Məhkəmə qərarları › İş №2(103)-574/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-574/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-574/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (X2, X3 və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2409/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2022-ci tarixli, 011 nömrəli malların anbarda saxlama müqaviləsi bağlanmış, müqaviləyə əsasən Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin xx.xx.2023-cü il tarixədək qüvvədə olması, müddətin bitməsinə ən azı 10 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilə müddətinin hər dəfə eyni müddətə uzadılmış hesab olunması nəzərdə tutulmuşdur.

2. Müqavilənin 5.1 və 5.4-cü bəndlərinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 300 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün Tapşıran Saxlayıcıya aylıq saxlama haqqının 1%-i miqdarında cərimə hesablayır.

3. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvalıq tədbirləri həyata keçirə bilər.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 2.500 manat məbləğində ödəniş edilmiş, onun ödəniş üzrə xx.xx.2024-cü il tarixinədək 327 gün gecikməsi müşahidə edilməklə, İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 3.200 manat, cərimə borcu 5.412 manat təşkil etmişdir.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 4.100 manat, cərimə borcu 7.652 manat təşkil etmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 (üç) iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 2.900 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq edilmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2019 nömrəli, xx.xx.20219-cu il tarixli icra sənədinə əsasən cavabdehlər X2 (azyaşlı qızı X5 ilə birlikdə), X3 və X7 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m sahəsi olan 84 (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları və həmin mənzilin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İcra mərhələsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, mənzildəki əşyalar saxlanması üçün Cavabdeh təhvil verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 3.200 manat məbləğində əsas borcun, 960 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 300 manat məbləğində saxlama haqqının və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (300 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 3.200 manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 5.412 manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30%-i həcmində, yəni cəmi 960 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edir ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətlərinə vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Habelə diqqətə çatdırır ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, danışıqlarla həll edilməyən məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq “Saxlayıcı”nın hüquqi ünvanının olduğu yerin məhkəmələri vasitəsi ilə həll olunacaq”. Odur ki, mübahisəyə iddiaçının “Saxlayıcı”-nın hüquqi ünvanının olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bundan əlavə tərəflər arasında bağlanmış saxlama müqaviləsinin “Tərəflərin ünvanları və rekvizitləri” bölməsində tapşıran Cavabdeh VÖEN-nin göstərilməməsi, eləcə də müqavilədə həmin müqavilənin Cavabdeh həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmasına dəlalət edən hər hansı şərtin yer almaması, anbarda saxlanılan malların ev əşyaları olması, həmçinin Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən qanunvericinin məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb etməsi şərhi işin ümumi məhkəmələr tərəfindən baxılmasını tələb edir.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 3.200 manat məbləğində əsas borcun, 960 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 300 manat məbləğində saxlama haqqının və ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə hüquq və qanuni mənafelərini Vəkillər Kollegiyasının üzvü Vəkil müdafiə edəcəyindən iş üzrə çəkilmiş xərclər artmışdır. Belə ki, xx.xx.2024-cü il tarixində tərəflərindən müvafiq vəkil bürosuna 300 manat ödəniş edilmişdir. Bu əsaslarla iddia tələbinin artırılması zərurəti yaranmışdır.

12. Sonradan İddiaçı MMC yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 4.100 manat məbləğində əsas borcun, 300 manat cərimə məbləğinin, ödənilmiş 61,6 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisənin predmeti olan saxlama haqqı dövri hesablanma üzrə hər ay artması əsası ilə ilkin maliyyə arayışı (mart ayı) üzrə artıq 3 ay (aprel, may, iyun) keçdiyindən və yeni aylar üzrə saxlama haqqı hesablandığından müvafiq olaraq 900 manat məbləğində iddia tələbinin artırılması və digər əsaslar üzrə iddia tələbinin dəqiqləşməsi zərurəti yaranmışdır

14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2409/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, 4.100 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 4.400 manat borcun, ödənilmiş 61,6 manat dövlət rüsumunun və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borcun Cavabdeh ümumi qaydada tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir.

15. Məhkəmənin qənaətinə görə Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə, müqavilənin şərtlərini pozduğuna görə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

16. Məhkəmə hesab etmişdir ki, müqavilə şərtlərinin pozulmasında cavabdeh təqsirli olduğundan, malların saxlanmasına görə 4.100 manat məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, gecikdirilmiş gün sayını, bununla da iddiaçının zərər çəkdiyini, habelə maliyyə arayışına əsasən cərimə məbləğinin 7652 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məbləğdə deyil daha az, yəni cəmi 300 manat məbləğində tələb edildiyini nəzərə alıb, iddianın əsas borca dair hissəsində olduğu kimi, cərimə borcuna dair hissəsində də təmin edilməsini mümkün hesab etmişdir.

18. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə, saxlayıcı - iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İddiaçı tərəfindən bu barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab etmişdir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır.

19. Həmçinin hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61,6 manat dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qənaətinə gəlmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 460.1, 462.1, 462.3, 467, 822, 827, 830.1, 830.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və tutulan borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borcun cavabdehdən ümumi qaydada tutulması və 300 manat cərimənin tutulması hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşməsinə dair münasibətini növbəti məhkəmə iclasında bildirəcəyini qeyd etsə də, həmin tarixdə məhkəmə iclasına gecikmiş və artıq məhkəmə birtərəfli olaraq işə baxmış qərəzli olaraq qərar çıxarmışdır. Belə ki, sonuncu məhkəmə iclasında iddiaçı dəqiqləşmə verərək tələb üzrə borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinintam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, onun münasibətinin nəzərə alınması üçün məhkəmə obyektiv qərar çıxarılmasına şərait yaradaraq işi başqa vaxta təyin etmədi. Məhkəmənin nəzərinə çatdırır ki, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi hissəsi tamamilə əsassızdır. Belə ki, əvvəlki iclasda da ümumi tələbin mübahisəsində bildirmişdir ki, anbarda saxlanılan mallar üçüncü bir şəxsə məxsusdur və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası nəticəsində saxlanca götürülmüş əmlaklardır. Eyni zamanda da məhkəməyə təqdim edilmiş müqavilə belə dəyişdirilmişdir. Belə ki, əvvəl bağlanmış müqavilədə tərəflər müqavilənin bütün səhifələrini imza etmişlər və müqavilədə ümumiyyətlə 5.4 və 5.5-ci bənd olmamışdır. Təqdim edilmiş müqavilə dəyişdirilmiş, dəyişdiriləndən sonra da xx.xx.2022-ci il tarixli müqavilənin sonunda belə onun müqavilə bağlandıqdan sonra aldığı şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i yazılmışdır. Halbuki, həmin vaxt onun vəsiqəsi köhnə nəsil vəsiqəsi idi ki, 2022-ci il tarixdə onun yazılması mümkün deyildir. Bu da o deməkdir ki, məhkəmənin əsaslandığı 5.4 və 5.5-ci maddələr olan səhifə tərəflər arasında razılaşdırılaraq imzalanmamışdır ki, həmin maddə əsasında iddia tələbinin təmin edilməsi əsassızdır və qanunsuzdur. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur ki, məhkəməyə təqdim edilən müqavilə qanuna zidd olaraq müvafiq bəndləri dəyişdirilmiş və tərəflər arasında sərbəst iradə ifadəsinə uyğun olmayan bənd əlavə edilmişdir. Belə ki, məhkəyə təqdim edilmiş müqavilənin ilkin səhifələrindən açıq-aşkar göründüyü kimi tərəflər bəndləri razılaşdıraraq imzalamamışlar. Belə olan halda, təqdim edilmiş müqavilənin həmin bəndləri etibarsızdır və onun əsasında hazırkı iddia tələbi ona münasibətdə, yəni Borc məbləği anbarda saxlanılan mallara yönəldilməsi və malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam ödəməzsə, qalıq borcun Cavabdeh ümumi qaydada tutulması, eyni zamanda da 300 manat cərimənin tutulması hissəsində təmin edilə bilməz. Onu da məhkəmənin nəzərinə çatdırır ki, məhkəməyə həmin əşyaların üçüncü bir şəxsə məxsus olduğu və məhkəmənin icra sənədi vasitəsilə icra olunaraq mənə müvəqqəti saxlanca verildiyini bildirsə də, buna belə məhəl qoymadan yəni üçüncü şəxs olan Məmmədova Xatirəni işə cəlb etmədən əmlak sahibi olaraq razılığı alınmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Həmin əmlakların məxsusluğu barədə növbəti məhkəmədə sənəd təqdim edəcəyini bildirsə də, məhkəmə buna şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində bu iş üzrə keçirilən hazırlıq iclasına gəlmiş və iddianı tam etiraf etmiş və bu, məhkəmənin video qeydiyyatında da öz əksini tapmışdır. Cavabdehin tam etiraf etdiyi iddiaya münasibətdə çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi iddiaçı üçün də qeyri-müəyyəndir. Tapşıranın əşyalarının uzun müddət anbarda qalması saxlayıcı üçün müvafiq çətinliklər yaratmışdır. Bu, saxlayıcının anbar sahəsinin böyük bir ərazisinin uzun müddət cavabdehin əşyaları ilə zəbt edilməsi və yeni müştərilərin əşyalarının anbara yerləşdirilməsinə problem olmaqla bərabər, saxlayıcının yeni, potensial müştərilərinin əlindən çıxmasına da şərait yaratmışdır. Malların hələ də anbarda qalmasına və tapşıranın öhdəliklərini icra etməməsi ilə saxlayıcının fəaliyyəti üçün qeyd edilən problemlərin davam etməsinə, hətta bu qədər güzəşt tətbiq edilməsinə baxmayaraq, cavabdeh öz qərəzli mövqeyini bildirməkdən çəkinməmişdir. Müvafiq tarixdən etibarən (maliyyə arayışında qeyd edilən) heç bir ödəniş edilməmişdir. Belə ki, borc məbləğinin girov predmetinə-anbarda saxlanılan mallara yönəldilməsi saxlayıcının qanuni hüququdur. Cavabdehin şəxsiyyət vəsiqəsi ilə bağlı bildirdiklərinə gəldikdə isə nəzərə çatdırılır ki, şirkət yükdaşıma və logistika, anbar xidmətinin göstərilməsi sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir, 7/24 fəaliyyətlə əlaqədar olaraq nümayəndələri (sürücülər, fəhlələr) və nəqliyyat vasitələrigün ərzində bir çox sifarişin icrasına yönləndirilir. Digər sifarişlərin icrası vaxtını gecikdirməmək üçün, Cavabdeh sifarişi əsasında mallar anbar sahəsinə yerləşdirilmiş və vaxt azlığı ilə əlaqədar Cavabdeh təqdim edilmiş müqaviləyə şəxsiyyət vəsiqəsi məlumatları daxil edilməmişdir. Sonradan şirkətin əməkdaşları tərəfindən bütün anbar müqavilələrində yoxlanış keçirildikdə Cavabdeh məxsus müqavilədə məlumatların olmadığı müəyyən edilmiş və bu məlumatların təqdim edilməsi üçün ona müraciət edilmişdir. Bu situasiyada məlum olduğu kimi tapşıran (cavabdeh) yeni nəsil şəxsiyyət vəsiqəsinin məlumatlarım təqdim etmişdir. Göründüyü kimi, müqaviləyə daxil edilən məlumatlar sonradan olsa da, şəxsin təqdim etdiyi məlumatlar (ş.v. məlumatları və ünvan) olmuş və müqaviləyə kənar müdaxilə edilməmişdir. Cavabdehin digər bildirdiyi məsələ isə əşyaların ona məxsus olmamasıdır. Bir daha bildirilir ki, Cavabdeh müraciəti əsasında mallar anbara yerləşdirilmiş və saxlanılmışdır. Malların anbarda saxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 011 saylı müqaviləyə görə tapşıran qismində Cavabdeh çıxış etmişdir. Habelə, məhkəmə iclası zamanı bunların hər biri cavabdeh tərəfindən etiraf edilmiş və ödəniş edəcəyini bildirmişdir. AR MM-nin 822-ci və 823-cü maddələri tapşıranın mülkiyyətçi olubolmamasından asılı olmayaraq və saxlayıcı tərəfin üzərinə tapşıranın anbara yerləşdirilən əşyaya münasibətdə mülkiyyətinin olub-olmamasını araşdırmaq öhdəliyi qoymadan onun (malların anbara yerləşdirilməsini sifariş edən fiziki və ya hüquqi şəxsin) müqavilə münasibətlərinə daxil olduğu andan müqavilənin tərəfi, yəni tapşıran olduğunu nəzərdə tutur. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsinin iclasında bütün qeyd edilənlərlə razı olmuş və ödəyəcəyi məbləği reqress qaydasında digər şəxsdən tələb edəcəyini bildirmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X2, X3 və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh biririnci instansiya məhkəməsi icraatı zamanı borcu etiraf etmişdir. O bildirirdi ki, qətnamə nəticəsinə uyğun qarşı tərəfdən pulunu tələb edəcək. Cavabdehlə əlaqə saxlayaraq nə üçün apellyasiya şikayəti verdiyini soruşduqda isə cavabında apellyasiya şikayətini verməkdə məqsədinin borclunun anbardan malı götürməsi üçün məsələni uzatmaq olduğunu bildirmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X.C.Ağayeva apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun əşyaları icra məmuru tərəfindən cavabdehə saxlanca verilmişdir. Onunla arasında dörd aydır ki, mübahisə var. Zəng edib məlumat əldə edənədək heçkim əşyalarının evdən çıxarılması, saxlanca verilməsi barədə nə yazılı, nə də şifahi formada bildirməmişdir. Evin dəyəri 500.000 manat olduğu halda, 80.000 manat borc qarşılığında aldadaraq əlindən almışdır. Bununla bağlı qərarlar çıxarıldıqdan sonrakı dövrdə səhhətində problemlər baş vermişdir. 2022-ci ildə icra məmurlarından yazılı məlumat tələb etmişdir ki, əşyaları haraya verilib. Mütəmadi olaraq ərizələrlə müraciətlər etmişdir. Arada əşyalarının talehi barədə qonşularından maraqlanmışdır. Əşyalarının cavabdehdə olduğunu bilirdi. Ona rəsmi olaraq əşyalarının aylıq 300 manat nəzərdə tutulmuş saxlanca verilməsi barədə heç bir məlumat verilməmişdir. Cavabdeh əşyaları insanlıq naminə pulsuz saxlaya bilərdi. O, əşyalarını götürmək istəyir. Cavabdehə bir neçə dəfə zəng etmiş, lakin zənglərinə cavab verməmişdir. İddiaçıya zəng edərək bildirmişdir ki, cavabdehi də dəvət etsinlər və birlikdə əşyalara baxılsın. İddiaçı tərəf etiraz etməsə də, ancaq cavabdehi dəvət edə bilməyəcəklərini, cavabdehlə müqavilə bağladığı üçün onunla razılaşmalı olduğunu bildirmişlər. Cavabdeh gəlməsə də, əşyalara baxmaq üçün getmişdir. Orada saxlanılan əşyalar yaxşı vəziyyətdə deyildi. İddiaçının nümayəndəsinə bildirmişdir ki, orada olan bəzi əşyalardan pul əvəzi verməyi üçün onun rəhbərlik ilə görüşünü təşkil etsin. İddiaçının nümayəndəsi onu heçkimlə görüşdürməmişdir. Əşyaları götürməyi üçün onunla heçkim əlaqə saxlamayıb. May ayından icra məmuruna zəng edir. İcra məmurunun və cavabdehin hərəkətlərindən müvafiq orqanlara şikayətlər edəcək. Belə ki, əşyaları götürməyi ilə bağlı icra məmuruna müraciət etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Maddə 830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Maddə 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni qismən – borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi və 300 manat məbləğində cərimənin tutulması hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci tarixdə anbarda saxlama müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə ona verilən daşınar əşyaları özünə məxsus anbarda saxlamış, cavabdeh isə bunun müqabilində həmin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir.

34. Bununla da, iddiaçı müqavilənin 5.4-cü bəndinə uyğun olaraq ödəmənin gecikdirildiyi hər gün üçün hesablanmış cərimə məbləğini və müqavilənin 5.5-ci bəndinin tələblərinə əsasən yaranmış borc məbləğinin saxlanc mallarına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

35. O da qeyd edilməlidir ki, müqavilədə qeyd edilib-edilməməsindən asılı olmayaraq, iddiaçının saxladığı mallara girov hüququ vardır və bu hüquq mülki qanunvericilikdə təsbit edilmişdir.

36. Belə ki, Mülki Məcəllənin 830.3-cü maddəsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

37. Apellyasiya şikayətində cavabdeh əvvəl bağlanmış müqavilədə bütün səhifələri imzaladığı, həmin müqaviləyə sonradan dəyişiklik edildiyi və onun iradə ifadəsi olmadan müqaviləyə 5.4 və 5.5-ci bəndlərin əlavə edildiyi barədə dəlillər irəli sürsə də, iddiaçının gecikdirilmiş ödəniş üzrə razılaşdırılmış qaydada cərimə məbləği hesablamaq, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə saxladığı mallara komisyonçu kimi girov hüququna malik olmaq hüquqları tərəflər arasında bağlanmış müqavilənin 4.1.4 və 4.1.5-ci bəndlərində də qeyd edilmişdir.

38. Göründüyü kimi, cərimə və girovla bağlı müddəalar müqavilənin digər bəndlərində də nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası cavabdehin onun iradə ifadəsi olmadan müqaviləyə 5.4 və 5.5-ci bəndlərin əlavə edildiyi barədə dəlillərini əsassız hesab edir.

39. Kollegiya onu da qeyd edir ki, cərimə ilə bağlı razılaşma tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilmiş, iddiaçı tərəfindən cavabdehdən tələb edilən 300 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək olmamış, işin hallarına uyğun olmuşdur.

40. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh ondan 4.100 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində qətnaməni mübahisələndirməmiş, beləliklə də iddiaçının həmin tələbi ilə razılaşmışdır. Belə olan halda, həmin məbləğ və 300 manat cərimə məbləğini iddiaçıya ödədiyi təqdirdə girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər.

41. Cavabdehin iddiaçıya məxsus anbarda saxlanılan daşınar əşyaların üçüncü şəxsə məxsus olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, mülkiyyətçi olmayan şəxsdən girov hüququnun əldə edilməsinin hüquqi nəticələri Mülki Məcəllənin 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. İddiaçı sözügedən daşınar əşyaların cavabdehə deyil, üçüncü şəxsə məxsus olması barədə məlumatlı olmadığından, qeyd olunan əsasla iddianın rədd olunması iddiaçının hüquqlarının pozulması ilə nəticələnəcəkdir.

42. Eyni zamanda, əşyalar üçüncü şəxs tərəfindən itirilməmiş, ondan oğurlanmanış və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmamış, habelə iddiaçı əşyaları əvəzsiz qaydada almamışdır. Belə ki, üçüncü şəxs əşyaların cavabdehdə olduğunu bildiyini etiraf etmiş, icra sənədinə əsasən əşyaların saxlanc üçün cavabdehə təqdim edildiyi, sonuncu tərəfindən isə əşyaların anbarda saxlanılması üçün iddiaçıya verilməsi barədə məlumatlı olmamasını isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, işdə olan icra sənədinə əsasən üçüncü şəxsə məxsus əşyaların da iddiaçıya məxsus mənzildən çıxarılması qət edilmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2409/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli

Akif İsgəndərov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar