Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5747/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 2 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandrılması və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra cavabdehin nümayəndəsi icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1191/2022 saylı cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər mülki iş üzrə icraat dayandırılmışdır.
3. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-8080/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-5407/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. 12.11.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
5. 12.03.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili təkrar icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə icraat təzələnmişdir.
6. 03.06.2024-cü il tarixdə isə cavabdehin nümayəndəsi və vəkili icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 1(102)-1413/2024 saylı cinayət işi həll edilənə qədər mülki iş üzrə icraat dayandırılmışdır.
7. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4286/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-89/2024 saylı qərardadı ləğv edilmiş və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
8. Bundan sonra, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qanunsuz hərəkətlərin dayandırılması və s.” tələblərinə 2(001)-89/2024 saylı mülki iş üzrə icraatın Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “müqavilənin ləğvi və qeyri” tələblərinə dair 2(009)-1772/2024 saylı mülki işə baxılana və iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraat Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-1772/2024 saylı mülki iş həll edilənə qədər dayandırılmışdır.
10. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
13. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normasını tətbiq edərkən hazırkı işin halları baxımından düzgün olmayan qənaətə gəlmişdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi”nə dair 25 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.
17. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci hissəsinə görə, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
18. MPM-in 172.1-ci maddəsinə görə, işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində.
19. Hazırkı mülki işdən məlum olur ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur (1-ci cild, i/v 6).
20. Göründüyü kimi hazırkı mülki işə baxılması ilə əlaqədar qanunla müəyyən edilmiş, eləcə də ağlabatan hesab oluna biləcək müddət ötürülmüşdür. Hazırkı halda əlaqəli iş üzrə yekun qərarın qəbulunadək bu işin icraatının dayandırılması iddiaçı üçün ən azından daha il yarım və ya iki ilədək müddətin itirilməsinə səbəb olacaqdır.
21. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı için baxılması ilə bağlı keçən müddətlər nəzərə alındıqda rayon məhkəməsi tərəfindən Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)-1772/2024 saylı mülki iş həll edilənə qədər hazırkı iş üzrə icraatı dayandırmaqla ədalət mühakiməsinin fundamental prinsiplərindən olan işlərə ağlabatan müddətlərdə baxılması kimi prinsip nəzərə alınmamışdır.
22. Belə ki, MPM-in 169.3-cü maddəsinin tələbinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
23. Kollegiya işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə əlaqədar olaraq hesab edir ki, hazırkı halda rayon məhkəməsi mülki iş üzrə icraatı dayandırmaq əvəzinə, MPM-in 169.3-cü maddəsinə uyğun olaraq tərəflərlə birlikdə əlaqəli işlərin birləşdirilməsi məsələsini müzakirə etməklə daha səmərəli vasitədən istifadə edə bilərdi və bu, daha məqsədəmüvafiq olardı.
24. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında»
27. (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
28. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
29. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.