Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5751/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin ləyaqətsiz vərəsə elan olunaraq vərəsəlik hüququndan məhrum edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, övladı olan cavabdehin ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzil (bundan sonra – mənzil) iddiaçının mülkiyyətindədir və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata müvafiq qeydiyyat aparılmışdır. Həmin mənzildə cavabdeh formal olaraq müvəqqəti qeydiyyatdadır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə törədir. Bir müddət öncə cavabdeh yaşadığı ünvanı tərk edərək iddiaçıya məxsus mənzildə himayəsinə sığınmışdır. Lakin hazırda iddiaçı, cavabdehlə münaqişə vəziyyətində yaşayır. Belə ki, cavabdeh, özünü nalayiq aparmaqla təhqiramiz ifadələr işlədir. İddiaçıya məxsus mənzildə birgə yaşayış üçün dözülməz şərait yaradır. Buna misal olaraq qeyd olar ki, xx.xx.2022-ci il tarixdə onların arasında növbəti dəfə münaqişə yaranmış və iddiaçı, polis orqanına müraciət edərək cavabdehin qanuna zidd hərəkətləri barədə məlumat vermək məcburiyyətində qalmışdır. Faktla bağlı müvafiq araşdırma aparılmış və cavabdeh, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə olunmuşdur. Daha sonra Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materiallının icraatına xitam verilməsi qərara alınmışdır. Belə ki, iddiaçı, zərərçəkmiş şəxs olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs olan cavabdehi bağışlamışdır. Hazırda iddiaçı, cavabdehin yol verdiyi bu hərəkətlərə görə onun ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı içki aludəçisidir. İçki içir evə gəlib cavabdehi və cavabdehin arvadını təhqir edir. Qeyri-qanuni işlər görür. İddiaçı, məhkəmə qərarı olmadan cavabdehi mənzildən qeydiyyatdan qanunsuz olaraq çıxarmışdır. Hal-hazırda cavabdeh kirayədə yaşayır, lakin cavabdehin iddiaçıdan və mənzildən uzaq olmasına baxmayaraq, iddiaçı yenə də cavabdehi rahat buraxmayaraq məhkəməyə vermişdir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi öz iddiasının əsaslılığını təsdiq edən müvafiq sübutları məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
8. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iddia ərizəsində göstərilən ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata müvafiq qeydiyyat aparılmışdır. İş üzrə cavabdehin iddiaçının övladı olmaqla həmin mənzildə yaşayış yeri üzrə müvəqqəti qeydiyyatdadır. Bu hal Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 62 nömrəli arayışla təsdiq olunur.
12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Cinayət təqibinin başlanmasına əsas cavabdehin öz atası olan iddiaçının sağlamlığına qəsdən yüngül zərər vurması faktı olmuşdur. İş üzrə icraata xitam verilməsinə əsas isə iddiaçı ilə cavabdehin barışması olmuşdur.
13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə əsas onun tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmaması əsas olmuşdur. Qərardan həmçinin görünür ki, cavabdehin Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə dəvət olunması üçün əsas hazırki iş üzrə iddiaçının cavabdeh tərəfindən döyülməsi barədə polisə verdiyi məlumat olmuşdur.
14. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında mübahisələr baş vermiş və cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə tərəflər arasında tez-tez mübahisələr baş verir və bu səbəbdən iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsini xahiş edir.
15. İşin hallarını nəzərə alan məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin (maddə 1137.). Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir (maddə 1139.). Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür (maddə 1203.1.). Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər (maddə 1203.2.). Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir (maddə 1203.3.).
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
17. Yuxarıda qeyd olunmuş maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin Plenumunun qərarından görünür ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün qeyd olunan hərəkətlər miras qoyanın vəfatından sonra törədilən zaman mübahisələndirilə bilər və bu zaman Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsinin əsasları mövcud olmalıdır.
18. Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən edərək haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. g) apellyasiyanın nəticəsi
19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.