Məhkəmə qərarları › İş №2(103)-5778/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5778/2022

23.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5778/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə edilmiş mənzilin bölünməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2018-ci il tarixdə bağlanıb, xx.xx.2020-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan uşaq yoxdur. Mübahisə Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 37.600 manata İddiaçı adına əldə edilib. Həmin müqavilə nikahın qeydiyyatından 2 gün sonra bağlanıb. İddiaçı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Hazırda mənzildə Cavabdeh yaşayır, o, mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh mənzildən istifadə hüququna xitam verilsin və o, mənzildən çıxarılsın. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzilin 2/3 hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınsın və mənzil həmin paya uyğun bölünsün. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia qismən təmin olunsun, mənzildə tərəflərin hər birinin payı 1/2 hissə müəyyən olunsun, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin olunsun, qarşılıqlı iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: İlk iddianın həlli qarşılıqlı iddianın həllindən asılı olduğuna görə əvvəlcə qarşılıqlı iddiaya münasibət bildirilməlidir. Qarşılıqlı iddia barədə: Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Birinci, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin mənasına görə, mənzilin yalnız nikah müddətində əldə edilməsi onun ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün kifayət deyil, mənzil həm də ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Alqı-satqı müqaviləsi nikahdan 2 gün sonra bağlansa da, ödəniş qəbzindən görünür ki, mənzilin qiyməti nikahın qeydə alındığı gün - xx.xx.2018-ci ildə ödənilib (iş v. 87). Ər-arvadın məhz nikahın qeydə alındığı gün 37.600 manat ümumi gəlir əldə etdiyini təsdiq edən sübut yoxdur. Mənzilin qiyməti nikahın qeydə alındığı gün İddiaçı tərəfindən ödənildiyinə görə hesab olunur ki, 37.600 manat İddiaçı özünə məxsus olan puldur. İkinci, nikahın qeydə alındığı gün İddiaçı tərəfindən satıcıya ödənilmiş 37.600 manat pulun hər hansı hissəsinin Cavabdeh tərəfindən İddiaçı verildiyini təsdiq edən sübut yoxdur. Məhkəmə yalnız Cavabdeh sözlərinə əsaslanaraq onun İddiaçı pul verdiyini müəyyən edə bilməz. Alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl – xx.xx.2017-ci ildə Cavabdeh özünə məxsus evi 35.000 manata satıb. Lakin bu fakt özözlüyündə Cavabdeh satışdan əldə etdiyi pulu İddiaçı verdiyini təsdiq etmir. Üçüncü, əgər Cavabdeh mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə İddiaçı ilə yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Cavabdeh mənzilin nəyə görə İddiaçı adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mənzilin əldə edilməsi üçün pul verməyib. Dördüncü, İddiaçı 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə (iş v. 87) görə, pul satıcıya məhz İddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun İddiaçı məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul İddiaçı məxsusdur. Beləliklə, mənzil ər-arvadın ümumi birgə mülkiyyəti deyil, ona görə də qarşılıqlı iddia təmin edilə bilməz. İlk iddia barədə: İddiaçı ilk iddiası əsaslıdır. İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh (keçmiş ailə üzvünün) arasında ailə münasibətlərinə xx.xx.2020-ci il tarixli qətnamə ilə xitam verildiyinə görə, həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh mənzildən istifadə hüququna Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilib. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə məhkəmə qərarına əsasən saxlanılması imkanı müəyyən edilsə də, belə qərarın qəbul edilməsinə zərurət yoxdur. Birinci, Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan olmadığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə tədim etməyib. İkinci, nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçib, Cavabdeh bu müddətdə mənzildən istifadə edib. Yəni Cavabdeh istifadə hüququna xitam verilməsinə baxmayaraq onun mənzildən istifadə imkanı faktiki olaraq 2 il ərzində saxlanılıb. Beləliklə, Cavabdeh mənzildən istifadə hüququna xitam verilib və hazırda onun mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə ziddir. Odur ki, İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən Cavabdeh mənzildən çıxarılmasını tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı ilk iddiası təmin olunsun. Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən istifadə hüququna xitam verildiyi müəyyən olunsun və o, həmin mənzildən çıxarılsın. Cavabdeh qarşılıqlı iddiası rədd olunsun. Hazırkı qətnamə Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar