Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5777/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X7 Azərbaycan” QSC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və Maraqlı şəxs1 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh “X7 Azərbaycan” QSC-nin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər “X7 Azərbaycan” QSC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və Maraqlı şəxs1 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(005)-3770/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2019-cu il tarixli 2 (103)-5027/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı vəMaraqlı şəxs1 MMCdən cəmi 788.203,06 manat pulun “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215.000 manat müəyyən edilməklə ipoteka predmeti olan mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir.
2. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi əsasında icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Yasamal icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal icra şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılmaqla realizə edilməsi üçün sifariş məktubu ilə Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə müraciət etmişdir.
3. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 19 yanvar 2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 04 fevral 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir.
4. Nərimanov rayon İcra şöbəsinin Böyük İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cəmil Tağıyevə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 5027/2019 qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatına xitam verilməsini və sifariş verilmiş hərrac işin və qanun çərçivəsində nəzərdə tutulmuş icra hərəkətlərinə xitam verilməsini xahiş etmişdir.
5. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli 16494- 175147/2020-5-1 sayılı məktuba cavab olaraq qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsi Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarıda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatının dayandırılması xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-2412/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı üzrə xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin təmin edilməsi məqsədi ilə 01 iyun 2021-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 24 iyun 2021-ci il tarixə saat 11:00-17:00-dək; 182750 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 14 iyul 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Hərrac üzrə yekun protokol tərtib edilmiş və alğı-satqı müqavilsi bağlanmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 “X7” ASC adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində “X7 Azərbaycan” QSC-nin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi və dəqiqləşdirmə barədə ərizə belə əsaslandırılmışdır ki, mənzilin bu qiymətlə hərraca çıxarılması tamamilə qanunsuz olmaqla onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli 2(103)-5027/2019 saylı qətnaməsindən görünür ki, 29 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən qeyd olunan mənzilin ilkin satış qiyməti onların real bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. Birinci (ilkin) hərrac 15 yanvar 2021 -ci il tarixdə, ikinci (təkrar) hərrac 4 fevral 2021-ci il tarixdə keçirilmiş və X4 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X4 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə 3-cü hərrac və 14 iyul 2021-ci il tarixdə isə 4-cü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(005)- 3770/2021 nömrəli qətnaməsi ilə (Gültəkin Əsədova) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmış, iddiaçı iddia ərizəsində qətnamədən şikayət verildiyi halda hərracın keçirildiyini, bununla da hərrac qaydalarının pozulduğunu iddia edir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, qətnamədən şikayət verildiyi müddət ərzində hərrac hərəkətləri dayandırılmışdır. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır.
12. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.1, 42.1, 44, Mülki Məcəllənin 269.1, 317.1, 319.1,416-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, tələbinin hüquqi əsasını onun keçirilən hərracların vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaması təşkil etməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən 12 saylı mənzillə bağlı 4 dəfə hərrac keçirilmiş və ondan sonra mənzil bankın mülkiyyətinə verilmişdir. Birinci (ilkin) hərrac 15 yanvar 2021-ci il tarixdə, ikinci (təkrar) hərrac 04 fevral 2021-ci il tarixdə keçirilmiş və X4 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X4 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə üçüncü hərrac və 14 iyul 2021-ci il tarixdə isə dördüncü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də iki dəfədən artıq hərrac keçirildiyinə görə 04 fevral 2021-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində bank ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə iddiaçının (ipoteka qoyanın) mənzillər üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu etibarsız hesab edilməli və mənzil üzərindəki ipotekaya xitam verilməlidir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11669/2021 saylı mülki iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yekun olaraq düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş hərraclar iki icra sənədi üzrə aparılmışdır. İddiaçının mübahisəli ipoteka predmetinin satışının həyata keçirilməsi zamanı eyni icra sənədi üzrə 4 hərracın keçirilməsi öz təsdiqini tapmır. "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hərhansı qanun pozuntusu olmadan təşkil edildiyindən, iddia tələbi rədd edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 269.5 və “İpoteka haqqında” Qanunun 1.0.1, 34.1.1, 34.1.3, 34.1, 41.2, 41.3, 41.5, 42.1,42.3, 44-cü maddələrinə istinadla əsaslandırmışdır.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-2472/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11669/2021 nömrəli 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
21. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindəki mövqelər bir-birinə uyğun olmadığı kimi, nəticə hissəsi də aktın əsaslandırıcı hissəsinin bir qisminə ziddir. Apellyasiya məhkəməsinin mübahisənin hüquqi həllinə dair hansı qənaətdə olduğu, başqa sözlə birinci instansiya məhkəməsinin aktının maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb-çıxarılmadığı barədə yekun qənaəti ziddiyyətli formada əks olunmuşdur. Belə olan halda, qətnamənin nəticə hissəsinin məhkəmə kollegiyasının əsaslandırma hissəsindəki mövqeyini əks etdirib-etdirmədiyi müəyyən deyil. Bu hallar Mülki Prosessual Məcəllənin qətnamənin məzmununa dair 220-ci və 392.1-ci maddələrinin pozulmasına dəlalət edir. Prosessual hüquq normalarının pozulması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdeh “X7 Azərbaycan” QSC-nin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
26. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
28. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
29. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
30. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
31. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
41. İddiaçının dəlilləri əsassızdır.
42. Göründüyü kimi əvvəlcə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən hərrac keçirilmiş, lakin Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qətnamə qismən ləğv olunmuş, İddiaçı aid hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ali Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə yenidən hərrac keçirilmişdir. Hərracın yekunları ilə bağlı mübahisəli əmlak tələbkara təklif edilmiş və tələbkar təklifi qəbul etmişdir.
43. Kollegiya hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur.
44. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.
45. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3770/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.