Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5776/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və sair tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, Cavabdeh nümayəndəsi X3, iş üzrə üçüncü şəxs olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 və tərcüməçi X5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə MMC-nin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi, ona əlavə olaraq 37,07 kvadrat metr olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120,37 kv.m ümumi sahəsi olan mənzil ilə təmin etməsi və ya 37,07 kv.m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz olunması haqqında qətnamə qəbul edilməklə cavabdehin MMC-nin üzərinə müvafiq öhdəlik qoyulmasını xahiş etmişdir.
2. İddia ərizəsində Azərbaycan Respublikası Maraqlı şəxs1 və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi qeyd edilmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maraqlı şəxs1 xx.xx.2016-ci il tarixli, 86 saylı qərarına və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli, 197 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsü və həmin yerdə yeni və çoxmənzilli binanın inşasını həyata keçirməlidir. Qəzalı binada həmçinin iddiaçıya məxsus və sahəsi 100,19 kv.m olan 1 otaqlı mənzil də olduğundan MMC-nin buna səlahiyyətli olan şəxslər ilə iddiaçı arasında danışıqlar aparılmış və razılıq əldə olunmuşdur ki, iddiaçı özünə məxsus mənzili MMC-yə təhvil verməli, bunun əvəzində MMC tərəfindən 20% artıq sahə verilməklə, binanın “B2” blokunun 7-ci mərtəbəsində təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 kv.m olan 143 nömrəli mənzil veriləcək. Bu səbəbdən iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və göstərilən razılığın şərtləri müqavilədə qeyd edilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə tam yetirmiş, özünə məxsus köhnə mənzili MMC-yə təhvil vermiş, MMC öhdəliyini qismən icra etmiş, iddiaçıya müqavilədə nəzərdə tutulmuş 120,37 kv.m deyil, 83,3 kv.m sahəyə malik olan mənzili təhvil vermişdir. Göründüyü kimi (120,37 – 83,3=) iddiaçıya təhvil verilməli olan mənzilin sahəsi 37,07 kv.m azdır. İddiaçı bu məsələ ilə bağlı cavabdeh MMC-yə və iş üzrə üçüncü şəxslərə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
4. Cavabdeh MMC-nin iddia tələbinə qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, MMC əvəzləşmə qaydasında iddiaçının mülkiyyətinə ümumi tikinti sahəsi 120,37 kv.m təşkil edən mənzil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 10/7710 saylı rəyindən də görünür ki, MMC, qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirmiş, iddiaçıya ümumi tikinti sahəsi 120,4 kv.m təşkil edən mənzili təhvil vermişdir. Buna görə də, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin ümumi tikinti sahəsi ilə iddiaçıya təhvil verilmiş mənzilin ümumi tikinti sahəsi eynilik təşkil edir. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi rəylər əsassızdır və bu hal “X4” MMC-nin verdiyi rəy ilə təsdiqlənir. Lakin Rayon Məhkəməsi “X4” MMC-nin rəyini nəzərə almamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsaslanmaqla əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. İddiaçı apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, söküntü üçün MMC tərəfindən vətəndaşlardan qəbul edilən mənzillərin ölçülərinin hesablanması tikilinin divarının xarici sərhədləri nəzərə alınmaqla həyata keçirilmiş və həmin vətəndaşlara veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması qaydası razılaşdırılmışdır. MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerini yetirmiş, iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzili iddiaçıya təhvil vermişdir.
11. İş üzrə üçüncü şəxs olan Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O da bildirdi ki, MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerini yetirmiş, iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzili iddiaçıya təhvil vermişdir.
12. İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Maraqlı şəxs1 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, cavabdeh MMC, yuxarıda (iddia ərizəsində) qeyd edilən ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının adına olan və ümumi sahəsi 100,19 kv.m təşkil edən 1 otaqlı mənzilin əvəzinə 20% artıq, “B2” blokunun 7-ci mərtəbəsində təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 kv.m olan 143 nömrəli mənzili hazırki iş üzrə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
15. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, MMC, qeyd edilən ünvanda yerləşən köhnə yaşayış binasını sökmüş, yerində yeni və çoxmənzilli yaşayış binasını inşa etmiş və yeni binadan iddiaçıya mənzil vermişdir.
16. İddiaçı, cavabdeh MMC-yə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına və Azərbaycan Respublikası Maraqlı şəxs1nə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədə, habelə hazırki apellyasiya baxışının predmeti olan iddia ərizəsində bildirir ki, MMC, onunla bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ona 120,37 kv.m deyil, 83,3 kv.m sahəyə malik olan mənzili təhvil vermişdir. Göründüyü kimi ona təhvil verilməli olan mənzilin sahəsi 37,07 kv.m azdır. Buna görə də, o, xahiş edir ki, MMC-nin üzərinə öhdəlik qoyulsun ki, ona əlavə olaraq 37,07 kvadrat metr olan sahəni versin və ya çatışmayan sahənin əvəzini bazar qiymətinə uyğun olaraq ona ödəsin.
17. Cavabdeh MMC isə bildirir ki, o, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçıya ümumi tikinti sahəsi 120,37 kv.metrdən də çox, yəni 120,4 kv.metr sahəsi olan mənzili iddiaçıya təhvil vermişdir.
18. Tərəflər arasında mövcud mübahisənin düzgün həlli məqsədilə ilə Rayon Məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3953 nömrəli rəyi alınmışdır.
19. Məhkəmə Ekspertizası Mərkəzinin həmin rəyindən görünür ki, ünvan 2 ünvanda cavabdeh MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 7-ci mərtəbəsində yerləşən və iddiaçıya təhvil verilmiş 3 otaqlı 143 saylı mənzilin faktiki sahəsi 107,8 kv.metr, ümumi tikinti sahəsi isə 120,37 kv.metr təşkil edir (yataq otağı 19,79 kv.m, yataq otağı 19,80 kv.m, zal 26.79 kv.m, mətbəx 12.01 kv.m, holl 21.28 kv.m, eyvan 5.32 kv.m, eyvan 8.43, sanitar qovşağı 3.71 kv.m, sanitar qovşağı 3.24 kv.m).
20. İddiaçının vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7710 nömrəli rəyi alınmışdır.
21. Məhkəmə Ekspertizası Mərkəzinin həmin rəyindən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin Faktiki sahəsi 106,7 kv.metr təşkil edir. Belə ki, mənzilin bir yataq otağının sahəsi 17,6 kv.m, digər yataq otağının sahəsi 17,7 kv.m, zalın sahəsi 23,6 kv.m, mətbəxin sahəsi 12,5 kv.m, hollun (dəhliz) sahəsi 19,5 kv.m, eyvanın (lociya) sahəsi 2,9 kv.m, eyvanın (balkon) sahəsi 6,5 kv.m, bir sanitar qovşağın sahəsi 3,4 kv.m, digər sanitar qovşağın sahəsi 3,0 kv.m təşkil edir. “AutoCad” proqramı vasitəsi ilə aparılmış hesablamalara əsasən müəyyən edilmişdir ki, mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələr 13,7 kv.m təşkil edir. Belə olan halda sözügedən mənzilin ümumi tikinti sahəsi (mənzilin faktiki sahəsi ilə tikintialtı sahə birlikdə) 120,4 kv.m (106,7+13,7) təşkil edir.
22. İş materiallarından görünür ki, iddiaçı həmin ekspert rəyləri ilə razılaşmamış və “X4” MMC-yə müraciət edərək mənzilin sahəsinin ölçülməsini xahiş etmişdir. “X4” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq, iddiaçıya cavabdeh MMC tərəfindən təhvil verilmiş 143 nömrəli mənzilin faktiki ümumi sahəsinin 100,7 kv.m, o cümlədən yataq otağının sahəsinin 16,8 kv.m, yataq otağının sahəsinin 16,6 kv.m, zalın sahəsinin 23,3 kv.m, mətbəxin sahəsinin 12,1 kv.m, hollun sahəsinin 18,7 kv.m, sanitariya qovşağının sahəsinin 2,9 kv.m, sanitariya qovşağının sahəsinin 3,0 kv.m, eyvanının sahəsinin 6,0 kv.m, lociyanın sahəsinin 1,3 kv.m. olduğu müəyyən edilir. Mənzilin faktiki ümumi sahəsi və ölçüləri ilə müqavilə və plan üzrə mövcud olan ölçülər və sahələri arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 3-cü bəndinin tələblərinə müvafiq olaraq, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Kommunikasiya xətlərinin keçdiyi sahələr (sobalar, şaxtalar) mənzilin ümumi sahəsinə aid edilmir.
23. İşə baxmış Rayon Məhkəməsi “X4” MMC tərəfindən verilmiş rəyi deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdikləri rəyləri əsas götürərək iddianın əsassız olması barədə nəticəyə gəlmişdir.
24. İddiaçı apellyasiya şikayətində “X4” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdikləri rəylər əsassızdır və Rayon Məhkəməsi həmin rəylərə istinadən onun iddiasını rədd etməkdə haqsız olmuşdur.
25. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, ekspert – xüsusi biliyə malik olan şəxs hesab edilir (maddə 63.1.). Mütəxəssis – zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs hesab edilir (maddə 64.1.).
26. Müqayisə etdikdə müəyyən edilir ki, ekspert mütəxəssissə nisbətdə daha üstün biliyə malik olan şəxsdir. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi mütəxəssis tərəfindən verilmiş rəyi deyil, ekspert tərəfindən verilmiş rəyi əsas götürməkdə haqlı olmuşdur.
27. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.).
28. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, cavabdeh MMC, yuxarıda (iddia ərizəsində) qeyd edilən ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının adına olan və ümumi sahəsi 100,19 kv.m təşkil edən 1 otaqlı mənzilin əvəzinə 20% artıq, “B2” blokunun 7-ci mərtəbəsində təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 kv.m olan 143 nömrəli mənzili hazırki iş üzrə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
29. Müqavilənin şərtlərinə Mülki Məcəllənin 390.1, 404.1 və 405.1-ci maddələrinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, cavabdeh MMC tərəfindən iddiaçıya faktiki yaşayış sahəsi 120,37 kv.m olan mənzil deyil, tikinti sahəsi 120,37 kv.m olan mənzil təhvil verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəylərdən də görünür ki, MMC-nin iddiaçıya təhvil verilmiş mənzilin ümumi tikinti sahəsi 120,37 kv.metrdən az deyil.
30. Göründüyü kimi, cavabdeh MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etmişdir.
31. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (maddə 578.1.).
32. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən halına yanaşdıqda müəyyən edilir ki, MMC, onunla iddiası arasında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcud deyil. Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə və iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.