Məhkəmə qərarları › İş №2(103)-5745/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5745/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5745/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, əmlakın təhvil verilməsi və icarə haqqının ödənilməsi tələbinə» dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(006)-480/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, əmlakın təhvil verilməsi və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli, 86 saylı qərarının icrası olaraq Bakı şəhəri Nəsimi rayon lcra Hakimiyyətinin 25 sentyabr 2017-ci il tarixli, 248 saylı sərəncamına və İcra Hakimiyyəti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli müqaviləyə uyğun olaraq cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda 13.01.2018-ci il tarixli köçürülmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 74.2 kv.metr sahəsi olan qeyriyaşayış sahəsini MTK-nın sərəncamına vermiş, MTK isə əvəzində həmin ərazidə tikiləcək binanın birinci mərtəbəsində giriş hissəsi 4.20 metr olmaqla 50.0 kv.m, həmin sahənin üstünə düşməklə ikinci mərtəbədə 100 kv.m qeyri-yaşayış sahəsini müqavilə bağlandığı tarixdən maksimum 24 ay ərzində iddiaçıya təhvil verməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin hal-hazırda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər, o cümlədən həmin müqavilədə istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli, 86 saylı qərarının tələbləri yerinə yetirilməməkdədir. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 74.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 23.11.2017-ci il tarixli texniki pasportda da əks olunduğu kimi xidməti sahəsi 59,7 kv.m., dəhliz 7 kv.m., sanitar qovşaq 7.5 kv.m olmaqla qeyri-yaşayış üçün tam əlverişli geniş şəraitdə olmuşdur. O cümlədən, kv.m-lərdə heç bir itkilər mövcud olmamışdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi giriş hissəsi heç bir maneə ilə məhdudlaşdırılmamışdır. Bu öz əksini iddia ərizəsinə əlavə olunan fotoşokillərdə də tapmışdır. İddiaçı tərəfindən həmin əmlak müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. İcarə obyekti əlverişli olmadığı hallarda həmin obyektin icarəyə götürülməsindən söhbət gedə bilməzdi. Cavabdeh iddiaçı ilə notarial qaydada müqavilə bağlayarkən ona tikiləcək binada əvvəlki yerində, giriş hissəsi məhdudlaşdırılmayan, mövcud vəziyyətdən daha yaxşı şəraitli və əlverişli yeni qeyriyaşayış sahəsinin verəcəyi barədə məlumat vermiş, bu əsasla müqavilə bağlanmışdır. Hal-hazırda, bina tikildikdən sonra cavabdeh iddiaçının 1-ci qrup gözdən əlil olmasından istifadə edərək ona əvvəlki yerində, əlverişli və giriş hissəsi məhdudlaşdırılmayan qeyriyaşayış sahəsi vermək niyyəti əvəzinə, digər tərəfdə yerləşən və tam əlverişsiz şəraitli qeyri-yaşayış sahəsi təklif etmişdir. Göründüyü kimi, cavabdeh ilk əvvəldən iddiaçının 1-ci qrup gözdən əlil və yaşlı olduğuna görə aldatmaq və ilk başdan müqavilə üzrə öhdəliyi tam şəkildə deyil, digər qeyri-yaşayış sahəsinin verilməsi ilə yerinə yetirmək niyyətində olmuşdur. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubları göndərilməsinə baxmayaraq, bugünə kimi müvafıq tədbirlər görülməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(006)-480/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK ilə İddiaçı1 arasında 13.01.2018-ci il tarixdə bağlanmış köçürülmə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzində Cavabdeh MTK tərəfindən tikiləcək yeni binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilməsi, 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalanana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsi Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 məxsus Bakı şəhəri Nəsimi rayonu S.Vurğun 941 ünvanında yerləşən 74.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.11.2017-ci il tarixli texniki pasportda əks olunduğu kimi, xidməti sahəsi 59.7 kv.m, dəhliz 7 kv.m, sanitar qovşaq 7.5 kv.m olmaqla qeyri-yaşayış üçün tam əlverişli və geniş şəraitdə olmuşdur, o cümlədən kv.m-lərdə heç bir itkilər mövcud olmamışdır. Həmin qeyri yaşayış sahəsinin ümumi giriş hissəsi heç bir maneə ilə məhdudlaşdırılmamışdır. Bu, öz əksini iddia ərizəsinə əlavə olunan fotoşəkillərdə də tapmışdır. İddiaçı tərəfindən həmin əmlak müxtəlif vaxtlarda müxtəlif şəxslərə (bank, aptek və s. kimi) icarəyə verilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı1 ilə notarial qaydada müqavilə bağlayarkən ona tikiləcək binada əvvəlki yerində, giriş hissəsi məhdudlaşdırılmayan, mövcud vəziyyətdən daha yaxşı şəraitli və əlverişli yeni qeyriyaşayış sahəsinin verəcəyi barədə məlumat vermiş, bu əsasla müqavilənin bağlanmışdır. Hal-hazırda, yəni bina tikildikdən sonra MTK İddiaçı1 1-ci qrup gözdən əlil olmasından istifadə edərək ona əvvəlki yerində, əlverişli və giriş hissəsi məhdudlaşdırılmayan qeyriyaşayış sahəsi vermək niyyəti əvəzinə, digər tərəfdə yerləşən və tam əlverişsiz şəraitli qeyri-yaşayış sahəsi təklif elmişdir. Əldə edilmiş notariat işindən də göründüyü kimi, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən tikiləcək binanın təsdiq edilmiş eskiz lahiyəsi notariat işinə əlavə edilməmişdir. Bu fakt cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi barədə niyyətini əks etdirir. Lakin İddiaçı1 müqavilə bağlayarkən həqiqi iradə ifadəsi həmin qeyri-yaşayış sahəsinin əvvəlki yerində yeni, əlverişli və itkilərlə məhdudlaşmayan qeyri-yaşayış sahəsinin verilməsi olmuşdur. Həmin müqavilədə həqiqi iradə ifadəsi ondan ibarətdir ki, MTK İddiaçı1 ona məxsus olan qeyri-yaşayış sahəsi əvəzində tikiləcək yeni binada həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə giriş hissəsi 4.20 metr olan 50 kv.m. təmirsiz qeyri-yaşayış sahəsini və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədədən 100 kv.m təmirsiz qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürür. İddiaçı1 1-ci qrup gözdən əlil olduğuna görə müqavilə ona oxunarkən, o, bu sözü eşitdikdə müqavilənin onun iradə ifadəsinə uyğun olduğu qənaətinə gəlmişdir. Digər tərəfdən, müqavilədə həqiqi iradə ifadəsi ondan ibarətdir ki, birinci mərtəbədə yerləşən təhvil veriləcək əmlakın giriş hissəsi 4.20 metr olmaldır. Giriş hissəsi dedikdə nəzərdə tutulan iradə ifadəsi ondan ibarətdir ki, həmin obyektə rahat giriş-çıxışı təmin edilsin. Giriş hissəsinin yarısı hər-hansı sütuna və s. maneəyə düşməklə məhdudlaşdırılmasın. Məhkəmə iddia tələbinə tam olaraq hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iddianın təmin edilən hissədə əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə yeni qeyri-yaşayış sahəsinin verilməsini öhdəlik kimi qoyub-qoymadığı aydın deyildir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmasının təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin yaranmasına və inşası başa çatdırılan qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməməsinin (daha doğrusu istifadəyə qəbul edilməməsinin) səbəbi Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması deyil, iddiaçının əsassız olaraq müqavilədə nəzərdə tutulmayan heç bir sütunu olmayan qeyri-yaşayış sahəsi tələbdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarının icrası olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 25.09.2017-ci il tarixli, 248 saylı sərəncamına və İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 09.10.2017-ci il tarixli müqaviləyə uyğun olaraq ünvan 3 ünvanında yerləşən əmlak sahibləri ilə müvafiq olaraq köçürülmə müqavilələri bağlanmış və bütün müqavilələr üzrə öhdəliklər Cavabdeh MTK tərəfindən tam yerinə yetirilmişdir. Cavabdeh MTK binanın inşasını vaxtında başa çatdırmış və qeyri-yaşayış sahələrini 2019-cu ilin dekabr ayından başlayaraq, mülkiyyətçilərin istifadəsinə təqdim etmişdir. Hündürmərtəbəli binanın tikinti təhlükəsizliyi nöqteyi-nəzərdən sütunun olması labüddür ki, bunun da qeyri-yaşayış sahələrinə düşən hissələri də vardır. Cavabdeh МТК tərəfindən inşası başa çatdırılan sözügedən binanın digər qeyri-yaşayış sahəsi mülkiyyətçiləri ilə birlikdə İddiaçı1 da sonuncu ilə aralarında bağlanmış 13.01.2018-ci il tarixli köçürülmə müqaviləsi üzrə öhdəlikdə qeyd edildiyi kimi, binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4.20 metr olan 50.0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsi və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100.0 kv.metr təmirsiz qeyriyaşayış sahəsi 10 dekabr 2019-cu il tarixdə təqdim edilsə də, İddiaçı1 1-ci mərtəbədə sütun olduğunu bəhanə gətirərək, əsassız olaraq həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. İddiaçı 2020-ci ilin iyul ayında məhkəməyə təqdim etdiyi iddia ərizəsində Cavabdeh MTK tərəfindən binanın artıq inşasının başa çaldırıldığını və ona qeyri-yaşayış sahəsinin təklif edildiyini qeyd etsə də, nədənsə birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilmədiyi qənaətinə gəlməklə təhvil verilməmənin səbəbinin məhz iddiaçının da özünün dediyi kimi, tərəflər arasında bağlanmış köçürülmə müqaviləsində nəzərdə tutulmayan sütunsuz qeyri-yaşayış tələbi olması ilə bağlı olmasını nəzərdən qaçırmış və əsassız olaraq 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalanana qədər aylıq 250 manat icarə haqqının Cavabdeh MTK nın üzəinə öhdəlik kimi qoyulmasını qət etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi, onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi təklif olunan sahədən geniş olmuşdur. Təklif olunan sahənin birinci mərtəbəsi dar olmaqla uzunsovdur, sütunlar da onun daxilində yerləşir. Bu isə əlverişsiz olmaqla iddiaçının maraqlarına xidmət etmir. Məhkəmənin 10.08.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Qurbanov apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının şikayətinin isə təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçıya təklif olunan qeyriyaşayış sahəsi MTK-nın layihəsinə uyğun şəkildə tikilmişdir, lahiyədə bir neçə obyektin sahəsi uzunsov şəkildə qeyd edilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şiakyəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmasının təmin edilən hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX serialı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olmuşdur. İş materiallarında olan tərəflər arasında bağlanmış 13.01.2018-ci il tarixli köçürülmə müqaviləsindən görünür ki, cavabdeh iddiaçının söküntüsü nəzərdə tutulan mülkiyyətində 74,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinin əvəzində tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini və həmin sahənin üstünə düşməklə 2-ci mərtəbədən 100,0 kv.metr təmirsiz qeyri-yaşayış sahəsini iddiaçının sərəncamına verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.7-ci bəndinə əsasən yeni binanın tikintisi 24 ay müddətindən keçərsə, hər gecikən ay üçün cavabdeh tərəfindən iddiaçıya hər ay 1250 manat icarə haqqı ödənilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 13.01.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh tikiləcək binanın 1-ci mərtəbəsində, giriş hissəsi 4,20 metr olan 50,0 kv.metr təmirsiz qeyriyaşayış sahəsini iddiaçının tələb etdiyi kimi heç bir maneə ilə məhdudlaşmayan (sütunsüz) qaydada təhvil verməyi öhdəlik götürmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış köçürülmə müqaviləsində iddiaçının tikiləcək binada heç bir maneə ilə məhdudlaşmayan (sütunlarsız) qeyri-yaşayış sahəsini əldə etmək niyyətini əks etdirən hər hansı müddəa mövcud deyildir. Cavabdeh tərəfindən üzərinə belə bir öhdəlik götürülməmişdir. Hazırda iddiaçıya təklif olunan həmin sahənin sütunlarsız təqdim edilməsi tikinti-texniki normalara əsasən mümkün sayıla bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı “20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalanana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsi Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulması” hissəsində təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh MTK tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 10.12.2019cu il tarixli Daşınmaz əmlakın təqdim edilməsi üzrə imtina aktından görünür ki, Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 26.12.2017-ci il tarixli, 3M 1435 reyestr nömrəli notarial müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S,Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi, ikinci mərtəbəsində yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı1 verilməsi üçün təklif edilsə də, sonuncu birinci mərtəbədə sütun olduğu üçün obyektləri təhvil almaqdan imtina etmişdir. İddiaçı hazırkı iddia ərizəsində də bina tikildikdən sonra cavabdeh tərəfindən ona əvvəlki yerində, əlverişli və giriş hissəsi məhdudlaşdırılmayan qeyri-yaşayış sahəsi vermək niyyəti əvəzinə, digər tərəfdə yerləşən və tam əlverişsiz şəraitli qeyri-yaşayış sahəsi təklif etdiyini qeyd etmişdir. Göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən müqavilə üzrə icra müddəti başa çatmadan, yəni 24 ay tamam olmadan iddiaçıya qeyri-yaşayış sahəsi təklif edilmişdir. Bu isə onu deməyə əsas verir ki, 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhviltəslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin Cavabdeh MTK-nın üzərinə öhdəlik kimi qoyulması əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya şikayətində iddiaçının müqavilə bağlayarkən ona təhvil veriləcək qeyri-yaşayış sahəsinin giriş hissəsinin hər-hansı sütun və s. maneələrlə məhdudlaşdırılmaması niyyətinin olduğu qeyd edilsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə cavabdeh tərəfindən mübahisələndirilən - iddianın 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmasının təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(006)-480/2021 saylı qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən- iddianın 20.01.2020-ci il tarixdən təhvil verilmə anına, yəni təhvil-təslim aktı imzalana qədər aylıq 1250 manat icarə haqqının ödənilməsinin Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmasının təmin edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar