Məhkəmə qərarları › İş №2(103)-5756/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5756/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5756/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), x9 və x4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 və onun vəkili-nümayəndəsi x1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair, eyni zamanda iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(003)-279/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, sahə 159da inşa olunmuş özbaşına tikili olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra isəMülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və övladları 30.08.2010-ci il təvəllüdlü x10 və 14.06.2012-ci il təvəllüdlü x3 ona məxsus Bakı şəhəri Əzizbəyov rayonu, Binə qəsəbəsi, 159a saylı ünvanda yerləşən torpaq sahəsindən və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və mənzildən çıxarılma tələbinə dair mülk işin, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 10.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 30.08.2010-cu il təvəllüdlü x10 və 14.06.2012-ci il təvəllüdlü x8 doğulmuşdur. Tərəflər nikaha daxil olduqları 2009-cu il tarixdən hal- hazıradək olan 10 il müddətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, sahə 159 ünvanında olan 5 otaqlı özbaşına tikili olan evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Hazırda isə Cavabdeh1 ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırdığına görə evdə yaşamağına maneələr yaradaraq onu evə buraxmır. Onun başqa yaşayış yeri yoxdur. Həmin özbaşına tikili olan ev 1 sot torpaq sahəsində olmaqla 5 otaqdan ibarətdir. Evin 1 otağı gəlin gəldiyi gündən onun istifadəsində olmuşdur. Əşyaları həmin evdədir. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamışdır və onun da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. İddia ərizəsinə əlavə olunan Binə qəsəbə nümayəndiliyin 25.10.2019-cu il tarixli arayışından görünür ki, o, həmin evdə yaşayır. Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 ilə x5 10.10.2009cu il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan 30.08.2010-cu il təvəllüdlü x10 və 14.06.2012-ci il təvəllüdlü x8 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra da keçmiş gəlini İddiaçı ona məxsus torpaq sahəsində tikdirdiyi evdə yaşamağa davam edir. Münasibətləri tamamilə pozulduğundan onların bir evdə yaşamaları qeyri mümkündür. Cavabdeh hər gün onunla mübahisə edir və ondan polisə şikayət edir. Cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada mübahisəli mülkdə istifadə hüququ və ya başqa hər hansı bir hüququ əsasları yoxdur, ona görə də cavabdehin həmin mənzildən çıxarılması tələbində haqlıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(003)-279/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, sahə 159-da inşa olunmuş özbaşına tikili olan evə köçürülməsi barədə iddiası təmin edilməmiş, Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı (övladları 30.08.2010-ci il təvəllüdlü x10 və 14.06.2012-ci il təvəllüdlü x8 ilə birlikdə) Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, 159a saylı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılmaları qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının təmin edilməməsi xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh2 həmçinin göstərdi ki, torpaq sahəsini 2008-ci ildə o alıb, həmin vaxtdan evin tikintisinə başlanmış və evi öz maddi vəsaiti hesabına tikmişdir. İddiaçı ilə oğlu Cavabdeh1 nikaha daxil olduqdan sonra bir müddət Şamaxı rayonunda yaşamış, 2011-ci ildə hazırki evə köçmüşlər, məhkəmənin qətnaməsi qəbul edildikdən sonra isə iddiaçı özünə məxsus əşyalarını da götürərək evdən çıxıb getmişdir. Hazırda oğlu Cavabdeh1 də həmin evdə yaşamır. Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, göstərdi ki, torpaq sahəsi atasının maddi vəsaiti hesabına alınmış, evin tikintisinin bütün xərclərini də atası qarşılamışdır. İddiaçı ilə aralarında olan söz-söhbətlərə görə o da atasının evində yaşamır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3507/2019 saylı 07.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 30.08.2010-cu il təvəllüdlü x10 və 14.06.2012-ci il təvəllüdlü x3 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. 02.08.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı x2 Bakı şəhəri Əzizbəyov rayonu, Binə qəsəbəsində yerləşən 159 saylı 0.0249 ha torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi 159a saylı sahədə yerləşən t/s bir hissəsi Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə tərəfindən işin mübahisələndirilməyən halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1lə ilə 2009-cu il tarixdə nikaha girərək Cavabdeh2 məxsus torpaq sahəsində tikilmiş mübahisəli evdə yaşamışdır. 2019-cu il tarixdə isə nikahları pozulmuşdur.Tərəflərin arasındakı mübahisə özbaşına tikinti obyekti ilə bağlıdır. Həmin tikili yaşayış sahəsi kimi istifadə olunur. Özbaşına tikinti obyekti hal-hazırda Cavabdeh2 sahibliyindədir. Müəyyən olunur ki, iddiaçı özbaşına tikilidə əri ilə birlikdə müəyyən müddət yaşamışdır və hazırda da İddiaçı orada yaşamaqdadır. Cavabdehlər də bunu inkar etməmişlər. Apellyasiya baxışı zamanı cavabdehlərin izahatından müəyyən edilmişdir ki, İddiaçı hazırda mübahisəli evdə yaşamır, qətnamə qəbul edildikdən sonra əşyalarını da götürərək evdən çıxıb getmişdir. Hazırki iddia ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, sahə 159-da inşa olunmuş özbaşına tikili olan evə köçürülməsini tələb edir. Cavabdeh2 isə hazırda münasibət pozulduğundan öz mülkiyyətində olan torpaq sahəsindən, həmçinin həmin torpaqda tikilmiş mübahisəli evdən İddiaçı çıxarılmasını tələb edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı uşaqları ilə birlikdə hazırda da həmin evdə yaşayır, iddiasında köçürülməsini xahiş etsə də, faktiki olaraq oradan çıxarılmadığı işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə iddia tələbinin hüquqi əsası yoxdur. Əlavə olaraq məhkəmədə İddiaçı mübahisəli evdə normal şərtlər daxilində bərabərlik prinsipinə uyğun yaşamış olması və buna görə də bundan sonra da mütləq şəkildə yaşamalı olması onun oradan çıxarılmasının qanunsuz olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal onun həmin evdə daimi olaraq yaşamalı olması üçün əsas ola bilməz. Belə ki, Cavabdeh2 mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaqla orada hər hansı tikilini tikmək üçün hüquqi əsası var və mülkiyyətində olan torpaq sahəsindən və tərəfindən tikilmiş tikilidən digər şəxsin çıxarılmasını tələb etməkdə haqlıdır. Tikintinin hazırda torpaqla birlikdə dövlət qeydiyyatına alınmaması qarşılıqlı iddiaçının mülkiyyətində olan torpaq sahəsində və orada tərəfindən inşa edilmiş və sahibliyində olan evdə digər şəxsin sahibinin iradəsi ziddinə orada yaşamasını təmin etmək qanuni və əsaslı hesab edilə bilməz və torpaq sahəsinin mülkiyyətçisi kimi onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Hazırkı mübahisə isə həmin torpaq sahəsində olan tikili ilə bağlıdır. Mülki Məcəllənin 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Hazırki mübahisə predmeti olan tikili Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindədir və Cavabdeh2 mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaqla orada hər hansı tikilini tikmək üçün hüquqi əsası vardır. Qeyd edilənlər ona dəlalət edir ki, sözügedən tikili özbaşına tikili olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh2 adına rəsmiləşdirilə bilər. Bu baxımdan sonuncunun həmin evə olan hüquqları əmlak hüquqları hesab olunur. Mülki Məcəllənin 180.1-ci və 180.3-cü maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mübahisəli tikili hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün onun həmin tikiliyə qanuni əmlak hüquqları vardır. Tikili, onun qanuni sahibliyində və istifadəsində olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdirlər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. x11 Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Sadalananlara əsasən Kollegiya hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən və məhz həmin sahədə inşa etdiyi yaşayış evindən iddiaçının çıxarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda isə, İddiaçı hazırda mübahisəli yaşayış evindən istifadə edib-etməməsindən asılı olmayaraq, ilk iddianın təmin edilməsi mümkün deyildir. Kollegiya onu da nəzərə alır ki, iddiaçı Cavabdeh2 ailə üzvü olmamışdır, sonuncunun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. İddia tələbi əsassızdır, İddiaçı apellyasiya şikayətində hər hansı konkret dəlillərə əsaslanmamış, fikrini ümumi sözlərlə ifadə etmişdir. Apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-279/2020 saylı iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar