Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5728/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2054/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 1.355,75 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,56 manat cavabdehdən iddiaçının xeyrinə tutulusun. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, təbii qazdan istifadəyə görə borcun əvəzi kimi 200 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 17,78 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək iddia tam təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Zərərin əvəzi kimi tələb olunan 1.355,75 manatın tərkibinə 2 əsasla hesablanmış məbləğ daxildir: 1-ci, qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 1.101,60 manat; 2-ci, qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 254,15 manat. Bu məbləğlərin cəmi 1.355,75 manat (1.101,60 manat + 254,15 manat) təşkil edir. 1-ci məbləğin, yəni 1.101,60 manatın tutulması barədə tələb 3 akta əsaslanır. Həmin aktlar və onlara əsasən hesablanmış zərərin məbləği aşağıdakı kimidir: 1) xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən 486 manat; 2) xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 399,60 manat; 3) xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 216 manat. 1-ci və 3-cü aktlara görə, sayğacın çıxış plastmas borusu deşilib, 2-ci akta görə cavabdeh qazdan sayğacdankənar istifadə edib. 1-ci və 3-cü aktlara əsasən hesablanmış borcun tutulması barədə tələb əsassızdır. Çünki cavabdehin (abonentin) sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, sayğac cavabdehin evindən kənarda yerləşdiyinə görə o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. 2-ci akta əsasən zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 399,60 manat hesablanıb, birinci insansiya məhkəməsi həmin məbləğin yarısının – 200 manatın tutulmasını qət edib. Məhkəmə bu zaman ona əsaslanıb ki, iddiaçı hərəkətsizlik edərək (yəni qazdan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbir görməyərək) zərərin məbləğinin artmasına şərait yaradın. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 1-ci məbləğin, yəni 1.101,60 manatın tutulması barədə tələbi qismən (200 manat həddində) təmin etməklə düzgün nəticəyə gəlib, bundan artıq məbləğin tutulması üçün əsas yoxdur. Ona görə də həmin tələbin rədd edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 2-ci məbləğin, yəni qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 254,15 manatın tutulması barədə tələb əsaslıdır. Bu tələb qazın alqı-satqısı barədə müqaviləyə əsaslanır. Cavabdehin (abonentin) həmin məbləğdə borcunun olduğu iddiaçının təqdim etdiyi arayışla (iş v. 11) təsdiq olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi bu tələbə aid hissədə işin hallarını düzgün müəyyən etmədiyindən həmin hissədə qətnamə ləğv edilməli və bu hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 2054/2023 nömrəli qətnaməsi qismən – 254,15 manat qalıq borcun tutulması barədə iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. 254,15 (iki yüz əlli dörd tam yüzdə on beş) manat Cavabdeh İddiaçıin xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5728/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5728/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver