Məhkəmə qərarları › İş №2(103)-5731/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5731/2022

26.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5731/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 nümayəndəsi X6 və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X4na qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2732/2022 saylı işi üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ona münasibətdə ləğv edilməsi, işə bərpa olunması və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2732/2022 saylı işi üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 220.5; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 65.1, 68-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq işdə olmamışdır. İddiaçı, atestasiyasının xx.xx.2022-ci il tarixə təyin edilsə də iştirak edə bilmədiyini bildirmiş, cavabeh tərəfindən bu hal mübahisələndirilməmiş, iddiaçı barədə cavabdeh tərəfin bildirdiyinə görə atestassiyada iştirak etməyən şəxslər üçün yenidən atestassiya günü təyin edilmiş, lakin iddiaçıya yenidən atesstasiya keçirilməsi ilə bağlı məlumat verilməmiş və atestassiyanın nəticələrinə görə uyğunsuzluqla bağlı işdən azad edilmişdir. Cavabdeh tərəf atesstasiyanın başqa vaxta təyin edilməsi ilə bağlı iddiaçıya məlumat verildiyini bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etmir. Məhkəmənin mövqeyinə görə iddiaçı tərəf cavabdeh tərəfindən atestassiya günü barədə rəsmi qaydada məlumatlandırmalı idi, ancaq bundan sonra əmrdə istinad etdiyi hallara görə iddiaçını işdən azad edə bilərdi. İddiaçını atestassiya günü barədə məlumatlandırmadan onu atestassiyada iştirak etmədiyinə görə işdən azad etmək qanunsuzdur və qeyd edilən hallara görə iddia tələbi təmin edilməlidir.

2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 364N°-li AMEA-nın akademik M.Nağıyev adına Kataliz və X3 işləyən əməkdaşların attestasiyasının keçirilməsi barədə əmrlə, attestasiya keçirilməsi üçün komisiya yaradılmışdır;- İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən əsasən, o təqaüdə çıxmağı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən işdən azad olunması barədə müraciət etmişdir;- Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 50 N- li Əmrdən çıxarışında, Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 01-11 fevral 2022-ci il tarixlərində keçirilmiş Attestasiya Komissiyasının tövsiyələrinə və 28 fevral 2022-ci il tarixdə keçirilən Elmi Şurasının (protokol N2) qərarına müvafiq olaraq AR ƏM-in 70-ci maddəsinin "c” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir;- Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 371 N-li AMEA-nın akademik M.Nağıyev adına Kataliz və X3 işləyən əməkdaşların attestasiyasının keçirilməsi barədə əmrlə attestasiyanın keçirilməsi 2022-ci il, 01-28 fevral tarixlərinə təyin edilmişdir (iş.səh.54, 56, 65, 132). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, AMEA-nın akademik M.F.Nağıyev adına kataliz və X4nda baş tutmuş attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun həyata keçirilmişdir. Belə ki, AMEA-nın birinci vitse-prezidenti, akademik-katib A.Həşimovun imzaladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən AMEA-nın elmi müəssisə və əmrinə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdiriməsi ilə bağlı attestasiyanın keçirilməsi tövsiyə edilmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixli 364 nömrəli əmrə əsasən attestasiyasının keçirilməsi üçün təcrübəli, yararlılıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Attestasiyadan keçməli olan işçilərdən iddiaçı attestasiyanın keçiriləcəyi tarix barədə qabaqcadan məlumatlandırılmışdırlar. Lakin attestasiya ərəfəsində verilmiş müddətdə İddiaçı heç bir sənəd (gördüyü işlərin hesabatı, çap olunmuş elmi işlərin hesabatı, attestasiya vərəqəsi) təqdim etməmişdir. Qrafikə uyğun olaraq, iddiaçı xx.xx.2022-ci ildə attestasiya iclasına dəvət olunsa da, iştirak etməmiş, həmin tarixdə xəstə olduğuna dəlalət edən xəstəlik vərəqəsini təqdim etmişdir. Qaydaların 2.3-cü bəndinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. Bu səbəbdən də, İddiaçı attestasiya iclası, attestasiyadan keçməyən yeganə əməkdaş kimi, xx.xx.2022-ci il tarixinə təxirə salınması İddiaçı iclasın xx.xx.2022-ci il tarixinə keçirilməsi barədə şifahi olaraq, Attestasiya komissiyasının sədri tərəfindən məlumatlandırılmışdır. İddiaçı 09-18 fevral tarixlərində “xəstə” olduğu halda 14 fevral 2022-ci ildə işə gələrək ərizə ilə müraciət edib onu xx.xx.2022-ci il tarixində vəzifədən azad edilməsini xahiş etmişdir. Əlbəttə ki, iddiaçının məqsədi institut rəhbərliyini təkidlə onun attestasiyada iştirak etməsinə nail olmaq fikrindən daşınması prosesi bitəndən dərhal sonra isə, əmək qanunvericiliyinə əsasən təqdim etdiyi öz istəyi ilə işdən çıxmaq barədə ərizəni geri götürmək idi Çünki, iddiaçı uzun müddət institutun tədqiqat planında nəzərdə tutulan hər hansı elmi fəaliyyətlə məşğul olmur, faktiki olaraq havayı əmək haqqı alırdı. Təqaüdə çıxmaq “iddiası” isə gülüncdür 26 ildir ki, təqaüdçüdür.İddiaçı xx.xx.2022-ci il tarixində baş tutmuş attestasiya iclasına gəlməmiş, iclası üzürlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Buna baxmayaraq, attestasiya komissiyası yenidən iclası xx.xx.2022-ci il tarixinə təxirə salmışdır. İddiaçı yenə də iclasın xx.xx.2022-ci ildə keçirilməsi barədə şifahi olaraq Attestasiya komissiyasım sədri tərəfindən məlumatlandırılmışdır.Bu dəfə də, iddiaçı iclasa gəlməmiş, iclası üzürlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Attestasiya komissiyası iddiaçıya kifayət etmədiyindən, (onun bilərəkdən attestasiya komissiyasına heç bir sənəd təqdim etmədiyindən) attestasiyanı onun iştirakı olmadan keçirilməsi haqqında qərar qəbul etmişdir. İddiaçının sonuncu vəzifədə işləyərkən gördüyü işlərin hesabatı onun şəxsi işində olan və iddiaçının çalışdığı 1 saylı laboratoriyanın müdirinin məlumatı əsasında edilmişdir. Bu zaman müəyyən edilmişdir ki, son 25 ildə İddiaçı eyni mövzuda bir-birinə oxşayan cəmi 2-3 məqalənin və tezislərin həm heç bir elmi kadr yetişdirməmişdir, həm də hesabatlara daxil edilmək üçün mühüm nəticə verməmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 18 iyul 1998-ci il tarixli 13-7 nömrəli qərarı ilə təsdiq edilmiş Elm və elm də aid olan qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçasına əsasən baş elmi işçinin vəzifə borclarına aiddir: Fundamental və tətbiqi xarakterli mühüm elmi problemlər, o cümlədən elmi-texniki proqramlar üzrə tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirir, bilavasitə iştirak edir.Tədqiqatçıların və onların işlənilməsinin yeni istiqamətlərini formalaşdırır, işlərin proqramlarının hazırlanmasını təşkil edir, onların aparılmasının metod və vasitələri müəyyənləşdirir.Elmi-tədqiqat planlarının formalaşdırılmasında iştirak edir, ona həvalə edilmiş tapşırıqların başqa təşkilatlarla birgə yerinə yetirilməsində iştirak edən icraçıların fəalliyyətini qəymətləndirir. Alınmış nəticələri ümumiləşdirir, başa çatdırılmış tədqiqatların və işlərin elmi ekspertizasını aparır. Onların nəticələrini eksperimental sınaqdan çıxarılmasını həyata keçirir. Elmi tədqiqatların və işlərin nəticələririn tətbiq olunma sahələrini müəyyənləşdirir və bu nəticələrin təcrübədə həyata keçirilməsinə elmi rəhbərliyi təmin edir. Müvafiq bilik sahələrində elmi kadrların hazırlanmasını və ixtisasların artırılmasını həyata keçirir. Məlum olmuşdur ki, iddiaçı laboratoriyanın elmi işlərində iştirak etməmiş, ümumiyyətlə əmək funksiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən də, attestasiya komisyasının tutduğu vəzifəyə uyğun olmaması barədə nəticəyə gəlmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tövsiyə edilməsi qərara alınmışdır. X12 təsdiq edildikdən sonra xx.xx.2022-ci il tarixində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan əsasla iddia tələbini təmin etmişdir. Belə ki, attestasiya prosesini tənzimləyən xx.xx.2001-ci il tarixində qərarda və Əmək Məcəlləsində attestasiyanın ilkin iclasına dəvət olunsa da iştirak etməyən işçinin ( təxirə salınmış attestasiya iclası barədə məhz hansı formada xəbərdarlıq) xəbərdar olunması proseduru təsbit olunmayıb. Bu səbəbdən də işəgötürən attestasiyanın birinci iclası barədə bir dəfə rəsmi xəbərdar olunan, iştirak etməyən və nəticə etibarilə İnstitutda attestasiya prosesi barədə xəbərdar olan işçini təxirə salınmış ikinci və üçüncü attestasiya iclasına şifahi şəkildə xəbərdar edərək yuxarıda sadalanan qanunvericiliyi pozmamışdır. Qətnamənin özündə belə, cavabdeh tərəfindən qanunvericiliyin hansı maddəsinin pozulması açıqlanmayıb. Məhkəmə mülahizələr irəli sürərək cavabdehin mövqeyini əsaslı hesab etməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdınlmamasına dair dəlillər: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Attestasiya vərəqəsinin” 7-ci abzasında qeyd olunub ki, iddiaçı attestasiyanın 9 fevral, 22 fevral və 25-ində keçirilən iclaslarda iştirak etməmişdir. 22 fevral və 25 fevral tarixlərində təkrar dəvət olunsa da dəvətlərə məhəl qoymamış və attestasiyaya gəlməmişdir.Təqdim olunmuş “Attestasiya vərəqəsi” rəsmi sənəd olmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuş və möhürlə təsdiq edilmiş, bu sənəddə qeyd olunanlar əksi sübut olunmayana kimi həqiqi hesab olunmalıdır. Yuxarıda qeyd edilən kimi qanunvericilikdə nəzərdə tutulmamış bir tələbi (iclas barədə rəsmi qaydada xəbərdarlıq) irəli sürərək məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuş “Attestasiya vərəqəsində” qeyd olunanla nəzərə almamış ya da sadəcə inkar etmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər:Məhkəmə mövqeyini izah edərkən qətnamədə qeyd edir ki, “Məhkəmə hesab edir ki, iddiaçını attestasiya günü barədə məlumatlandırmadan onu attestasiya etmədiyinə görə işdən azad etmək qanunsuzdur və qeyd edilən hallara görə iddia tələbi təmin edilməlidir”. Məhkəmə yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçı attestasiyada iştirak etmədiyinə görə işdən azad edilməmişdir. xx.xx.2022-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu və gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəməyə təqdim olunmuş atesstasiya vərəqəsinin” 8-ci abzasına əsasən, attestasiya komissiyası iclasa gəlməyən iddiaçının elmi fəaliyyətini araşdırmış, çalışdığı laboratoriyanın iş planına uyğun müəllifi olması aşkar edilmişdir. Bundan başqa, laboratoriyanın müdirinin təqdimatı dinlənilmiş və araşdırılmışdır. “Attestasiya vərəqəsinin” 10-cu abzasına iddiaçının tutduğu vəzifəyə uyğun gəlməməsi qənaətinə gəlmişdir. Bundan başqa, attestasiyaya gəlməyən əməkdaş ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.İddiaçı etiraz ərizəsi ilə müraciət edərək, Cavbadehin apellyasiya şikayəti əsassız olduğundan rədd edilməklə yanaşı, Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələbinə istinadən məhkəməyə vicdansızcasına şikayət verdiyinə və Mülki Məcəllənin 21,23-cü maddələrinə görə maddi və mənəvi zərər vurduğuna görə ağlabatan məbləğdə cərimə tətbiq edilməsini xahiş etmiş və bildirmişdir ki, Apellyasiya şikayəti ərizə yazılmasına qoyulan tələblərə uyğun olmayaraq xırda şriftlərlə, kiçik intervalla yazılıb. Çox saylı cümlələrin yarısı yoxdur. Bundan əlavə şikayətdə mübahisənin məhkəmədə həllinə aidiyyatı olmayan çoxsaylı məlumatlar və fərziyyələr verilib. Mübahisə ondan ibarətdir ki, o, 09 fevral 2022-ci il tarixdə qrafik üzrə keçirilən attestasiya iclasında üzürlü səbəbə görə iştirak edə bilməmişdir. Bu səbəbdən əlavə attestasiya iclası təyin olunmalı idi, amma təyin olunmayıb. Cavabdeh apellyasiya şikayətində bildirir ki, 22 və 25 fevral 2022-ci il tarixlərində attestasiya iclasları keçirilib və iddiaçıya komissiyanın sədri tərəfindən iclasların keçirilməsi vaxtı barədə şifahi xəbər verilib. Belə bir nəticəyə gəlmək olar ki, cavabdeh yalan ifadələrdən istifadə etməklə qeyri-qanuni verdiyi əmrə bəraət qazandırmaq istəyir . Birincisi, şikayətdə bildirilmir ki, attestasiya komissiyasının sədri 22 və 25 fevral 2022-ci il tarixlərində keçiriləcək əlavə iclaslar haqda ona nə vaxt harada və hansı şəraitdə məlumat verib. Əlavə iclas təyin edilməyib və o xəbərdar edilməmişdir. İkincisi, o 22 və 25 fevral 2022-ci il tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00dək cavabdeh institutda işdə olmuş (bax tabelə). Attestasiya Komissiyasının sədri cənab Babanlı katibə və yaxud elmi-katib, kadrlar şöbəsi, eləcə də onun işlədiyi şöbənin (laboratoriyanın) rəhbəri vasitəsi ilə iclasa çağırtdıra bilərdi. Əlavə attestasiya iclası təyin olunmayıb və bu səbəbdən onu olmayan iclasa çağırtmağa da ehtiyac qalmayıb. Üçüncüsü və ən əsası komissiyanın sədri yaxşı bilirdi ki, İnstitutun baş direktoru ilə onun münasibəti məlum səbəbə görə çox gərgin idi, o cümlədən 09 və 22 fevral tarixlərindəki attestasiya iclasları baş tutmayıb. Bu səbəbdən katibəyə və yaxud elmi katibə, şöbə müdirinə bir gün öncə göstəriş verməli idi ki, xx.xx.2022-ci il tarixə təyin olunmuş attestasiya iclasına onu rəsmi (imza etdirməklə) dəvət etsinlər. 25 fevral 2022-ci il tarixə attestasiya iclası təyin edilməyib və onu iclasa rəsmi qaydada çağırılmağına da göstəriş verməyə ehtiyac olmayıb. Cavabdeh əlavə attestasiya iclasının keçirilməsi barəsində heç bir sübut Məhkəməyə təqdim edə bilməmişdir. Belə bir nəticəyə gəlmək olar ki, cavabdeh yalan ifadələrdən istifadə etməklə saxta rəyə istinad edərək onu əmək məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən qeyri-qanuni azad etməsini əsaslandırmaq istəyir. O, işə bərpa olunandan sonra cavabdehin attestasiya iclası çağırmaq və tutduğu vəzifəyə uyğun olub olmadığını yoxlamaq imkanı olacaq. Əslində 60 il eyni müəssisədə işləyən şəxsi (yəni onu) Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarmaq ədalətsizlikdir, əslində vicdansızlıqdır. Cavabdeh institutun baş direktoru akademik Tağıyev tutduğu işdən peşiman olmaq əvəzinə, Yasamal Rayon Məhkəməsinin onun işə bərpa olunmağı haqda obyektiv və ədalətli qərarından yalan ifadələrə və mülahizələrə istinad edərək apellyasiya şikayəti verir. MPM-nin 120-ci maddəsi: Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.Hüquqları müdafiə etmək üçün uzun vaxt ərzində sənədlər yığmışlar, çoxsaylı məktubları əldə etmək üçün maddi və mənəvi əziyyətlər çəkmişlər. Mediasiya idarəsinə müraciət etmiş, xeyli məbləğdə rüsum ödəmişdir. İşdə qəbzi var. Cavabdehin apellyasiya şikayəti əsassızdır və ləğv edilməlidir . 5.Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 nümayəndəsi Vəkil Teymu oğlu mülahizə təqdim edərək, İddiaçı etirazında qeyd edir ki, “22 fevral və 26 fevral 2022-ci il tarixlərində keçiriləcək əlavə attestasiya iclasları barəsində məlumat verilməmişdir’'. Lakin, xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında kollegiya hakiminin verdiyi sualları cavablandırarkən İddiaçı çalışdığı institutun birinci mərtəbəsində elanlar lövhəsində attestasiyanın əlavə iclaslarının 22 və 25 fevral tarixlərində keçiriləcəyi barədə müvafiq məlumatın asıldığını və bu məlumatdan xəbərdar olduğunu etiraf etmişdir.Daha sonra, İddiaçı etirazda qeyd edir ki, “22 fevral və 26 fevral 2022-ci il tarixlərində səhər saat 10:00-dan axşam 18:00-a kimi işdə olub. Komissiya rəhbəri onu iclasa dəvət etməmişdir. Çünki, iclas olmamışdır”. Bununla bağlı diqqətinizə çatdırırıq ki, təxirə salınan iclaslar 22 fevral və 25 fevral tarixlərinə təyin edilmiş və İddiaçı bu barədə məlumat verilmişdir. Sadəcə heç bir elmi fəlaiyyətlə məşğul olmayan bir əməkdaş kimi attestasiya iclasında iştirak etməkdən yayınmış, bunu “mənə yazılı məlumat verilməmiş” bəhanəsi ilə ört-basdır etmək istəmişdir. O ki, qaldı İddiaçı “26 fevral tarixində işdə olması” fikrinə, deyə bilərik ki, 26 fevral 2022-ci il şənbə gününə təsadüf edir və həmin gün qeyri-iş günü olmuşdur.Daha sonra, İddiaçı etirazda qeyd edir ki, “ 26 fevral 2022-ci il tarixinə təyin edilmiş iclasa məni rəsmi imza etdirməklə dəvət olunmalı idi”. İnstitutda çalışan və attestasiyada iştirak etməli olan əməkdaşlara eyni qaydada və eyni formada məlumat verilmişdir. Necə olur ki, bütün əməkdaşlar attestasiya barədə xəbərdar olur, attestasiyada iştirak edir və bu günə kimi İddiaçı savayı onlardan heç biri attestasiya barəsində məlumatlandırılmaması ilə bağlı şikayət etməyib? Attestasiya prosesini tənzimləyən qanunvericilikdə işçinin əlavə iclaslara rəsmi, yəni yazılı surətdə dəvət olunması barədə bir söz belə yazılmamışdır. 26 fevral tarixində isə həqiqətən attestasiya iclası keçirilməmişdir. Çünki, attestasiya iclası 1 gün əvvəl - 25 fevral 2022-ci il tarixində baş tutmuş, protokolloşdırılmış, iştirak edən şəxslər tərəfindən imzalar ilə təsdiq edilmişdir. 6.Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 Elmi Şura iclasının xx.xx.2022-ci il tarixli 2 saylı protokola əsasən, əmək müqavilələrinə xitam verilməsi tövsiyyə olunan işçilərdən biri də İddiaçıdur. 7.Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 nümayəndəsi X6 iddiaçının 25 ildir ki pensiya aldığını, iddiaçının bir neçə dəfə işdən çıxma barədə ərizə yazdığını və həmin ərizələri geri götürdüyünü, attestasiyanın davam etdiyi bir ay müddətində iddiaçının sənədləri attestasiya komissiyasına təqdim etmədiyini, attestasiyanın elmi fəaliyyətin qiymətləndirilməsi ilə bağlı təşkil edildiyini, 3 dəfə keçirilmiş və iddiaçıya məlumat verilmiş attestasiyanın heç birində iştirak etmədiyini, bundan sonra iddiaçı ilə bağlanmış müqaviləyə xitam verildiyini bildirmişdir. 8.Cavabdehin nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, iddiaçıya xx.xx.2022-ci il tarixində attestasiya olacağı barədə məlumat verildiyini, lakin iddiaçının həmin müddətdə xəstə olduğunu və keçirilmiş attestasiyada iştirak etmədiyini, bundan sonra xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində yenidən attestasiya keçirildiyini, lakin keçirilmiş 3 attestasiyanın heç birində iddiaçının iştirak etmədiyini, təyin olunmuş attestasiyalarda iddiaçı iştirak etmədiyindən attestasiyanın onsuz keçirildiyini və elmi fəaliyyətinin qiymətləndirildiyini, attestasiyanın keçirilməsi barədə iddiaçının məlumatlı olduğunu, attestasiyanın qanuna uyğun keçirldiyini bildirmişdir. 9.İddiaçı apellyasiya şikayətini qəul etməyərək, universitet rəhbərliyinin ona qarşı qərəzli mövqeydən çıxış etdiyini, rəhbərlik tərəfindən sıxışdırıldığından bir neçə dəfə işdən çıxma barədə ərizə təqdim etdiyini, yalnız xx.xx.2022-ci il tarixində attetasiya keçirilməsi barədə xəbərdar olduğunu, lakin həmin tarixdən əvvəl xəstələndiyindən attestasiyada iştirak edə bilmədiyini, digər attestasiyalar barədə xəbərdar edilmədiyini, 22 və 25 fevral 2022-ci il tarixlərində işdə olduğunu, lakin həmin tarixlərdə attestasiya barədə ona məlumat verilmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 12.Əmək məcəlləsinin aşağıdakı müddəaları münasibətlərin tənzimlənməsi üzrə nəzərə alınmalıdır: 65-ci maddəsinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri:1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. [92] 3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. [93] 6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. [94] 66-cı maddəyə əsasən, aşağıdakı işçilərin attestasiyası keçirilmir: eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; 67-ci maddəyə əsasən, işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi: 1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.84 –cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu:1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 288-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinin predmeti: Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; 292-ci maddəsinə əsasən,işçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ: 1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 13.Mülki Prosessual Məcəlləsinin372.2-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 14.Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin əmrin tərtibatında qeyd edilməsinə baxmayaraq, göstərilmiş Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 Elmi Şura iclasının xx.xx.2022-ci il tarixli 2 saylı protokolu birinci instansiya məhkəməsinə təqdim edilməmiş (apellyasiya icraatı zamanı təqdim edilsə də birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır), digər əsas kimi göstərilmiş, 01-11 fevral 2022-ci il tarixlərdə isə başqa tarixləri, yəni son attestasiya tarixinə aidiyyəti olmamışdır. Bundan əlavə attestasiya komissiyasının rəyi onu mübahisələndirmək hüququ olan idd açıya təqdim edilməmiş özlərinin etiraf etdiyi kimi onun iştirakı təmin edilməmişdir. Cavabdehin özünün apellyasiya şikayətində israr etdiyi “Qaydaların 2.3-cü bəndinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçiril”məsini təsdiq edən sübutlar da məhkəmə araşdırılmasına təqdim edilməmişdr. 15.Qeyd edilməlidir ki, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi, fərdi əmək mübahisələrinin predmeti olaraq, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli ilə nizama salınır. Yəni, işçinin attestasiya komissiyasının qərarından narazılığını bildirmək və mübahisələndirmək hüququ təmin edilmədən, birbaşa əmək müqaviləsinə xitam verilməsinə dair əsaslandırılmamış əmrin verilməsi, habelə yuxarıda qeyd edilən bir sıra əmək qanunvericiliyin müddəalarının riayət edilməməsi iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2732/2022 saylı işi üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar