Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5772/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı/cavabdeh İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh/iddiaçı Cavabdeh iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair idda ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(004)-1987/2021 nömrəli qətnaməsindən cavabdeh/iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı "mənzildən istifadə hüququ olmayan hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin boşaldaraq oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 Cavabdeh ilə 28 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13.07.2012ci il təvəllüdlü X9 və 13.08.2015-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh oğlu ilə ailə qurduğu zaman iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırki mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqları yaratmır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun və ilkin iddia üzrə iddiaçının oğlu X7 ilə birgə nikahlarından 13.07.2012-ci il tarixdə anadan olmuş X3 və 13.08.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək X5 məxsus Bakı şəhəri, M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X8 27.01.2021-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun və onun oğlu X7 ilə nikahlarına xitam verilməməsinə baxmayaraq iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və həmin mənzili boşaldaraq oradan çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçının oğlu X7 ilə 28.09.2011 -ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən evə köçmüşdür, cehiz əmlakı ora yerləşdirilmiş, birgə təsərrüfat aparmışdırlar, bir ailə kimi 10 ilə yaxın həmin evdə yaşamışdır. Cavabdehin oğlu X7 ilə birgə nikahlarından 13.07.2012-ci il tarixdə Mələk, 13.08.2015-ci il tarixdə isə Zəhra adlı qızları anadan olmuşdur. X7 tərəfindən ona və uşaqlarına qarşı laqeyd münasibət gördüyündən və orada yaşamağı çətin olduğundan onu məcbur etmişlər ki, həmin binada qonşuluqda yerləşən dar ata evinə yerləşsin. Sonradan ailənin bərpası üçün heç bir dəyişiklik olmamış, əksinə ona və uşaqlarına qarşı daha da soyuq münasibət göstərilmişdir. İddiaçının (qaynatasının) evi 4 otaqdan ibarət olmaqla genişdir və onlar bir otaqda ayrıca qalırmışlar. Burda uşaqlarının tərbiyəsi, təhsili ilə sakit bir şəkildə məşğul ola bilirdi. Ata evi isə əksinə çox balacadır. Cəmi 2 otaqdan (29.7 km) ibarət olması onun iki uşağı ilə orda yerləşməyinə, uşaqlarının sağlam və rahat böyüməsinə, dərsləri ilə məşğul olmasına maneə yaradır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(004)-1987/2021 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh iddiaçının oğlu X7 ilə birgə nikahlarından 13.07.2012-ci il tarixdə anadan olmuş X9 və 13.08.2015-ci il tarixdə anadan olmuş X10 ilə birlikdə uşaqların yetkinlik yaşına çatanadək X5 məxsus Bakı şəhəri M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh/iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərdiyi halları təsdiq edən və qarşı tərəfin verdiyi məlumatları təqzib edən, bu işdə heç bir marağı olmayan şahidlər var və həmin şahidlər məhkəmədə iştirak edib ifadə verməyə hazırdılar.Şahidlərdən əlavə faktlar şəkillər var. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş birtərəfli qaydada araşdırılmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edir ki, övladları 100 metr məsafədəki məktəbə gedirlər. Övladları göz açandan bu ərazidə yaşayırlar onun anasının mənzili 2 otaqlı balaca bina evidir (29.7 kv.m di) və orda 3 ailə (valideynləri, qardaşı və o övladları ilə) yaşamaq mümkünsüzdür, həmçinin o, uşaqlar balaca olduğu üçün işləyə bilmir və aliment vaxti vaxtinda ödənmədiyi üçün kirayədə çıxa bilmir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, payız və qış mövsümünü, uşaqların həmin evə yaxın məktəbdə təhsil aldıqlarını nəzərə alaraq, hal-hazırda evdən çıxarılmamalarını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” hissəsində ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə rədd edilməli və ilkin iddia tələbi təmin edilmiş hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kolleiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 15/17, 89 saylı mənzil İddiaçı adına 29 may 1996-cı ildə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 624 saylı reyestr kitabında 93687 səhifədə 30/93687 qeydə alınma nömrəsi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu 64 saylı MKİS tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1751/2021 saylı 01.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, cavabdeh X1 13.07.2012-ci il təvəllüdlü X3 və 13.08.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, vət. X2 və Cavabdeh ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, vət. X6 ilə Cavabdeh arasında gələcəkdə baş verə biləcək hər hansı bir cinayət hadisəsinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər görülməsi üçün qərarın surətinin 26-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1627/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında 28.09.2011-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsindı 1272 nömrəli akt qeydinə əsasən, bağlanılmış nikah pozulmuş, 13.07.2012-ci il təvəllüdlü X10 anaları Cavabdeh yanında qalması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh mənzilin mülkiyyətçisinə münasibətdə sonuncunun ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə də daxil deyildir. Məhkəmə araşdırması zamanı mənzilin mülkiyyətçisi olan iddiaçı və Cavabdeh arasında mənzildən istifadə ilə bağlı razılaşma (notarial qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilənin) olması müəyyən olunmadı. İlk iddia üzrə Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasına gəldikdə isə qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına istinad edərək haqlı olaraq hesab etmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2009-cu il 1 oktyabr tarixindən sonra yarandığından bu münasibətlərdən yaranan mübahisə Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Cavabdeh İddiaçı ailə üzvü hesab edilmir. Buna görə də, Cavabdeh mübahisəli mənzilə dair istifadə hüquqları yaranmamışdır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması isə onun həmin mənzilə istifadə hüququnun olması anlamına gələ bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.” Bundan başqa həmin qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Beləliklə, məhkəmə kollegiyası cavabdehin iddiaçının ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. Mövcud olmayan hüquqların itirilmiş hesab edilməsi və ya mövcud olmaması hesab edilməsi isə qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “mənzildən istifadə hüququnun olmaması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbinə münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özünün mülkiyyət hüququnun müdafiəsi çərçivəsində Cavabdeh oradan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh mübahisəsi gedən mənzildən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini ətraflı araşdırmadan həll etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda adı çəkilən qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Kollegiya qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyini vurğulamaqla qeyd edir ki, Cavabdeh münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsaslar mövcud olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh himayəsində azyaşlı uşağı vardır və uşağın gündəlik qayğıları da anasının üzərinə düşür. Bu mənada kollegiya qeyd edir ki, uşaqların hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində vurğulanan “diqqətə layiq digər hallar” çərçivəsində qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə mübahisəsinin qış aylarına təsadüf etməsi və uşaqların daimi yaşayış yerindən ayrı düşməsi kollegiyanın qənaətinə görə “diqqətə layiq hallar” kimi nəzərə alınmalıdır. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən 06 (altı ay) ay müddətində istifadə etmək hüququ saxlanılmaqla, o, həmin müddət başa çatdıqdan sonra qeyd olunan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(004)-1987/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinin “Cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” hissəsində ləğv edilsin. İlkin iddia tələbi həmin hissədə rədd edilsin. İlkin iddia tələbi təmin edilmiş hissədə dəyişdirilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən 06 (altı ay) ay müddətində istifadə etmək hüququ saxlanılsın və o, həmin müddət başa çatdıqdan sonra qeyd olunan mənzildən çıxarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5772/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5772/2021
16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver