Məhkəmə qərarları › İş №2(103)-5741/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5741/2020

01.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5741/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 nömrəli Uşaq Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(009)-670/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 nömrəli Uşaq Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rauf Mahmudovun xx.xx.2019-cu il tarixli, 267-k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-670/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla son haqq-hesablaşma məhkəməyə müraciət etdikdən sonra aparılmışdır. Bu barədə məhkəməyə vəsatətlə müraciət edərək banka sorğu göndərilməsini xahiş etsə də, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması, qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi üçün vəsatəti təmin etmək əvəzinə, əksinə tələsiklik etmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin öz qətnaməsini əsaslandırmaq üçün qeyd edir ki, iddia müddəti buraxılmışdır. Bununla əlaqədar bir daha bildirir ki, iddiaçı işdən azad olunmasıyla bağlı məlumatı cari ilin yanvar ayının ilk iş həftəsi bilmişdir. İşdən azad olunması barədə əmri vəkil sorğusu vasitəsi ilə almışdır. Apelyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, 15 nömrəli Uşaq Poliklinikasının 3-cü Pediatriya şöbəsinin sahə tibb bacısı İddiaçı xx.xx.2019-cu il tarixdə "Tibb bacısı" ixtisası üzrə keçirilmiş test imtahanında topladığı bal qeyri-məqbul olmuş, bundan sonra xx.xx.2019-cu ildə keçirilmiş test imtahanında iştirak etmiş və təkrar sertifikasiyadan keçə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının xx.xx.2019-cu il tarixli sertifikasiya ilə bağlı bildirişinə əsasən, sertifikasiyadan təkrarən keçə bilməyən tibb bacısı İddiaçı Xudarəhim qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli Uşaq Poliklinikası üzrə xx.xx.2019-cu il tarixli, 267-K saylı əmrə əsasən, 15 nömrəli Uşaq Poliklinikasının 3-cü Pediatriya şöbəsinin sahə tibb bacısı İddiaçı ilə bağlanmış 83 nömrəli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçı son haqqı-hesabı, əmək kitabçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əsas olaraq Səhiyyə Nazirliyinin sertifikasiya ilə bağlı xx.xx.2019-cu il tarixli bildirişi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşakarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığı göstərilmişdir. xx.xx.2007-xx.xx.2019-cu illər ərzində X1 ödənişləri haqqı-hesab vərəqində göstərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsini, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndini və 70-ci maddəsinin “c” bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə görə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə əsasən sertifikasiyadan "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəğötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəlləinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. İşin müəyyən edilmiş hallarına əsasən 15 nömrəli Uşaq Poliklinikasının 3-cü Pediatriya şöbəsinin sahə tibb bacısı İddiaçı xx.xx.2019-cu il tarixdə təkrar sertifikasiyadan keçə bilmədiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının xx.xx.2019-cu il tarixli sertifikasiya ilə bağlı bildirişinə əsasən, sertifikasiyadan təkrarən keçə bilməyən tibb bacısı İddiaçı Xudarəhim qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli Uşaq Poliklinikası üzrə xx.xx.2019-cu il tarixli, 267-K saylı əmrə əsasən, İddiaçı ilə bağlanmış 83 nömrəli əmək müqaviləsinə əmək qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına əsasən xitam verilmişdir. Həmin əmrinin ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya işdən çıxarılma barədə əmrin surəti barədə məlumat verilmiş, lakin iddiaçı əmri götürməkdən imtina etmişdir (bu barədə xx.xx.2019-cu il tarixdə akt tərtib edilib). Əmək kitabçasını Sertifikasiya ilə bağlı müəssisədən götürmüş, kurs bitdikdən sonra dəfələrlə edilən xəbərdarlığa baxmayaraq müəssisəyə təhvil verməkdən imtina edib (bu barədə xx.xx.2019-cu il tarixdə akt tərtib edilib). İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-670/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar