Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5773/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: işçinin işəgötürənə vurduğu ziyan, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də “satıcı- kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “baş satıcı” vəzifəsinə, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır.
2. Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən öz xahişi əsasında xitam verilməsini xahiş etmiş, MMC-nin xx.xx.2023-cü il tarixli 88x saylı əmri ilə, onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir.
3. xx.xx.2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun akt"da göstərilmişdir ki, Cavabdeh MMC-nə 3397,3 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir.
4. xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “Oba-Ramana 6” mağazasında xx.xx.2023-cü ildə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inventarizasiya prosesində iştirak etsə də, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir.
5. MMC-nin xx.xx.2023-cü il tarixli DW2331 nömrəli xəbərdarlıq məktubuna görə, Cavabdeh “Oba-Ramana 6” mağazasında xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə maddi məsul şəxs kimi tanış olub inventarizasiya prosesinin nəticələrini imzalamağı mütləq olması barədə xəbərdarlıq edilmişdir.
6. MMC-nin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü ildə 6067,60 manat çatışmazlıq müəyyən edilmiş, güzəştlər tədbiq edildikdən sonra ümumi olaraq 3397,3 manat borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən zərərin əvəzi qismində 3397,3 manatın və mediasiya üçün ödənilmiş 60 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı- kassir" vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “baş satıcı” vəzifəsinə, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "administrator" vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "Tam maddi məsuliyyət haqqında" müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 88x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında" müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-cü il tarixli 711 nömrəli əmrindən göründüyü kimi, “Oba-Ramana 6” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş "İnventarizasiya komissiyasına İltizamnamə"ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla, sayımda tam olaraq iştirak etdiyini, mallarla tam tanış olduğunu, sayım qrupundan heç bir narazılığının olmadığını bildirmişdir. Həmin yoxlama zamanı siyahıya alınmış mal-material qiymətlərinə dair (xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair yekun Akt"a əsasən cavabdehin Cəmiyyətə 6067,6 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Bununla belə, cavabdeh həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Siyahısı"nı və "İnventarizasiya nəticələrinə dair Akt"ı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və komissiya üzvləri tərəfindən imtina aktı tərtib edilmişdir. “Oba Market" MMC-nin "Təbii itki normalarının tətbiqi haqqında" xx.xx.2023-cü il tarixli 178 nömrəli əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin "təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,45 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 3397,3 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
9. Cavabdeh iddia tələbi üzrə lazımi qaydada məlumatlandırılmamış, lakin birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq 15 iyul 2024cü il tarixli qətnamə ilə iddia tələbini təmin etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMCdə işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından o, “OBA Market" MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də cavabdeh “OBA Market" MMC-yə vurduğu ziyanı faktiki həcminə uyğun olaraq tam ödəməlidir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 1096-cı, 1097-ci, Əmək Məcəlləsinin 198-ci, 199-cu, 200-cü və 202-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, işdən öz ərizəsi əsasında çıxdığı üçün iddiaçının ona qərəzli olduğu, işlədiyi dövrdə heç bir nöqsana yol vermədiyi, nöqsanı olsa idi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıla bilinəcəyi, işdən çıxdıqdan 1,5 il sonra ona qarşı əsassız iddia qaldırıldığı, məhkəmənin heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
16. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
17. Maddə 192. (1-ci hissə). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
18. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
19. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
20. Maddə 200 (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
21. Maddə 200 (2-ci hissə). İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
22. Maddə 200 (5-ci hissə). Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
23. Maddə 201 (1-ci hissə). İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
24. Maddə 202 (1-ci hissə). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
25. Maddə 202 (2-ci hissə). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
26. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
41. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
42. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
43. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
48. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
49. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
50. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, “İnventarizasiya nəticələrinə dair” xx.xx.2023-cü il tarixli yekun akta əsasən cavabdehin ona maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmiş, lakin cavabdeh həmin ziyan məbləğini ödəməkdən imtina etmişdir.
51. Bu kontekstdə qeyd olunmalıdır ki, iddia tələbinin qanuni əsası kimi əmək qanunvericiliyinin “işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; lakin bu zaman iddiaçı müvafiq halı, yəni işçi tərəfindən ona məhz iddia olunan məbləğdə ziyan vurulduğunu sübuta yetirməlidir (§ 18).
52. Mülki prosessual qanunvericilikdən irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona ziyan vurduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.
53. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir.
54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddia tələbinin təmin olunması üçün əsas yoxdur.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4447/2024 saylı iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov