Məhkəmə qərarları › İş №2(103)-5761/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5761/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5761/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə övladı ilə birlikdə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2254/2022 saylı işi üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı onun Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev ev 35A saylı binanın 6-cı mərtəbəsində yerləşən 30 saylı mənzilə övladı xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə köçürülməsinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2254/2022 saylı işi üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respulikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi; Mülki Prosessual Məcəllənin 77.1,119.1; Mənzil Məcəlləsinin 30.1,30.2,30.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadən) təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir:Tərəflər arasındakı nikah 2014-cü ildə bağlanmış və hal-hazırda nikahları pozulmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 30, mənzil 35 A xx.xx.2021-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir; xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən binanın "A” bloku, 6-cı yaşayış mərtəbəsi, ümumi sahəsi 106,5 kv.m. olan 3 otaqlı 35A saylı mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir (iş səh.45,53,55). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2254/2022 saylı işi üzrə 23 iyun 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 35 A saylı mənzilə övladı ilə birlikdə köçürülməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.2, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, cavabdehlə 30 aprel 2014-cü il tarixdə nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 anadan olmuşdur. cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan mübahisəli mənzilə gəlin köçmüşdür. Hal-hazırda nikahları pozulmuşdur və o, əmlakları mübahisəli mənzildə olsa da, uşağı ilə birlikdə həmin mənzilə buraxılmır, mübahisəli mənzildə 2014-cü ildən yaşamışdır. Uşağı da həmin mənzildə böyüyüb. Cehiz əşyaları bu günədək ordadır. 2014-cü ildən gəlin köçən gündən qaynatası Hikmət ona bildirib ki, bu evi sizə almışam, ödənişi də siz edəcəksiniz. Onlar hər ay işləyərək ən azı 500 manat Hikmətə pul veriblər. Hər dəfə sənədləri istəyəndə bildirib ki, kupça almamışam, ev müqaviləlidir, müqavilənin müddəti bitdikdən sonra çıxarış sizin adınıza alınacaq. Hikmət onların etimadından istifadə edərək onların pullarını mənimsəmişdir, indi isə deyir ki, oların bu evə heç bir haqqı yoxdur. Cavabdeh onun həmin mənzildə yaşamağına imkan vermir. Mənzilin kimin adına olmasından məlumatı yoxdur. Lakin ona həmişə deyilib ki, ev cavabdehindir. Hazırda uşağı ilə girib yaşamaq üçün bir yer istəyir, qız uşağı böyüdür. Nə edirsə onun gələcəyi üçün edir. Halhazırda valideynlərinin yanına qayıtmışdır. Оnа görə mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcuburiyyətidə qalıb. O, qətnaməni xx.xx.2022-ci il tarixində almışdır. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürməmişdir. Hazırda əmlakları ünvan 2 ünvanında yerləşən 35 A saylı mənzildədir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)-10/2022 saylı qərardadı üzrə verilmiş icra sənədinə əsasən həyata keçirilən icra tədbirləri zamanı, qeyd olunan əşyaların bir qismini aşkar edilməmiş, buna dair icra məmuru tərəfindən akt tərtib edilmişdir. Eyni zamanda o, mənzildə olarkən əşyaların dağınıq şəkildə olmasını aşkar etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək evin əvvəllər qayınatasının adına olmadığını, qayınanası rəhmətə getdikdən sonra övladı ilə birlikdə onu evdən çixardıqlarını, 8 il həmin mənzildə yaşadığını, övladının həmin mənzildə qeydiyyatda olduğunu, özünün isə qeydiyyatının olmadığını bildirmiş,həyat yoldaşının adına hər hansı bir mənzil olubolmadığını bilmədiyini qeyd etmişdir.

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 11.1; 139-158, 180, 226, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi üzrə, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə hüquqları olmuş şəxs qismində iddiaçının hüquqları müəyyən edilməmiş və onun başqa ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində iddia üzrə sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsi müəyyən edilmir.

8. Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 9.Hazırki iddiada iddiaçının iddia etdiyi ünvanın özü düzgün yazılmamış (yalnız apellyasiya şikayətindəki tələbində düzəltmişdir) və istifadə hüquqlarının mövcud olmasına dair sübutlar belə məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən və mülki icraat zamanı sübutların məhkəmə tərəfindən toplanılması yolverilməzliyi baxımından apellyasiya şikayəti (iddia tələbi) sübut edilməmə əsasları ilə rədd edilməlidir. 10.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 11.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2254/2022 saylı işi üzrə 23 iyun 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar