Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5738/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdeh “Azərsu" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Xəzər rayon Sukanal İdarəsi cəlb olunmaqla Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddir ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti görə orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödədiyi 166 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh ASCnin Xəzər rayon Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinə 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə götürülmüşdür. Daha sonra, iddiaçının müəssisə ilə bağlanmış əvvəlki əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Belə ki, o, struktur dəyişiklikləri səbəbi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin Nəzarət ölçü cihazları İdarəsi Fakturalamanın icrası şöbəsi Xəzər rayon Sukanal idarəsi üzrə fakturalama qrupuna 5-ci dərəcəli su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir, belə ki o, müəssisədə həyata keçirilmiş struktur dəyişiklikləri səbəbindən xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə işin təşkili şöbəsinin Fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə götürülmüşdür. Sözügedən vəzifə üzrə iddiaçının aylıq əmək haqqı bütün vergilər və digər ödəmələr daxil olmaqla 608 təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. İddiaçı hazırda bununla razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı müəssisədə işlədiyi dövrdə davamlı olaraq həftənin bazar günləri və iş saatlarından artıq saatlarda işə çıxmağa məcbur edilmişdir. Halbuki müəssisə ilə bağladığı əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləməsi müəyyən edilmişdir. Eyni zamanda iş saatlarından artıq, həftənin bazar günləri işə cəlb olunmağa görə onların əmək haqqı ödənilməmişdir. İddiaçı iş yoldaşları ilə yaranmış vəziyyətə etiraz etməyi və iş saatlarından artıq işləməyin müqabilində əmək haqqlarına əlavə edilməsini tələb etməyi qərara almışlar. Məsələni rəhbərliyə bildirmək məqamı yaxınlaşdığı zaman digər işçilər geri çəkilmiş, iddiaçı sanki “meydanda tək qalmışdır”. Belə olan halda müəssisə rəhbərliyi tərəfindən işçiyə mənfi münasibət bəslənilmiş, o, davamlı olan təzyiqə məruz qalmış, iş zamanı yol verilmiş ən kiçik qüsurlarında da məzəmmət edilmişdir və “səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə təhdidlərə məruz qalmışdır. Belə ki xx.xx.2021-ci il tarixdə səhər işə gələrkən cəmi iki dəqiqə gecikməyə görə “əmək funksiyasını kobud şəkildə pozduğuna görə” barəsində töhmət intizam tənbehi tətbiq olunmuş və sözügedən əmrdə onun xx.xx.2021-ci il tarixdə bütün günü işə gəlməməsi qeyd olunmuşdur, halbuki iddiaçı izahat yazıb işə 2(iki) dəqiqə gecikməyini bildirmişdir və üzr istəmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər işə gələrkən iddiaçının avtomobili yolda xarab olmuş, hərəkətə davam edə bilmədiyi üçün avtomobili təcili təmirə aparmalı olmuş və iş yeri ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, daha sonra bu barədə izahat da yazmışdır. Lakin işəgötürən onun həmin tarixdə işə gəlməməsini “heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmək” kimi “dəyərləndirmiş” və onun səbəbsiz işə gəlməməsinin idarənin daxili nizam-intizam qaydalarının və əmək funksiyalarının pozuntusu kimi tövsif edərək barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq olunmuşdur. Bundan sonra, yuxarıda qeyd edildiyi kimi İddiaçı “əmək vəzifələrini kobud surətdə pozması” əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Qeyd edir ki, iddiaçı Cavabdeh ASC-də işlədiyi dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Əlavə olaraq bildirir ki, həmçinin iddiaçı bildirir ki, elə vaxtlar olub ki, işə gəlməyib icazə alıb və icazə veriblər. Çünki iddiaçı ali təhsil alır və müəyyən vaxtlarda dərsdə olur. Hazırda abonentlərə verilən qəbzlərin üzərində hələ də İddiaçı adı gedir. Cavabdeh iddiaçını yarım ştat vəzifəyə də keçirə bilər. Abonentlər hələ də iddiçıya zəng vurub problemlərini bildirirlər, məsləhət alırlar. İddiaçı pis xidmət göstərmiş olsa idi, abonentlər hələ də ona zəng etməzdilər. Onun təhsili problemdirsə, o qiyabi təhsilə də keçə bilər.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2580/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, Cavabdeh ASC-dən hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, cəmi 166 (yüz altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, Cavabdeh ASC-dən 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (Hakim: Günay Axundova).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı müəyyən vaxtlarda işə gəlməmiş və bu barədə ərizə vermişdir. İddiaçının əmək müqaviləsi üzrə vəzifəsi su təsərüfatında nəzarətçi olmuşdur. Onun vəzifə funksiyası vətəndaşlara göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarət olmuşdur ki, bu xidmət davamlı olaraq işçi tərəfindən həyat keçirilməlidir. İşçi ilə bağlanılmış əmək müqaviləsinin şərtələrində də əlavə heç bir razılaşma tətbiq edilməmiş əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam iş həftəsi müəyyən edilməklə bağlanılmışdır. Odur ki, iddiaçı həftəlik və günülük iş normasının tələbələrini kobud şəkildə pozmuşdur. Məhəkəmə isə bu xüsusata yekun qərar qəbul edrəkən qiymət verməmişdir. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Qanunun tələbindən göründüyü kimi həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi və iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə Cəmiyyət tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edilə bilməz. Məhkəmənin bununla bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. İş materiallarından da görünür ki, işəgötürən əmək qanunvericiliyin tələb olunan normalarına yəni, qabaqcadan xəbərdar etmə, həmkarlar komitəsi ilə razılaşma, son haqq hesabın verilməsi s. əməl etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan işəgötürən qismində Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsi ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2021- ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi aylıq əmək haqqı 608 manat olmaqla, xx.xx.2022-ci il tarixədək bağlanmışdır.
10. İş materiallarında olan X5 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatının surətinə əsasən o, hər həftənin 2-ci və 5-ci günləri saat 2-yə qədər dərsdə olduğundan işə gec çıxmağının nəzərə alınmasını xahiş etmişdir.
11. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli əmrinin surətinə əsasən İddiaçı o, öz vəzifə funksiyaları üzrə təlimatda nəzərdə tutulan vəzifələrini lazımi qaydada yerinə yetirmədiyindən, vəzifəsinə səhlənkar yanaşaraq səbəbsiz yerə işə gəlməyərək əmək funksiyalarını pozduğundan “töhmət” verilmişdir.
12. İş materiallarında olan X5 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatının surətinə əsasən o, xx.xx.2022-ci il tarixdə avtomobilində yaranan texniki problemlər səbəbindən işə gələ bilmədiyindən bunun üzrlü hesab edilməsini xahiş etmişdir.
13. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrinin surətinə əsasən İddiaçı o, xx.xx.2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyalarını pozduğundan son xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir.
14. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən X5 xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Onun birbaşa qrup rəhbəri X4 Rəsul Adil oğlu ilə telefon nömrəsi ilə əlaqə saxlamaq istəmiş, lakin mümkün olmamışdır. O, üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı heç bir rəsmi sənəd və ya məlumat təqdim etməmişdir. Qrup rəhbəri X7 rayon Sukanal İdarəsinin rəhbərliyinə İddiaçı barəsində xidməti məlumatla müraciət etmişdir.
15. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən X5 xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Onun birbaşa qrup rəhbəri X4 Rəsul Adil oğlu ilə əlaqə saxlamış və üzrlü səbəbin olduğunu soruşsa da, o, üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı heç bir rəsmi sənəd və ya məlumat təqdim etməmişdir. Qrup rəhbəri X7 rayon Sukanal İdarəsinin rəhbərliyinə İddiaçı barəsində xidməti məlumatla müraciət etmişdir. İddiaçı izahat yazmaqdan imtina etmişdir.
16. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis-qrup rəhbəri Əfəndiyev Sabir tərəfindən idarə rəsisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumata əsasən fakturalama qrupunun nəzarətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Telefon nömrəsi ilə dəfələrlə zəng olunsa da, əlaqə saxlamaq mümkün olmamışdır.
17. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir.
18. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmrin surətinə əsasən İddiaçı heç bir səbəb olmadan bütün iş günü işə gəlmədiyindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
19. İş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 2018-ci ildən Cavabdeh ASC-də işləməyə başlamış, xx.xx.2021-ci il tarixli əmrə əsasən Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixli, 02/k saylı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
20. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Komitə Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun su kəməri təsərrüfatının nəzarətçisi İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə əmək müqaviləsinin tələblərini kobud şəkildə pozduğundan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir.
21. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məhtubuna əsasən İddiaçı son haqq-hesabının əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir:
26. a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir,
27. b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır,
28. c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.
29. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
30. Əmək Məcəlləsinin 11.1-ci maddəsinin d bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ vardır.
31. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən töhmət verə, sonuncu sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə və onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər.
35. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
36. Həmin məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər.
38. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hüquqi dəyərləndirmə:
39. İş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin izahatlarından görünür ki, iddiaçı Cavabdeh ASC-də 2018-ci ildən işə başlamış və Xəzər rayon Sukanal İdarəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək idarənin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsini icra etmişdir. İşlədiyi dövrdə iki dəfə işə gecikdiyindən izahatı alınaraq ona töhmət və şiddətli töhmət verilmişdir. İşəgötürənin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
40. Əmək Məcəlləsi 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarını özündə ehtiva edir. Həmin əsaslara işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi, işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tsbit olunmuşdur.
41. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir.
42. Eyni zamanda əmək müqavilisinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
43. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə yalnız işçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi qeyd edilmiş, lakin işçinin işin ahəngini nədə pozması və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyi əsaslandırılmamışdır.
44. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. İş materiallarından görünür ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmişdir. Belə ki, Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 188 saylı, 11 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, işəgötürən tərəfindən göndərilmiş 10 mart 2022-ci il tarixli məktuba baxılaraq İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmədikləri qeyd olunmuşdur.
46. Məktubdan müəyyən olunduğu kimi, 10 martda işəgötürən Həmkarlar İttifaqı Respublika Komitəsinə məktubla müraciət etmiş, 1 gün sonra yəni 11 martda da Həmkarlar İttifaqı Respublika Komitəsi etiraz etmədiyini məktubla bildirmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin iclas keçirməsi, iclasa İddiaçı dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Habelə, göründüyü kimi Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsi əsaslandırılmış qərar qəbul etməmişdir. Əmrdə də ancaq Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 11 mart 2022-ci il tarixli məktubuna istinad olunur.
47. İş materiallarından görünür ki, 2 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək İddiaçı 2 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur.
48. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. İş materiallarından görünür ki, 10 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək İddiaçı 10 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur.
49. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. Lakin eyni tarixli, qeyd olunan şəxslər tərəfindən imzalanmış digər akta əsasən isə X2 Rəsul Adil oğlu ilə əlaqə saxladığı və sonuncunun izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur.
50. Göründüyü kimi bir aktda qeyd olunur ki, əlaqə saxlamaq mümkün olmamış, digər aktda isə əlaqə saxlanıldığı və işçinin izahat verməkdən imtina etməsi qeyd olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 2 və 10 mart tarixdə işə gəlməməsi ilə bağlı izahat alınması və yaxud İddiaçı izahat verməkdən imtina etməsi təsdiq olunmur.
51. Bundan əlavə cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “mart ayı ərəfələrində işçi işə gəlmirdi, artıq onun terminalı da alınmışdı. Həmin dövrlərdə rəhbərlik də işləməyə qoymurdu.”
52. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, əgər mart ayında işçinin terminalı əlindən alınmışdırsa və rəhbərlik onu işləməyə qoymurdusa, işçinin əlindən alınmış terminal oxumasının işçinin işə gəlməməsinin sübutu olaraq məhkəməyə təqdim edilməsi və 2 və 10 mart tarixlərində işçinin üzrsüz səbəbdən işə gəlməməsilə bağlı aktlar tərtib edilməsi ziddiyətlidir.
53. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə onu imzalayan işəgötürənin atasının adının göstərilməməsini məhkəmə formal pozuntu kimi qəbul etsə də, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməməklə Əmək Məcəlləsinin tələblərini pozmuşdur.
54. Kollegiya iddia tələbinin məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
55. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
56. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
59. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev