Məhkəmə qərarları › İş №2(103)-5723/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5723/2025

10.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5723/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “doğum faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 5520/2025 nömrəli qərardadından ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ayrı-ayrılıqda verdiyi şikayətlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Üç nəfər ərizəçi tərəfindən birgə verilmiş ərizədə tələb olunub ki, Ərizəçi1 xx.xx.1948-ci ildə, Ərizəçi2 xx.xx.1959-cu ildə, Ərizəçi3 xx.xx.1951-ci ildə İran İslam Respublikasının Tehran şəhərində doğulması, analarının X1, atalarının isə X2 olması faktı müəyyən edilsin. 2.Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərizədə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilib, ərizəçilərin hər biri ayrı-ayrılıqda doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır 3.Şikayətlərdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə icraata qəbul edilsin. 4.Birinci instansiya məhkəməsi şikayətləri təmin etməyib və onları işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Qərardad ləğv edilməlidir. 6.MPM-in 152.1.7-ci maddəsi tətbiq olunarkən MPM-in 149.3-cü maddəsinin göstərişi nəzərə alınmalıdır. 149.3-cü maddəyə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi, iddiaçıya (ərizəçiyə) bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində (ərizədə) birləşdirmək hüququ verilib. Əgər birləşdirilən tələblər bir-biri ilə bağlı deyilsə, məhkəmə 152.1.7-ci maddəni tətbiq etməklə iddia ərizəsini (ərizəni) geri qaytara bilər. 7.MPM-in 149.3 və 152.1.7-ci maddələrdə işlədilən “bağlı” və “əlaqədar” ifadələri tələblər arasında istənilən bağlılığı (əlaqəni) deyil, yalnız hüquqi əhəmiyyət daşıyan bağlılığı (əlaqəni) nəzərdə tutur. Əgər tələblər arasında bağlıq hüquqi əhəmiyyət daşımırsa, onlar bir iddia ərizəsində birləşdirilə bilməz, çünki belə halda məhkəmə araşdırmasına sərf olunan vaxt, toplanan sübutlar, işdə iştirak edən şəxslərin sayı və s. baxımından işin həlli çətinləşir. 8.Hazırkı ərizədə müəyyən edilməsi tələb edilən üç fakt – üç şəxsin doğum faktı arasında hüquqi əhəmiyyət daşıyan bağlılıq (əlaqə) mövcuddur. Belə ki, ərizəçilərin bildirdiyinə görə, onların valideynləri eyni şəxslərdir. Yəni ərizəçilərin doğum faktının müəyyən edilməsi ilə həm də onların qardaş olmaları müəyyənləşəcək. Odur ki, üç şəxsin doğum faktı arasındakı bağlılıq (əlaqə) hüquqi əhəmiyyət daşıyır. 9.Bununla yanaşı, ərizəçilərin istinad etdiyi faktlar eynidir. Onlar bildirir ki, 1952-ci ildə fars zülmündən qaçaraq daimi yaşamaq üçün Azərbaycana gəliblər. Bu isə onu təsdiq edir ki, onların məhkəməyə təqdim edəcəyi sübutlar (şahid məlumatları və s.) eyni olacaq. Prosessual qənaət prinspi baxımından bu ərzənin bir icraatın daxilində həll edilməsi düzgün sayılır. 10.Beləliklə, ərizənin geri qaytarılması üçün birinci instansiya məhkəməsinin istinad etdiyi hal - MPM-in 152.1.7-ci maddəsində göstərilən hal mövcud deyil. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-5520/2025 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar