Məhkəmə qərarları › İş №2(103)-5723/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5723/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5723/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 və vəkili X3, Qarşılıqlı iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X5, Cavabdeh2 MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı İsmmi oğlunun cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» barədə ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddiası, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5526/2018 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nin hər birinin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X19 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda Cavabdeh2 MMC (bundan sonra MMC) tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı 71 saylı mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması, 71 saylı mənzilin ona təhvil verilməsi; MMC ilə Cavabdeh3 arasında ünvan 2 ünvanda MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 191,4 kv.metr olan 4 otaqlı 14 saylı mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, eyni zamanda 14 saylı mənzilə dair MMC ilə Tapdıq Əhədov arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab olunması, 14 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla MMC arasında xx.xx.2009-cu il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MMC tərəfindən 71 nömrəli mənzil ona satılmışdır. Elə həmin il, yəni 2009-cu ildə yaşayış sahəsinin hər kv.metri üçün 1.080 manat olmaqla, cəmi 168.048 manat məbləğində pul vəsaitini ödəmiş və bu barədə MMC tərəfindən ona “xxxx” verilmişdir. Həmin mənzilin istismara verilməsi gecikdirildiyindən, o, mənzilin təmirini həyata keçirə bilməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, ona satılmış 71 saylı mənzil xx.xx.2009-cu il tarixli müqavilə ilə başqa bir şəxsə, yəni hazırkı iş üzrə Cavabdeh1 qanunsuz olaraq satılmışdır. Bundan başqa, həmin tikinti şirkəti ilə xx.xx.2009-cu ildə həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzilə görə aralarında 2-ci müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə o, 191,4 kv.metrdən ibarət olan yaşayış binasının hər kv.metri üçün 960 manat ödəməklə, cəmi 183.744 manat pul vəsaitini xxxxya ödəmiş və bu barədə müvafiq xxxx verilmişdir. O, bir neçə ay əvvəl həmin mənzili də təmir etdirmək istəsə də, tikinti şirkəti buna da maneçilik yaratmışdır. Ona bildirmişlər ki, mənzilin təmiri və istismara qəbulu üçün ilk öncə sayğaclara görə 1.200 manat ödəniş etmək və qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə bağlanılmalıdır. O, şirkətin bildirişinə əsasən sayğaclara görə tikinti şirkətinin kassasına 1.200 manat pul ödəmiş və tikinti şirkəti ilə aralarında xx.xx.2018-ci il tarixdə 310 nömrəli müqavilə bağlanılmışdır. Bütün bunlardan sonra da tikinti şirkəti yenidən onun həmin mənzilə daxil olub təmir işləri görməyinə müxtəlif vasitələrlə mane olmuşdur. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, ona satılmış 14 saylı mənzil xx.xx.2008-ci il tarixli müqavilə ilə əvvəlcə Cavabdeh3, sonra isə xx.xx.2013-cü il tarixli müqavilə ilə T.Əhədova qanunsuz olaraq satılmışdır. Eyni zamanda Cavabdeh1 MMC-yə və ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə MMC arasında 71 saylı mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, MMC ilə arasında 71 saylı mənzilə dair müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xxxx olan MMC 71 saylı mənzili ona təhvil verməlidir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən o, mənzilin hər bir kv.metri üçün 1.038 manat olmaqla, ümumi olaraq 161.500 manat məbləğində pulu MMC-yə ödəməlidir. Həmin məbləği MMC-yə ödəmişdir. MMC tərəfindən verilmiş “xxxx”ndan da görünür ki, mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Müqavilə və “xxxx” MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qanuni əsaslarla ona satılmış mənzil MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən İddiaçı satılmışdır. Mənzil onun mülkiyyətində ola-ola, həmin mənzilin başqa bir şəxsə satılması qanunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə bir neçə əsas nəzərdə tutulmuşdur. Həmin müqavilənin bağlanması ilə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisəli mənzil onun mülkiyyətindədir, o, həmin mənzili təmir etdirmişdir və uzun müddətdir ki, həmin mənzildə yaşayır. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Tapdıq Əhədov MMC-yə və İddiaçı qarşı müstəqil iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə MMC arasında 14 saylı mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, 71 saylı mənzilə dair MMC ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılaraq, həmin mənzilin İddiaçı təhvil verilməsi; 14 saylı mənzilə dair MMC ilə Cavabdeh3 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilə dair MMC ilə T.Əhədov arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı və müstəqil iddiaların rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-5526/2018 saylı xüsusi qərardadı ilə mülki işə məhkəmə baxışı zamanı MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində dələduzluq (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və vəzifə saxtakarlığı (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayətlərinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara almışdır. Qətnamədən Cavabdeh1, T.Əhədov və MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətində qarşılıqlı iddiada göstərilən əsaslara istinad etmiş və əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, təqdim edilən sənədlərə hüquqi qiymət verilməmiş, mübahisəli mənzilə yerli baxış keçirilməmiş, onunla MMC arasında müqavilənin daha əvvəl bağlanmasına baxmayaraq, İddiaçı tərəfindən birinci olaraq iddia qaldırıldığına görə ona üstünlük verilərək, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı və müstəqil iddiaların isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları və maddi hüquq normaları nəzərə alınmamışdır. MMC-nin keçmiş rəhbəri M.Cəfərov ayrı-ayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı da M.Cəfərov tərəfindən aldadılan vətəndaşlardan biridir. Mübahisəli mənzillər Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olaola, M.Cəfərov həmin mənzili yenidən İddiaçı qanunsuz olaraq satmışdır. İddiaçı mənzilə görə MMC-nin kassasına hər hansı bir ödəniş etməmişdir, buna görə də mənzilə mülkiyyət hüququ əldə etməmişdir və onunla bağlanan müqavilə etibarlı hesab edilə bilməz. Lakin məhkəmə işi hərtərəfli araşdırmadan, qanunvericiliyin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. T.Əhədov apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilərək, ilk iddianın rədd, müstəqil iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-12257/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu tarixli 2(102)-4503/2019 saylı Qərarı ilə cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs Əhədov Tapdıq Əlizadə oğlunun kassasiya şikayətləri qismən, cavabdeh Bədəlov Xuraman Əvəz qızının kassasiya şikayəti tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12257/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11172/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci tarixli 2(102)-1212/2020 saylı qərarı ilə üçüncü şəxs Əhədov Tapdıq Əlizadə oğlunun kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11172/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş və iş ona münasibətdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili R.H.İbrahimov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Həmçinin vəkil R.İbrahimov əlavə olaraq göstərdi ki, işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli 71 saylı mənzil ilk olaraq qarşılıqlı iddiaçı Cavabdeh1 satılmış, həmin mənzil sonuncunun mülkiyyətinə təhvil verilmiş və o, 2016-cı ildə həmin mənzili təmir edərək orada yaşamağa başlamışdır. Həmin mənzilə dair bütün kommunal xidmətlərə görə müqavilələr də Cavabdeh1 ilə bağlanmışdır. Hətta mənzilə qaz, su, işıq sayğaclarının quraşdırılması üçün Cavabdeh1 1200 manat pul ödəmişdir. Qeyd edilən mənzili Cavabdeh1 mərhum M.Cəfərovdan almış və onunla bağlanmış müqavilə 71 saylı mənzilə dair olmuşdur. Müqavilənin şərtinə uyğun olaraq o, pulu birdəfəyə deyil, hissə-hissə ödəmiş, sonuncu dəfə isə 2016-cı ildə qalan məbləği tam ödədikdən sonra, ona mənzilə görə borcunun olmaması barədə xx.xx.2016-cı il tarixli xxxx verilmişdir. Mənzilə dair bütün xərclər, həmçinin kommunal xərclər Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi A.Hüseynov MMC-nin apellyasiya şikayətini müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, İddiaçı tərəfindən MMC-yə mənzillərin alqı-satqısı ilə bağlı heç bir vəsait köçürülməmişdir. 2013-cü ildə olan audit yoxlaması isə müəssisənin əvvəlki direktoru olmuş və sonradan barəsində dələduzluqla bağlı cinayət işi başlanmış mərhum M.Cəfərovun təqdim etdiyi sənədlər əsasında aparılmışdır. Ona görə də, həmin sənədlərin həqiqiliyi şübhəlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili Ə.Əliyev apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Vəkil Ə.Əliyev əlavə olaraq qeyd etdi ki, MMC ilə Cavabdeh1 arasında xx.xx.2009cu ildə mübahisəsi gedən 3 saylı binanın 14-cü mərtəbəsində yerləşən 71 saylı yox, həmin binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə dair müqavilə bağlanmışdır. Hətta Cavabdeh1 17 saylı mənzilə daxil olmasına MMC-nin əməkdaşları tərəfindən maneələr yaradılması ilə bağlı polis və prokurorluq orqanlarına müraciət də etmişdir. Bütün bunlardan sonra 71 saylı mənzilə dair Cavabdeh1 ilə MMC arasında arxa tarixə müqavilə bağlanmışdır. Ona görə də həmin müqaviləni etibarsız hesab edir və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İş materiallarından göründüyü kimi Cavabdeh1 ilə müqavilə 2009-cu ilin may ayında, İddiaçıla müqavilə isə 2009-cu ilin avqust ayında bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi heç bir mötəbər sübut olmadan belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 ilə müqavilə sonradan əvvəlki tarixə bağlanmışdır… Göründyü kimi, hazırkı işdə məhkəmənin müəyyən etməli olduğu məsələlər, ilk növbədə mənzillərin kimin mülkiyyətinə verilməsi, daha sonra mənzillərlə bağlı daha əvvəl kiminlə müqavilə bağlanmasıdır. Əgər həmin halları müəyyən etmək mümkün deyildirsə, mənzillə əlaqədar kimin birinci olaraq iddia irəli sürməsi işin nəticəsi üçün əhəmiyyət kəsb edir… Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara görə MMC Cavabdeh1 ilə ilkin olaraq binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə dair müqavilə bağlamış, lakin sonradan müqavilə 71 saylı mənzil üzrə xx xxx 2009-cu ildə rəsmiləşdirilmişdir. 71 saylı mənzil Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş, sonuncu həmin mənzili təmir etdirməklə yaşamağa başlamışdır. Həmin mənzilə dair MMC ilə X19 arasında müqavilə isə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan aydın olur ki, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərdən birincisi Cavabdeh1 münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə 71 saylı mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. Lakin işə baxan apellyasiya məhkəməsi işin yuxarıda göstərilən hallarını, Cavabdeh1 mübahisəli mənzili təmir etməklə orada yaşamasını, onunla mənzilə su, işıq, qaz verilməsinə dair aidiyyatı təşkilatlarla müqavilə bağlanmasını nəzər almadan qətnamə qəbul etmişdir.” Qərarın məzmunundan göründüyü kimi, işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış müqavilələrin tarixləri ilə bağlı apellyasiya məhkəməsinin düzgün nəticəyə gəlmədiyi, yəni Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında 71 saylı mənzilə dair 2009-cu ilin may ayında bağlanmış müqavilənin sonradan əvvəlki tarixə bağlanması ilə bağlı gəldiyi nəticənin düzgün olmaması qənaətinə gəlmiş, həmçinin mübahisəli 71 saylı mənzil Cavabdeh1 mülkiyyətinə verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin mənzilə dair digər şəxslərin tələblərinin əsassız olmasını qeyd etmişdir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. “xxxx” olan MMC ilə “Alıcı” olan İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, MMC 71 nömrəli mənzili İddiaçı verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 168.048 manat məbləğində müəyyən edilmişdir. MMC tərəfindən verilmiş “xxxxndan” görünür ki, 71 saylı mənzilin dəyəri İddiaçı tərəfindən MMC-yə tam ödənmişdir və onun MMC-yə borcu yoxdur. “xxxx” olan MMC ilə “Alıcı” olan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, MMC 71 saylı mənzili alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 161.500 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin şərtinə görə, alıcı həmin məbləğdən 127.500 ABŞ dollarını xxxxya əvvəlcədən, qalan 34.000 ABŞ dollarını isə xx.xx.2015-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürmüşdür. MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “xxxxndan” görünür ki, 71 saylı mənzilin dəyəri Cavabdeh1 tərəfindən MMC-yə tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “Kassa mədaxil orderindən” görünür ki, Cavabdeh1 tərəfindən 71 saylı mənzilə görə 10.000 manat məbləğində pay ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin X7 MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.3, 178.2,4, 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı xx.xx.2009-cu il tarixdə MMC tərəfindən İddiaçı məxsus 71 saylı mənzilin Cavabdeh1, 14 saylı mənzilin Cavabdeh3 satıldığı müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iş üzrə verdiyi ifadəsində 71 saylı mənzilin alqı-satqısına dair müqavilənin əslini Xətai Rayon Məhkəməsinə təqdim etdiyini bildirmişdir. Həmçinin, iş üzrə dindirilmiş Cavabdeh3 ifadəsində 14 saylı mənzili 2013-cü ildə Tapdıq adlı şəxsə satdığını, müqavilənin, ödəniş qəbzinin əslinin olmadığını göstərmişdir. Eyni zamanda istintaq zamanı audit yoxlaması keçirilmişdir. xx.xx.2013-cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 71 saylı mənzil, 14 saylı mənzil İddiaçı satılmışdır. Həmçinin auditor rəyində və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısında Cavabdeh1 71 saylı mənzil deyil, həmin binanın 5-ci mərtəbəsində yerləşən və sahəsi 155,6 kv.metr olan 17 saylı mənzilin xx.xx.2009-cu il tarixdə 161.500 ABŞ dollarına satıldığı göstərilmişdir. Daha sonra aparılmış araşdırma zamanı Cavabdeh3 ilə MMC arasında 14 saylı mənzilin alqı-satqısına dair xx.xx.2008-ci il tarixdə müqavilə bağlanarkən sonuncunun həmin vaxt Azərbaycan Respublikası ərazisində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2013-cü il tarixli Audit rəyindən (yuxarıda xx.xx.2018-ci il tarixli məktubda istinad olunan) müəyyən olunur ki, 3 saylı binanın 71 saylı mənzili təkrar olaraq sənədləşdirilmiş mənzillər sırasında olmamış, mənzil sahiblərinin adlı siyahısında bu mənzil İddiaçı adına (Qədir Xutor) qeydə alınmışdır. Həmçinin, Cavabdeh1 adı həmin siyahıda olsa da, onun adına 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzil qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, o, İddiaçı 2003-cü ildən tanıyır. 2009-cu ildə İddiaçı ona müraciət edərək ev almaq istədiyini bildirmişdir. Onun “xxxx” MMC-nin direktoru Məzahir Cəfərov, təsisçiləri İlham Qasımov, Sahib İbrahimov və digər türk təsisçiləri ilə münasibəti olduğundan, o, iddiaçı ilə birlikdə gedərək, Məzahir Cəfərova və İlham Qasımova müraciət etmiş və aralarında razılığa gəlmişlər. Daha sonra 2009-cu ilin avqust ayında ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 71 nömrəli mənzilin və həmin ünvanda 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.metrdən ibarət olan 4 otaqlı 14 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmışdır. Mənzillər alındıqdan 6-7 il sonra iddiaçı Moskvadan gəlmiş, onlar birlikdə qeyd edilən mənzillərə baxmaq üçün binaya getdikdə, onlara bildirmişlər ki, mənzillər iddiaçının deyil, 2016-cı ildə başqa adamlara satılmışdır. Onlara bildirmişlər ki, 1 evdə problem yoxdur. Buna görə aralarında təmir müqaviləsi bağlamışlar. Lakin ikinci mənzilin Xuraman adlı bir xanıma satıldığını bildirmişlər. Daha sonra onlara birinci mənzilin də başqasına satıldığını bildirmişlər. 2013-cü ildə keçirilmiş audit yoxlamasında mənzillərin iddiaçının olması göstərilmişdir. Cavabdeh1 apellyasiya şikayətinə əlavə etdiyi 31/A saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə onunla MMC arasında 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 155,6 kv.m olan 17 saylı mənzilə dair müqavilə bağlanmışdır. Mənzilin ümumi dəyəri 161.500 ABŞ dolları (hər kv.m üçün 1038 ABŞ dolları olmaqla) təşkil etmiş və müqavilə şərtlərinə görə, Cavabdeh1 ümumi məbləğin 127.500 ABŞ dolları hissəsini əvvəlcədən, qalan 34.000 ABŞ dolları hissəsini isə xx.xx.2015-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 apellyasiya şikayətinə əlavə etdiyi, MMC-nin direktoru X6, menecer X9 və Cavabdeh1 özünün tərtib edərək imzaladıqları xx.xx.2016-cı il tarixli Aktın surətindən görünür ki, 31/A saylı xx.xx.2009-cu il tarixli müqavilə tərtib olunan zaman yanlışlığa yol verilmişdir, belə ki, həmin müqavilədə 71 saylı mənzil əvəzinə, 17 saylı mənzil göstərilmişdir. Cavabdeh1 məxsus olan mənzil 3 saylı binanın 14-cü mərtəbəsində, ümumi tikinti sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 71 saylı mənzildir. Cavabdeh1 əvvəlki apellyasiya icraatı zamanı məhkəmə iclasında verdiyi izahatında (c.2, i.v.31) sullara cavab olaraq göstərmişdir ki, «Mənə istintaqda araşdırma gedəndə dedilər ki, 17-ci mənzillə, 71-ci mənzil səhv düşüb, ona görə də 71-ci mənzili mənə verdilər»; «17 saylı mənzili mənə Məzahir müəllim göstərmişdir.» Cavabdeh1 2009-cu ildən 2016-cı ilədək 71 saylı mənzilə görə aparılmış ödənişlərə dair məhkəmə kollegiyasına hər hansı ödəniş qəbzi təqdim edə bilməmiş və bunu həmin qəbzlərin MMC-də qalması ilə izah etmişdir. Həmçinin, həmin iclasda suala cavab olaraq MMC-nin nümayəndəsi-direktoru A.Hüseynov göstərmişdir ki, «Mən 2015-ci ildən direktor kimi fəaliyyət göstərirəm. Cavabdeh1 2016-cı ildə gəlib mənə dedi ki, mənzili ona versinlər. Onun borcu qalmışdır. 10.000 gətirib ödədi, bundan sonra ona dərhal xxxx verildi. Məhz tam ödəniş edildikdən sonra Cavabdeh1 təmirə icazə verildi.» İş üzrə tərəflərin verimiş olduqları izahatlardan, həmçinin təqdim edilmiş sübutların təhlilindən müəyyən edilir ki, “xxxx” MMC ilə “alıcı” Cavabdeh1 İsmi qızı arasında xx.xx.2009-cu il tarixdə ilkin olaraq ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 17 nömrəli mənzilin alqısatqısına dair müqavilə bağlanmışdır. Lakin sonradan həmin alqı-satqı müqaviləsi eyni binanın 14-cü mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 71 nömrəli mənzilə dair bağlanmış və mənzil Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bundan sonra Cavabdeh1 həmin mənzili təmir edərək ailəsi ilə birlikdə ora köçmüşdür və hal-hazıradək mübahisəli mənzil onun istifadəsində və sahibliyindədir, mənzilə dair bütün kommunal xidmətlərə görə müqavilələr Cavabdeh1 ilə bağlanmışdır. Eyni zamanda həmin mənzilə dair MMC ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin dispozisiya şərtlərinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Həmin normanın dispozisiya şərtlərinə görə, mübahisəni həll edən məhkəmə ilk növbədə fərdi-müəyyən əşya olan mənzilin kimin mülkiyyətinə verilməsi məsələsini müəyyən etməli, yalnız bundan sonra mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasını nəzərə almalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun bu müddəasında göstərilən «mülkiyyətinə verilməsi» müddəası Mülki Məcəllənin 178-ci maddəsinin və ona dair Konstitusiya Məhkəməsinin şərhindəki hüquqi mövqeyinə uyğun araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qarac və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qarac və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qarac və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kollegiyanın qənaətinə görə, mübahisəli mənzillə bağlı qarşılıqlı iddiaçı Cavabdeh1 onunla MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə pay haqqını tam olaraq ödədiyindən və həmin mənzili xxxxdan real olaraq təhvil alıb təmir etdikdən sonra orada faktiki olaraq yaşamağa başladığından mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları baxımından həmin mənzil onun mülkiyyətinə verilmiş hesab edilməlidir. Belə olan halda, Mülki Məcəllənin 452.1-ci maddəsinin digər şərtinə, yəni mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasına istinad etməklə müqavilənin etibarsızlığını tələb etmək qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı «müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması və 71 saylı mənzilin ona təhvil verilməsi» tələbinə dair iddiası əsassız olmuşdur. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ilə MMC arasında ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 71 nömrəli mənzilin alqı-satqısına dair bağlanmış müqavilə qüvvədə olduğundan və həmin müqavilə üzrə mübahisəli mənzil onun mülkiyyətinə verildiyindən, işin yuxarıda göstərilən hallarına əsasən eyni mənzilə dair MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab olunmalı və bununla bağlı verilmiş qarşılıqlı iddia təmin edilməlidir. AR Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən kollegiya izah edir ki, İddiaçı MMC ilə arasında bağlanmış müqavilə üzrə MMC-yə qarşı pul və ya başqa məzmunda iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarını və iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia ilə bağlı işin müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlməmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, qarşılıqlı iddiaçı Cavabdeh1 və cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmaqla rayon məhkəməsinin qətnaməsi ilk və qarşılıqlı iddia üzrə hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə İddiaçı ilk iddia tələbi cavabdeh X.Bələlovaya aid hissədə təmin edilməməli, həmçinin Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməlidir. MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), həmçinin birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi (385.1.4) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Qarşılıqlı iddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nin apelyasiya şikayətləri apellyasiya baxışının predmeti olan hissəyə münasibətdə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması və 71 saylı mənzilin ona təhvil verilməsi" tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh1 X11 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. X15 ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanda MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.m təşkil edən 3 otaqlı 71 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: İlham Kərimli Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar