Məhkəmə qərarları › İş №2(103)-5774/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5774/2025

28.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5774/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, ödənilməmiş əmək haqqı və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3635460Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5104/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.1990-cı ildə S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi vəzifəsinə təyin edilmişdir.

2. 25.12.2024-cü il tarixli 122 nömrəli əmrlə S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, Attestasiya Komissiyasının yaradılması və fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin 2025-ci il fevral ayının 05-dən iyun ayının 05-dək attestasiyadan keçirilməsi nəzərdə tutulmuşdur.

3. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025ci il tarixli 16 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır.

4. Müəllimlərin attestasiyası haqqında 8 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Attestasiya ilə bağlı bildirişi və Attestasiya zamanı veriləcək suallar barədə proqramı almışdır.

5. İddiaçı 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna ünvanladığı ərizədə bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində göstərilmiş hallarla tanış olmuş və bu hallar onda mövcud deyil.

6. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 4 nömrəli qərarına əsasən Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Qərarda qeyd olunmuşdur ki, İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 9 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 3 ədədinə cavab verə bilməmiş, 3 ədədinə qismən cavab vermiş, yalnız 3 ədədinə tam cavab verə bilmişdir.

7. xx.xx.2025-ci tarixli Attestasiya Vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar aşağıdakılardan ibarətdir: 1. Əsərin ifası və təhlili. İ.S.Bax “YTK” İ cild Prelüd və fuqa d moll. Yaxşı ifa etdi. 2. Qammanın ifası. F moll. İfa yaxşı idi. 3. Üzdən oxuma. İ.S.Bax. a moll suitasından Allemanda. Yaxşı idi. 4. Prelüd və fuqa yazan bəstəkarlar hansılardır? İ.S.Bax, D.Şostakoviç. Digər bəstəkarların adlarını çəkmədi. 5. İ.S.Baxın klavir yaradıcılığı haqqında məlumat. “Kiçik prelüdlər”, “İngilis Suitaları”, “Fransız Suitaları”. Aşağı siniflərdə keçirilən repertuarı bilmədi. 6. İ.S.Bax hansı dövrdə yaşamışdır? Klassik. Cavab səhvdir. 7. Musiqi mədəniyyətində hansı dövrlər var? Cavab verə bilmədi. 8. Vyana klassikləri kimlərdir? Y.Haydn, V.Motsart. tam cavab verə bilmədi. 9. Vyana klassiklərindən başqa hansı bəstəkar sonata janrına ən çox müraciət etmişdir? Cavab verə bilmədi.

8. Həmin attestasiya vərəqəsinə görə, attestasiya komissiyası üzvlərinin rəy və təklifi “Nəzəri bilikləri çox zəifdir. Təkmilləşməyə ehtiyac var.”-dan ibarətdir, Nurizadə X4 Komissiyasının 2 lehinə, 3 əleyhinə səsi ilə tutduğu vəzifəyə uyğun deyil. Nurizadə X4 Vərəqəsi ilə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir.

9. Cavabdehin xx.xx.2025-ci il tarixli, 28 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli №28 saylı əmrini ləğv edilməsini, onun işinə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixli №90 saylı əmr ilə S. Rüstəmov adına Bakı şəhəri 13 nömrəli uşaq musiqi məktəbinə fortapiano ixtisası üzrə müəllimə təyin edilmişdir. Məktəbdə 2025-ci ilin əvvəllərində bildirdilər ki, attestasiya keçiriləcək. Onlar da buna hazırlaşırdılar. O, atettasiya imtahanını uğurla verdiyini düşünür. Çünki o, Fortopiano müəllimidir. İmtahan vərəqəsində göstərildiyi kimi, ona deyilən musiqiləri ifa etmişdir. Əlavə verilən suallara cavab versə də, ona bildirdilər ki düzgün cavab verməmişdir. Amma bu belə deyil. S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinin Attestasiya Komisiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən verilmiş xx.xx.2025-ci il tarixli №28 saylı əmri əsasız və qanunsuz olduğu üçün qəbul etmir.

12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 5104/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olubolmadığını müəyyən etmək məqsədilə keçirilir. Hazırkı işin müəyyyən olunmuş hallarından göründüyü kimi attestasiya zamanı iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin “c” bəndinə, 12-ci maddəsinin “a” bəndinə, 65-ci maddəsinə, 67-ci maddəsinin 1-ci bəndinə, 70-ci maddəsinini «c» bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməsinin gəldiyi nəticə əsassızdır və qanunsuzdur, belə ki, iddiaçı fortepiano müəllimi olduğundan ona verilən öz tədris etdiyi ixtisas üzrə bütün ifaları ifa etmişdir. Əlavə verilmiş suallar iddiaçının tədris etdiyi ixtisasa aid olmadığı halda belə o, suallara cavab vermişdir. Bundan əlavə, cavabdeh tərəf bildirmişdir ki, kamera görüntüləri var, amma məhkəmənin gedişində kamera görüntüləri təqdim edilməmişdir. Çünki özləri də bilirlər ki, iddiaçı imtahanı uğurla vermişdir. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol-qərardadı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı özünə aid olan hissədə ifa etmiş, digər 2-3 sualı cavab verməmək o demək deyil ki, tutduğu vəzifəyə uyğun deyil. Onun fikrincə iddiaçını keçirtmək də olardı, çünki ən azından şəxsin 30 illik stajı var. Mütəxəssis bu iş üzrə rəy versə də, məhkəmə o rəydən asılı deyil.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məsələn, valideyn gəlir deyir ki, dərs otağında müəllimə ona verilən suala cavab verə bilməyib. Komissiya iddiaçıya sual verib, o, sualları cavablandıra bilməyib, sabah eyni sualı tələbə versə və müəllimə cavab verə bilməsə, bu quruma da təsir edir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, bütün orqanlarda, müəssisələrdə Nazirlər Kabinetinin qərarına əsasən işçilərin attestasiyasının keçirilməsi labüd bir haldır, o cümlədən də Mədəniyyət Nazirliyinin tərkibində də bədii təsvirlə məşğul olan müəssisələrin, yəni musiqi, incəsənət məktəblərinin attestasiyası keçirilməsi haqqında bir neçə ildir məlumat verilir. Həmçinin, hər bir musiqi məktəbinin rəhbəri də öz kollektivinin qarşısında bunu həm pedoqoji şurada, həm də növbədənkənar pedoqoji şurada məlumat vermişdir. Qanuna uyğun olaraq 1 ay öncədən attesstasiyanın proqramı, əsasnaməsi, attestasiya haqqında bildiriş işçilərə təqdim olunmalıdır. Müəssisədə bu proses hətta 4-5 ay öncədən gedib. Onlarda məktəb 5- 7 illikdir, indiki halda iddiaçı məktəb proqramının tədrisini, pedoqoji yanaşma tərzini, o cümlədən bəstəkarların həyat və yaradıcılığını bilməlidir. Bunları öz fikri kimi demir. Məktəb haqqında əsasnamədə müəllimin hüquq və vəzifələri var, hansı işləri bilməlidir və görməlidir.

22. Apellyasiya baxışı zamanı Azərbaycan Milli Konservatoriyasının “Fortepiano, musiqinin tarixi və nəzəriyyəsi” üzrə ixtisaslaşmış mütəxəssisi dəvət olunmuş, onun iştirakı ilə attestasiyanın vidoeyazısı tədqiq edilmiş, məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş mütəxəssis (Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının baş müəllimi) X1 bildirmişdir ki, iddiaçının ifası qənaətbəxş olsa da, nəzəri bilikləri qənaətbəxş deyil. Əgər müəllim bilmirsə ki, klassik dövrün nümayəndələri kimlərdir, onda necə əsər seçə bilər?! Demək nə proqramla tanışdır, nə də ki, bəstəkarlarla tanışdır. Fortepiano müəlliməsi verilən sualların cavablarını bilməli idi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 65.1 İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 67.5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. «c» bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 79. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

24. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı Qərarı: 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.5. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixində S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 16 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində attestasiyaya dəvət edilmiş, Attestasiya Komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

30. İşdə olan sübutlardan müəyyən edilir ki, iddiaçı tərəfindən attestasiyasının keçirilməsi barədə xx.xx.2025-ci il tarixdə müvafiq xəbərdarlıq bildirişinə imza edilməklə attestasiyanın proqramının ona rəsmi qaydada təqdim olunması təsdiq edilmişdir.

31. Attestasiya prosesində iddiaçı ona verilmiş 9 sualdan 3 suala cavab verə bilməmiş, 3 sualı qismən cavablandırmış, 3 suala isə cavab verə bilmişdir.

32. Qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinin İ, İİİ və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 2-ci maddələrində də öz əksini tapmışdır.

33. Sosial hüquqlardan biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin İİ hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Təhsil hüququ insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etməyə şərait yaratmaqla cəmiyyətə fayda gətirmək imkanı verir (Konstitusiya Məhkəməsi Plenumunun “Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 25 yanvar tarixli Qərarı).

34. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etməklə, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Həmin Qanunun preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

35. Təbii ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur.

36. İddiaçı da uşaq musiqi məktəbinin müəllimi kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır.

37. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir.

38. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir.

39. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur.

40. O da nəzərdən qaçırılmamalıdır ki, işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, onun keçirilmə qaydası əvvəlcədən müəyyən olunmalı, işçiyə vaxtında məlumat verilməli, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir.

41. İddiaçının əsas dəlili attestasiya zamanı ona ixtisasına aid sualların verilməməsi, bəzi sualları cavablandırmasına baxmayaraq qəbul olunmaması ilə bağlı olmuşdur.

42. Bu və digər halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün apellyasiya baxışı zamanı iddiaçının ixtisasına uyğun müvafiq mütəxəssis (Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının baş müəllimi) dəvət olunmuş, sualların dairəsi, ona verilmiş cavablar, habelə attestasiyanın videoçəkilişi onun iştirakı ilə araşdırılmışdır.

43. Mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının ifası qənaətbəxş olsa da, nəzəri bilikləri qənaətbəxş deyil. Fortepiano müəllimi ona verilən sualların cavablarını bilməli idi.

44. Beləliklə, işdə olan sübutlardan şəffaflıq, bərabərlik, obyektivlik, qərəzsizlik kimi prinsiplərə riayət olunmaqla iddiaçı barəsində müvafiq attestasiyanın keçirilməsi və nəticələrinin tam, hərtərəfli və əsaslandırılmış qaydada rəsmiləşdirilməsi müəyyən edilmiş, iddiaçı isə bunun əksinə sübut edə bilməmişdir.

45. Attestasiya komissiyası tərəfindən Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.6-cı bəndinə uyğun olaraq, iddiaçı barəsində işəgötürənə hər hansı tövsiyyə xarakterli göstərişlər (başqa vəzifəyə keçirilməsi və s.) verilməmişdir.

46. Bu səbəbdən də əmək müqaviləsinə müvafiq əsasla xitam verərkən cavabdehin üzərində hər hansı digər vəzifə də mövcud olmamışdır (bununla yanaşı, Əmək qanunvericiliyi də işəgötürənin üzərinə birbaşa müvafiq vəzifələr qoymamışdır).

47. Həmçinin, iddiaçı attestasiya olunmayan (ƏM-nin 65-ci maddəsi) və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər (ƏM-nin 79-cu maddəsi) kateqoriyasına aid olmamışdır.

48. İddiaçının uzun müddət “fortepiano” müəllimi işləməsi halı isə cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsini istisna edə bilməzdi.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5104/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar