Məhkəmə qərarları › İş №2(103)-5727/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5727/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5727/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı, 12.10.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 2-ci Mənsur döngəsi 8 otaqlı, 120,55 yaşayış sahəsi, ümumi sahəsi 202,73 kv olan 9 saylı ev 2/15 hissə olmaqla 1 otaqlı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş və öz əşyaları ilə birlikdə çıxarılmışdır. Mülki iş üzrə Cavabdeh, 22.04.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı, 12.10.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı, 12.10.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. 04.05.2021-ci il tarixdə Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı, 23.04.2021-ci il tarixli qərardadının ləğv olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2020ci il tarixli, 2(009)-1632/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı 06 may 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 243-cü maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.. İş materiallarında (iş v. 67) mövcud olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qiyabi qətnamə cavabdehin ünvanına rəsmi qaydada göndərilmiş və 23 oktyabr 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Beləliklə, qiyabi qətnamənin rəsmi qaydada verilməsi tarixi 23 oktyabr 2020-ci il tarixi qəbul edilməlidir. Bu halda Cavabdeh qiyabi qətnamənin ləğvi üçün ərizə vermə müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Lakin cavabdeh belə ərizəylə 22 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq qiyabi qətnamənin ləğv edilməsi haqqında Cavabdeh ərizəsinin təmin edilməməsi nəticəsinə gəlmişdir, . Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1632/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1632/2020 saylı 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar