Məhkəmə qərarları › İş №2(103)-5727/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5727/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5727/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrisinin cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (ləğv prosesində olan "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmanət məbləğin və ona hesablanmış faiz məbləğinin kompensasiya edilməklə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmanət məbləğin və ona hesablanmış faiz məbləğinin kompensasiya edilməklə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmanət məbləğinin və ona hesablanmış faiz məbləğinin kompensasiya edilməklə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2019-cu il tarixli 99/ÜŞ2019/001 saylı «Uşaq» Bank əmanət müqaviləsi üzrə 1267,82 manat məbləğinin və ona hesablanmış 190,17 manat məbləği və 34,58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1492,57 manat məbləğində vəsaitin cavabdeh ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı2 əlavə iddiaçı qismində mülki işə cəlb edilmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, 28 yanvar 2019-cu il tarixli 99/ÜŞ2019/001 saylı «Uşaq» Bank əmanət müqaviləsi üzrə 1267,82 manat, hesablanmış 190,17 manat faiz və ödənilmiş 34,58 manat dövlət rüsumu olmaqla, cəmi 1492,57 manat məbləğində pul vəsaiti cavabdeh ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulması, iddia qalan hissədə rədd edilmişdir.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni hərhansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. "xxxx" ASC (hazırda ləğv prosesindədir) ilə İddiaçı1 arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 99/UŞ2019/001 saylı «Uşaq» bank əmanəti müqaviləsindən görünür ki, İddiaçı1 tərəfindən «gələcək əmanətçi» qismində İddiaçı2 adına və xeyrinə 1267,82 manat məbləğində vəsait "xxxx" ASC-yə əmanət olaraq yerləşdirmişdir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə görə «Bank» «Əmanətçi» tərəfindən «Gələcək Əmanətçi» İddiaçı2 adına və xeyrinə daxil olmuş 1267,82 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə əmanət məbləğini «Əmanətçi»yə (və ya əmanət üzrə hüquqlarına əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan «Gələcək əmanətçi»yə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək 36 ay müddətinə, illik 12 %-lə qoyulmuşdur.

12. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə görə adına və xeyrinə əmanət qoyulmuş «üçüncü şəxs», yəni «Gələcək əmanətçi» əmanət üzrə hüquqlarından, yalnız 18 yaşı tamam olduqdan sonra istifadə edə bilər.

13. AZ10NBCB412099AZN332000Ü001 saylı depozit hesabı üzrə əmanət kitabçasından görünür ki, xx.xx.2019-cu il tarixdə 1267,82 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən AZ10NBCB412099AZN********** saylı depozit hesabı üzrə əmanət qəbul edilmişdir.

14. 12 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən (hesabın açıldığı tarixdən) xx.xx.2020-ci il tarixə (sığorta hadisəsinin baş vermə tarixi) kimi İddiaçı2 "xxxx" ASCdəki bank əmanəti hesabında 1267,82 manat əsas əmanət məbləği mövcuddur, həmin məbləğə 190,17 manat faiz hesablanmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarından görünür ki, əmanətsaxlayan "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir.

16. İddiaçı1 ƏSF-ə, Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-yə ünvanladığı 06 avqust 2022-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" ASC-nin bağlanması səbəbindən sonuncunun ləğvedicisi ƏSF-ə müraciət edərək, əmanət məbləğinin təqdim edilməsini xahiş etmişdir. ƏSF ona vəsaitin köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etməsini tövsiyə etmişdir. Əlaqəli banka müraciət edilən zaman «gələcək əmanətçi» olan İddiaçı2 şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən bundan imtina edilmişdir. Bir müddət sonra şəxsiyyət vəsiqəsi yeniləndikdən sonra ƏSF-ə müraciət edildikdə, vəsaitin verilməsinin mümkün olmadığı bildirilərək imtina edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikasının mövcud qanunlarının hansı maddəsinə əsasən imtina edilməsinin səbəblərinin yazılı qaydada ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin vəsaitin alınması üçün məhkəməyə müraciət ediləcəyi müraciət ünvalanan şəxslərin nəzərinə çatdırılmışdır.

17. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 30 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 kompensasiya məbləğinin ödənilməsinə dair müraciəti «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3, 28.4-cü maddələrinə istinad edilməklə, müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

18. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun:

19. 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

20. 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.

21. 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı məhkəmənin araşdırmaması ilə bağlıdır.

37. Mülki iş materiallarından məlum olur ki, "xxxx" ASC ilə İddiaçı1 arasında imzalanmış «Uşaq» bank əmanəti 28 yanvar 2019-cu il tarixdə bağlanmış, 14 may 2020ci il tarixli 2-3(103)-131/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmişdir.

38. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

39. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət keçməmişdir və əmanət hesabında olan məbləğin qaytarılmasından imtina edilməsi üçün əsas yoxdur. Belə olan halda, məlum olur ki, apellyasiya şikayəti əsasszıdır və təmin edilə bilməz. Nəticə:

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar