. olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəbəsindəki 60,18 kv.m. olan 1 otaqlı mənzilin mülkiyyətçisidir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasını bir daha təsdiq edir. Odur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 13-cü mərtəbəsindəki 60,18 kv.m. olan 2 otaqlı mənzildən Cavabdeh1 çıxarılmaqla iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməlidir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmənin yuxarıda qeyd etdiklərinə münasibət olaraq bildirmək istəyirik ki, məhkəmə işi tam araşdırmış olsaydı görərdi ki, sözü gedən mənzili Quliyev X6 Nailə Alı qızına satmamış həmin əmlaka dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1- ci maddəsinə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qanunvericiliyin etibarnaməyə verdiyi anlayışdan da göründüyü kimi etibarnamənin verilməsi hələ mənzilin satılması demək deyildir. Bundan savayı etibarnamənin verilməsi şəxsin özünə deyil üçüncü şəxslər qarşısında öhdəliyin yaradılmasını özündə əks etdirir. Həmin əqd əsasında bəlkə də Cavabdeh1 Cavabdeh2 üçüncü şəxslərə sözü gedən mənzilin satılması və hər hansı bir digər hərəkətlərin edilməsi üçün verilmişdir. Məhkəmə isə bütün bunlara düzgün hüquqi qiymət verməmiş, mülki qanunvericiliyə uyğun olaraq etibarnaməni səciyyələndirən halları gözardı etmiş və mülki etibarnaməni əmlakın alqı-satqısı kimi qiymətləndirmişdir.
5. Məhkəmə yalnızca Cavabdeh2 tərəfindən irəli sürülmüş heç bir hüquqa əsaslanmayan ifadələri qəbul etmiş, məhz bununla bağlı olaraq şəxsin iddiaçıya məxsus mənzildə qanunsuz yaşamasına hüquqi qiymət verməyərək, tam əksinə ona məxsus əmlakda qanunsuz yaşamağa icazə vermişdir.
6. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə Cavabdeh1 Bakı şəhəri, Gəncə prospekti 60,18 kv.m olan 2 otaqlı mənzilin deyil də, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 12B mərtəsində ümumi sahəsi 60,18 kv.m olan 1 otaqlı mənzilin satıldığı ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+ texniki mərtəbəyə icazə verilmişdir, 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamışdır, 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyriqanuni layihələndirilmədən və aidiyyəti orqanlarda razılaşdırılmadan "xxxx" MMC tərəfindən 2012-2015-ci illərdə qanunsuz tikilərək, həmin tikdiyi mərtəbən 12B mərtəbə kimi adlandırmışdır.
7. Rayon məhkəməsi sözü gedən faktı qeyd etsə də nədənsə Cavabdeh2 13-cü mərtəbədə yerləşməsini qəbul etmişdir. Məhkəmə iddiaçıya məxsus mənzilin qanunsuz tikilmiş olmasını qeyd edərək iddiaçının iddia tələbini rədd etsə də sonrakı abzaslarda Cavabdeh2 mənzilinin 13-cü mərtəbəb yerləşməsini etiraf etmiş, bu mövqedən yanaşaraq iddianı təmin etməmişdir. Məhkəmə qətnaməsi beləliklə bir-birinə zidd olan halları qeyd edərək bir hissədə binanın 13-cü mərtəbəsinin mövcud olmasını, həmin mənzilin guya Cavabdeh2 faktiki satılmasını qəbul edir, iddiaçıya münasibətdə isə sözü gedən binanın 13-cü mərtəbəsinin olmamasını və "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasınıın inşasına zirzəmi, kürsülü, 12+ texniki mərtəbəyə icazə verilmişdir, 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamışdır, 12-ci mərtəbənin üstündə olan mərtəbə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarda razılaşdırılmadan "xxxx" MMC tərəfindən 2012-2015-ci illərdə qanunsuz tikilərək, həmin tikdiyi mərtəbən 12B mərtəbə kimi adlandırılmasını qeyd etmişdir. Əgər bu gün hesab etsək ki, binanın 13-cü mərtəbəsi yoxdur, bəs o zaman nə üçün məhkəmə Cavabdeh2 qanunla mövcud olmayan hüquqlarını qorumaqdadır.
8. Bundan öncəki silsilə məhkəmə qətnamələri, məhkəmə gedişatında verilmiş ekspertiza rəyləri sözü gedən binanın 13-cü mərtəbəsinin olmasını müəyyən etdiyi halda, eyni zamanda iddiaçı tərəfindən də 13-cü mərtəbənin olmasını qəbul edildiyi, sözü gedən məhkəmə prosesi zamanı yerli baxış keçirilən zaman məhkəmənin özündə aşkar etdiyi kimi mübahisəli binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmə onu necə kürsü və ya texniki mərtəbə kimi qiymətləndirib Cavabdeh2 hüquqlarını tanıyır? Bütün bu faktların mülki işin tam araşdırılmamasının bariz nümunəsidir.
9. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçı tikintisi layihələndilməmiş mərtəbədən mənzilin satılması nəzərdə tutulmuşdur. Bunun nətəcəsidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cu il tarixli 1(101) 91/2014 nömrəli Hökmü ilə "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-YƏ İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən binanıın 1-ci blok, 13-cü mərtəsində ümumi sahəsi 60,18 kv.m olan mənzilin təhvil verilməsi öhdəliyi ilə yanaşı, alternativ olaraq 26125 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi də müəyyən edilmişdir. Buna münasibətdə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş hökmlərə məhkəmə diqqət yetirməmiş, sadəcə hökm etdi hissəsinə nəzər yetirmişdir. Həmin cinayət işi üzrə 125 zərərçəkmiş şəxs mövcud olmuşdur. Həmin hökmün icra olunması üçün "xxxx" MMC tərəfindən 1 mənzilin bir neçə şəxsə satılması müəyyən edilmdiyindən bu hala münasibətdə ümumi hökm çıxarıldığından “və ya” müəyyən edilmişdir.
10. Bundan savayı "xxxx" MMC-nin hüquqi varisi olmamış, "xxxx"MMC-nin direktoru "xxxx" MMC-ə etibarnamə vermiş, tikinti işlərinin davam etdirilməsi həvalə edilmişdir. Həmin etibarnamədə MMC adından müqavilə bağlamaq, imza etmək səlahiyyətləri ötürülməmişdir. Həmin etibarnamə də bütün məhkəmə instansiyalarda öz təsdiqini tapmışdır. Belə olan halda heç bir hüququ olmayan "xxxx" MMC-nin Cavabdeh1lə bağladığı müqaviləni məhkəmə necə hüquqi hesab edərək Cavabdeh2 orada yaşamasını, onun binanın 13-cü mərtəbəsində yerləşdirilməsi səbəbindən iddianı rədd etmiş, cavabdehin xeyrinə qətnamə çıxarılmışdir. Məhkəmə Cavabdeh2 ümumiyyətlə subyektiv hüququnun olub-olmamasını da müəyyənləşdirməmişdir. İlk növbədə məhkəmə onun subyektiv hüququnu müəyyən etməli, daha sonra onun mülkiyyət hüququnun yaranıb-yaranmamasını araşdırmalı idi.
11. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Bildirdi ki, həmin mənzili 43 min manata yarımçıq vəziyyətdə almış, pencərənin altından özü tikmiş, 25-30 min manat xərc çəkmişdir, hazırda da orada yaşayır, başqa yaşayış yeri yoxdur.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Eyni zamanda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etdi. Həmçinin bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən də göründüyü kimi, həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospeki 2935A ünvanda yerləşən binanın 1-ci blok 13-cü mərtəbəsindəki mənzil və ya həmin mənzilə ödənilmiş 26125 (iyirmi altı min yüz iyirmi beş) manat pul vəsaitinin ona ödənilməsi tələbinə dair mülki iddiası təmin olunmuş və həmin iddianın ödənilməsi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə olunmuşdur. İddiaçı həmin hökmün ötən 8-9 il ərzində icra olunmasına nail ola bilmədikdən, yəni binanın 13-cü mərtəbəsindəki mənzilin və ya həmin mənzilə ödədiyi 26125 (iyirmi altı min yüz iyirmi beş) manat pul vəsaitinin "xxxx" MMC tərəfindən ona ödənilməsinə nail ola bilmədikdən sonra, yenidən formal iddialar, bundan əvvəl X4 və qeyrisinə qarşı olan iddianı və hazırkı iş üzrə iddianı qaldırmaqla, nəyəsə nail olmaq istəyir. Bu hal isə tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, həm də iddianın əsassız olmasına əyani sübutdur. Belə olan halda, hesab edir ki, əslində hazırkı mülki iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməli idi.
15. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
17. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli 1(101)- 91/2014 nömrəli Hökmü ilə Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1. və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış zərər çəkmiş şəxs İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan mənzil və ya 26125 manat məbləğində məbləğində pul vəsaitinin ödənilməsi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə edilmişdir.
18. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-6130/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə "xxxx" MMC-yə və X4 qarşı – xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilinə dair istifadə hüququnun tanınması. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilindən X2 çıxarılması, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 13-cü mərtəbəsinin sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzilin ona təhvil verilərək mənzilə köçürülməsi, xx.xx.2008-ci il tarixli "xxxx" MMC ilə aralarında bağlanılmış 244 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 2935A ünvanında tikilən yaşayış binasının 1-ci blok, sahəsi 60,18 kv.m. olan 2 otaqlı mənzili binanın 13cü mərtəbəsində deyil, 12-ci mərtəbəsində yerləşir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhz qeyd edilən (hazırkı mübahisəin predmeti olan) mənzilin cavabdeh Samir Zeynalova təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırda mənzil Samir Zeynalovun sahiblik və istifadəsindədir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2019-cu il tarixli 2(102)-8187/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış və sonuncu mənzilin tam dəyərini 18 fevral 2014-cü il tarixli, 406 nömrəli Maliyyə Arayışına əsasən tam ödəmişdir. Daha sonra həmin mənzil Cavabdeh1 20 may 2016-cı il tarixli ərizəsinə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh2 verilmişdir. Cavabdeh1 qeyd edilən ərizədə müqavilənin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razı olduğunu ifadə etmişdir. Yəni, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 12B mərtəbəsində ümumi sahəsi 60,18 kv.m. olan 1 otaqlı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 faktiki olaraq satılmış, mənzil onun sahibliyi və istifadəsinə verilmişdir.
21. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 23 noyabr 2021-ci il tarixli 05/2021 nömrəli, 18 aprel 2022-ci il tarixli 04/2022 nömrəli məktublarından və məktuba əlavə edilmiş sərəncam, eskiz layihə və rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə "xxxx" MMC-yə xx.xx.20005-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən 267 nömrəli sərəncam verilmişdir. MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəy verilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına zirzəmi, kürsülü, 12+texniki mərtəbəyə icazə verilmişdir. 13-cü mərtəbə binanın layihəsində, sərəncamında və İnşaat Pasportunda nəzərdə tutulmamış və "xxxx" MMC tərəfindən inşa edilməmişdir. 12-ci mərtəbənin üstündə qeyri-qanuni layihələndirilmədən və aidiyyəti orqanlarla razılaşdırılmadan "xxxx" MMC tərəfindən qanunsuz tikilərək 2013- 2014-cü illərdə vətəndaşlara satmış və həmin tikdiyi mərtəbənin 12B mərtəbə kimi adlandırmışdır. "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov 12B mərtəbə, 78 B mənzil, 60,18 kv.m. sahəsi olan 1 otaqlı mənzil kimi Cavabdeh1 satmış və həmin sahədə halhazırda Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırlar. "xxxx" MMC 2012-2015-ci illərdə qeyrirəsmi fəaliyyət göstərdiyi vaxtda binanın texniki mərtəbəsinin üstündə qeyri-qanuni təhlükəli 2 mərtəbə inşa etmişdir, həmin mərtəbənin 1 ədədi sökülmüşdür, qalan 1 mərtəbə sökülməsi FHN tərəfindən tələb edir, o səbəbdən binanın istismara qəbulu dayandırılmışdır. “AENT-“ MMC tərəfindən qeyri-rəsmi tikilmiş 12B kimi adlanmış mərtəbə 2018-ci ildə bina müayinə olanda məlum oldu ki, sütunları yoxdur və tikinti normalarına cavab vermir. Həmin mərtəbənin qalması məlum deyildir və sökülmə ehtimalı da ola bilər. FİN AzKommunalLayihə İnstitu və Dadaşov adına institutlar tərəfindən müayinə edilmiş "xxxx" MMMC tərəfindən rəsmi rüsumlar da tam ödənilib və İnstitutların son rəyi o olubdur ki, həmin mərtəbəni yenidən layihələndirmək sonra da gücləndirmək və Ekspertizadan keçirtmək lazımdır.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6431 nömrəli rəyə görə baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının mənzillərin yerləşmə planı mülki iş materiallarında olmadığı üçün İddiaçı və Cavabdeh1 satılmış mənzillərin eyni mənzillər olub-olmamasına dair tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunan mənzil faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşir. xx.xx.2008-ci il tarixli 244 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində mənzil satılmışdır. Tədqiqat obyektinə keçirilən baxış zamanı çoxmərtəbəli yaşayış binasının faktiki olaraq ümumilikdə 16 mərtəbədən ibarət olduğu, bunların 2 mərtəbəsinin qeyri-yaşayış mərtəbəsi, 14 mərtəbəsinin isə yaşayış mərtəbəsi olduğu, “Eskiz layihəsi”nə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin 2 qeyriyaşayış mərtəbəsindən sonra, yəni 0 nöqtəsindən başladığı müəyyən olundu. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 13-cü mərtəbəsindən yuxarı 14-cü mərtəbənin mövcud olduğu müəyyən olundu.
23. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı da, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 2 qeyri-yaşayış mərtəbəsindən və 14 yaşayış mərtəbəsindən ibarət olduğu müəyyən edilmişdir. Cavabdeh2 yaşadığı mənzil binanın sonuncu yaşayış mərtəbəsində, yəni 14-cü mərtəbəsində yerləşir. Mənzil sonuncu tərəfindən təmir edilmiş və zəruri avadanlıq və mebel ilə təchiz edilmişdir. Mənzildə hal-hazırda Cavabdeh2 qızı ilə birlikdə yaşayır. Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
28. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
29. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayətinin dəlili olaraq iddiaçı qeyd edir ki, məhkəmə cavabdeh N,Əhmədovaya mənzilin etibarnamə ilə verildiyinə, etibarnamənin isə alqı-satqı müqaviləsini əvəz etməməsinə qiymət verməmiş, Cavabdeh2 həmin mənzildə qanunsuz yaşamasına münasibət bildirməmişdir.
33. Kollegiya həmin dəlillə bağlı bildirir ki, ekspert rəyi, eləcə də yerli baxış nəticəsində Cavabdeh2 istifadəsində olan mənzilin iddiaçıya məxsus mənzil olmadığı müəyyən edilmişdir. Belə olan halda Cavabdeh2 yaşadığı mənzilin iddiaçıya aiddiyyəti olmadığından, yəni iddiaçının iddia etdiyi mənzil Cavabdeh2 yaşadığı mənzil olmadığından Cavabdeh2 həmin məzildə hansı əsasla, qanuni və ya qanunsuz yaşamasını iddiaçı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.
34. Apellyasiya şikayətinin digər dəlili, yəni rayon məhkəməsinin yerli baxış keçirilən zaman özünün də aşkar etdiyi kimi mübahisəli binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmə onu necə kürsü və ya texniki mərtəbə kimi qiymətləndirib Cavabdeh2 hüquqlarını tanıması ilə bağlıdır.
35. Kollegiya bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6431 nömrəli rəyə görə baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının mənzillərin yerləşmə planı mülki iş materiallarında olmadığı üçün İddiaçı və Cavabdeh1 satılmış mənzillərin eyni mənzillər olub-olmamasına dair tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, baxış zamanı təqdim olunan mənzil faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşir. xx.xx.2008-ci il tarixli 244 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində mənzil satılmışdır. Tədqiqat obyektinə keçirilən baxış zamanı çoxmərtəbəli yaşayış binasının faktiki olaraq ümumilikdə 16 mərtəbədən ibarət olduğu, bunların 2 mərtəbəsinin qeyri-yaşayış mərtəbəsi, 14 mərtəbəsinin isə yaşayış mərtəbəsi olduğu, “Eskiz layihəsi”nə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin 2 qeyriyaşayış mərtəbəsindən sonra, yəni 0 nöqtəsindən başladığı müəyyən olundu. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935a ünvanında yerləşən çox mərtəbəli binanın 13-cü mərtəbəsindən yuxarı 14-cü mərtəbənin mövcud olduğu müəyyən olundu.
36. Ekspert rəyindən də göründüyü kimi, İddiaçı yaşayış binasının 13-cü mərtəbəsində olan mənzil satılmış, başqa sözlə, həmin mənzilin Cavabdeh1 və Cavabdeh2 satılmış mənzilə heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh tərəfin, yəni Cavabdeh2 və nümayəndəsinin iştirakı ilə ekspert tərəfindən baxış zamanı binanın 13-cü mərtəbəsindən yuxarıda 14-cü mərtəbənin mövcud olduğu, həmçinin baxış zamanı tədqiq olunan mənzilin faktiki olaraq Cavabdeh2 tərəfindən istifadə olunmaqla, yaşayış binasının 14-cü mərtəbəsində (0 nöqtəsindən) yerləşdiyi müəyyən olunmuşdur.
37. Beləliklə, iddaçıya satılan mənzilin Cavabdeh2 yaşadığı mənzil olmadığı, eləcə də Cavabdeh2 yaşdığı mənzilin 14-cü mərtəbədə yerləşdiyi müəyyən edildiyindən hazırkı mübahisənin həlli baxımından binanın 13-cü mərtəbəsi mövcud olduğu halda məhkəmənin onu kürsü və ya texniki mərtəbə adlandırmasının hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.
38. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
39. İddiaçı tərəf apellyasiya şikayətinə etiraz dəlilində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən də göründüyü kimi, həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospeki 2935A ünvanda yerləşən binanın 1-ci blok 13-cü mərtəbəsindəki mənzil və ya həmin mənzilə ödənilmiş 26125 (iyirmi altı min yüz iyirmi beş) manat pul vəsaitinin ona ödənilməsi tələbinə dair mülki iddiası təmin olunmuş və həmin iddianın ödənilməsi "xxxx" MMC-nin işini davam etdirən "xxxx" MMC-yə həvalə olunmuşdur. İddiaçı həmin hökmün ötən 8-9 il ərzində icra olunmasına nail ola bilmədikdən, yəni binanın 13-cü mərtəbəsindəki mənzilin və ya həmin mənzilə ödədiyi 26125 (iyirmi altı min yüz iyirmi beş) manat pul vəsaitinin "xxxx" MMC tərəfindən ona ödənilməsinə nail ola bilmədikdən sonra, yenidən formal iddialar, bundan əvvəl X4 və qeyrisinə qarşı olan iddianı və hazırkı iş üzrə iddianı qaldırmaqla, nəyəsə nail olmaq istəyir. Bu hal isə tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, həm də iddianın əsassız olmasına əyani sübutdur. Belə olan halda, hesab edir ki, əslində hazırkı mülki iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməli idi.
40. Kollegiya həmin dəlillə bağlı bildirir ki, icraata xitam verilmə əsasları MPM-in 261ci maddəsində nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə həmin halların heç biri mövcud olmadığından, etirazın icraata xitam verilməsi barədə dəlili də əsassızdır. Nəticə:
41. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov