Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5775/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş yanlışlıq aradan qaldırılsın. Yanlışlıq ondan ibarətdir ki, 14.800 manat kirayə haqqının ödənilməsi qətnaməsnin nəticə hissəsində göstərilməyib, ona görə də yanlışlıq aradan qaldırılaraq həmin pulun tutulması qətnamənin nəticə hissəsində göstərilməlidir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilmə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki-Prosessual Məcəllənin 228-ci maddəsinin göstərişinə istinad etməklə yanlışlığın aradan qaldırılması barədə qərardad qəbul edib. Həmin maddədə hakimə qətnamədə buraxılmış yanlışlıqların düzəldilməsi barədə qərardad çıxarmaq səlahiyyəti verilib. Şikayətdə qeyd olunub ki, qətnamə qanuni qüvvəyə minməyib və icraya yönəldilməyib, ona görə də məhkəmə 228-ci maddəyə istinad etməyə haqlı olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hal yanlışlığın aradan qaldırılması barədə məsələyə baxılmasına mane olmur, çünki qanuni qüvvəyə minməmiş qətnamədəki yanlışlığın aradan qaldırılmasını qadağan edən norma qanunda yoxdur. Bundan başqa, şikayətdə qeyd olunub ki, məhkəmə prosessul hüquq normasını düzgün tətbiq etməyib, yəni məhkəmə bu məsələnin 229-cu maddəyə istinad edərək əlavə qətnamə çıxarmaqla həll edə bilərdi, lakin 228-ci maddəyə istinad etməklə “düzəliş” adı ilə qərardad qəbul edib. Bununla bağlı məhkəmə qeyd edir ki, 229.1.2-ci maddədə əlavə qətnamə çıxarılmasına əsas olan hallardan biri belə göstərilib: “hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin ... miqdarını göstərməmişsə”. Bu maddə onu nəzərdə tutur ki, pulun alınması və alınmanın hüquqi əsası qətnamədə göstərilib, lakin alınmalı miqdar göstərilməyib. Hazırkı qətnamədə belə hal yoxdur. Məhkəmə pulun alınmasını, alınmanın hüquqi əsasını və alınmalı miqdarı (14.800 manat) qətnamənin əsaslandırıcı hissəsində göstərib, lakin yanlışlıq üzündən bunu qətnamənin nəticə hissəsində göstərməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq 228-ci maddəni tətbiq etməklə yanlışlığı aradan qaldırıb. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5775/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5775/2023
15.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver