Məhkəmə qərarları › İş №2(103)-573/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-573/2024

23.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-573/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 113 saylı tam orta məktəbə qarşı məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, cavabdeh 113 nömrəl tam orta məktəbin direktoru X3, cavabdehin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1877901Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 113 saylı tam orta məktəbə qarşı məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3843/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 29 may 2015-ci il tarixdə Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbə tarix müəllimi vəzifəsinə təyin edilmişdir.

2. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli təqdimata əsasən 04 oktyabr 2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci dərsində 11ç sinfində məktəbin tarix müəllimi İddiaçı Azərbaycan tarixi dərsi olmasına baxmayaraq, müəllim dərsdə iştirak etməmişdir. Saat 09:13-də telefon vasitəsi ilə müəllimlə əlaqə saxlayaraq dərsə gecikdiyi barədə məlumat verilsə də, o, birinci növbənin üçüncü dərsinə gəlib çıxmışdır. Dördüncü dərsdə isə dəhlizdə müəllim onlara yaxınlaşaraq beşinci və altıncı dərsləri keçə bilməyəciyini bildirmişdir. Onlar da keçirilməyəcəyi dərslərin saat hesabı olaraq əmək haqqından tutulacağını bildirmişlər. Müəllimin davranşına münasibət bildirilməsi xahiş olunmuşdur.

3. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli təqdimata əsasən 04 oktyabr 2021-ci il tarixdə məktəbin müvəqqəti cədvəli üzrə birinci növbənin ikinci saatı 11ç sinfində dərsi olduğu halda məktəbin tarix müəllimi İddiaçı dərsə gəlməmiş, üçüncü saat 11b sinfində olan dərsinə də 10 dəqiqə gecikmişdir. Cədvələ əsasən beşinci saatda 10c sinfində dərsi olmasına baxmayaraq heç kimə məlumat vermədən çıxıb getmişdir. Məsələnin nəzarətə götürülməsini xahiş etmişdir.

4. Məktəbin 16 oktyabr 2021-ci il tarixli aktına əsasən tarix müəllimi İddiaçı 16 oktyabr 2021-ci il tarixdə işə gəlməmişdir.

5. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış 16 oktyabr 2021-ci il tarixli təqdimata əsasən tarix müəllimi İddiaçı 16 oktyabr 2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.

6. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 tərəfindən məktəbin direktoru Gültəkin Rüstəmovaya ünvanlanmış 16 oktyabr 2021-ci il tarixli təqdimata əsasən tarix müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə 4 saat dərsi (10c, 10ç, 11b və 11c siniflərində) olmasına baxmayaraq məktəb rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Vəziyyətin ciddi nəzarətə götürülməsini xahiş etmişdir.

7. Məktəbin 18 oktyabr 2021-ci il tarixli aktına əsasən məktəbin tarix müəllimi İddiaçı 16 oktyabr 2021-ci il tarixdə işə gəlməməsi ilə bağlı izahat tələb olunmasına baxmayaraq, izahat yazmaqdan imtina etmişdir.

8. Məktəbin 19 oktyabr 2021-ci il tarixli aktına əsasən 19 oktyabr 2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir.

9. Məktəbin 21 oktyabr 2021-ci il tarixli aktlarına əsasən 21 oktyabr 2021-ci il tarixdə, saat 09:40 radələrində məktəbin tarix müəllimi İddiaçı məktəbin dəhlizində qışqıraraq məktəb rəhbərliyinin və “Məktəblinin dostu layihə”sinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, birinci növbənin altıncı saatı 11c sinfində dərsi olduğu halda, tədris prosesini pozaraq heç bir məlumat vermədən şagirdləri evə buraxmış, özü də məktəbi tərk etmişdir.

10. Məktəbin həmkarlar təşkilatının 21 oktyabr 2021-ci il tarixli, 8 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın məktəb həmkarlar təşkilatına təqdimatına baxılmış, haqqında təqdimat olunan İddiaçı iclasa gəlmədiyi üçün müzakirə aparılmamış, onun bu hərəkəti həmkarlar təşkilatına hörmətsizlik olaraq qiymətləndirilmişdir.

11. Məktəbin direktoru Gültəkin Rüstəmovanın intizam tənbehinin verilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli, 137 nömrəli əmrinə əsasən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

12. Məktəbin 10ç sinif şagirdləri Sənan Ələkbərov, Məhəmməd Zeynallı və İlqar Abdullayev tərəfindən yazılmış 02 noyabr 2021-ci il tarixli ərizə və izahatlara əsasən 02 noyabr 2021-ci il tarixdə Azərbaycan tarixi dərsində tarix müəllimi İddiaçı nadinclik edib səs salmaları səbəbi ilə onlara əl qaldırmışdır. Onlar öz səhvlərini başa düşmüş, özlərini günahkar hesab etmiş və söz vermişlər ki, bir daha belə hal təkrarlanmayacaqdır.

13. Məktəbin 30 noyabr 2021-ci il tarixli aktına əsasən 30 noyabr 2021-ci il tarixdə məktəbin tarix müəllimi İddiaçı 10ç sinfində dərs zamanı həmin sinfin şagirdləri X5, X8 və X9 vurmuşdur.

14. Məktəbin 10ç sinif şagirdləri İlqar Abdullayevin və Sənan Ələkbərovun valideynləri tərəfindən yazılmış 02 dekabr 2021-ci il tarixli izahatlara əsasən 02 dekabr 2021-ci il tarixdə övladlarının dərsdə səs salmaları səbəbi ilə Azərbaycan tarixi müəllimi İddiaçı onlara əl qaldırmışdır. Bu səbəbdən oğullarını günahlandırmış və Sabir müəllimdən şikayətçi olmamış, söz vermişlər ki, bu hadisə bir daha təkrarlanmayacaqdır.

15. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış 02 dekabr 2021-ci il tarixli izahata əsasən o, 30 noyabr 2021-ci il tarixdə 10ç sinfində dərsdə olarkən həmin sinfin şagirdləri X5, X8 və X9 vurmuşdur. Dərsdə səs salıb mane olduqdları üçün bir böyük kimi tənbeh etmişdir. Söz vermişdir ki, bir də belə hal baş verməyəcəkdir.

16. Məktəbin 10ç sinif şagirdi X1 valideyni Samirə Zeynalova tərəfindən yazılmış 06 dekabr 2021-ci il tarixli izahata əsasən 30 noyabr 2021-ci il tarixdə 10ç sinfində tarix dərsi zamanı fənn müəllimi İddiaçı oğlu Məhəmmədi cəzalandırmasından xəbəri olmuş, buna baxmayaraq şikayətçi olmamışdır.

17. Məktəbin 14 dekabr 2021-ci il tarixli aktına əsasən 14 dekabr 2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 11ç sinfində dərs zamanı həmin sinfin şagirdi X10 vurmuşdur.

18. Məktəbin 11ç sinif şagirdi X15 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahata əsasən xx.xx.2021-ci il tarixdə dördüncü saat tarix dərsində İddiaçı bilmədiyi səbəbə görə ona əsəbiləşərək şillə vurmuş, sinif yoldaşlarının yanında onun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.

19. Məktəbin 11ç sinif şagirdi X6 valideyni X12 tərəfindən yazılmış 14 dekabr 2021ci il tarixli məlumata əsasən 14 dekabr 2021- ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı tarix dərsində oğlunu şillə ilə vurub sinif yoldaşlarının yanında təhqir etmişdir. O, övladını özü tənbeh edəcəyini, şikayətçi olmadığını bildirmişdir.

20. Məktəbin 16 dekabr 2021-ci il tarixli aktına əsasən 16 dekabr 2021-ci il tarixdə məktəbin tarixi müəllimi İddiaçı 10c sinfində dərs zamanı həmin sinfin şagirdi X13 şillə vurmuşdur.

21. Məktəbin 10c sinif şagirdi X20 tərəfindən yazılmış 16 dekabr 2021-ci il tarixli izahata əsasən 16 dekabr 2021-ci il tarixdə üçüncü saat Azərbaycan tarixi dərsinə gecikdiyi üçün müəllim İddiaçı onu danlamış və qulağını burmuşdur. O, müəllimin qolunu itələmiş, müəllim isə ona şillə vurmuşdur.

22. Məktəbin 10c sinif şagirdi X11 valideyni Elmira Musayeva tərəfindən yazılmış 16 dekabr 2021-ci il tarixli məlumata əsasən 16 dekabr 2021-ci il tarixdə tarix dərsində oğlunun fənn müəllimi İddiaçı tərəfindən şillə vurulması haqqında məlumatı olmuş, şikayətçi olmamışdır.

23. Məktəbin tarixi müəllimi İddiaçı tərəfindən yazılmış 29 dekabr 2021-ci il tarixli izahata əsasən o, 30 noyabr 2021-ci il və 14 dekabr 2021-ci il tarixlərdə dərs dediyi siniflərdə şagirdlərə qarşı kobudluq etdiyini etiraf etmişdir.

24. Məktəbin həmkarlar təşkilatının 29 dekabr 2021-ci il tarixli, 10 nömrəli protokolundan çıxarışa əsasən məktəbin direktoru G.Rüstəmovanın və həmkarlar üzvlərinin rəyləri nəzərə alınaraq, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.

25. Məktəbin həmkarlar təşkilatının 21 yanvar 2022-ci il tarixli, 12 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı uzun müddət qüsursuz işləməsini, bundan sonra nöqsanlara yol verməyəcəyi haqqında izahatını nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilməsi təklifinə imtina edilməsi qərara alınmışdır.

26. Məktəbin həmkarlar təşkilatının 14 fevral 2022-ci il tarixli növbədənkənar iclasının protokolundan çıxarışa əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərinin və müəllimlərin etik davranış qaydalarınnı şərtlərini pozmasını etiraf etməsi ilə əlaqədar izahatının nəzərə alınması və işdə saxlanılmasının məktəbin direktorundan xahiş edilməsi qərara alınmışdır.

27. Məktəb üzrə əmək müqaviləsinin ləğvi barədə 16 fevral 2022-ci il tarixli, 26 nömrəli əmrdən çıxarışa əsasən məktəbin tarix müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri kobud şəkildə pozulduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 16 fevral 2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Həmin çıxarışa əlavə edilmiş məktəbin həmkarlar təşkilatının 16 fevral 2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən Azərbaycan Təhsil İşçiləri X21 Sabunçu Rayon Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə məktəbin tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.

28. Əmək kitabçalarının qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı məxsus əmək kitabçası 26 fevral 2022-ci il tarixdə sonuncuya təhvil verilmişdir.

29. Poçt qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Mediasiya şurasına müraciət 28 mart 2022-ci il tarixdə göndərilmişdir.

30. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/3-00743 saylı arayışdan görünür ki, 113 nömrəli tam orta məktəbin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

Birinci instansiya məhkəməsində icraat

31. İddiaçı cavabdeh 113 nömrəli tam orta məktəbə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxma müddəti üçün cavabdeh tərəfindən əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

32. İddia onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi əsasında Bakı şəhəri 113 nömrəli orta məktəbdə tarix müəllimi işləmiş, məktəb direktorunun 16 fevral 2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdən çıxarışda göstərilir ki, guya o, dərs zamanı şagirdlərə fiziki güc tətbiq etmişdir. Əmrdə göstərilənlər həqiqəti əks etdirmir, o, vəzifələrini layiqincə yerinə yetirmişdir, şagirdlərə iradını bildirsə də, heç bir fiziki zor tətbiq etməmişdir. İlkin olaraq məktəbdə etirafedici məzmunda izahat yazmağa məcbur edilmiş və ona heç bir ciddi problem olmayacağı bildirilmişdir. O, əmək müqaviləsinin şərtlərini pozmamış və şagirdlərə qarşı heç bir qanunsuzluğa yol verməmişdir. İşəgötürən tərəfindən ətraflı araşdırma aparılmadan, aidiyyəti şəxslərin, o cümlədən, şagirdlərin izahatları alınmadan, hadisə barədə onlara heç bir sual verilmədən əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, həmkarlar ittifaqı ilə bağlanmış müqaviləyə əsasən yalnız həmkarlar ittifaqının rəyi əsasında işçilərin əmək müqaviləsinə xitam verilə bilər. Lakin 113 nömrəli məktəbin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və həmkarlar ittifaqı ilə bağlanmış müqavilənin şərtlərini pozaraq qanunsuz olaraq onu işdən azad etmişdir.

33. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd olunmalıdır.

34. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3843/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir.

35. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, iddiaçı işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozmuş və vicdanla yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməmiş, dərslərə gecikmiş, özünün də izahatlarında etiraf etdiyi kimi şagirdlərlə kobud rəftar etmiş, onlara qarşı fiziki zor tətbiq etmiş, qeyd olunanlar CD diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.

36. Tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də məhkəmə əsassız hesab etmişdir. Çünki həmin hallar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla təkzib olunmuşdur.

37. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsaslı olmuşdur, odur ki, iddia tələbi işə bərpa edilmə hissəsində rədd edilməlidir.

38. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə məktəbin direktoru Gültəkin Rüstəmovanın xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmrinin mövcud olmasını bilsə də, məhkəməyə işə bərpa tələbi ilə yalnız xx.xx.2022-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh məktəbə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir.

39. Məhkəmə qanunsuz olaraq işdən çıxarılma nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması qənaətinə gəlmişdir.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72, 76, 80, 83, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377-ci maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

41. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını layiqincə yerinə yetirmədiyi və dərs zamanı şagirdlərə güc tətbiq etməsini təsdiq edən video görüntü qeyd olunmuşdur. Halbuki həmin video görüntüdəki şagird onun qohumu olmuş, atası onun tərbiyə işləri ilə məşğul olmağı ona həvalə etmiş, şagird isə dərsdə müəllimə və digər şagirdlərə hörmətsizlik etdiyi üçün əlini onun üzünə toxundurmuş, məqsədi tərbiyələndirmək olmuşdur, heç bir fiziki güc tətbiq etməkdən söhbət gedə bilməz. Həmçinin həmkarlar ittifaqının 3 dəfə iclası keçirilmiş, hər dəfə onun işdə saxlanması tövsiyə olunmuş, sonuncu iclas 14 fevral 2022-ci il tarixdə keçirilmiş, 16 fevral 2022-ci il tarixdə keçirilən iclas barədə ona məlumat verilməmiş, həmin iclasda onun işdən çıxarılması barədə razılığa gəlinmişdir. Həmin iclas formal keçirilmişdir. Ona töhmət verilməsi barədə məlumatı olmamışdır. Onun yazdığı izahatlarla bağlı məhkəmə iclasında söylədikləri protokolda əks olunmamış, bu səbəbdən protokola qeyd vermək zərurəti yaranmışdır. Belə ki, ondan boş kağıza imza etməsi istənilmiş, bundan sonra izahat yazılmışdır.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2678/2023 nömrəli mülki iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi şagirdələrə fiziki güc tətbiq etməməsi barədə bildirdiklərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının şagirdlərə güc tətbiq etməsi video görüntülərlə təsdiqini tapmışdır.

45. Bununla da, iddiaçı əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur.

46. İdidaçının həmkarlar ittifaqının müvafiq razılığının alınması ilə bağlı iclasın formal olması barədə qeyd etdikləri də hər hansı sübutla təsdiq olunmur, mülahizə xarakterlidir, çünki həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunmuşdur.Bununla müəyyən olunmuşdur ki, iddiaçının işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir.

47. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozması və vicdanla yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan dəfələrlə bütün iş günü işə gəlməməsi, dərslərə gecikməsi, şagirdlərlə kobud rəftar edərək, onlara qarşı fiziki zor tətbiq etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin dəlilləri isə öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

48. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.3, 2.1.5, 2.1.7, 3.8, 4.1.1, 4.1.3, 4.1.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

49. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

50. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə məktəb direktorunun 16 fevral 2022-ci il tarixli, 29 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə səbəb kimi onun əmək funksiyalarını layiqincə yerinə yetirməməsi, dərs zamanı şagirdlərə şiddət, zor, şəxsiyyəti alçaltma və güc tətbiq etməsini təsdiq edən görüntülər olmuşdur. Həmçinin, məktəb direktoru Gültəkin Rüstəmova 16 fevral 2022-ci il tarixli əmri ilə 3 əsas sənədə istinad etməklə qərar qəbul etmişdir: 1. İzahatlar və aktlar, 2. CD disk, 3. Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2022-ci il tarixli iclas protokolunun qərarı. Cavabdeh tərəfin təqdim etdiyi aktlar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsində 11 məhkəmə iclası keçirilmişdir. Bu iclaslar zamanı məhkəmə tərəfindən işin hallarına diqqət yetirilməmiş, nəticədə məhkəmə məlum nəticəyə gəlmişdir. Belə ki, 04 oktyabr 2021-ci il tarixli aktda göstərilmiş ki, iddiaçı dərs gününün son saatlarında (5-6-cı dərs) iştirak etməmişdir. Halbuki, həmin gün Müəllimlər Günü olduğundan bütün müəllimlər məktəbdə tədbirdə olmuşlar. Tədbirdən sonra isə iddiaçı məktəbdən getməsi ilə bağlı Dərs Hissə müdiri Təranə Hacıyevaya məlumat vermişdir. Bu hal da aktda öz təsdiqini tapmışdır. 18 oktyabr 2021-ci il və 19 oktyabr 2021-ci il tarixli aktlarda təkrarən göstərilmişdir ki, iddiaçı dərsə gəlməmişdir. Halbuki, bunula bağlı yenə tibbi arayışlar təqdim edilmişdir. Lakin cavabdeh tərəf bu arayışları da təqdim etməmişdir. Halbuki, bu arayışları müvafiq poliklinikadan məhkəmə sorğu verib ala bilərdi. 21 oktyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçı guya məktəb müdiriyyətini və “Məktəblinin dostu” layihəsinin rəhbəri İlyas Həsənlini təhqir etmişdir. Halbuki, belə bir hal olmamışdır. Bununla bağlı tərtib edilmiş akta “Məktəblinin dostu” layihəsi adlanan qurumun rəhbəri İlyas Həsənli imza etməkdən imtina etmişdir. Belə hal olsa idi, ən azından təhqir edilmiş qurum rəhbəri akta imza etməkdən imtina etməzdi. Həmçinin, məhkəmə iclası zamanı həmin akta imza edən müəllimlərə tərəfindən belə bir halın olub-olmaması ilə bağlı sual verilərkən xatırlamadıqlarını bildirmişlər. Tərtib edilmiş bu aktlar qüsurlu olmuş və qanunsuz tərtib edildiyindən bu formada hazırlayıb ortaya çıxarmışlar. Məktəb direktoru isə bu əsasasız aktlara əsasən 21 oktyabr 2021-ci il tarixdə nizam-intizam qaydalarını pozduğuna görə iddiaçıya töhmət vermişdir. Hazırda direktor işdən çıxarılma ilə bağlı qəbul etdiyi əmrində isə bu qanunsuz və əsassız aktlara və əmrə istinad etmişdir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023cü il tarixli, 2(102)-3386/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli 2(103)- 2678/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir.

52. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “ – 91. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və iddiaçının şagirdlərə güc tətbiq etməsinin təsdiqini tapdığını, həmkarlar ittifaqının iddiaçının işdən çıxarılması barədə razılığın verilməsinə dair iclasın keçirilməsi mülki iş materiallarında olan cavabdeh məktəbin Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolundan çıxarış (i/v 85), həmçinin şahid ifadələri ilə təsdiq olunduğunu, bununla iddiaçının işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə həyata keçirildiyinin müəyyən olunduğunu qeyd etmişdir. - 92. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən törədildiyi bildirilən sonuncu intizam xətasının tarixi 16 dekabr 2021-ci il tarixidir. Həmçinin iş materialları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən törədildiyi bildirilən intizam xətaları ilə əlaqədar 29 dekabr 2021-ci il, 21 yanvar 2022-ci il, 14 fevral 2022-ci il və 16 fevral 2022-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş və hər bir iclasın nəticəsində fərqli qərarlar qəbul edilmişdir. Hətta ikinci dəfə keçirilən həmkarlar təşkilatının iclası belə iddiaçının törətdiyi irəli sürülən intizam xətasının aşkara çıxarıldığı tarixdən 1 ay sonra keçirilmişdir. - 93. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. - 94. 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmkarlar təşkilatının sonuncu-16 fevral 2022-ci il tarixli iclasında qəbul edilmiş qərarı əsas götürmələrinin, digər qərarların isə qəbul edilməməsinin əsaslarını göstərilməmiş, 4 dəfə həmkarlar təşkilatının iclasının keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbləri araşdırılmamış, qərarların mötəbərliyinə hüquqi qiymət verilməmişdir. - 100. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmaqla bərabər iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi də araşdırılmaqla sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun məhkəmə aktı qəbul edilməlidir.” Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

53. Apellyasiya şikayətinin dəlilləri qərarın 42-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

55. İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını xahiş etdilər.

56. Cavabdeh 113 nömrəl tam orta məktəbin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1877901Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbi bu olmuşdur ki, məktəb həmkarlar təşkilatı 3 dəfə məktəb direktorunun təqdimatını müzakirə edərkən qanunun tələbinə, yəni AR Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci bəndinə riayət etməmiş, təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Belə ki, həmkarlar təşkiları 3 dəfə iclas keçirərək iddiaçıya töhmət verilməsini tövsiyyə etmişdir. Hansı ki, qanunun mənasına görə məktəb həmkarlar təşkilatı müvafiq əsasla iddiaçının işdən azad edilməsinə razılıq verməli, ya da verməməli idi. Məktəb həmkarlar təşkilatının 4-cü dəfə, 16 fevral 2022-ci ildə iclas keçirməsinə də səbəb bu olmuşdur. İddiaçı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İş materiallarına görə iddiaçı işdən azad olma barədə əmrini və ya əmək kitabçasını məktəbin bundan ötrü mövcud olan müvafiq jurnalında qeyd-imza etməklə 26 fevral 2022ci il tarixdə götürmüş, 26 mart 2022-ci il tarixdə qeyri-iş günü olsa da, qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin sonuncu günündə, yəni 28 mart 2022-ci ildə mübahisənin məhkəməyə qədər həlli üzrə mediasiyaya müraciət etmişdir. İddiaçı 21 aprel 2022-ci il tarixdə mediasiya arayışını əldə etmiş və bundan 14 gün sonra, 05 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

57. Cavabdeh 113 nömrəl tam orta məktəbin direktoru X3 və nümayəndəsi nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1877901Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, ərizə ilə eyni məzmunlu izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.7 Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

59. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

60. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 24.7. Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: Maddə 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən; Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

61. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın: 2.1.3-cü bəndinə əsasən peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.5-ci bəndinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 2.1.7-ci bəndinə əsasən ictimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 3.8-ci bəndinə əsasən müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. 4.1.1-ci bəndinə əsasən müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.3-cü bəndinə əsasən müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.9-cu bəndinə əsasən müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

65. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən törədildiyi bildirilən intizam xətaları ilə əlaqədar 29 dekabr 2021-ci il, 21 yanvar 2022-ci il, 14 fevral 2022-ci il və 16 fevral 2022-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş və hər bir iclasın nəticəsində fərqli qərarlar qəbul edilmişdir.Hətta ikinci dəfə keçirilən həmkarlar təşkilatının iclası belə iddiaçının törətdiyi irəli sürülən intizam xətasının aşkara çıxarıldığı tarixdən 1 ay sonra keçirilmişdir. 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmkarlar təşkilatının sonuncu -16 fevral 2022-ci il tarixli iclasında qəbul edilmiş qərarı əsas götürmələrinin, digər qərarların isə qəbul edilməməsinin əsaslarını göstərilməmiş, 4 dəfə həmkarlar təşkilatının iclasının keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbləri araşdırılmamış, qərarların mötəbərliyinə hüquqi qiymət verilməmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin də tələblərinə əsasən intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməli olduğunu qeyd etmişdir.

66. Qeyd olunan xüsusatlar apellyasiya instansiyası məhkəməsində araşdırılarkən cavabdeh tərəf bu barədə mövqeyini onunla əsaslandırmışdır ki, 4 dəfə həmkarlar təşkilatının iclası keçirilərək fərqli qərarlar qəbul edilməsinin səbəbi bu olmuşdur ki, məktəb həmkarlar təşkilatı 3 dəfə məktəb direktorunun təqdimatını müzakirə edərkən qanunun tələbinə, yəni AR Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci bəndinə riayət etməmiş, təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Belə ki, həmkarlar təşkiları 3 dəfə iclas keçirərək iddiaçıya töhmət verilməsini tövsiyyə etmişdir. Hansı ki, qanunun mənasına görə məktəb həmkarlar təşkilatı müvafiq əsasla iddiaçının işdən azad edilməsinə razılıq verməli, ya da verməməli idi. Məktəb həmkarlar təşkilatının 4-cü dəfə, 16 fevral 2022-ci ildə iclas keçirməsinə də səbəb bu olmuşdur.

67. Kassasiya instansiyası məhkəməsinin digər göstərişində qeyd olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi baxımından da işin halları araşdırılmış və müəyyən olunmuşdur ki, əmək müqaviləsinin ləğv olunma səbəbləri kimi iddiaçının 30 noyabr 2021-ci il, 14 dekabr 2021-ci il və 16 dekabr 2021-ci il tarixlərdə dərs zamanı şagirdlərə fiziki güc tətbiq etdiyi, pedaqoji etika normalarına uyğun olmayan münasibət göstərməsi qeyd edilmişdir. Yəni, sonuncu tarix 16 dekabr 2021-ci il tarix əsas götürülsə belə, əmr 16 fevral 2022-ci il tarizdə verildiyindən 1 aylıq müddət ötürülərək intizam tənbehi 2 ay sonra tətbiq olunmuşdur.

68. Kassasiya instansiyası məhkəməsinin qərarının 100-cü bəndində isə işə yenidən baxılarkən qeyd olunan nöqsanlar aradan qaldırılmaqla bərabər iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinin də araşdırılması əksini tapmışdır.

69. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, qanunvericilikdə nəzərdə tutlumuş sənədlər 26 fevral 2022-ci il tarixdə iddiaçıya təqdim olunduğundan iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. 1 aydıq iddia müddətinin son günü (26 mart 2022-ci il) qeyri-iş gününə düşmüş və buna görə də son gün növbəti iş günü 28 mart 2022-ci il tarix götürülməlidir.

70. İddiaçı tərəfindən medasiya şurasına 28 mart 2022-ci il tarixdə müraciət olunması işin mübahisəsiz halıdır, belə ki, bu xüsusat işdə olan qəbz (iş materiallarının 15ci vərəqəsi) və işdə iştirak edən şəxslərin izahatları ilə təsdiqini tapır. İddia müddətinin sonuncu günü medasiyaya müraciət olunduğundan mediasiya prosesi başlanılmış və iddia müddətinin axımı dayandırılmışdır.

71. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığına, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” 21 aprel 2022-ci il tarixdə tərtib olunduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən iddia müddətinin axımı həmin tarixdən bərpa olunmuşdur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi ilə məhkəməyə həmin gün və ən geci bir gün sonra müraciət olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin başa çatdığı gündən 13 gün sonra - 05 may 2022-ci il tarixdə müraciət olunmuş, yəni, iddia müddəti ötürülmüşdür.

72. Mülki Məcəllənin tələblərinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından da müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkməsində işə baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

73. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan əmrin verilməsində yuxarıdakı bəndlərdə qeyd olunan pozuntular mövcud olsa da, iddia ərizəsi müddət ötürülməklə verildiyindən həmin xüsusatlar iddianın təmin edilməsi üçün əsas ola bilməz və məhz iddia müddəti keçdiyində görə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən digər əsaslarla yanaşı iddia müddətinin keçməsi də əsaslardan biri kimi qeyd olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbi (Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.) baxımından qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir.

74. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

75. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(008)- 3843/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(008)- 3843/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar