Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5756/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı MTK-nın vəkili Ağaveys Şahverdinin, Cavabdeh6, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh6 qarşı “köhnə mənzilin sökülməsi, yeni təmirli mənzil verilməsi, kirayə haqqının ödənilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1434/2023 nömrəli qətnaməsindən Cavabdeh6 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehə məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev № 8-də yerləşən, sahəsi 42,0 kv.m olan 21 №-li mənzilin sökülməsi, əvəzində cavabdehə həmin ərazidə iddiaçının yeni inşa etdiyi binada söküləcək mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməsi, yeni mənzil təhvil verilənədək kirayə xərcinin ödənilməsi üçün cavabdehə iddaçının hesabına hər ay 450 manat ödənilməsi və söküləcək mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilsin. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin mənzil sökülərək əvəzində cavabdehə Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə, iddiaçının yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək cavabdehin müvəqqəti yaşayacağı mənzilə görə iddiaçı tərəfindən cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdeh həmin mənzildən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın Məhkəmə iclasında iştirak edən Cavabdeh6, cavabdehin onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı MTK-nın vəkili Ağaveys Şahverdi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Bakı şəhər İHB-nin xx.xx.2021-ci il tarixli 208 nömrəli sərəncamı ilə Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə 2,38 ha torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün iddiaçının istifadəsinə verilib (iş v. 6). Daha sonra Bakı şəhər İH ilə iddiaçının arasında həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarxli 1664 nömrəli icarə müqaviləsi bağlanıb (iş v. 7). xx.xx.2022-ci ildə iddiaçıya yaşayış binalarının tikintisinə icazə verilib (iş v.11). Nizami rayonu, Azər Manafov küçəsi, ev № 8-də yerləşən, sahəsi 42,0 kv.m olan 21 №-li mənzil üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2023-cü ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Bu mənzilin yerləşdiyi üç mərtəbəli yaşayış binası (ev № 8) həmin torpaq sahəsində yerləşir. Bina ötən əsrdə tikilib, istismar müddəti bitib, müasir tələblərə cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. O cümlədən, "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Odur ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi köhnə binanın sökülməsi, bunun əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında daha artıq sahəsi olan təmirli mənzilin ona verilməsi, yeni mənzil təhvil verilənədək kirayə xərcinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya icraatı zamanı iddiaçı ərizə verərək yeni binada cavabdehə verilməli olan mənzilin sahəsinin artırmış, ona 76,13 kv.m sahəsi olan mənzil təklif etmiş, habelə aylıq kirayə xərcinin ödənilməsi üçün təklif olunan ödənişin məbləğini 450 manatdan 500 manata qaldırmışdır. Bu ərizə iddianın dəyişdirilməsi hesab olnmur, çünki təklif olunan mənzilin sahəsi və kirayə xərcinin məbləği iddianın strukturuna daxil deyil. Bundan başqa, iddia ərizəsindəki təklifin bu formada dəyişdirilməsi apellyasiya şikayəti vemiş şəxsin (cavabdehin) maraqlarına zidd deyil. Belə ki, iddia ərizəsində cavabdehə köhnə mənzilin sahəsindən (42 kv.m-dən) 20 faiz artıq sahəyə malik yeni və təmirli mənzil təklif olunurdusa, hazırda köhnə mənzilin sahəsindən (42 kv.m-dən) 81,2 faiz artıq sahəyə (76,13 kv.m) malik yeni və təmirli mənzil təklif olunur. Ona görə də iddia ərizəsindəki təklifin apellyasiya icraatı zamanı dəyişdirilməsi mümkün sayılmışdır. Lakin cavabdeh bu təkliflə də razı olmamışdır. Cavabdehin izahatından müəyyən olunur ki, köhnə mənzilin sökülməsinə o şərtlə razı ola bilər ki, ona dərhal yeni və təmirli mənzil verilsin, o cümlədən söküləcək binanın yaxınlığında yerləşən, ona məxsus köşk və qaraja görə də əvəz verilsin. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiada köşk və qaraj barədə tələb irəli sürülməyib, ona görə məhkəmə köşk və qarajın sökülməsini və bunlara görə iddiaçı tərəfindən cavabdehə əvəz verilməsin qət edə bilməz. Cavabdehə dərhal yeni və təmirli mənzil verilməsi isə iddiaçının təklifindən asılıdır. İddiaçı bildirmişdir ki, sərəncamında boş mənzil olmadığına görə cavabdehə dərhal yeni mənzil verilməsi imkan xaricindədir. Bundan başqa, müəyyən olunur ki, həmin binada yaşayan digər sakinlərlə iddiaçının arasında müvafiq razılıq əldə olunub, cavabdeh iddiaçı ilə razılığa gəlməyən yeganə sakindir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, lakin apellyasiya icraatı zamanı verilmiş yeni təklif nəzərə alınmaqla qətnamə təklif olunan yeni mənzilin sahəsinə və kirayə xərcinə görə ödənişin məbləğinə aid hissədə dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 1434/2023 nömrəli qətnaməsi könnə mənzilin əvəzində veriləcək yeni mənzilin sahəsinə və kirayə xərcinin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh6 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev № 8-də yerləşən, sahəsi 42,0 kv.m olan 21 №-li mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa ediləcək 2 №-li binanın C blokunun (1-ci giriş) 2-ci mərtəbəsindəki 76,13 kv.m sahəsi olan iki otaqlı 2 №-li mənzil təmirli vəziyyətdə İddiaçı MTK tərəfindən Cavabdeh6 verilsin. Yeni mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh6 kirayə xərcinə görə hər ay 500 manat ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5756/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5756/2023
27.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver