Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5726/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Calayir oğlunun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Calayir oğlu, X7 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-6083/2019 saylı qətnaməsindən cavabdehlərin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən 3 nömrəli evin 27 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 49 saylı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən 3 nömrəli evin 27 nömrəli mənzili anası X5 adına olmuş, sonuncunun vəfatından sonra Bakı şəhər İcra Hakimiyyəti aparatının MTK idarəsinin xx.xx.2007-ci il tarixli 125 nömrəli sərəncamı ilə X9 49 saylı MTK-nın üzvlüyündən çıxarılmış və o, həmin MTK-ya üzv qəbul edilərək, mənzil onun adına keçirilmişdir. Qeyd olunan mənzil xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış verilmişdir. MTK idarəsinin xx.xx.2007-ci il tarixli 125 nömrəli sərəncamında ailə tərkibinə daxil olan şəxslər qismində onun qardaşı Cavabdeh1 Calayir oğlu, qardaşı oğlu Cavabdeh3 və qardaşı qızı X8 göstərilsə də, həmin şəxslər 1997-ci ildən qeyd olunan mənzildən çıxıb getmişlər və həmin vaxtdan başqa ünvanda yaşayırlar. Onların mənzildə qeydiyyatı formal xarakter daşıyır. Onlar artıq 20 ildən çoxdur qeyd olunan mənzildə yaşamırlar, hazırda hansı ünvanda yaşamaları məlum deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 6083/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 Calayir oğlunun, X2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 27 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 6083/2019 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-6083/2019 saylı qətnaməsinə düzəliş edilmiş və həmin qətnamədə “X7” sözlərinin “X8” kimi oxunması qərara alınmışdır. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Mübahisəli mənzilin mülkiyyətçiləri valideynləri olmuş, Cavabdeh1 1978-ci ildən orada qeydiyyatda olmuş, iddiaçı onu zorla çıxarana qədər yaşamışdır. Anası rəhmətə gedəndən sonra həmin mənzil miras olaraq iki qardaş olaraq onlara qalmış, mənzilin çıxarışı iddiaçının adına qeydiyyata alınmış, mənzil satılıb vəsait ikisinin arasında bölünməli idi. Lakin iddiaçı onları qovmuş, onlar isə hazırda yarızirzəmidə kirayədə yaşayırlar. İddiaçı adına qeydiyyat vəsiqəsi aldığı zaman onların razılığı alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, o, vaxtilə qardaşı Ceyhunun ailəsinə mikrorayonda mənzil alıb vermiş, lakin qardaşı həmin mənzili sataraq hazırda yaşadıqları mənzili almışdır. Eləcə də 2011-ci ildə mübahisəli mənzili özəlləşdirərkən qardaşı və bacısı da notariat qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsi vermişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh1 həyat yoldaşıdır, mübahisəli ev Ceyhunun valideynlərinin evi olmuş, qayınanası sağ ikən hələ özü onların uşaqlarını həmin evə qeydiyyata saldırmışdır. Qayınanası rəhmətə getdikdən sonra Elxan zəng edərək demişdir ki, mənzil hazırda heç kimin adına deyil, belə qala bilməz, mənzili onun adına qeydiyyatdan keçirsinlər, Ceyhun da razılıq vermişdir. Qayınanası sağlığında həmişə demişdir ki, mənzili satıb hər ikisinə pul verəcək, çünki Ceyhunun evi yox idi. Lakin gözlənilmədən öldüyündən bu məqsədini həyata keçirə bilməmişdir. Həmin evə gəlin gəlmiş, 1995-ci ildən həmin evdən çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2007-ci il tarixli, 125 saylı sərəncamın surətindən aydın olur ki, 49 saylı MTK-nın üzvü X5 vəfatı ilə əlaqədar 27 saylı mənzil və pay oğlu İddiaçı adına keçirilmişdir. MA seriyalı xx.xx.2011-ci il tarixli ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 27 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 27 ünvanında yerləşən mənzildə İddiaçı ilə yanaşı, cavabdehlər Cavabdeh1 Calayir oğlu, X8 və Cavabdeh3 da qeydiyyatdadırlar. xx xxxxxxxx 2019-cu il tarixli aktdan aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 30 ünvanında yaşayan X10, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 28 ünvanında yaşayan X6 və Bəsti Bağırova küçəsi, ev 3, mənzil 31 ünvanında yaşayan X12 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 3, mənzil 27 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1 Calayir oğlunun, X4 və Cavabdeh3 1996-cı ildən hal-hazıradək həmin ünvanda yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçının ailə üzvləri olmadıqları və uzun müddətdir ki, həmin mənzildə yaşamadıqları halda, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi iddiaçının konstitusion hüquqlarının pozulması, habelə əlavə xərclər çəkməsi ilə nəticələnir. Kollegiya hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının anasının adına olmuş, sonuncunun vəfatından sonra iddiaçının adına keçirilmiş, 2011-ci ildə iddiaçı mənzili özəlləşdirmişdir. Cavabdehlər isə həmin mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir (təxminən 1995- 1996-cı ildən) orada yaşamırlar. Beləliklə, mübahisəli mənzil anasının vəfatından sonra xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həmin vaxt cavabdehlər həmin mənzildə yaşamamışlar. Mülkiyyətçinin dəyişməsi ilə yeni münasibətlər yaranmışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.” Qeyd olunan hüquqi mövqeyə görə, mübahisəli mənzil 2011-ci il tarixdə iddiaçının adına qeydə alındıqdan sonra hazırki işin tərəfləri arasında yeni mənzil münasibətləri yaranmışdır və həmin münasibətlərdən doğan mübahisələr də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri daxilində həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Belə olan halda, məhkəmə haqlı olaraq Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlər iddiaçının ailə üzvləri olmadıqlarından həmin mənzildən istifadə hüquqları yoxdur və onların qeydiyyatda qalmaları iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6083/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5726/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5726/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver