Məhkəmə qərarları › İş №2(103)-5757/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5757/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5757/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı4, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xətai rayon X9 tərəfindən verilmiş 033503 saylı, xx.xx.2000-ci il tarixli orderə əsasən Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və onun ailə üzvlərinə (Cavabdeh2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, İddiaçı3, İddiaçı4) Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllədə yerləşən 14 saylı evin 17 nömrəli 5 otaqlı mənzili verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, 17 nömrəli mənzildə pasport qeydiyyatındadırlar.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onların ünvan 1 ünvanı: ünvan 2 və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, X9 tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 033503 nömrəli order əsasında Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və onun ailə üzvlərinə Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14 ünvanında yerləşən 17 nömrəli mənzil verilmişdir. Mənzil verildikdən sonra onlar mənzilə qeydiyyata düşmüşdülər və hazırda həmin mənzildə qeydiyyatdadırlar. Bir müddət əvvəl mənzilin ünvanında dəyişiklik edilmiş və mənzilin hazırkı ünvanı ünvan 3 Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14, mənzil 17 ünvanı ilə ünvan 4zil verildikdən sonra cavabdehlər onlara mənzilə köçməyə imkan verməmişdirlər. Onlar mübahisənin məhkəmədənkənar həlli ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsələr də, buna nail ola bilməmişlər. İşin müəyyən olunmuş həqiqi hallarından məlum olur ki, Cavabdeh1 ailə üzvlərinin sayı çox olduğu üçün ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ona 5 otaqdan ibarət mənzil verilmişdir. Həmin ailə üzvlərinin arasında onların da olduqları üçün mənzilin verilməsi üçün əsas olan sənəddə, orderdə onların da adları göstərilmişdir. Ona görə də onların həmin mənzilə istifadə hüququ və gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, ünvan 5 ünvanı: ünvan 6anınmış və onlar həmin mənzilə köçürülmüşdülər. (hakim X3)

5. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə 1997-ci ilin yanvar ayından yaşadığından hazırki mübahisənin həlli əvvəlki Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Məhkəmə işin faktiki hallarına, işdə olan sübutlara və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları tanınmalı və onlar mənzilə köçürülməlidirlər.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsin 53-cü, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilir ki, tərəflər ailə kimi birlikdə yaşamışlar, lakin son 1-2 ildə münasibətləri pozulmuşdur. Belə olan halda tərəflər arasındakı münasibətlər heç də 2000-ci ilin sentyabr ayınadək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun deyil, 2000-cü ilin sentyabr ayından sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Ümumiyyətlə isə qəntamədə tərəflərin nə vaxt mübahisəli mənzildə yaşayıb-yaşamamaları, onlar arasında mübahisəli hüquq münasibətinin nə zaman yaranması aydınlaşdırılmamışdır. Materiallardan iddiaçıların 2000-ci ilin may ayında mübahisəli mənzil verilən andan harada yaşamaları, əgər mübahisəli mənzildə yaşamışlarsa, nə vaxt oradan çıxarılmaları və niyə 2024-cü ildə məhkəməyə müraciət etmələri müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə apellyasiya şikayətinə etiraz (ərizə) təqdim edərək qeyd etmişdirlər ki, mübahisəli evdə qeydiyyatdadırlar və orderdə də adları var. Lakin buna baxmayaraq cavabdehlər tərəfindən onların istifadə hüququna maneələr yaradılır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

11. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayəti ilə bağlı qeydlərin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında İddiaçı4 apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi məlumata uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Covid-19 xəstəliyinə yoluxduqları və mübahisəli mənzilə yuxarıda yerləşən mənzildən su axıdılan dövr istisna olmaqla 2024-cü ilin mart ayına kimi (yəni sonuncu ay fevral) həmin mənzildə yaşamışlar, həmin mənzili yalnız 2024-cü ilin fevral ayında tərk etmişdilər. Belə ki, cavabdehlər onları həmin mənzildən çıxartmış və mənzilə buraxmamışdır. Bu səbəbdən də məcbur olub hazırki iddianı qaldırmışdılar. Göstərilənləri nəzərə alınmasını və apellyasiya şikayətini təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh3 iddiaçıların mübahisəli mənzildə yaşamadıqlarını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahidlər X7 və X6 məhkəməyə verdikləri ifadələrində cavabdehlərin qonşusu (eyni blok və qonşu blok) olduqlarını, lakin məhkəmə iclasında iştirak edən İddiaçı4, habelə Cavabdeh1 oğlu olan İddiaçı1 tanımadıqlarını bildirmişdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı2, İddiaçı3, İddiaçı5 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

17. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməyərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar və cavabdehlər qohumdur. Belə ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azad qızının oğlu, Cavabdeh3 isə qardaşıdır. Digər iddiaçılar isə onun arvadı (İddiaçı2) və uşaqlarıdır. Xətai rayon X9 tərəfindən verilmiş 033503 saylı, xx.xx.2000-ci il tarixli orderə əsasən Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və onun ailə üzvlərinə (xx.xx.2004-cü il təvəllüdlü X15 istisna olmaqla, bütün digər iddiaçılar və cavabdehlər) Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllədə yerləşən 14 saylı evin 17 nömrəli 5 otaqlı mənzili (hazırda Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, mənzil 17) verilmişdir.

26. Hazırda iddiaçılar həmin 5 otaqlı mənzilin məhz ailə tərkibi nəzərə alınmaqla onlara verildiyini, adlarının mənzilin verilməsinə əsas olmuş orderdə qeyd edildiyini, həmin mənzildə yaşadıqlarını, lakin hazırda cavabdehlər tərəfindən onların məzildə yaşamaqlarına şərait yaradılmadığını, mənzilə buraxılmadıqlarını iddia edirlər və istifadə hüquqlarının tanınmasını və mənzilə köçürülmələrini tələb edirlər.

27. Cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 iddiaçıların həmin mənzildə yaşamadıqlarını bildirir və iddianın rədd edilməsini tələb edir.

28. Bununla belə, tərəflər arasında həmin mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər yaranmışdırsa da, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

29. Məhkəmə kollegiyası həmin Məcəllənin bu sahəni tənzimləyən yuxarıda göstərilən müddəalarına istinadən qeyd edir ki, order verilən zaman mübahisəli mənzilin icarədarı məhz Cavabdeh1 olmuş (hazırda da bu şəxsdir) və İddiaçı1 da onun ailə üzvü olmuşdur. İddiaçıların qeyd edilən orderdə ailə tərkibi kimi göstərilməsi onların bu mənzilə köçüb icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmaq hüququnu yaratmışdır. Bu baxımdan iddiaçıların, o cümlədən orderdə barəsində hər hansı məlumat olmayan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı5 mənzil icarədara verildikdən sonra orada yaşaması artıq onların mənzildən istifadə hüququnu yaratmış olur və onların müvvəqəti olaraq (hər hansı səbəbdən) başqa yerə getmələri bu hüququn itirilmiş hesab edilməsi üçün əsas deyil. Qeyd edilənlər öz növbəsində iddiaçıların mənzildən istifadə hüquqlarının tanınmasına (artıq mövcud olması səbəbindən) olan hüquqi zərurəti aradan qaldırmış olur və bu huquqlarının maneəsiz şəkildə həyata keçirilməsi üçün onların mənzilə köçürülməsini şərtləndirir.

30. Lakin iddiaçıların bu mənzilə nə vaxt köçmələrini, orada hansı müddət ərzində yaşamaqlarını, hansı şəraitdə və səbəblərə görə mənzili tərk etmələrini müəyyən etmək olmur. Belə ki, iddiaçılar bununla bağlı ziddiyyətli izahatlar vermiş, hətta fərqli faktiki əsasdan çıxış edərək, tam fərqli hallara istinad etmişdilər. Nəticə etibarı ilə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsində işin faktiki əsasını dəyişmişdir ki, bu da yolverilməzdir.

31. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçılar iddia ərizəsində mənzilin onlara verilməsindən sonra cavabdehlərin onlara mənzilə köçməyə imkan vermədiklərini, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabehlərə dəfələrlə müraciət etsələr də, buna nail ola bilmədiklərini qeyd edirlər. Lakin bu münasibətlərin təfərrüatları barədə hər hansı məlumat vermirlər. Başqa sözlə, cavabdehlər nəticə etibarı ilə mənzilin iddiaçıya təhvil verildiyi tarixdən hazırki iddianın qaldırılması tarixinədək (yəni heç vaxt) bu mənzildə yaşamadıqlarını etiraf etmişlər.

32. İşə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəflərin əvvəllər ailə kimi birlikdə yaşadıqlarını, lakin son 1-2 ildir ki, cavabdehlərin iddiaçıların mənzilə köçmələrinə şərait yaratmadıqlarını bildirmişdir. Halbuki, bir illə iki il arasında 365 gün mövcuddur.

33. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə İddiaçı4 2024-cü ilin fevral ayında cavabdehlər tərəfindən həmin mənzildən çıxarıldıqlarını və bundan sonra mənzilə buraxılmadıqlarını göstərmiş, eyni zamanda, həm onun tərəfindən təqdim edilmiş məlumatda, həm də İddiaçı1 vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayətinə münasibətdə verilmiş qeydlərdə iddiaçıların Covid-19 virusuna yoluxmaları və mənzilə yuxarıda yerləşən mənzildən su axıdılması səbəbi ilə iddiaçıların mənzili müəyyən müddətə tərk etdikləri göstərilmişdir. Lakin iddia ərizəsində və birinci instansiya məhkəməsində bu barədə hər hansı fikir söylənilməmişdir. Halbuki, bu hadisələrin apellyasiya instansiya məhkəməsindəki icraat zamanı belə geniş təsvir edilməsi və qabardılması birmənalı şəkildə onlar barədə birinci instansiya məhkəməsində də məlumat verilməsini qaçılmaz etməli idi.

34. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu məlumatın və qeydlərin təsdiqi olaraq da hər hansı sübut təqdim edilmir. Nəticə etibarı ilə tarixlər və davam etmə müddətləri ilə bağlı hər hansı dəqiq məlumat verilmir. Ümumiyyətlə İddiaçı4 tərəfindən verilmiş məlumatda əks olunan hadisələr biri digərini tamamlamır və biri biri ilə uzlaşmır. Hər bir halda, uzun illər ərzində həmin ünvanda yaşamış iddiaçılar tərəfindən təqdim edilmiş məlumatlar fraqmentlərdən ibarət olmamalı və hər hansı təsdiqi olmayan hadisələri əhatə etməməlidir.

35. Məhkəmə kollegiyası iddiaçılarla bağlı o halı da qeyd edir ki, söhbət - uşaqları da yetkinlik yaşına çatmış 5 nəfər üzvü olan ailədən gedir. Bu şəxslərin istifadəsində hər birinə aid olan şəxsi, habelə ailənin ümumi istifadəsində olan mebel, məişət və sair əşyalar var. Lakin mübahisəli mənzildə bu şəxslərə aid hər hansı əşyanın (ilk tələbat, gündəlik istifadə və sair) olduğu da müəyyən edilmir. Halbuki, həmin mənzildə uzun müddət yaşamış və fərq etməz 2 il əvvəl və ya 2024-cü ilin fevral ayından bu mənzildə iradəsinə zidd olaraq yaşamayan iddiaçıların əşyalarının həmin mənzildə olması ehtimal olunmalı və ya əşyaların onlar tərəfindən məcburi çıxarılmasını təsdiq edən sübutlar olmalıdır. Lakin bununla bağlı da hər hansı fikir söylənilmir, sübutlar isə təqdim edilmir. Apellyasiya şikayəti ilə bağlı qeydlərdə isə hazırda iddiaçılara məxsus olan 4 dəst yorganın, 6 ədəd yastığın, 4 ədəd ədyalın, dəsmalların, 2 ədəd xalcanın, 6 ədəd masasız stulun, paltar şkafının, 2 ədəd tumbanın, termonun və İddiaçı3 velosipedinin olduğu göstərilir. Lakin şəxsi istifadədə olan, habelə ən azı məişət əşyalarının hansı şəraitdə bu mənzildən çıxarılması məsələsinə hər hansı münasibət bildirilmir. Belə çıxır ki, bu ailənin nə televizoru, nə soyuducusu, nə paltar yuyan maşını, nə tozsoranı, nə fəsilə uyğun geyimi mövcud deyil. İddiaçıların təqdim etdiyi fotoşəkillərdə isə hazırda 20-25 yaşı olan iddiaçıların 3-5 yaşı var. Başqa sözlə, sonuncu şəkillər 2000-ci ilin əvvəllərinə təsadüf edir.

36. Bununla belə, iddiaçıların nə 2024-cü iin fevral ayına kimi, nə 1-2 il bundan əvvəllə kimi, nə də ki, bu tarixdən əvvəl mübahisəli mənzildə yaşaması və cavabdehlərlə birgə təsərrüfat aparması müəyyən edilmir. İddiaçıların bununla bağlı məlumatları hər hansı dəqiqliyə malik deyil, sübuta söykənmir və öz təsdiqini tapmır.

37. Məhkəmə kollegiyası da göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun tanınması və onların mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud deyil. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.

38. Məhkəmə kollegiyası iddiaçıların orderdə qeyd edilmələrini nəzərə alıb, onların order verilən zaman belə bir hüquq sahibi olduqlarını, hətta həmin vaxt bir müddət bu mənzildə yaşamaqlarını da istisna etmir. Lakin iddiaçıların uzun illərdir ki, bu mənzildə yaşadıqları deyil, əksinə yaşamadıqları müəyyən edilir. Başqa sözlə, əvvəllər belə bir hüquqları olmuşdursa da (yaranmışdırsa da), uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü (iddia yalnız 2024-cü ilin fevral ayında qaldırılmışdır) istifadə edilməməsi nəticəsində onlar bu hüquqlarını itirmişdilər (bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır.). Belə olan halda da onların bu hüququnun hazırda bərpa edilməsi üçün də hər hansı hüquqi əsas yoxdur.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə səhv qiymət verərək və hüquq normalarını düzgün tətbiq etməyərək, iddianın təmin olunması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1a aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar