Məhkəmə qərarları › İş №2(103)-5729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5729/2025

16.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5729/2025 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi X3 və iddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə (H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi 3-cü şəxs qismində) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(009)-1160/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin 25 dekabr 2024-cü il tarixli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının yenidən təhsil almağa ehtiyacı olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə (H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi 3-cü şəxs qismində) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi işləyir, 21 il iş stajına malikdir. Məlum olduğu kimi bu il Mədəliyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası təşkil edilmiş, o cümlədən o da xx.xx.2025-ci il tarixdə attestasiyada iştirak etmişdir. Attestasiya komissiyasının həmin tarixli qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. xx.xx.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən işdən azad olunacağı barədə ona məlumat verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, attestasiya komissiyasının qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iş fəaliyyətini həmin məktəbdə davam etdirməlidir. Belə ki, əmək fəaliyyəti dövründə ilk dəfə attestasiya edilmişdir. Cari ilin əvvəlindən miqren xəstəliyindən əziyyət çəkir. Həmçinin oğlu Raul Əliyev qan xəstəsidir, o, Milli Hemotologiya və Transfiziologiya Mərkəzində qeydiyyatda olmaqla, Bakı şəhəri 13 saylı Uşaq Polikinikasında mütəmadi müayinə və müalicə olunur. Tək ailə başçısıdır, Raul və digər oğlunu tək tərbiyə edir. Yeganə qazanc yeri əmək haqqıdır. İşləməsə ünvanlı sosial yardımdan da məhrum olunacaqdır. Özünün və övladının səhhətindəki problemlərlə əlaqədar attestasiya ərəfəsində çox yorğun və gərgin idi. Bilavasitə attestasiya zamanı isə bu problemlərin fonunda çox həyəcanlandı və buna baxmayaraq həm bəzi nəzəri suallara cavab vermiş, həm də pianoda ifa etmişdir. Bəzi suallara ətraflı cavab verə bilməməsinin səbəbi həyəcanlanması və komissiya üzvləri tərəfindən tələsdirilməyi olmuşdur. Bəzən eyni zamanda bir neçə komissiya üzvünün birlikdə sualların cavablarını tələb etməsi onu daha da çaşdırır, əlləri əsirdi. Özünü yaxşı hiss etmədiyi komissiya üzvlərinə də bildirdi. Lakin onlar buna məhəl qoymadı. Komssiya üzvlərinin qərəzli münasibəti açıq aydın görünürdü. Bu səbəbdən də sonda barəsində verilən müvafiq qərarı imzalamaqdan imtina etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən attestasiya keçirilməzdən əvvəl attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Attestasiyadan əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi həm kütləvi informasiya vasitələrində, həm də məktəbdə keçirilən görüşlərdə bu attestasiyanın məqsədinin işçilərin işdən çıxarılması deyil, onlar barədə məlumatların toplanması olduğunu bildirmişdir. Attestasiyadan sonra isə barələrində tutduqları vəzifəyə uyğun olmamaları barədə qərar qəbul edilmiş müəllimlərin ya öz ərizələri, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunacaqları elan edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hər hansı əsaslandırma təqdim edilməmişdir. Eyni zamanda müvafiq attestasiya barədə verilən bildirişdə komissiya üzvlərinin rəylərinin necə nəzərə alınacağı haqda heç bir qeyd olmayıb. Yalnız attestasiyadan sonra məlum olub ki, attestasiya komissiyalarından 2 lehinə, 3 əleyhinə səs almaqla qiymətləndirilən müəllimlərə “təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək. 1 lehinə, 4 əleyhinə səs almaqla qiymətləndirilən müəllimlərlə isə əmək münasibətlərinə xitam veriləcəkdir. Bu isə işçilərə fərqli münasibətin olmasını göstərir. Musiqi məktəblərində işləyən müəllimlərdə pedoqoji fəaliyyətlə məşğul olduqları halda təkrar attestasiyadan keçirilmə kimi hüquq verilmir. 21 ildən artıq müvafiq sahədə pedaqoji fəaliyyətinin olması, mütəmədi təhsil alanlara ifaçılığın öyrədilməsi onun fortepianoda ifa edə bilməməyini mümkünsüz edir. Fəaliyyəti dövründə hər hansı xidməti nöqsanı olmamışdır. Şagirdləri hər zaman yüksək nəticələr nümayiş etdirmişdir. Halbuki, işlədiyi məktəbdə iş şəraiti heç vaxt ürəkaçan olmamışdır. Qışda soyuq, yayda isti otaqlarda əmək fəaliyyətlərini lazımınca icra etmişlər. Heç bir ləvazimatla təmin edilməmişlər. 21-ci əsrdə sinif jurnalı özləri tərəfindən adi dəftərdən hazırlanırdı. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(009)- 1160/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində attestasiyanın ona qarşı qeyri-obyektiv keçirildiyini və attestasiya komissiyasının üzvlərinin ona qarşı qərəzli olduğunu qeyd edir. İddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfində sorğu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən əldə edilmişdir. Məhkəmə tərəfindən həmin görüntü nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmin video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır: 1-ci sual: İfa etdiyiniz sonata kimin sonatasıdır? İfa Mosart sonata C dur, klassik sonata forması 3 hissədən ibarətdir .2-ci sual: Rondo forma necə olur? İddiaçı bu suala cavab verə bilməmişdir. 3-cü sual: Köməkçi partiya hansı tonallıqda olur? İddiaçı bu suala cavab verə bilməmişdir. 4-cü sual: F.Şopen haqqında danışın. İddiaçı Şopenin 24 prelüdiyası var cavabını vermiş, lakin başqa heç bir məlumat verə bilməmişdir. 5-ci sual: Betxovenin neçə sonatası var? İddiaçı 52 cavabını verir ki, bu cavab da yalnış cavab olur. 6-cı sual: Vyana klassikləri kimlərdir? Haydn, Mosart, Betxoven. Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. İddiaçı ona verilmiş 6 sualdan yalnız 2 suala doğru cavab verə bilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə iddiaçının “tək ailə başçısı və övladının səhhətindəki problemlərlə əlaqədar attestasiya olunmamalı olduğu” barəsində bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan işçilər, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlərin attestasiyası keçirilmir. İddiaçının qanunvericiliklə attestasiyası keçirilməyən və attestasiyadan azad edilməli olan işçilərin kateqoriyasına aid olduğu məhkəmə iclasında müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı barəsində attestasiya komissiyasının qərarının ləğv edilməsinə əsas yoxdur və iddiaçının ərizəsində qeyd etdikləri yalnız formal mülahizələrdən ibarət olmaqla iddianın əsaslılığına dəlalət etmir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamışdır. Tərəfindən məhkəmə iclasında vəsatət verilərək komissiya üzvlərinin məhkəmə iclasında şahid qismində dindirilməsi xahiş edilmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, lakin cavabdeh tərəf şahidlərin iştirakını təmin etməmişdir. Digər tərəfdən prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə-mütəxəssislərə müraciət etmək, yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları təqdim edir. İddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə, əmək funksiyalarına uyğun olub-olmadığını aydınlaşdırılması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli və yaxud mütəxəssis rəyi alması zəruri olmasına baxmayaraq məhkəmə bunları etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attestasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Attestasiyanın tam audio-video yazısından görünür ki, komissiyanın üzvləri iddiaçıya qarşı qərəzli olmuşdur. Belə ki, audio-video yazının 50-ci saniyəsindən görünür ki, iddiaçı ifaya başladıqdan 20 saniyə sonra soldan ikinci əyləşən komissiyanın üzvü artıq iddiaçı barəsində qarşısında olan qeyd vərəqəsinə yuxarı sol hissəsində mənfi (-) işarə qeyd edir. Yəni iddiaçı daha ifa etməmiş, ifasını yekunlaşdırmamış komissiyanın üzvü öz mənfi fikrini bildirir. Audiovideo yazının növbəti hissələrindən görünür ki, komissiya üzvləri iddiaçıya arxaarxaya suallar verərək onu çaşdırmağa, suallara tam, səlis, tələsmədən cavab verməsinə maneələr yaratmışdırlar. Qətnamənin 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. İddiaçı ona verilmiş 6 sualdan yalnız 2 suala doğru cavab verə bilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir”. İddiaçı tərəfindən verilən sualların bir çoxuna cavab verilmiş, komissiya üzvləri ard-arda növbəti suallar və daha çətin, fərqli suallar iddiaçının cavablandırmasına tam şərait yaradılmamışdır. Ayrıca komissiya üzvləri eyni vaxtda danışaraq müxtəlif suallar verərək qəsdən iddiaçının stress vəziyyətinə salmışdırlar. Təəssüflər olsun ki, məhkəmə tərəfindən verilmiş sualların iddiaçının ixtisasına uyğun olub-olmadığını araşdırmamışdır. İddiaçın cavab verə bilmədiyi suallar öz ixtisasına, vəzifə təlimatlarına aid olmayan suallar olmuşdur. Cavabdeh tərəf iddiaçıya verilmiş suallarına onun ixtisasına, vəzifə təlimatlarına aid olduğunu sübut edə bilməmişdir. Attestasiya qanunvericilik normalarının tələblərinə uyğun şəkildə təşkil edilməmiş və keçirilməmiş, attestasiya zamanı iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə, əmək funksiyalarına uyğun olmamış və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu məsələləri əhatə etməmişdir. Belə ki, cavabdeh “attestasiya” adı ilə imtahan keçirtmişdir. Onun imtahan keçirmək hüququ yoxdur. İmtahan və attestasiya fərqli anlayışlardır. İmtahan-insanın biliyinin qiymətləndirilməsi prosesidir, attestasiya isə işçinin tutduğu vəzifəyə uyğunluğunun peşəkarlıq səviyyəsinə və ixtisasının dərəcəsinə görə qiymətləndirilməsi prosesidir. Qiymətləndirmənin imtahan, yoxsa attestasiya sayılması sualların məzmunu ilə müəyyən olunur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5729/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xx.xx.2025-ci il tarixli məktubu ilə rəy daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı,onun nümayəndəsi X3, iddiaçının nümayəndəsi-vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsi: 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 288 “x” bəndi İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2- 4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il qərarına əsasən, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş və məktəbin 25 dekabr 2024-cü il tarixli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının yenidən təhsil almağa ehtiyacı olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehlə əmək münasibətləri saxlanılmaqla məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının ləğv edilməsini xahiş etmişdir. Başqa sözlə, attestsiyanın nəticələrinə əsasən iddiaçı ilə əmək münasibətlərinə xitam verilməmişdir. İddiaçı attestasiya komissiyasının qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli olmasının əsası kimi əmək fəaliyyəti dövründə ilk dəfə attestasiya edilməsini, özünün miqren, oğlu Raul Əliyev qan xəstəliyindən əziyyət çəkməsini, tək ailə başçısı olmaqla, Raul və digər oğlunu tək tərbiyə etməsi və yeganə qazanc yeri əmək haqqı olmasına, bu və digər problemlərlə əlaqədar attestasiya ərəfəsində çox yorğun və gərgin olmasına, bilavasitə attestasiya zamanı isə bu problemlərin fonunda çox həyəcanlanmasını göstərməklə yanaşı, attestasiya zamanı bəzi suallara ətraflı cavab verə bilməməsinin bu səbəblərdən olması, bütün bünlara baxmayaraq komssiya üzvlərinin qərəzli münasibəti açıq aydın görünməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəsini əsasən iddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü ilə müəyyən edilmiş hallara əsaslandırmış və Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas olmaması qənaətinə gəlinmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni attestasiya zamanı iddiaçının ona ünvanlanmış sualların əksəriyyətinin cavablandıra bilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.5-ci maddəsinin və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.4-cü bəndinin məzmunlarına əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, attestasiya zamanı attestasiya komissiyasının işçiyə verə biləcəyi suallar məhdud çərçivədədir. Yəni komissiya işçini ümumi, şəxsi və ya mövzudan kənar suallarla yox, yalnız onun əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə və funksiyaları əsasında qiymətləndirə bilər və bu məhdudiyyətin məqsədi obyektivlik və ədalətlilikdir. Attestasiya işçinin peşəkar fəaliyyətini ölçməlidir, şəxsi münasibətlər və ya mövzudan kənar suallar əsasında deyil. Apellyasiya şikayətinin dəlillərinin əsas mahiyyəti birinci instansiya məhkəməsi verilən sualların məhz iddiaçının ixtisasına uyğun olub-olmadığını araşdırılmaması ilə də bağlıdır. Belə olan halda apellyasiya baxışı zamanı işin düzgün və ədalətli həlli üçün mübahisələndirilən attestasiya zamanı iddiaçıya verilmiş sualların məhz iddiaçının ixtisasına uyğun olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xx.xx.2025-ci il tarixli məktubu ilə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş rəydən görünür ki, attestasiya prosesi musiqi pedaqogikası sahəsində fəaliyyət göstərən nüfuzlu professor-müəllim heyətinin iştirakı ilə həyata keçirilmişdir. İddiaçı apellyasiya mərhələsində iştirakı videoçəkiliş vasitəsilə sənədləşdirilmişdir. Apellyasiya qaydalarına əsasən iştirakçı özünün seçdiyi musiqi əsərini ifa etməli, komissiya tərəfindən təqdim edilmiş əsəri not üzərindən oxumalı və şifahi sualları cavablandırmalıdır. İddiaçı ifa etdiyi musiqi əsəri V.A.Motsartın Sonata №16, C-dur (Semplice) olmuşdur ki, bu da bəstəkarın ən sadə sonatalarından biri hesab edilir. Lakin, iddiaçı əsəri yarımçıq ifa etmiş, düzgün ifa ilə bağlı əsas tələblərə (üslub xüsusiyyətləri, applikatura, pedal texnikası, melizmlər və s.) əməl etməmişdir. Eyni zamanda, əsərin forma təhlilini izah edə bilməmişdir. Not üzündən oxu mərhələsində iddiaçıya Fikrət Əmirovun "12 miniatür" fortepiano silsiləsindən "Barkarola" əsəri təqdim edilmişdir. İddiaçı həmin əsəri düzgün saymamış, hətta iki xanəni belə ifa etməkdə çətinlik çəkmişdir. Şifahi suallara gəldikdə isə qeyd olunmalıdır ki, ali musiqi təhsili almış bir müəllimin bu biliklərə yiyələnməməsi yolverilməzdir. Sonata forması (yarımçıq cavab), rondo forması, fortepiano repertuarının əsas hissəsini təşkil edən Şopen yaradıcılığı, Bethoven sonataları ilə bağlı suallar iddiaçı tərəfindən cavablandırılmamışdır. Yalnız "Vyana klassikləri kimlərdir?" sualına düzgün cavab verilmişdir. Beləliklə, İddiaçı komissiya üzvləri barəsində irəli sürdüyü iddialar tam əsassızdır. Video materiallardan da aydın görünür ki, komissiya üzvləri hər bir sualla bağlı ona dəfələrlə kömək etməyə və istiqamətləndirməyə cəhd göstərmiş, lakin bu cəhdlər nəticəsiz qalmışdır. Rəydə vurğulanmışdır ki, İddiaçı ailə vəziyyəti ilə bağlı təqdim etdiyi sənədlər nəzərə alınmaqla, attestasiya qaydalarına uyğun olaraq onun təlimlərə cəlb edilməsi və gələcəkdə yenidən attestasiyada iştirak etməsi məqsədəuyğun hesab edilə bilər. Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, göründüyü kimi, keçirilmiş attestasiya nəticəsində iddiaçının yenidən təhsil almağa ehtiyacı olduğu müəyyən edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmiş, ona verilmiş 6 sualdan yalnız 2 suala doğru cavab verə bilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində verilən sualların məhz onun ixtisasına uyğun olub-olmadığını araşdırılmaması ilə bağlı dəlillərinə qiymət verilməsi üçün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından alınmış mütəxəssis rəyində də iddiaçıya onun ixtisasına uyğun olmayan sualların verilməsi halı müəyyən edilməmişdir. Həmçinin iddiaçı ona ixtisasından kənar suallar verilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, iddiaçı barəsində attestasiya komissiyasının qərarının ləğv edilməsinə əsas yoxdur və iddiaçının ərizəsində qeyd etdikləri yalnız formal mülahizələrdən ibarət olmaqla iddianın əsaslılığına dəlalət etmir. Kollegiya qeyd edir ki işçinin peşə yararlılığının minimum səviyyədə belə təmin olunmaması, onun həmin vəzifədə saxlanılmasının təhsil prosesinə və şagirdlərin keyfiyyətli təhsil alma maraqlarına mənfi təsir göstərməsi ehtimalı işəgötürənin idarəetmə səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul etməsini zəruri edir. Lakin işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, onun keçirilmə qaydası əvvəlcədən müəyyən olunmalı, işçiyə vaxtında məlumat verilməli, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir. Belə ki, Əmək Məcələsinin 65-ci maddəsində attestasiyanın keçirilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir (attestasiya komissiyasının yaradılması, tərkibi, işçiya veriləcək sualların əhatə dairəsi, nəticələrin rəsmiləşdirilməsi və s.) Analoji hallar həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında da nəzərdə tutulmuşdur (attestasiya barədə işçilərin xəbərdar edilməsi, keçirilməsi, rəsmiləşdirilməsi və s.). Həmin qərarın 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; Həmin maddədə daha sonra göstərilmişdir ki, bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir Məhkəmə Kollegiyası iddiaçının ailə vəziyyəti ilə bağlı göstəridklərini də nəzərə alaraq qeyd edir ki, işin sadalanan halları iddiaçı barəsində olan attestasiyanın nəticələrinin ləğvi üçün əsas olmamış, keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs olmaqla həm attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarında, həm də apellyasiya baxışı zamanı təqdim edilmiş rəydə də attestasiya qaydalarına uyğun olaraq yalnız onun yenidən təhsil alması və ya təlimlərə cəlb edilməklə gələcəkdə yenidən attestasiyada iştirak etməsi məqsədəuyğun hesab edilmişdir. Başqa sözlə, attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarında tutduğu vəzifəyə uyğun olmaması birbaşa olaraq qeyd edilməmiş və bu da onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas vermir. Məhkəmə Kollegiyası göstərilən qənaətə gələrkən qeyd etməyi də zəruri sayır ki, iddiaçı ilə əmək münasibətlərinin hazırkı vaxta kimi saxlanması və attestasiyanın nəticələrinə əsasən bu müqaviləyə xitam verilməməsi də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri əsasında olsa da belə, qərar qəbul edilən zaman, yəni müvəqqəti təminat tədbiri qəbul edilənə kimi dərhal onunla attestasiyanın nəticələrinə əsasən bu müqaviləyə xitam verilməməsi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri cavabdeh tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməməməsi ona dəlalət edir ki, cavabdeh sözügedən qaydaların yuxarıda qeyd edilən bəndinin tələblərinə əsasən onun tutduğu vəzifəyə uyğun olmaması deyil, yalnız yenidən təhsil alması nəticəsinə gəlmişdir ki, bu da ona öz üzərində yenidən işləməklə daha üstün nəticələr göstərilməsi üçün münbit şərait yaradılması deməkdir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələrinə əsasən 30 təqvim günü iddiaçını işdən azad edə və ya digər intizam tənbeh tədbiri görə bilərdi ki, qeyd edildiyi kimi artıq bu müddət keçdiyindən heç bir tədbir görülməsi qanuni sayıla bilməz, başqa sözlə, iddiaçının hazırda bu əsasla işdən azad edilməsi yolverilməzdir. Belə ki, Kollegiya qeyd edir ki, iddiaçı uşaq musiqi məktəbində müəllim vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Müəllim fəaliyyəti yalnız formal iş funksiyası deyil, şagirdlərin bilik səviyyəsinin formalaşdırılmasına birbaşa təsir göstərən və təhsil müəssisəsinin fəaliyyət məqsədlərinə xidmət edən məsuliyyətli əmək funksiyasıdır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur. Kollegiya hesab edir ki, attesitasiya komissiyasının məhz bu qənaəti həmçinin iddiaçının mövcud ailə vəziyyəti ilə yanaşı özünün də əmək fəaliyyəti zamanı özünü işçi kimi müsbət göstərməsi ilə əlaqəli olmuşdur. Bu iş materiallarında olan cavabehin direktorunun və Həmkarlar İttifaqı Komitəsinin sədrinin onun barəsində verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamələrin məzmunları ilə təsdiq edilir. Belə ki, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 13 may 2025-ci il tarixli, 07 saylı xasiyyətnaməsinə görə İddiaçı uzunillik pedaqoji fəaliyyəti dövründə musiqi təhsili sahəsində dərin bilik və bacarıqlarını nümayiş etdirmişdir. Onun yetirmələri məktəb tədbirlərində çıxış etmişdirlər. Çalışdığı müddətdə o, işinə vaxtlıvaxtında gəlmiş, nizam-intizamlı və şagirdlərinin sevimli müəllimi olmuşdur. İddiaçı öz peşəsini sevən, daim özünü inkişaf etdirməyə çalışan və yenilikləri tətbiq edən bir müəllimədir. Şagirdləri ilə qarşılıqlı hörmət və anlayışa əsaslanan münasibət qurmuş, valideynlər və həmkarlar arasında nüfuz qazanmışdır. O, tədris planlarına ciddi yanaşır, dərs prosesini maraqlı və interaktiv formada təşkil edir, bu da şagirdlərdə musiqiyə qarşı motivasiya və marağın artmasına səbəb olur. İddiaçı həmçinin təşkil olunan məktəbə dair tədbir və konsertlərdə fəal iştirak etmiş, kollektivin ictimai həyatına töhfə vermişdir. Fəaliyyəti ərzində özünü mədəniyyətə və təhsilə bağlı, səmimi, intizamlı və işgüzar bir şəxsiyyət kimi təsdiqləmişdir. Onun pedaqoji peşakarlığı, insani keyfiyyətləri və nümunəvi davranışı təqdirəlayiqdir. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim edilmiş digər xasiyyətnamədə də həmçinin qeyd edilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövründə özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib. İddiaçı tədris prosesinə məsuliyyətlə yanaşmışdır. Bacarıqlı təhsil işçisi olmaqla yanaşı, o, işlədiyi kollektivin dərin hörmətini qazanmış, tələbkar və eyni zamanda qayğıkeş bir müəllim kimi tanınmışdır. Tətbiqi peşakarlığının yanında dərs alan şagirdlərin musiqi ifa səviyyəsi ilə müşahidə etmək olar. İddiaçı dərs prosesini maraqlı və interaktiv formada təşkil edir, bu da şagirdlərdə musiqiyə qarşı motivasiya və marağın artmasına səbəb olur. İddiaçı şagirdləri məktəbin bir çox tədbir və konsertlərində uğurla iştirak etmiş, kollektivin ictimai həyatına töhfə vermişdir. İddiaçı işlədiyi dövrdə nizam-intizamlı olmağı, səmimiyyəti və gülərüzlüyü ilə seçilmişdir. Kollektivdə həmkarları ilə heç bir problem yaşamamış, valideyn və şagirdlərin sevimli müəlliməsi olmuşdur. Məhkəmə Kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddianın təmin edilməməsi iddiaçının attestasiyanın qərarı və rəyə əsasən yenidən təhsil alması və ya yeni təlimlərə cəlb edilməsi yolu ilə cavabdehlə əmək münasibətlərinin davam etməsi ilə onun bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində fəaliyyət məqsədlərinə çatmağa xidmət edəcəkdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Beləliklə də Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirilməsə də, attestasiyanın nəticələri əsasında qəbul edilmiş qərar onunla bağlanmış əmək müqaviləsinin ləgvi üçün deyil, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xx.xx.2026-cı il tarixli məktubu ilə daxil olmuş rəydə də göstərildiyi kimi onun təlimlərə cəlb edilməsinə hesablanmışdır. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, bununla yanaşı attestasiyanın nəticələrinə əsasən İddiaçı təlimlərə cəlb edilməsi cavabdehə tövsiyə edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(009)- 1160/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Attestasiyanın nəticələrinə əsasən İddiaçı təlimlərə cəlb edilməsi tövsiyə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar