Məhkəmə qərarları › İş №2(103)-5737/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5737/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5737/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-cı il tarixli, 2(004)-2948/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5110 manat məbləğində borcun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(004)- 2948/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi rədd edilmişdir. İddiaçı vəkili X2 20 iyul 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Baxılan işdən isə görünür ki, elektron kabinet vasitəsilə göndərilmiş apellyasiya şikayətini iddiaçının nümayəndəsi (vəkili) kimi X2 imzalasa da, onun iddiaçının adından apellyasiya şikayəti vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə (həmçinin, order) iş materiallarına əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Bununla yanaşı, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə olunmamışdır. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2022-cı il tarixli, 2(004)-2948/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar