Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5771/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2(004)-2783/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qafur Hacıyevin Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində müxtəlif tarixlərdə nağd şəkildə ödədiyi vəsaitə görə ona təqdim olunan ödəniş çeklərinin sistemdə olmamasının araşdırılmasının və artıq ödədiyi pulların geri qaytarılmasına köməklik göstərilməsini zahiş etmişdir.
2. İddiaçı tərəfindən Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən cənab Sultan Əmiraslanova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında müxtəlif vaxtlarda abonentlərdən ödəniş əvəzi olaraq pul aldığını və həmin vəsaitləri müvafiq hesablara ödədiyini, ödənilməmiş vəsaitlərin qısa zamanda ödəniləcəyini, icra edilməmiş ödənişlərə görə cavabdehlik daşıdığını bildirmişdir.
3. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən seçmə üsul ilə ilə Binəqədi rayonu 6-cı mikrorayon qəsəbəsində yerləşən 3 ünvana baxış keçirilən zaman nöqsanlar ortaya çıxmışdır. Belə ki, Abonentlərlə iş X6 X18 təsərrüfatında nəzarətçi İddiaçı xidməti ərazisində yerləşən ünvanlarda yaşayan abonentlərdən əmək müqaviləsi şərtləri və vəzifə öhdəliyinə zidd olaraq külli miqdarda pul vəsaiti alaraq mənimsəmişdir. Bununla bağlı sudan istifadəyə görə abonent Firəddin Hüseynov yaranmış tam borcunu, abonent Adilə Quliyeva yaranmış 700 manat borcunu və abonent Xalid Ağayev yaranmış 300 manat borcunu İddiaçı ödədiklərini bildirmişdilər.
4. İddiaçı Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli izahatında xx.xx.2023-cü il tarixli aktda qeyd edilən məlumatların yalan olduğunu, göstərilən ünvanlardan heç bir pul vəsaiti almadığını bildirmişdir.
5. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən seçmə üsul ilə ilə Binəqədi rayonu 6-cı mikrorayon qəsəbəsində yerləşən 3 ünvana baxış keçirilən zaman nöqsanlar ortaya çıxmışdır. Belə ki, vətəndaşlar Rəna Quliuyeva (300 manat), Məryəm Ömərova (340 manat) və R.Yusifova (300 manat) sudan istifadə ilə bağlı yaranmış borca görə Abonentlərlə iş X6 X18 təsərrüfatında nəzarətçi İddiaçı pul verdiklərini bildirmişdilər.
6. xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı onunla bağlı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla tanış olmaqdan imtina etmişdir.
7. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli, 33 nömrəli əmrinə əsasən abonentlər Firəddin Hüseynovadan (tam şəkildə), Adilə Quliyevadan (700 manat) və Xalid Ağayevdən (300 manat) sudan istifadə ilə bağlı yaranmış borclarına görə ödənişlərin alınması və abonentlərin hesabına ödənilməməsi səbəbindən Abonentlərlə iş şöbəsi Ödənişin təşkili X18 təsərrüfatında nəzarətçi vəzifəsində işləyən X8 intizam tənbehi – “töhmət” verilmişdir.
8. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İdarənin məktubu araşdırılmış və nəticədə İddiaçı tərəfindən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alaraq, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.
9. X9 tərəfindən Binəqədi rayon Sukanal idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı onun yaşadığı evin su borcuna görə ondan müxtəlif dövrlərdə ümumilikdə 210 manat pulu alaraq, mənimsədiyini, nəticədə xəbəri olmadan adına olan kodda borcun yarandığını bildirmiş və mənimsənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir.
10. Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrinə əsasən Abonentlərlə iş şöbəsi Ödənişin təşkili X18 təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir.
11. Malik Məmmədovun Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində o, keçən ilin təqribən noyabr ayında idarənin işçisi İddiaçı 300 manat məbləğində suya olan məbləği ödədiyini, lakin həmin məbləğin hesaba köçürülmədiyini göstərmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı X11 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06/K saylı əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxmaya görə ona işdən azad edildiyi gündən işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2023cü il tarixə (işdən azad olunana kimi) kimi, yəni 12 il müddətində Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsində su təsərrüfatında nəzarətçi vəzifəsində fəaliyyət göstərmişdir. Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal idarəsinə yeni rəhbər təyin olunmuş Sultan Əmiraslanov işə başladıqdan bir müddət sonra ona öz ərizəsi ilə işdən çıxmağının zəruriliyini, özü könüllü çıxmayacağı təqdirdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən çıxarılacağını bildirmişdir. Ona hər gün edilən təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixdə işdən çıxmaq barədə ərizə yazmış, lakin ərizədə işdən çıxma tarixini qeyd etməmişdir. Sonradan iddiaçı ailə vəziyyəti və öhdəliklərini düşünərək ərizənin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2023cü il tarixdə yeni ərizə ilə Binəqədi Sukanal İdarəsinə müraciət etmişdir. Bu hal idarə rəisi Sultan Əmiraslanovun xoşuna gəlmədiyindən o, xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən uzaqlaşdırılmışdır. Həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmin əmr tələsik və formal tərtib edilmişdir. Əmrin forması ilə bağlı tələblərə əməl edilməmişdir. Belə ki, əmrdə onun hansı kobud səhvlərə yol verdiyi göstərilməmiş, bundan əlavə etdiyi hansı kobud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi barədə bir söz belə qeyd edilməmiş – onun işəgötürənə vurduğu ciddi xələlin özünü nədə ehtiva etdiyi əks etdirilməmişdir. Qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə nə qədər ciddi ziyan dəyməsi və bunun nəticəsində cəmiyyətin neçə istehlakçı itirməsi barədə məlumatlar qeyd edilməmiş, bir sözlə əmr qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Bundan əlavə işəgötürən tərəfindən Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinə xx.xx.2023-cü il tarixdə əsaslandırılmış yazılı təqdimatla deyil, xx.xx.2023-cü il tarixli məktubla müraciət etmişdir. Həmkarlar ittifaqının iclasına o, dəvət edilməmişdir. Həmçinin, onun barəsində qəbul edilmiş əmrdə “əmr edirəm” sözü qeyd edilməmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2(004)- 2783/2023 saylı qətnaməsi ilə iddiaçı X7 Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X12)
15. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. İddiaçının qeyd etdiyi xüsusatlar (işçinin izahatının alınması xüsusatı) qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin forma və məzmununa dair məhkəmə qeyd etmişdir ki, əmr kifayət qədər aydın və anlaşılan formada tərtib edilmişdir. Əmrin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri ayrı-ayrılıqda başlıq kimi xüsusi qeyd olunmasa da, sözügedən hissələr əmrdə hüquqi baxımdan mövcuddur. Belə ki, əmrin istər vizual tədqiqi, istərsə də mahiyyəti etibarilə tərtibatı və əsaslandırılması ilə bağlı forma-məzmun tələblərinə əməl olunmuşdur. Tərtibatdakı dizayn xüsusatları əmrin qanunsuzluğuna və əsassızlığını dəlalət etmir. Əsas məsələ odur ki, müvafiq akt (əmr) anlaşılan, aydın, ətraflı və əsaslandırılmış formada əmək qanunvericiliyinin tələblərinə uyğun formada və məzmunda tərtib olunmuş olsun. Hazırki iddia tələbi üzrə müvafiq əmrin verilməsinə əsas kimi iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq müxtəlif şəxslərdən (abonentlər) ödəniş adı ilə pul vəsaiti almasıdır. Binəqədi Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsi Ödənişin təşkili X18 təsərrüfatında nəzarətçisinin Peşə Təlimatının 2.1-2.8-ci bəndlərində nəzarətçi vəzifəsində işləyən şəxsin funksiyaları (öhdəlik) qeyd edilmiş, həmin funksiyalarda nəzarətçi tərəfindən abonentlərdən ödənişin alınaraq şəxsən özü tərəfindən icra olunması qaydası müəyyən edilməmişdir. Beləliklə, iddiaçı sözügedən fəaliyyəti qanunsuz olaraq həyata keçirilmişdir. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, iddiaçı sözügedən münasibətlərdə və qanunsuz fəaliyyətdə (ödəniş adı ilə abonentlərdən pul tələb etməsi) sadə vətəndaş kimi deyil, Cavabdeh ASC-nin vəzifəli şəxsi qismində iştirak etmişdir. İşçi işəgötürənin (xüsusən vətəndaşlarla birbaşa əlaqədə fəaliyyət göstərən xidmət sahəsi kimi Cavabdeh ASC) maraqlarını qorumalı, nüfuzuna zərər vurmamalı, dövlət-vətəndaş münasibətlərində peşəkarlığını, vətəndaşların dövlətə olan etimadını (Azərsu ASC qismində) qorumalıdır. İş materiallarında olan abonentlərin şikayət xarakterli ərizələri və tərtib edilmiş aktlarla iddiaçının onlardan pul vəsaitləri alaraq müvafiq ödənişləri həyata keçirməməsi müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, iddaçı tərəfindən təqdim edilmiş qəbzlər üzrə ödənişlərin bir hissəsi barəsində intizam icraatı açıldıqdan dərhal sonra və ya gec icra edilməsi görünür. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Nəticə etibarilə, Cavabdeh ASCnin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmri qanuni və əsaslıdır. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə əmək vəzifələrinin icrası ilə bağlı səlahiyyət dairəsində olan abonentlərdən qanunsuz olaraq müvafiq ödənişlər almış, həmin ödənişlərin bir hissəsinin vaxtında, bir hissəsini isə gecikdirməklə həyata keçirmişdir. Nəticədə, işçi qismində İddiaçı işəgötürən Cavabdeh ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Müvafiq vətəndaş şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əsas götürülməklə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı üzərinə düşən sübutetmə fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə, iddia tələbində qeyd etdiyi hallar sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 72ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, əmək qanunvericiliyndə düzgün maddi norma ilə əsaslandırılmayan, o cümlədən əmək qanunvericiliyində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi düzgün göstərilməyən əmrin əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsi nəzərdə tutur. İş materiallarından görünür ki, cavabdeh iddiaçını işdən azad edərkən əmək qanunvericiliyinə riayət etməmişdir. Belə ki, həmkarlar ittifaqı təşkilatı özünün əsaslandırılmış yazılı qərarını protokoldan çıxarış kimi rəsmiləşdirmişdir ki, bunun da hüquqi əsası yoxdur. İşə bərpaya dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Belə ki, iş materiallarına əsasən iddia ərizəsi və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə təqdim edilsə də, işin həllinə dair qətnamə 2 ay 16 gün ərzində çıxarılmışdır. İşə baxan məhkəmə belə bir nəticəyə gəlmişdir ki, o, xidməti vəziflərini yerinə yetirərkən bir sıra şəxslərdən ödəniş adı ilə pul vəsaiti almış, bununla da peşə təlimatı üzrə əmək funksiyalarını kobud surətdə pozmuşdur. Lakin işə baxan məhkəmə bu halı axıra kimi araşdırmamışdır. Belə ki, ona irad tutulan hal, çalışdığı xidməti ərazi üzrə bir sıra şəxslərdən ödəniş adı ilə pul vəsaiti toplanmasıdır. Bu halın baş vermə səbəbləri sudan istifadə edən abonentin işlətdiyi suyun ödənişinin növbəti ayın 10na kimi ödənilməsi tələbidir. Bir tərəfdən idarə rəhbərliyi bunu işçi olaraq ondan tələb edir. Digər tərəfdən isə bir sıra abonetlər göstərilən tarixə ödəniş etməyərək məsuliyyətsizlik edir. Nəticədə nəzarətçi olaraq xidmət ərazisində qapı-qapı düşərək borclu abonentlərdən davamlı surətdə ödəniş etmə tələbi və bunun qarşılığında abonentin ödəniş etməkdə çətinlik çəkməsini bildirməsi, ödəniş haqqını nəzarətçiyə verərək ondan onun əvəzinə "milliön aparatına" ödəniş etmək və qəbzi növbəti dəfə ondan çatdırma xahişi durur. Ən başlıcası isə bu hal nəticəsində nə işəgötürənə, nə də abonentə heç bir ziyan dəyməməsi faktıdır. İş materiallarından da görünür ki, onun guya "qanunsuz" hərəkətlərindən şikayət edən "ərizəçilər" məhkəmə icalsına dəvət edilsə də, məhkəməyə gəlməmiş, bu azmış kimi onlardan biri - X9 ərizə verərək ona qarşı heç tələbinin olmadığını və əsəbləşərək ərizəni yazdığını bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 19-cu maddəsinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
28. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı; 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
29. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin Abonentlərlə İş X6 X18 Təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. İddiaçı ayrı-ayrı abonentlərdən su sərfiyyatı ilə bağlı yaranmış borc üzrə ödənişin həyata keçirilməsi adı altında şəxsən ödənişlərin yığımını həyata keçirmiş (pul qəbul etmiş), lakin bu ödənişləri abonentlərin hesabına mədaxil etməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Qafur Hacıyev (müxtəlif tarixlərdə nağd şəkildə), xx.xx.2023-cü il tarixdə Radə Cəfərova (210 manat) və xx.xx.2023-cü il tarixdə Malik Məmmədov (300 manat) adlı abonentlər tərəfindən cavabdehə müraciət edilərək, aparılmış ödənişlərin abonent hesabına mədaxil edilmədiyi bildirilmiş və məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir. İlk olaraq Qafur Hacıyevin müraciəti ilə bağlı iddiaçıdan izahat alınmış, o cümlədən bu abonentə saxta ödəniş qəbzlərinin təqdim edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. İddiaçı öz izahatında bütün ödənişlərin edilərək, qəbzlərin verildiyini, hər hansı qəbz üzrə ödənişin köçürülmədiyi təqdirdə tam olaraq, həmin ödənişi bərpa edəcəyini bildirmişdir. Lakin abonent kartına əsasən həmin abonentin hesabına xx.xx.2023-cü il tarixdə 394 manat, xx.xx.2023-cü il tarixdə isə 202 manat (200 + 2) məbləğində ödəniş edilmişdir. İddiaçının özünün təqdim etdiyi arayışa əsasən nəticədə bu abonentin hesabında 500 manat məbləğində artıq ödəniş yaranmışdır. Bu ödənişin abonent tərəfindən aparıldığı müəyyən edilmir. Bununla belə, məhkəmə kollegiyası Qafur Hacıyevin xx.xx.2023-cü il tarixli şikayətini, iddiaçının həmin tarixdə verdiyi izahatında qeyd edilənləri, məhz bundan sonra onun abonent hesabına ödənişlərin aparılmasını nəzərə alıb, belə qənaətə gəlir ki, bu məbləğlər abonent tərəfindən məhz iddiaçıya verilmiş, iddiaçı həmin məbləğləri onun hesabına köçürməmiş və yalnız abonentin şikayətindən sonra köçürmüşdür.
31. Qafur Hacıyevin şikayətindən sonra cavabdeh tərəfindən seçmə üsulu ilə aparılmış araşdırma nəticəsində iddiaçının, həmçinin, abonentlər Firəddin Hüseynovdan, Adilə Quliyevadan (700 manat) və Xalid Ağayevdən (300 manat) suyun sərfiyyatı ilə bağlı yaranmış borca görə şəxsən ödənişlər aldığı və abonentlərin hesabına ödəmədiyi aşkar olunmuşdur. Araşdırmanın nəticələrinə dair cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Lakin iddiaçı məsələ ilə bağlı yazdığı həmin tarixli izahatında həmin abonentlər tərəfindən verilmiş məlumatların yalnış olduğunu, göstərilən ünvanlardan hər hansı məbləğdə vəsait almadığını bildirmişdir. Buna baxmayaraq, həmin hadisədən sonra, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Firəddin Hüseynovun hesabına 206 (100 + 106) manat, xx.xx.2023-cü il tarixdə Adilə Quliyevanın hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə Xalid Ağayevin hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Bu ödənişlərin abonentlər tərəfindən aparıldığı müəyyən edilmir. Nəticədə verilmiş və ödənilmiş məbləğlər arasında fərq yaranmışdır.
32. Bundan başqa, cavabdehin əməkdaşları tərəfindən seçmə üsulu ilə aparılmış araşdırma nəticəsində iddiaçının, həmçinin, abonentlər Rəna Quliyevadan (300 manat), Məryəm Ömərovadan (340 manat) və R.Yusifovadan (300) manat suyun sərfiyyatı ilə bağlı yaranmış borca görə şəxsən ödənişlər aldığı və abonentlərin hesabına ödəmədiyi aşkar olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktla tanış olmaqdan iddiaçı imtina etmiş və bu hal cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aktlaşdırılmışdır. Lakin yuxarıda göstərilən abonentlərlə bağlı hallarda olduğu kimi, bu halda da sonradan həmin abonentlərin hesabına ödənişlər aparılmışdır. Belə ki, həmin hadisədən sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəna Quliyevanın hesabına 300 manat, 09xx.xx.2023-cü il tarixdə R.Yusifovanın hesabına 650 manat məbləğində pul köçürülmüşdür. Bu ödənişlərin həmin abonentlər tərəfindən aparıldığı müəyyən edilmir. Məryəm Ömərovanın hesabına isə hər hansı məbləğdə ödəniş aparılmamışdır.
33. Bundan başqa iddiaçının işə apellyasiya məhkəməsində baxılan zaman təqdim etdiyi arayışda abonent Adilə Quliyevadan 700 manat ödəniş aldığını və onun su sərfiyyatıan görə borcu üzrə 400 manat ödəniş etdiyini bildirmişdir. Bu abonent üzrə də 300 manat məbləğində fərq yaranmışdır. Yaranmış fərqlərə aydınlıq gətirərək, iddiaçı öz izahatında həmin məbləğin ödəniş üçün deyil, şəxsən onun özünə verildiyini bildirir, həmçinin, bütün bu məsələləri əks etdirən arayışda məhkəməyə təqdim edir. Lakin hansı səbəbdən onun özünə ödənişlərin edilməsi və ya edilməli olması məsələsinə aydınlıq gətirmir. Məhz bu halların nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
34. Məhkəmə kollegiyası həmin əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinadən) ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Buna baxmayaraq, bu hal həmin əmrin qanunsuz hesab edilməsi və ləğv olunması üçün əsas ola bilməz. Belə ki, qeyd edilən intizam tənbehi ağırlıq dərəcəsi və öz hüquqi nəticələrinə görə digər tənbeh növlərindən fərqlənir. Bu növün tətbiq edilməsi zəruriliyinin əsaslandırılması da məhz bununla bağlı olmaqla işəgötürən tərəfindən sui-istifadə hallarına yol verməsinin (işçini xaric etmək üçün qərəzli mövqedən çıxış etməsinin) qarşısının alınması, habelə işçiyə təqsirli hesab edilən davranış (hərəkət və hərəkətsizliyinin) barədə tam məlumat almasının təmin edilməsi (müxtəlif məqsədlər, o cümlədən düzgünlüyünə qiymət verməsi, mahiyyətinə uyğun mübahisələndirməsi, müdafiəsini qurması və sair) məqsədini daşıyır. Lakin cavabdeh əmək qanunvericiliyinin bu tələbinə riayət etməsə də, əmək müqaviləsinin ləğv edilməsinin iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə bağlı olduğunu bildirir və bu mövqeyini də konkretləşdirərək, iddiaçının abonentlərdən su sərfiyyatına görə yaranmış borc üzrə ödənişlər aldığını və həmin məbləğləri abonentlərin hesabına mədaxil edilməməsi ilə bağlı olduğunu vurğulayır. Başqa sözlə, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi barədə ətraflı məlumat verməklə (şifahi qaydada əsaslandırmaqla), iddiaçının konkret olaraq hansı kobud pozuntuya yol verdiyini, o cümlədən təqsirli hərəkətlərin nədən ibarət olduğunu göstərir. Onun mövqeyi əmrin qəbul edilməsinə əsas olmuş sənədlərlə və iş materiallarında olan sübutlarla təsdiq edilir. Hətta iddiaçı özü də abonentlərdən şəxsən ödəniş qəbul etdiyini, bəzi hallarda isə verilən pulların ödəniş olmadığını (artıq verildiyini), ona verildiyini (deyirdilər qoy cibinə) etiraf edir.
35. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən istifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir. Başqa sözlə, ödəniş qaydası qanunvericilikdə təsbit edilmiş və bu ödənişlərin cavabdehin əməkdaşına verilməsi və ya onun vasitəsi ilə ödənilməsi, habelə bu zaman ona (onun özünə, şəxsi istifadə üçün) ödənişdən daha artıq məbləğdə pulun verilməsi nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçının abonentlərin elektron qaydada ödənişlər edilməsində texniki çətinliklər çəkməsi və işəgötürən tərəfindən borc ödənişləri üzrə hesabatların tələb olunması dəlillərinin əsassız olduğunu təsdiq edir.
36. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən əvvəl Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin razılığının alınması ilə bağlı qeyd edir ki, cavabdeh məsələ ilə bağlı həmin quruma müraciət etmiş və həmin qurumdan Binəqədi rayon Sukanal İdarəsinə ünvanlanmış “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin məktubu araşdırılmış və nəticədə İddiaçı tərəfindən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alaraq, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. Bununla belə, hüquqi nəticə etibarı ilə bu məsələ üzrə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilmişdir. Həmin prosedur çərçivəsində cavabdeh tərəfindən məktubun göndərilməsi də məhz əsaslandırılmış təqdimat mahiyyətli, həmin qurumun cavabdehə ünvanlanmış məktubu da qərar mahiyyətli və qüvvəlidir. Barəsində məsələyə baxılan şəxsin (iddiaçının) həmin komitənin iclasında iştirakının təmin edilməsinin məcburiliyi ilə bağlı isə qanunvericilikdə hər hansı müddəa mövcud deyil.
37. İddiaçıdan izahatın alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə edilmiş ilk şikayətdən və sonrakı araşdırmalardan sonra ondan iki dəfə izahat alınmış, bir dəfə də iddiaçı aktla tanış olmaqdan imtina etmişdir. Bu baxımdan cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə riayət edilmişdir.
38. Bununla belə, iddiaçı yuxarıda qeyd edilən əməlləri 8 abonentə münasibətdə yol vermiş, onun tərəfindən buna hər hansı səlahiyyəti olmadan, bu abonentlərdən su sərfiyyatına görə yaranmış borcların ödənilməsi adı ilə pulların alınması və sonradan ödənilməməsi, yalnız şikayətlər və buna uyğun araşdırmalar aparıldıqdan sonra natamam ödənişlər aparılması, həmin məbləğlərin bir hissəsinin iddiaçı tərəfindən mənimsənilməsi tam olaraq öz təsdiqini tapmışdır. Digər tərəfdən hazırda mübahisələndirilən və iddiaçının işdən azad edilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmr altı ay ərzində iddiaçı barəsində tərtib olunmuş ikinci əmrdir və nəticə etibarı ilə əvvəlki əmrin qüvvədə olduğu müddətdə tərtib edilmişdir. Bu da öz növbəsində onun hərəkətlərinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilməsi və bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70 “ç” maddəsi ilə xitam verilməsi üçün əsas yaradır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə 2 ay 16 günə baxılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız kobud prosessual pozuntulara görə ləğv edilə bilər, qeyd edilən hal isə mülki prosessual qanunvericiliyə görə kobud prosessual pozuntu hesab edilmir.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2783/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.