Məhkəmə qərarları › İş №2(103)-5740/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5740/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5740/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil – Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Vəkil2, maraqlarına toxunulan şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil – Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-166/2021 nömrəli qətnaməsindən İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 23 aprel 2007- ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 68000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK-nın 23 aprel 2007-cü il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 68000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.

3. Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış 12 iyun 2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 kv.m olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 91850 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh1 MTK-nın 12 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 91850 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir.

5. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2008-ci il tarixli müqavilə ilə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 MTK-nın 21 iyul 2008-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 105210 manat alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində göstərilmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək rəhbərlik etdiyi MTK-nın M.Xiyabani küçəsi 5 saylı ünvanda çoxmərtəbəli binanın tikintisinə başlaması haqda məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Onunla şifahi razılığa əsasən tikinti betonla təmin edilməsi nəticəsində materialın dəyərinin 30 faizinin nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödəniləcəkdir. Aralarında yazılı müqavilə bağlanmamışdır. Dana sonra o, binanın tikintisi ilə məşğul olan podratçı Məsud adlı şəxslə tanış olmuş, əksər hallarda Məsud ona pulu nağd şəkildə vermişdir. Binanın 7-8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürməklərini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul alaraq kitabı imzalamışdır. Ona nağd şəkildə cəmi 250000 manat pul verilmiş, bu pulu o, betonun hazırlanması üçün materialın alınmasına xərcləmiş, materialın hazırlanmasına daha çox xərcləri çıxmışdır. Həmin illərdə onların adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmin mənzillərin içində 3 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzillər olmuşdur.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(101)-61/2021 nömrəli hökmdən çıxarışda məlum olur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, ... bundan başqa, 2007-ci ilin əvvəlində X13 Şirinov adlı şəxsin işlətdiyi beton zavod ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsinin razılaşdırdığını söylədiyindən, betonun dəyərinin həmin qaydada ödənilməsinə razılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun dəyəri olan 826077 ABŞ dollarından 318534 ABŞ dolları nağd, binanın tikintisi zamanı istifadə olunmuş betonun dəyəri 826077 ABŞ dollarından, 318534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi Yuris adlı şəxsə ödənilmiş, yerdə qalan 507543 ABŞ dollarının dəyəri isə Cahangirlə razılaşdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv.m. hesabına Cahangir Alışovun özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797909 ABŞ dollarını çıxanda, onunla Fuadın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. Cahangir Alışov tərəfindən isə onlara ümumilikdə ******* ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperativin əməkdaşı olan Ehtibar Bağırovdan xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Tikintiyə nağd şəkildə sərf etdikləri ******* ABŞ dollarından Cahangirin verdiyi ******* ABŞ dollarını çıxdıqda və bu məbləğin üzərinə binanın təməl hazırlıq işlərinə çəkdiyi 118320 ABŞ dollarını və Cahangirin əvəzinə ödədikləri 66880 ABŞ dolları borcu da gəldikdə, Cahangir Alışovun Cavabdeh1 MTKdan binanın tikintisi ilə əlaqədar onlara ümumi borcu 968305 ABŞ dolları, yaxud bir kvadrat metri təxminən 520 ABŞ dollarından hesablandıqda 1871 kv.metr mənzil sahəsi təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyi bu günə qədər icra etməmişdir və icra etmək niyyətində deyil. Mənzilin yerləşdiyi bina bir neçə il bundan öncə inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh iddiaçıya verilməli mənzili bu günədək təhvil verməmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə istinad etmişdir.

11. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 MTK qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən İddiaçı mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışı verilsə də, əslində İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzili satılmamış, MTK-nın ona mənzil satmaq barədə iradə ifadəsi olmamışdır. İddiaçı MTK-ya tikinti işlərinin həyata keçirilməsi üçün beton verən fiziki şəxsdir. Sonuncu MTK-nın podratçısı olan X9 ilə razılaşdırılmışdır ki, binanın tikintisi üçün beton veriləcəkdir. Bu səbəblə formal olaraq, yəni ödənişin təminatı olaraq sonuncuya mübahisəli mənzilə dair qeyd olunan müqavilə və maliyyə arayışı verilmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK-ya nə beton vermiş, nə də ki, mənzilin ödənişini etməmişdir. X9 isə tikintini yarımçıq saxladığı üçün və digər cinayət əməllərinə görə barəsində cinayət işi başlanmışdır. Cavabdeh İddiaçı heç vaxt Cavabdeh1 MTK-ya gəlməmiş, ümumiyyətlə həmin mənzildə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, həmin mənzildən xəbərsiz olmuş, mənzilin harada yerləşməsindən belə xəbərsiz olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzil xx.xx.2008-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmiş, mənzil alındığı gündən Cavabdeh2 faktiki olaraq istifadəsindədir. Ona görə də Cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunur.

14. Daha sonra, məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil4 ilk iddia ərizəsini qəbul edib, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş edərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 MTK-nın sədri X1 cinayət işində vəkili olmuş, 10 gün əvvəl C.H.Alışovla görüşmüşdür. Qarşılıqlı iddia ərizəsi verilərkən Yeni Yasamal MTK-nın sədri C.H.Alışovun mövqeyi öyrənilməmişdir. İddiaçı ilə Yeni Yasamal MTK arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanarkən mənzil MTK tərəfindən girov qoyulmuşdur. Belə ki, İddiaçıla bağlanan müqaviləyə əsasən Y.X. Hüseynov müqavilədə qeyd olunan məbləğdə MTK-ya beton verməli idi. MTK mənzili satdıqdan sonra betonun pulunu verməli idi. İddiaçıla beton alınmasına dair ayrıca müqavilə bağlanmamışdır. 2008ci ildə MTK təsisçilərindən biri olan X4 202 saylı mənzilə alıcı tapmış və mənzili Cavabdeh2 satmasını bildirmişdir. Bundan sonra C.H.Alışov tərəfindən Cavabdeh2 adına müqavilə və maliyyə arayışı verilmişdir. Lakin Cavabdeh2 və ya Ə.Ə.Şahmarov tərəfindən mənzilin pulu MTK-nın kassasına keçirilməmişdir. 202 saylı mənzilin açarının Cavabdeh2 verilməsinin, pul ödənilmədən Cavabdeh2la müqavilə bağlanmasının, maliyyə arayışının verilməsinin səbəbi ona məlum deyildir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanmasını xahiş etmişdir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 166/2021 nömrəli qərardadına əsasən, iddiaçı MTK-nın cavabdeh İddiaçı qarşı mənzilə dair xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi, MTK-nın müraciətinə əsasən geri qaytarılmaqla baxılmamış saxlanmışdır.

16. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(001)-166/2021 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/429-5/435 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının üzərilərində olan möhür əksi və MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının surətlərinin üzərilərində olan möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil edirlər. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2008-ci il tarixli maliyyə arayışının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/818 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən xx.xx.2007-ci il tarixli müqavilənin MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısında olan imza, xx.xx.2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısındakı olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1172 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzildə aparılmış tikinti təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2884 manat məbləğində müəyyən edilir.

20. 5 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid Şahmarov Əli-Heydər Əli oğlu ifadəsində göstərmişdir ki, o, MTK-nın təsisçilərindən biridir və 2010-cu ilə qədər MTK-nın inşa etdiyi binada mənzillərin satılmasında iştirak etmişdir. MTK-nın inşa etdiyi binadan satılan mənzillərə dair müqavilələr MTK-nın sədri X3 tərəfindən bağlanmış, mənzillərin pulu C.Alışova ödənilmişdir. Cavabdeh2 o, qonşu kəndin sakini kimi tanımışdır. Cavabdeh2 mənzil almaq istəməsini ona demiş, o da bu barədə C.H.Alışova demişdir. Daha sonra layihədə mənzil seçilmişdir. C.Alışovun otağında Cavabdeh2 mənzilin pulunun böyük hissəsini onun iştirakı ilə C.Alışova vermiş, qalan 10000-11000 manatı isə Cavabdeh2 ona göndərmiş, o da, həmin vəsaiti C.Alışova vermişdir. C.Alışov Cavabdeh2 adına müqavilə və maliyyə arayışı tərtib edərək vermişdir. MTK-da kassa olsa da, mənzillərin pulu kassaya deyil, C.Alışova ödənilirdi, ödənişə görə maliyyə arayışı verilirdi.

21. Cavabdeh 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-166/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

23. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz.

24. Məhkəmə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə göstərmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir.

25. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337-ci, 340.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2007-ci il tarixli müqavilənin etibarsız olduğu qənaətinə gəlmiş və bu mövqeyini əsaslandırmaq üçün qətnamədə göstərmişdir ki, guya tərəflər arasında mövcud olan hüquq münasibəti mənzilin alqı – satqısı ilə bağlı deyil, tikinti materiallarının alınmasını təsbit etdiyinə görə bağlandığı üçün əqd etibarsızdır. Halbuki, müqavilədən və maliyyə arayışından göründüyü kimi tərəflər arasında mübahisəli mənzilin tikintisi və təhvil verilməsi barədə razılığıa gəlinmiş, o, müqavilə məbləğini tam şəkildə Cavabdeh1 MTK-ya ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Cavabdeh1 MTK isə müxtəlif bəhanələr gətirməklə mənzili ona təhvil verməmişdir.

28. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi onun hüquqlarına toxunduğu üçün ləğv edilməsi və iddia tələbinin iş üzrə müəyyən olunmuş yeni əsaslarla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət belə əsaslandırılmışdır ki, onunla MTK arasında bağlanmış "xxxx" xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın 2-ci girişinin 12-ci mərtəbəsində 4 otaqdan ibarət, 167 kv.m sahəsi olan 202 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq, o, mənzilin dəyəri olan 91850 manat pulu MTK-ya ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh1 MTK müqavilə üzrə öhdəliyini icra etməmiş və mənzili ona təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, MTK ona təhvil verməyi öhdəsinə götürdüyü mənzili başqa şəxslərə də satmış, həm pulunu mənimsəmiş, həm də mənzili ona təhvil verməkdən yayınmışdır. Bundan sonra uzun müddət MTK rəhbərliyi ilə danışıqlar aparmış və ona bildirmişlər ki, qısa zamanda mənzilin ona təhvil verilməsini təmin edəcəklər. MTK-nın inandırıcı və ümidverici vədlərinə aldanaraq, uzun müddət gözləmiş, lakin bir neçə ay bundan öncə təsadüfən ona məlum olmuşdur ki, MTK tərəfindən ona satılmış mənzillə bağlı məhkəmə mübahisəsi mövcuddur. Bundan sonra dərhal məhkəməyə müraciət etmiş və qətnaməni əldə etməyə müvəffəq olmuşdur. Bildirmək istəyir ki, hazırkı iş üzrə İddiaçı ilə MTK arasında bağlanmış müqavilə yalan əqd olmaqla etibarsızdır və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razıdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş hallardan belə nəticəyə gəlmək olur ki, guya mənzilin Cavabdeh2 satılması barədə xx.xx.2008-ci il tarixli müqavilə əsaslıdır və mənzilin həmin müqavilə əsasında Cavabdeh2 verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalarsa, bu qətnamə ilə müəyyən olunmuş halların başqa işə baxan məhkəmə üçün məcburiliyi prinsipi əsas götürülərək, mənzilin Cavabdeh2 alınaraq ona verilməsində ciddi çətinliklər yaşanacaqdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli xx.xx.2022-сi il tarixli qərardadı ilə mülki iş üzrə kompleks, məhkəmə-xətşünaslıq və sənədlərin-texniki ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1286-5/1022- 5/1028 saylı ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş, 2(103)-4124/2022 saylı mülki işin 1ci cildinin 8-ci vərəqində olan 23 aprel 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza; mülki işin 9-cu vərəqində olan 23 aprel 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza, 12 iyun 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Aİışov” yazılarının qarşısında olan imza; 12 iyun 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

32. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının və 12 iyun 2007ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.

33. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının üzərlərində olan möhür əksi ilə öz aralarında eynilik təşkil edirlər.

34. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışınının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı.

35. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4124/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli , xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanımış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə İddiaçı təhvil vermək vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməsi, Cavabdeh1 MTK-dan 105210 manat alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir.

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, digər Cavabdeh2, eləcə də qətnamə ilə hüquqlarına (maraqlarına) toxunulan şəxs Maraqlı şəxs arasında eyni mənzilə dair ayrı-ayrılıqda üç müqavilə bağlanmışdır. Həmin müqavilələrin hər üçünün əsli məhkəmə tərəfindən tədqiq olunmuş, onların hər üçünə dair müvafiq ekspertizalar keçirilmiş və onların həqiqiliyi (bağlanması tarixi, imzalar və istifadə olunmuş möhürlərin eyniliyi baxımından) təsdiq olunmuşdur. Eyni hal, yəni sənədin həqiqiliyi həmin müqavilələrə dair verilmiş maliyyə arayışlarına münasibətdə də təsdiq olunmuşdur. Araşdırmalar zamanı tədqiq olunmuş həmin üç müqavilənin MTK ilə bağlanmasının zaman (vaxt) baxımından ardıcıllığının aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: - MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MTK ilə həmin müqavilələrin xronoloji ardıcıllığının yuxarıda qeyd olunduğu tarixlərə aid olması, eləcə də hər üç müqaviləni eyni, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə aid olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur.

38. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzilə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlaya bilməzdi. Hazırkı işdə müəyyən olunduğu kimi, iddiaçı tələbində ona məxsus mənzilin MTK tərəfindən təhvil verilməsi ilə yanaşı həm də MTK ilə Cavabdeh2 arasında özünə məxsus mənzilə dair sonradan bağlanmış müqavilənin etibarsızlığını irəli sürmüşdür. Baxılan mülki işin müəyyən olunmuş faktiki halları və Mülki Məcəllənin müvafiq maddələrinin tələbləri baxımından bəlli olur ki, iddiaçının hər iki tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, Cavabdeh2 münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilməlidir.

39. Məhkəmə kollegiyası MTK ilə Maraqlı şəxs ilə bağlanmış müqaviləyə münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, birincisi, iddiaçı hazırkı icraatda həmin müqaviləni mübahisələndirməmişdir, ikincisi isə Maraqlı şəxs apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən bəlli olur ki, Maraqlı şəxs özü Binəqədi Rayon Məhkəməsinə həmin müqaviləyə əsasən cavabdehlər MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” barədə iddia vermişdir. Kollegiyanın qənaətinə görə məhz bu səbəbdən həmin müqaviləyə hazırkı icraatda münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

40. Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, iddiaçının tələbinin əsaslı, yəni MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlı müqavilə olması, eləcə də həmin mənzilin ilkin olaraq İddiaçı satıldığı müəyyən olunduğundan, Maraqlı şəxs şikayətinin – iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin yalan əqd olması və həmin mənzilin ona məxsus olması barədəki dəliləri əsaslı deyildir. Bununla belə o, şikayətində qətnamənin ləğvini istədiyindən, rayon məhkəməsinin qətnaməsi isə digər əsaslara görə ləğv edilməli olduğundan, onun şikayəti qismən təmin olunmalıdır.

41. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadına təsbit olmuş hüquqi mövqelərə, Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətninə, 452.1, 178.8, 157.2, 337.1, 337.3, 337.5 339.2, 340.1, 340.2, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.1, 14.2, 77.1, 76.1,77.3, 220.4, 372.1, 372.2, 372.4, 372.6, 372.7, 385.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

42. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsini ləğv edib iddianın təmin edilməsi nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. İşdə olan sənədlərdən görünür ki, cavabdeh MTK-nın Bakı şəhər, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə dair üç ayrı-ayrı müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh MTK arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Bu baxımdan iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin həqiqətən yaranıb-yaranmadığı dəqiq müəyyən edilməlidir. İddiaçının əmlaka hüququ yaranmadığından mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyinə verilməsi təsdiqini tapdığı üçün sonuncunun mənzili təmir etməsinin və digər xərclər çəkməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq mötəbər sübutlar əsasında təhlil edilməlidir. Hesab edilir ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilməli, mənzil üzərində Cavabdeh2 sahiblik hüququnun yaranması təsdiqini tapdığından bu çərçivədə mənzilin daha əvvəl sonuncunun sahibliyinə verilməsi faktı nəzərə alınmaqla, bu normanın dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmayıb. Sözü gedən mənzillə bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində iddiaçı mübahisəli mənzilin sahibliyində olmamasına baxmayaraq zərərçəkmiş kimi tanınmağa cəhd etməmiş və ümumiyyətlə ona iddia etdiyi kimi barter üsulu ilə verilən mənzillər barəsində ümumi məlumatlar verməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Yeni Yasamal MTK aramda bağlanmış xx.xx.2007-c il tarixli müqaviləyə əsasən tərəflərin niyyəti MTK-nın inşa etdiyi binadan mənzilin alınıb-satılması deyil, həmin binanın inşası üçün tələb olunan tikinti materialının, yəni MTK-nın İddiaçı 68000 manat dəyərində betonun alınmasını təsdiq etmək olmuş, İddiaçı müqavilə bağladıqdan 12 il sonra həmin müqavilədə qeyd olunan mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz imzası ilə təsdiq etdiyi iddia ərizəsində isə bildirmişdir ki, Yeni Yasamal MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzil tam hazır vəziyyətdə ona təhvil verməli, iddiaçı isə müqavilə məbləği olan 66800 manatı cavabdehə ödəməli idi. O, həmin müqavilə üzrə öhdəliyini tam icra edərək müqavilə məbləği olan 66800 manatı müqavilə bağlandığı gün, yəni xx.xx.2007-ci il tarixdə cavabdehin kassasına nağd olaraq ödəmiş və cavabdeh tərəfindən ona bu barədə maliyyə arayışı verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatın dəqiqləşdirilməsi üçün məhkəmə iclaslarında dəfələrlə iddiaçının nümayəndəsinə cavabdeh tərəfindən verilmiş həmin mənzilə görə onlar tərəfindən nağd qaydada ödəniş edilib edimədiyinə dair suallara cavabda təkidlə bildirilmişdir ki, mənzilə görə yalnız nağd qaydada ödəniş edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sübutlarla iddiaçının əslində həmin mənzilə dair müqavilə və maliyyə arayışını həmin binaya verilmiş beton müqabilində girov olaraq əldə etdiyi sübut olunduqdan sonra isə iddiaçı mövqeyini dəyişərək guya mənzili barter üsulu ilə aldığını bildirməyə başlamışdır. Lakin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MTK-nın təsisçiləri tərəfindən imza və möhürlə təsdiq olunan "şahmatka" cədvəlindən də müəyyən edilmişdir ki, binanın 12-ci mərtəbəsində yerləşən 202 saylı mənzil tikinti xərclərinin ödənilməsi üçün ayrılmış mənzillərdən deyil, satış üçün ayrılmış mənzillər siyahısına aiddir. Bunu iş üzrə şahid qismində dindirilmiş həmin MTK-nın təsisçilərindən olmuş Əliheydər Şahmarov da öz ifadəsində təsdiq etmişdir. İşin bu faktiki halı və buna dair iş materiallarında olan sübutlar apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılsa da çox təəssüf ki, məhkəmə qeyd olunan dəlilləri araşdırmamış, bu barədə sübutların rədd edilməsi üçün öz qətnaməsində heç bir əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli mənzil faktiki olaraq 2013-cü ildən Cavabdeh2 təhvil verilmişdir. Mübahisəli mənzil fərdi müəyyən edilən əşyadır və təqdim edilən sübutlardan da göründüyü kimi, mübahisəli mənzil faktiki olaraq Cavabdeh2 mülkiyyətinə verilib. Əgər tərəflər arasında real kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz. Ekspert rəyində qeyd edilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “Yeni Yasamal" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, “Yeni Yasamal" MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, “Yeni Yasamal" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, “Yeni Yasamal" MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin" sualları üzrə tədqiqat aparılmadı. Göründüyü kimi, həmin müqavilələrin məhz 2007-ci ildə imzalanması və tərtib edilməsi hələ də sual altındadır. Həmin mənzilə 2013-cü ildən giriş qapısı quraşdırılmış və onun açarları həmin vaxtdan Cavabdeh2dır, sonuncu həmin mənzildə bəzi təmir işləri də aparmışdır. Bu müddət ərzində İddiaçı və digər maraqlı şəxs R. Allahverdiyev heç vaxt həmin mənzilə gəlməmiş, mənzil heç vaxt onların sahibliyində və istifadəsində olmamışdır. MTK-nın təsisçilərinin tərtib etdikləri mənzillərin bölünməsi ilə bağlı sxemdə 202 saylı mənzilin tikinti üçün deyil, satış üçün ayrılması qeyd olunmuşdur. Bütün bu faktlar iddiaçı tərəfindən cinayət işi üzrə verdiyi ifadələrdə qeyd edilmiş, MTK-nın nümayəndələri də izahatlarında qeyd etmişlər. Ona görə də MTK tərəfindən bu mənzil S.N.Nəsirova satılmışdır. İddiaçının bağladığı müqavilə etibarsız olduğundan onun MTK ilə Cavabdeh2 arasında bağlanan müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bağladığı müqavilə etibarsız olduğundan İddiaçı mənzilin ona təhvil verilməsini tələb edə bilməz. Hesab edilir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. İddiaçıla MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanan müqavilə pərdələnmiş əqdir (pərdələnən əqdöhdəliyin təmin etmə üsullarından olan Girov müqaviləsi, Pərədələyən əqd isə yaşayış binasında Mənzil tikintisi haqqında müqavilədir). Əslində tərəflərin iradə ifadəsi mənzil alıb satmağa deyil, binanın tikintisinə beton verilməsi qarşılığında həmin mənzilin satışından əldə edilən pul məbləğinin beton verən şəxsə ödənilməsi öhdəliyini həmin mənzili girov qoymaqla təmin edilməsinə yönəlmişdir. Bu mövqe birinci instansiya məhkəməsində iddiaçının iddia ərizəsinə münasibətdə qarşlıqlı iddia verib daha sonra cinayət işində müdafiəçisi olduğu, hazırda isə nümayəndəsi olduğu MTK sədrinin bundan xəbərinin olmadığına əsaslanaraq həmin qarşılıqlı iddia ərizəsini geri götürərkən izahat verən peşəkar Vəkil4 mövqeyidir. Mübahisə üzrə düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün aşağıda qeyd edilən sual üzrə araşdırma aparılmalı idi: İddiaçı ilə cavabdeh MTK arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib? Bu sual üzrə araşdırma aparılmış olsa iddia tələbi yuxarıda qeyd olunan dəlillərə əsasən rədd edilməli idi.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1908/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

45. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsindəki icraatda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəni rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması əsası ilə iddia tələbini rədd etmişdir.

46. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq iddia tələbini tam təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya məhkəməsi İddiaçıla MTK arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olmadığı qənaətinə gələrək bu əsasla iddia tələbini təmin edərkən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməmiş, bu hal üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Nəticədə mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müvafiq normalarının tələbləri pozulmuşdur. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə müvafiq araşdırma aparılmadan və həmin ərizəyə mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilmədən, hazırkı mübahisənin qanuni və ədalətli həlli təmin oluna bilməz.

47. Mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı imperativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarları).

48. İşin yeni apellyasiya baxışı zamanı qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hazırkı mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri qətnamənin 27-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. Cavabdehin nümayəndəsi Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

51. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

52. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). ... Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”

Apellyasiya baxışının hədləri

56. Həm iddiaçının, həm də maraqlarına toxunulan şəxsin apellyasiya şikayətləri ilə qətnamənin bütövlükdə ləğvi tələb edildiyindən, məhkəmə aktı hər iki şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

58. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi İddiaçıla MTK arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olmadığı qənaətinə gələrək bu əsasla iddia tələbini təmin edərkən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməmiş, bu hal üzrə ümumiyyətlə araşdırma aparmamış, nəticədə mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müvafiq normalarının tələbləri pozulmuşdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusatın araşdırılması üçün ilkin olaraq işin hallarına qiymət verilməlidir.

60. Məhkəmə kollegiyası İddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması və onunla bağlanmış əqdin etibarsızlığı barədə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır.

61. Belə ki, işdən müəyyən olunur ki, hazırkı tələblə mürəciət edərkən iddiaçı MTK ilə aralarında bağlanmış 23 aprel 2007-ci il tarixli müqaviləyə istinad etmişdir. Sözügedən müqavilə etibarsız olsa idi belə, müqavilə tərəfi kimi iddiaçının müqaviləyə istinadən məhkəməyə müraciət etmək hüququ mövcuddur ki, bu hüququnun məhdudlaşdırılması hüquqa ziddir.

62. Göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Bu da öz növbəsində cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verilməsini zəruri edir.

63. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə Mülki Məcəllənin 373cü maddəsi ilə əsaslandırılmışdır. Həmin normanın məzmununa əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə iddia müddəti 6 ildir.

64. İddia müddətinin tətbiqi barədə ərizə hər 2 tələb (müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi) üzrə verilmişdir. 1-ci tələb müqavilənin etibarsızlığı ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli və “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən bu tələb üzrə iddia müddəti deyil, kəsici müddət tətbiq olunmalıdır. Həmin qərarda qeyd olunur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. 2-ci tələb isə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni, mənzilin təhvil verilməsi ilə bağlı olduğundan bu hissə üzrə məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi qənaətinə gəlir. Belə ki, müddətin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulmasının bildiyi və ya bilməli olduğu andan başlanır. Hazırkı situasiyada iddiaçı ilə müqavilə 2007-ci ildə bağlansa da, onun tərəfindən məhkəməyə 2019-cu ildə - 12 il sonra müraciət olunmuşdur. Halbuki, bu müddət ərzində mənzil digər şəxsin sahibliyinə və istifadəsinə verilmiş, bu mənzillə bağlı digər mübahisələr mövcud olmuşdur. Müqavilədə mənzilin təhvil verilmə anı qeyd olunmasa da, iddiaçı ilə MTK işgüzar münasibətlərdə olmuşdur və İddiaçı mənzilin yerləşdiyi binanın tikintisinin başa çatdırılması barədə məlumatının olmaması mümkünsüzdür. Bundan başqa İddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə şahid qismində dindirilərək ifadə vermişdir və cinayət işində olan epizodlar məhz mənzillərin bir neçə şəxsə satılması ilə bağlı olmuşdur. Buna görə də İddiaçı tərəfindən tələbin bu hissəsinə münasibətdə iddia müddəti ötürülmüşdür.

65. İddiaya mahiyyəti üzrə baxarkən isə məlum olur ki, MTK ilə İddiaçı arasında 23 aprel 2007-ci il tarixdə, Maraqlı şəxs arasında 12 iyun 2007-ci il tarixdə, MTK ilə Cavabdeh2 arasında 21 iyun 2008-ci il tarixdə müqavilələrin bağlanması, müqavilələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə aid olması və həmin mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Hər 3 müqavilənin predmeti eyni olsa da, bü muqavilələr mövcuddur və müqavilələr əsasında tərəflərə maliyyə arayışı verilmişdir.

66. Belə olduğu halda isə hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Həmin normanın tələbləri baxımından iddianın təmin olunması, yəni, əmlakın iddiaçıya verilməsi bu halda mümkündür ki, əmlak üçüncü şəxsə verilməsin. Əks təqdirdə, yəni, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda bu hüquq aradan qalxır.

67. Mübahisə predmeti olan mənzillə bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində iddiaçı mübahisəli mənzilin sahibliyində olmamasına baxmayaraq zərərçəkmiş kimi tanınmağa cəhd etməmiş və ümumiyyətlə ona iddia etdiyi kimi barter üsulu ilə verilən mənzillər barəsində ümumi məlumatlar verməklə kifayətlənmişdir. İddiaçı və R. Allahverdiyevə aid müqavilələrin hər ikisi 2007-ci ilə aid olsa da, mənzil ümumiyyətlə onların sahibliyində və istifadəsində olmamışdır.

68. Mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi Bakı Ağır Cinayətlər Məhkəməisinin X1 və digərləri barədə olan hökmünün məzmunu ilə də təsdiq olunur. Həmçinin, hökmün məzmunundan görünür ki, hazırkı mübahisə predmeti olan mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsinə baxmayaraq bu mənzilə dair X5 ilə də müqavilə bağlanılmış, sonuncu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.

69. İş materiallarının 119-cu vərəqəsində olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli məktubundan görünür ki, cinayət işində 202 saylı mənzillə üzrə zərərçəkmiş şəxs kimi tanınmış X5 cinayət nəticəsində vurulmuş zərər məbləğində "xxxx" MTK tərəfindən mənzillə təmin edilmişdir.

70. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verildiyindən iddianın təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir.

71. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs qismində şikayət vermiş Maraqlı şəxs şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, sonuncunun şikayətinin dəlilləri də məhkəmə kollegiyasının əvvəlki bəndlərdə qeyd edilən əsaslandırması ilə təkzib olunur.

72. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri işin halları ilə qismən təsdiq olunmaqla qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayətləri qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia rədd olunmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 166/2021 nömrəli qətnaməsindən İddiaçı və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 166/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 Mənzil – Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar