Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5745/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3226/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsindən “X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X4 Azərbaycan” QSC (bundan sonra - iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış 260084 saylı, 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 18 % olmaqla 5.200,00 manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 410,84 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə “X4 (Azərbaycan)” QSC arasında xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir, bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, E-2(004)-2031/2021-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X4 (Azərbaycan)” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ödənilən 610,13 manat, xx.xx.2022-ci il tarixdə ödənilən 1.948,97 manat və xx.xx.2022-ci il tarixdə ödənilən 179,87 manat məbləğindəki vəsait "xxxx" MMCnin vasitəsi ilə təmin edilmiş və buna görə Bank tərəfindən "xxxx" MMC-yə 410,84 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X4 (Azərbaycan)” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 410,84 manat məbləğində xidmət haqqı ödəmişdir.
4. İddiaçı hesab edir ki, Mülki Məcəllənin 377, 385.1, 442, 445.1, 448.1 və 739-cu maddələrinə əsasən iddia təmin olunmalıdır.
5. İddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli Hüququ Xidmət Haqqında müqavilədən görünür ki, Bank Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məlikəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV\S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. Büro qarşı tərəfdən (kredit\borc alanlardan) borclar ilə əlaqədar məhkəmə\icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütiin xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir (QTSYYTS quraşdırıldıqdan sonra onun üzərindən avtomotik olaraq həyata keçiriləcək).
6. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüququ Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 610,13 manat, xx.xx.2022-ci il tarixində ödənilən 1.948,97 manat və xx.xx.2022ci il tarixində ödənilən 179,87 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 410,84 manat məbləğində xidmət haqqı ödənilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-3226/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddiaçı “X4 (Azərbaycan)” QSC-nin Cavabdeh 410,84 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi İcra Haqqında qanuna müvafiq olaraq icraya yönəldilir və qətnamənin icrası müvafiq icra şöbələri tərəfindən həyata keçirilir.
9. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müəyyə edilmədiyindən, iddia tələbi əsasız hesab edilərək rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı Bankın nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mühüm əhəmiyyətə malik hallar ətraflı araşdırılmamış, işin faktiki hallarına görə işə düzgün qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq öz üzərinə öhdəlik götürmüşdür ki, Bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət ilə bağlı xərcləri də ödəyəcəkdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin əsasını məhkəmə aktının bilavasitə "xxxx" MMC tərəfindən icra edilməsi deyil, həmin aktın icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir. İşlərin görülməsini müqavilə (və müvafiq qaydada verilmiş e barnamə) əsasında başqa şəxsə tapşıran Bankın həmin işləri yerinə yetirən şəxsə xidmət haqqı ödəməsi və bu xərclərin əvəzini cavabdehlə bağladığı müqavilə şərtlərinə uyğun olaraq ondan tələb etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göstərilən səbəblərdən qətnamə, Mülki Prosessual Məcəllənin 217.1-217.3-cü maddələrinin tələblərinə cavab verən hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Səfərova Azərbaycana qarşı” işi üzrə 14 oktyabr 2010-cu il tarixli qərarında (ərizə № 35507/07) qeyd etdi ki, “hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır”. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə bilavasitə nəzərdə tutulmuş öhdəlikdən- icra ilə bağlı hüquqi xidmət xərclərinin ödənilməsi öhdəliyindən yaranmış münasibətlərini bir kənara qoyaraq, iddia tələbinin əsasını “məhkəmə xərcləri” kimi dəyərləndirmişdir. Halbuki, birincisi, iddia tələbi müqavilədən irəli gələn öhdəliyin icrasına məcbur edilmə xarakteri daşıyırdı; ikincisi, hətta iddia tələbinə bu mövqedən yanaşılsa belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyə görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi” sayıldığından, həmçinin bu əsasdan da məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı Bankın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırda iddiaçı iddia edir ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2019-cu il tarixli bank hesabı, debet kartı, kredit kartı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən iddiaçı borcun tutulması üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli, 2(006)-2031/2021 saylı qətnamə qəbul edilmişdir.
29. "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir.
30. Cavabdehin xx.xx.2021-ci il tarixdə ödədiyi 610,13 manat, xx.xx.2022-ci il tarixdə ödədiyi 1.948,97 manat və xx.xx.2022-ci il tarixdə ödədiyi 179,87 manat vəsaitin ödənilməsi "xxxx" MMC-nin vasitəsilə təmin edildiyinə görə iddiaçı tərəfindən həmin MMCyə bu məbləğin 15 faizi, yəni 410,84 manat xidmət haqqı ödənilmişdir.
31. Mülki Məcəllənin 385.1-ci maddəsində öhdəliyə verilmiş anlayışda qeyd olunub: “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə ... xidmətlər göstərməli...”
32. Göründüyü kimi, xidmət göstərilməsi öhdəlik hesab olunur, ona görə də iddiaçı ilə "xxxx" MMC-nin arasında xx.xx.2016-cı il tarixdə “Hüquqi xidmət haqqında” müqavilə bağlanması qanuna uyğundur.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddia 3 səbəbdən əsassızdır.
34. Birinci, xidmət - hərəkətdə ifadə olunur. "xxxx" MMC-nin iddiaçıya göstərdiyi xidmətin konkret olaraq hansı hərəkətdə ifadə olunması iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sübutlardan aydın deyil. İddiaçı iddia edir ki, "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir. Lakin hər hansı orqana hər hansı müraciətin edilməsi barədə sübut iş materiallarında yoxdur.
35. İkinci, xidmət - istənilən hərəkətdə deyil, sifarişçinin tələbatının təmin edilməsi üçün zəruri olan hərəkətdə ifadə olunur. Borcun tutulması barədə qətnamə var, qətnamənin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Qanunun, maddə 2.1). Odur ki, qətnamənin icrası üçün iddiaçının (tələbkarın) "xxxx" MMC-nin xidmətindən istifadə etməsinə tələbatın hansı zərurətdən yaranması təqdim edilən sübutlardan aydın deyil.
36. Üçüncü, 410,84 manat xidmət haqqının iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənildiyini təsdiq edən sübut təqdim edilməyib. Maliyyə arayışı təqdim edilsə də, bu arayış iddiaçının özü tərəfindən tərtib və təsdiq olunub. “Mühasibat uçotu haqqında” Qanunun tələbləri baxımından bir hüquqi şəxs digər hüquqi şəxsə ödəniş edərkən onun əsası, tarixi, miqdarı və s. mühasibat uçot sənədlərində əksini tapmalıdır. Belə sənəd isə iş materiallarında yoxdur.
37. Məhkəmə kоllegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
38. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda iddiaçı “X4 Azərbaycan” QSC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 410,84 (dörd yüz on manat səksən dörd qəpik) manat təşkil edir.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3226/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.