Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5732/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh1 Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan girov qoyulmuş qızıl-zinət əşyaları barədə keçirilmiş "xxxx" MMC-nin 30.09.2015-ci il tarixli rəyinin ləğv edilməsi və həmin qızıl-zinət əşyaları barədə keçirilmiş 22.01.2016-cı il tarixli hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli 2(043)-1664/11 saylı qətnaməsi ilə Cavabdeh1 ASC-nin cavabdehlər X1, ona və qeyrilərinə qarşı ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilərək əmlakın açıq hərracda satılması, girov qoyulmuş qızıl-zinət əşyalarının satılması və zamin şəxslərdən borcun müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilmişdir. Girov qoyulmuş ona məxsus qızıl-zinət əşyalarının qiymətləndirilməsindən və hərraca çıxarılmasından narazıdır. Belə ki, 98 qramlıq qızılzinət əşyaları ondan bank tərəfindən təhvil götürülərkən üzərində onun imzası olan konvertə qoyulmuşdur. Lakin, açılanda onun iştirakı olmadan açılmış, guya 57 qram olması qeyd edilməklə dəyərindən də dəfələrlə aşağı qiymətə satılmışdır. 98 qramlıq qızılzinət əşyaları içərisində 750 əyarlı və brlyant qaşlı zinət əşyaları cəmi 1.708 (bir min yeddi yüz səksən) manata qiymətləndirilmiş, auksion mərkəzi tərəfindən hərrac keçirilmiş, 2.757 manata Cavabdeh1 ASC-nə satılmışdır. O, bu barədə hazırda məlumatı olmuş, ərizəsi üzrə İcra İdarəsi tərəfindən ona "xxxx" MMC-nin 30.09.2015-ci il nəticəsi barədə Hərrac Mərkəzinin məktubu verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, hərrac barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq məlumat verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və "xxxx" MMC-nə qarşı “qızıl-zinət əşyalarına dair keçirilmiş qiymətləndirmənin ləğv edilməsinə və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnaməni qət edərkən onun məhkəməyə təqdim etdiyi sübutlar sübut kimi qiymətləndirilməmiş, nəticədə onun ziyanına qətnamə qət edilməklə Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 217.3, 217.4-cü maddələrinin və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsində iddianın rədd edilməsi üçün istinad edilmiş sübutlar, qətnamədə göstərilən hallar iş materiallarına uyğun deyildir. Məhkəmə işin həqiqi hallarını ətraflı araşdırmamış, mübahisənin həlli üzrə qanun normalarının tələblərinə və işin konkret hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası Cavabdeh1 ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-nə, X1, X3, İddiaçı və Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 21.12.2015-ci il tarixli № 01 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində girov qoyulmuş əmlaka tələbin yönəldilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 saylı, 30.11.2011-ci il tarixli icra vərəqəsi üzrə girov qoyulan qızıl zinət əşyalarına yönəldilməsi, hərracda 1.708 manat ilkin satış qiymtəti ilə satılması və hərracın 22.01.2016-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan, "xxxx" MMC-nin 30.09.2015-ci il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 1.708 manat təşkil edir. İş materiallarında olan, Hərrac Təşkilatının № 01/222 nömrəli, 22.01.2016-cı il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)1664/2011 saylı, 30.11.2011ci tarixli icra vərəqəsinin, Gəncə Şəhəri İcra Şöbəsinin 64/2012 nömrəli, 25.11.2015-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı qızna məxsus 1 ədəd üzük çəkisi 5,5 qram 583 əyar, 1 ədəd üzük çəkisi 6 qram 750 əyar, 1 ədəd üzük dəsti çəkisi 20,5 qram 750 əyar, 1 ədəd sırğa üzük və sairə ümumi çəkisi 57 qram 2.757 manata 01 saylı tələbkar alıcı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndə X6,) satılmış hesab edilsin və lazımi sənədlər tərtib edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2015-2016-cı il tarixlərində olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəalarının tətbiq olunması nəticəsinə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 nömrəli, 30.11.2011-ci tarixli icra vərəqəsinin və Gəncə Şəhəri İcra Şöbəsinin 64/2012 nömrəli, 25.11.2015-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuş, İddiaçı məxsus ümumi çəkisi 57 qram olan qızıl-zinət əşyaları 2.757 manata 01 saylı tələbkar alıcı Cavabdeh1 ASC-yə satılmış hesab edilmiş və lazımi sənədlər tərtib edilmişdir. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. Nəticədə girov predmeti olan daşınar əmlak hərracda tələbkar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, girov ilə yüklü edilmiş İddiaçı məxsus olan qızılzinət əşyaları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə əsassız olduğundan təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə də təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı apelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Bundan başqa İddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-239/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5732/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5732/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver