Məhkəmə qərarları › İş №2(103)-5746/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5746/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5746/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5746/2022 (Açar sözlər: istifadə hüququnun itirilməsi) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh və xx.xx.2005-ci il təvəllüdlü X10 ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İş materiallarından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

3. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş aktdan görünür ki, qonşuların iştirakı ilə tərtib edilmiş akta əsasən Cavabdeh və X10 ünvan 1 ünvanında yaşamır.

4. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçının bacısı olan cavabdeh və onun azyaşlı övladı ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, cavabdeh 1990-cı ildən, onun övladı isə doğulduğu tarixdən orada yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və azyaşlı övladı X4 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun doğma bacısıdır və doğulduğu 1974-cü il tarixdən 1990-cı il tarixədək ona məxsus evdə yaşamış və 1990-cı ildən evi tərk etmişdir. Xəzər RİH Başçısının Buzovna qəsəbə İƏDN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh və övladı X10 1990-cı il tarixdən ünvan 1 ünvanında yaşamırlar. Qeyd olunanlara əsasən, cavabdehin və azyaşlı övladı X4 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. O, cavabdehi və övladını 32 ildir orada görmür. İddiaçı uşaqlıqdan həmin ünvanda yaşayır, iki bacısı olub, biri ölüb digəri isə 32 ildir orada yaşamır.

11. Digər şahid X11 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh və onun övladı xx.xx.2005-ci il təvəllüdlü X4 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilməsi, bu qətnamə, Cavabdeh və xx.xx.2005-ci il təvəllüdlü X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçının bacısı olan cavabdeh və onun azyaşlı övladı ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, cavabdeh 1990-cı ildən, onun övladı isə doğulduğu tarixdən orada yaşamır.

14. Məhkəmə öz mövqeyini, 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə, 53-cü maddəsinə, 60 və 87-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh atasından qalan mülkiyyətdən istifadə hüququndan məhrum olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsinin dövlət tərəfindən tanınan və qorunan hüququdur ifadəsidir. X3 qanunsuz sənədlə özünü fərdi yaşayış evinin hüquq sahibi adlandırmış, bacısı - Cavabdeh əmlakın istifadə hüququndan məhrum etmişdir.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il “21” sentyabr tarixli 035-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* N-li arayışa əsasən Bakı Şəhəri, Buzovna Qəs, R.Axundov küç, Dön 10, ev 6 ünvaında X1 xx.xx.1996, Cavabdeh, xx.xx.1974, X8 xx.xx.1994, X10, xx.xx.2005, X2, xx.xx.1991 qeydiyyatdadırlar.Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 228.5-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014 – cü il qərarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

17. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, cavabdeh iddiaçının doğma bacısıdır və doğulduğu 1974-cü il tarixdən 1990-cı il tarixədək ona məxsus evdə yaşamış və 1990-cı ildən evi tərk etmiş, sonra bir müddət gəlib evdə yaşasa da 2003-cü ildə ailə quraraq əşyalarını da götürüb mübahisəli ünvan 1 ünvanından köçmüşdür. Hazırda kirayədə yaşayır.2003-cü ildən hal-hazıra kimi sözügedən evə köçürülmə və sair. hər hansı mübahisə ilə məhkəməyə müraciət etməmişdir. .

19. Məhkəmə kollegiyasının iclası barədə iddiaçı lazımı qaydada xəbərdar edilsə də iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Belə ki, işin araşdırılan hallarından görünür ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının doğma bacısıdır və doğulduğu 1974-cü il tarixdən 1990-cı il tarixədək ona məxsus evdə yaşamış və 1990-cı ildən evi tərk etmiş, sonra bir müddət gəlib evdə yaşasa da 2003-cü ildə ailə quraraq əşyalarını da götürüb mübahisəli ünvan 1 ünvanından köçmüşdür. Xəzər RİH Başçısının Buzovna qəsəbə İƏDN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh və övladı X10 1990-cı il tarixdən ünvan 1 ünvanında yaşamırlar.

35. Məhkəmə kollegiyasının iclasında cavabdeh verilən suallara cavabında bildirmişdir ki, cavabdeh iddiaçının doğma bacısıdır və doğulduğu 1974-cü il tarixdən 1990-cı il tarixədək mübahisəli evdə yaşamış və 1990-cı ildən evi tərk etmiş, sonra bir müddət gəlib evdə yaşasa da 2003-cü ildə ailə quraraq əşyalarını da götürüb mübahisəli ünvan 1 ünvanından köçmüşdür.Hazırda kirayədə yaşayır.2003-cü ildən hal-hazıra kimi sözügedən evə köçürülmə və sair. hər hansı mübahisə ilə məhkəməyə müraciət etməmişdir. .

36. Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri 2009-cu ilədək yarandığından məhkəmə Kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

38. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt, yəni 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

39. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

40. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

41. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini, Cavabdeh iddiaçının ailə üzvü kimi ona məxsus yaşayış sahəsindən istifadə hüququna malik olsa da, lakin 1990-cı ildən evi tərk etməsini, sonra bir müddət gəlib evdə yaşasa da 2003-cü ildə ailə quraraq əşyalarını da götürüb mübahisəli ünvan 1 ünvanından köçərək başqa ünvanda daimi yaşamağa başlamasını, 2003-cü ildən hal-hazıra kimi sözügedən evə köçürülmə və sair. hər hansı mübahisə ilə məhkəməyə müraciət etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

43. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, şahidlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir.

44. Eyni zamanda mübahisəli evin hazırda başqa şəxsin mülkiyyətində olması ilə bağlı da sübutlar iş materiallarında mövcud deyildir.Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19.10.22-ci il tarixli məktubundan görünür ki, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı icra olunmuşdur və mübahisəli evin üzərinə qadağa qoyulmuşdur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar