Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5723/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin sədri Vüqar Əhmədov tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, K/23-00211-saylı əmrin ləğv edilməsini, onun "xxxx" ASC-də işə bərpa edilməsini və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsini, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, K/23- 00211 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan "xxxx" ASC tərəfindən verilmiş şikayət (həmçinin, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə verilmişdir) baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4382/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət baxılması üçün (Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun) işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması qərara alınmış, xx.xx.2023-cü il tarixli qərardadla isə həmin ərizə rədd edilmişdir. Bundan sonra cavabdeh "xxxx" ASC apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, müddətin buraxılmasının səbəbini üzürlü hesab edilərək, bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək, müddət bərpa edilmişdir. İddiaçı bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, cavabdehin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkaməsinin e-2(006)- 1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ötürülməklə apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti bir neçə dəfə təkrar-təkrar müddətlər ötürülməklə verilmiş, hər dəfə apellyasiya şikayəti müxtəlif səbəblərə əsasən (1. müddətin ötürülməsi, 2. şikayətin MPMdə müəyyən edilmiş yeni formaya və məzmuna uyğun tərtib edilməməsi, 3, şikayətin elektron əlavə edilməməsi) geri qaytarılmışdır. Qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsi hazırda Nəsimi rayon İcra şöbəsinin icraatındadır və könüllü icra müddəti müəyyən edilmişdir. Müddət bərpa edilməklə mülki prosessual qanunvericilik kobud pozulmuşdur. Cavabdehin müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallar üzürlü səbəb kimi qəbul oluna bilməz. Belə ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə haldır ki, onlaran mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1531/2023 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1531/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə tərəflərin, o cümlədən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildikdən sonra cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bu baxımdan apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət cavabdeh tərəfindən ötürülməmişdir. Birinci instansiya məhkəməsi də apellyasiya şikayətini ilk olaraq xx.xx.2023-cü il tarixli qərardadla forma və məzmuna riayət edilməməsi əsası ilə qaytarsa da, sonradan bu qərardadı xx.xx.2023-cü il tarixli qərardadla ləğv edərək, hüquqi nəticə etibarı ilə apellyasiya şikayətinin mümkünlüyü məsələsinin baxılması mərhələsinə qayıtmışdır. Lakin bu prosessual hərəkətin yerinə yetirilməsi əvəzinə xx.xx.2023-cü il tarixli qərardaddın mübahisələndirilməsi barədə şikayətlə birlikdə verilmiş prosessual müddətin bərpası barədə ərizəyə baxmış və onun rədd edilməsi qənaətinə gəlmişdir. Bundan əvvəl isə xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bunun nəticəsi olaraq da, Bakı Apellyasiya Məhkəməsi həmin şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Məhz göstərilənlərin nəticəsi olaraq, apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Bu da öz növbəsində cavabdehin ərizəsi əsasında ötürülmüş müddətin üzürlü hesab edilməsinə əsas yaratmaqla, müddətin bərpasını şərtləndirir. Cavabdeh də müddətin buraxılmasının səbəbini üzürlü hesab edilərək, bərpa edilməsi barədə ərizəni və apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, müddəti bərpa etmişdir. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1531/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1531/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5723/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5723/2023
11.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver