Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-575/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X2 xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar, bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu doğulmuşdur.
2. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) köçərək həmin ünvanda yaşamağa başlamışdır.
3. Mübahisəli mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderi əsasında verilmiş və xx.xx.2010-cu ildə özəlləşdirmə ilə dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır.
4. 84 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 414 saylı arayışına əsasən, iddiaçı mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata düşmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qayınatası, Cavabdeh2 onun qaynanası və digər Cavabdeh3 isə qaynıdır. Gəlin köçdükdən təxminən 2 il sonra mübahisəli mənzildə qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyata düşdüyü vaxt mənzilin orderi olmuş və sonradan ev qaynatasının adına özəlləşdirilmişdir. Həyat yoldaşı ilə münasibətlərinin soyumasından istifadə edən cavabdehlər ona mənzili boşaltmaqla bağlı təzyiqlər etmiş və sonunda azyaşlı övladı ilə birlikdə onu məcburi şəkildə avqust ayının 27- də sözügedən mənzildən çıxarmışlar. O, hal-hazırda övladı ilə valideyninin yanına sığınmaq məcburiyyətində qalmışdır. Övladı məktəblidir, Nizami rayon 251 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özü də həmin rayonda yerləşən Körpələr evində rus dili müəlliməsi vəzifəsində çalışır. Valideyninin evinin dar olmağı, uşağın təhsil aldigi məktəbin və iş yerinin uzaq olması bir sıra çətinliklər yaradır.
7. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddiaya münasibətdə xx.xx.2022-ci il tarixdə ərizə verərək, iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı İddiaçı ondan xəbərsiz, icazəsi olmadan, onunla məsləhətləşmədən doğma atasi Cavabdeh1, anası Cavabdeh2 və qardaşı Cavabdeh3 qarşı mənzilə köçürmə tələbi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddia ərizəsində yazdıqları onun valideynlərinə qarşı şər və böhtandır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil onun atası Cavabdeh1 tam mülkiyyətindədir. Valideynləri və orada yaşayan qardaşı humanizm göstərərək onların tikdirdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 167 ünvanında olan "xxxx" MMC-yə məxsus mənzil hazır olana qədər ailəsi ilə birlikdə atasının mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Hal-hazırda həmin mənzil hazırdır, onlar həmin mənzilə köçmək ərəfəsindədirlər. Lakin onun arvadı İddiaçı anasının diktəsilə ailəyə narazılıq salıb. Narazılığın əsas səbəbi ondan ibarətdir ki, ona məxsus maaş kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pulları çıxardıb, ancaq "xxxx" MMC-yə ödəməyib. O, bunu biləndən sonra arvadına irad bildirmiş, maaş kartını bağlatdırmış, yeni maaş kartı alıb özü krediti ödəməyə davam etmişdir. Bunun səbəbini arvadı İddiaçı soruşanda ona bildirdi ki, pulları maaş kartından çıxardıb anasına vermişdir. Bu söz-söhbət olandan sonra ümumi istifadə etdikləri mənzilin açarının surətini hamıdan xəbərsiz olaraq çıxartmış onlardan xəbəri olmadan evdən çıxıb getmişdir. Atası Cavabdeh1 şəkər xəstəsidir, anası Cavabdeh2 böyrək əməliyyatından sonra bir böyrəyi çıxarılmış, xəstədir, qardaşı Cavabdeh3 otuz iki yaşı var, evlənmək istəyir. Lakin o, öz evi, mənzili ola-ola doğmalarına arvadı İddiaçı ilə birlikdə narahatlıq verirlər. Onun tikdirdiyi “AAAF NŞAAT"MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev pr. 167- də “AAAF-Park" yaşayış massivi 28 saylı küçədə yerləşən 4 saylı binada 57 saylı mənzilləri hazırdır. Arvadı İddiaçı, övladı Cavabdeh1 Səxavət oğlunu götürüb öz mənzilinə köçür. Onun ailəsini saxlamağa imkanı var. Hələ valideyinləri də ona kömək edir. Mənzilinin təmiri müddətində bir müddət kirayədə qalacaq. O, valideynlərinin bu yaşında razı deyil ki, onlar ona və ailəsinə görə əziyyət çəksinlər.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin136 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı 2007-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçsə də, həmin mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991- ci il tarixli orderinə əsasən verildiyindən və bununla bağlı məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ona orderlə verilən ünvan 3 ünvanında yerləşən 136 saylı mənzilə gəlini İddiaçı razılıq əsasında köçürmüş və İddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2007-ci ildən yoldaşı və cavabdehlərlə birgə yaşamışdır. Daha sonra Cavabdeh1 həmin mənzilin xx.xx.2010-cu ildə mülkiyyətçisi olduqdan sonra xx.xx.2010-cu il tarixdə İddiaçı oraya qeydiyyata salmışdır. Hazırda İddiaçı və X2 arasında nikah pozulmamış, onların birbirinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Həmçinin, valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək iddiaçının vəzifəsidir və onun azyaşlı uşağı var. Məhkəmə iclasında İddiaçı və X1 evlərinin hələ hazır olmaması, evə iddiaçının köçərək yaşaması üçün lazımi şəraitin olmaması, yəni evin təmirsiz olması, özünəməxsus başqa yaşayış sahəsinə malik olmaması öz təsdiqini tapmışdır. İş üzrə cavabdehlərin və iddiaçının həyat yoldaşının onların başqa yaşayış yerində kirayə qalacaq imkana malik olmasına dair gətirdikləri dəlillə bağlı məhkəmə bildirir ki, şəxsin kirayə haqqı ödənilməklə müəyyən yerdə yaşaması imkanının olması onun əvəllər istifadə hüququ yaranmaqla yaşadığı mənzilə olan ehtiyacını aradan qaldırmır. Bu hallar, İddiaçı özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsinə və onun mübahisəli mənzilə ehtiyacının aradan qalxmamasına əsas verir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. İddiaçının altı ay və daha uzun müddətə başqa yerə getməsi isə onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İddiaçı ilə birlikdə xx.xx.2008- ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54, 60, 82, 87 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdehlər və üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, X2 ilə birlikdə arvadı İddiaçı və birgə nikahdan olan övladları (yəni Cavabdeh1 nəvəsi) tikdirdikləri mənzil tikilib başa çatana qədər mülkiyyətində olan mənzildə müvəqqəti yaşamaqlarına qayınata icazə vermişdir. Tikdirdikləri mənzilin kredit pulunu "xxxx"MMC-yə iddiaçının əri X2 öz maaş kartı vasitəsilə ödəyirdi. xx.xx.2020-ci il tarixdən Səxavətin maaş kartını İddiaçı alıb krediti özü ödəyəcəyini bildirib. Lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək oğlu Səxavətin maaş kartından pulları çıxarıb, ancaq "xxxx"MMC-yə ödəməyib. Onu əri X2 biləndən sonra arvadında olan maaş kartını bağlatdıraraq yeni maaş kartı alıb. Bundan sonra krediti özü ödəməyə qərar verib. Bütün bu hadisədən sonra İddiaçı dava-dalaş salaraq ailəsində narazılıq yaratmağa başlayıb. Sonra heç kimə demədən mənzilin açarının surətini çıxarıb, onlar evdə olmayanda ona lazım olan nə varsa anasının evinə aparıb. Bunu əri X2 biləndə arvadı İddiaçı irad bildirib. Sonda İddiaçı oğlu Süleymanı da götürərək gizlincə evdən çıxıb gedib. Hal-hazırda İddiaçı əri X2 ayrıca mənzildə yaşayır. Yuxarıda qeyd olunanlardan sonra İddiaçı əri Səxavət Mirzəyev belə qərara gəlib ki, arvadını da götürüb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.167 ünvanında olan mənzillərinə qeydiyyata düşüb yaşasınlar. Bu isə onu göstərir ki, iddiaçının ailəsinin təzə tikilən mənzilləri var.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə iddia tələbi rədd edilmişdir
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci ildə mənzilə köçərkən mənzil mülkiyyətdə olmamış, yalnız 2010-cu ildə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cavabdeh2 şikayəti üzrə 11 iyul 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı zaman qüvvəyə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü sayılmır və belə olan halda onun həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yarana bilər. İşdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2998/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 17.1 Apellyasiya kollegiyası nəzərə almamışdır ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin iddiaçının ailə qurması ilə həmin yaşayış sahəsinə köçdüyü 2007-ci ildə yaranması, həmin vaxt dövlət mülkiyyəti sayılan mənzilin order əsasında cavabdehlərin kirayəsində olması barədə iş materiallarında çox sayda məlumatlar mövcuddur (§ 1-3) 17.2 Bu xarakterli hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi ilə dəqiq şəkildə tənzimlənmişdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (§ 36-37). 17.3 İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. 17.4 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 38-39). 17.5 . Hazırkı işə baxmış birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun qeyd olunan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yarandığını, hazırkı məqamda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olmamasını, bu səbəbdən mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını və onun öz iradəsi ilə daimi olaraq başqa yerə köçməsi sübuta yetirilmədiyi üçün mübahisəli mənzilə münasibətdə yaranmış hüququnun aradan qalxmadığını vurğulamışdır (§ 13, 15). 17.6 Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən xüsusatlara münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə hansı arqumentlərə görə razılaşmadığını lazımi şəkildə əsaslandırmamışdır. 17.7 Halbuki, mübahisəni mahiyyəti üzrə həll edən apellyasiya məhkəməsi işin müəyyən olunmuş faktiki hallarının aidiyyəti (xüsusilə birinci instansiya məhkəməsinin tətbiq etdiyi) maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamalı, aşağı məhkəmədən fərqli bir hüquqi mövqeyə malik olduğu halda öz fikrini ətraflı şəkildə əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. 17.8 Kollegiya onu da qeyd etməyi zəruri bilir ki, ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüquqları qanuni əsaslarla yarandıqdan sonra daşınmaz əşyanın bu hüquqlarla yüklü olduğunu bilərək onu dövlət reyestrində mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirən şəxsin həmin yüklülüyü nəzərə almadan özünün mülkiyyət hüquqlarına istinad etməsi, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbləri ilə uzlaşmır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Təkrar apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına, iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun düzgün əsaslandırmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə şamil edilirlər. Konstitusiyanın bu tələbinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsi də mülki qanunvericiliyin zamana görə qüvvəsinin dairəsini müəyyən edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 3-cü maddəsində qeyd olunur ki, məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosesual qanuna əsasən aparılır. Mülki prosesual Qanunvericilik isə diktə edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu imperativ norma Mülki Prosesual Məcəllənin 217-ci maddəsində öz əksini tapmışdır. Belə ki, həmin maddənin 217.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılması zamanı qüvvədə olan prosesual hüquq normalarına uyğun əsaslandırılmalıdır. Apellyator nəzərə almamışdır ki, mübahisə predmeti olan mənzillə bağlı onların arasında hüquq münasibətləri onun 2007-ci ildə ailə quraraq həmin mənzilə köçməyimlə əlaqədar yaranmışdır. Belə ki, həmin vaxt dövlət mülkiyyəti sayılan mənzilin order əsasında cavabdehlərin kirayəsində olması barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən daxil olmuş mötəbər dəlillər var. Onun iddia tələbi üzrə hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi ilə dəqiq şəkildə tənzimlənmişdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. Hazırkı işə baxmış birinci instansiya məhkəməsi onun mübahisəli mənzildən istifadə etmək hüququnun qeyd olunan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yarandığını, hazırkı məqamda onun azyaşlı övladı ilə mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olmamağını, bu səbəbdən mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını və onun öz iradəsi ilə daimi olaraq başqa yerə köçməyi sübuta yetirilmədiyi üçün mübahisəli mənzilə münasibətdə yaranmış hüququnun aradan qalxmadığını düzgün olaraq vurğulamışdır. Qeyd olunanlardan əlavə Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Apellyasiya şikayətindən isə görünür ki, Cavabdeh1 və digərlərinin tələbləri bu maddi hüquq normasının tələbinə ziddir.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, AAF İnşaat ilə müqavilə olub, amma ödənişlər vaxtlı-vaxtında olmadığına görə mənzil başqa şəxsə satılmışdır. O nümayəndə ilə danışıb, təsdiqlədi ki,başqa adama satılıb,nə qədər ödəniş olunubsa da məbləğ onlardadır.Yəni, mənzil mövcud deyil. Mülki Prosesual Məcəllənin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Keçmiş Mənzil Məcəlləsinin 53-54-cü maddəsinə əsasən orderli ev olmuşdur. 2022-ci ilin avqust ayına qədər iddiaçı mənzildə yaşamışdır. Apellyasiya şikayəti təmin edilməməsini xahiş edir. Tərəf boşanmamışdır. İddiaçı hazırda kirayədə qalır.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası baxmayaraq digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı Mirzəyev ilə X2 xx.xx.2007-ci il tarixdə nikah bağlamış, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilə köçərək orada yaşamağa başlamışdır. Sözügedən mənzil iddiaçının qaynatasına - Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nörməli, xx.xx.1991-ci il tarixli orderi əsasında verilmiş və sonradan xx.xx.2010-cu ildə Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
28. İddiaçı hazırkı iddiasında mübahisəli mənzildə yaşamasına cavabdehlər tərəfindən maneə yaradıldığına istinad edərək oğlu Cavabdeh1 Səxavət oğlu ilə birlikdə sözügedən mənzilə köçürülməsini xahiş edir.
29. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində qeyd edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
30. Tərəflər arasında mövcud olan münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
32. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır.
33. Hazırkı halda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir.
34. Apellyasiya şikayətin dəlili olaraq qeyd olunur ki, iddiaçının əri X2 ilə "xxxx" MMC arasında mənzil alğı-satqısı ilə bağlı 13 may 2015-ci il tarixli müqavilə imzalanmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin təhvil verilməsi və təmir olunması ilə bağlı halların aydınlaşdırılması üçün məhkəmə iclası təxirə salınmış, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.
36. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirir ki, AAAF İnşaat ilə müqavilə bağlansa da ödənişlər vaxtıvaxtında olmadığına görə mənzil başqa şəxsə satılmışdır.
37. İddiaçı xx.xx.2008- ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməsi tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev