Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5781/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "Universal- Servis İnşaat” MTK-nın Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 108/2021 saylı işi üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "Universal-Servis İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "Universal-Servis İnşaat” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Universal-Servis” MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5.634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı işi üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (Mülki Prosesual Məcəllənin 119, 124.1, 217.4 ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091, 1095; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına istinadən) iddiaçı "X6” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı - Cavabdeh "xxxx" MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Kooperativ "X6” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 18 oktyabr 2006-cı il tarixli müqavilənin surətinə əsasən kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2 -ci giriş 2-ci mərtəbə, 4 otaqlı, 132 saylı, faktiki sahəsi 129,76 kv. metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 2-ci mərtəbədə yerləşən 4 otaqlı 132 saylı mənzilin naturada yerləşdiyi faktiki sahəsi 128.2 kv.m təşkil edir və həmin sahə Universal Servis LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2007-ci il tarixli, 103 nömrəli "Kooperativ Mənzil Tikintisi haqqında Müqavilə”də göstərilən 120.37 kv.m sahədən 7.83 kv.m çox təşkil edir; - Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 132 saylı mənzil 18 oktyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120.37 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir (iş səh.7, 30). 4.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8570/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "Universal-Servis İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı mülki iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 5.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8570/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-2514/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçı "Universal-Servis İnşaat” MTK-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8570/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3, 416.1; Mülki Məcəllənin 375.2. 550, 551.1, 1091, 1092.1, 1095-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmələr həmin maddi hüquq normasını səhv tətbiq etmişlər. Çünki Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddət kəsici deyil, iddia müddətidir. Belə ki, əsassız varlanmaya söykənən iddia bir tələb hüququdur. Tələb hüquqlarına isə bir qayda olaraq iddia müddəti tətbiq edilir. Bu qayda iddia müddətinə dair MM-in 372.1-ci maddəsində açıqca göstərilmişdir: “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”.Tələb hüquqları üçün iddia müddətinin xarakterik olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsindəki müddətin mahiyyəti ilə bağlı hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında açıq və qəti şəkildə ortaya qoymuşdur. Həmin qərarda göstərilmişdir ki, “...əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir”. Kollegiya hesab edir ki, bu qərarın dərc olunmasından sonra Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddətin kəsici müddət kimi qiymətləndirilməsi qanunvericiliyə ziddir. Çünki, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4-cü və 66.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Məlum olduğu kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 19). Odur ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi hazırkı iddiaya Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqinin mümkün olub- olmamasına iş materialları əsasında hüquqi qiymət verməlidir. Bununla yanaşı, tərəfin bildirməsindən asılı olmayaraq, iddianın düzgün həlli üçün hüquq normalarını tətbiq etmək məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair "iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.Mülki Məcəllənin 550-ci və 551.1-ci maddələrinə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Odur ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla, qeyd olunan maddi hüquq normalarının da hazırkı mübahisəyə tətbiqi imkanları müzakirə olunmalı və nəticəsindən asılı olaraq iddiaya yekun hüquqi qiymət verilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 6.İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bina 2019-cu ilin noyabr ayında təhvil verilərkən cavabdehlə bağlanmış müqavilədə göstərilən tikinti sahəsinin əslində 120,37 kv.metr deyil, 129,76 kv.metr olduğu və cavabdehin hüquqi əsas olmadan əmlak əldə etməsi-əsassız varlanması faktı məlum olmuşdur. Bundan sonra iddiaçı tərəfindən müddətin ötürülməsi məsələsi dəqiqləşdiriİdən sonra qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi əsassız olması, eyni zamanda müddətin ötürülməsi səbəbindən rədd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia məsələsi iddiaçı tərəfindən dəqiqləşdirilmişdir.Lakin məhkəmə işə baxarkən mübahisəli məqamları araşdırmamış. Öz daxili inamına əsaslanmaqla 9.39 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ilə bağlı tələbin əsassız olması qənaətinə gəlmişdir. Hansı ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən cavabdehə məxsus mənzilin faktiki sahəsinin 128.2 kv.m olduğu, tərəflər arasında bağlanılmış müqavilədə göstərilən faktiki sahədən 7.83 kv.m artıq olduğu bildirilmişdir. 7.Cavabdeh iddia müddətin tətbiq edilməsi ilə barədə ərizə təqdim etməklə qeyd etmişdir ki,Ali Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsində işə baxılarkən o, məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək istəyərkən məhkəmə belə ərizənin verilməsinə lüzum olmamasını, AR Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddətin kəsici müddət olmasını və həmin müddətin ərizə verilmədən də məhkəmə tərəfindən tətbiq edilməsinin mümkünlüyünü nəzərinə çatdırmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə verməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi də Xətai rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin Ali Məhkəmənin qərarı ilə ona məlum olmuşdur ki, AR Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət kəsici müddət deyil, iddia müddətidir. Belə olan halda hazırda onun iddia müddətinin tətbiqi barədə ərizə verməyə hüququ var və həmin ərizə məhkəmə tərəfindən qəbul edilməlidir. Qanunun göstərilən tələblərini əsas tutaraq məhkəmədən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.İddiaçının tələbi əsaslı hesab edilsə belə, artıq düşmüş sahəyə görə pulun tutulması ilə bağlı tələb 10 illik müddət keçdiyi üçün həmin tələbi xitam verilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil mənzilin rəsmi olaraq təhvil verilmədiyini, buna dair təhvil-təslim aktının olmadığını, qeyri-rəsmi şəkildə təhvil verildiyini, lakin nə vaxt verildiyinin ona məlum olmadığını, mənzildə yaşayışın olduğunu və təmir edildiyini bildiklərini, amma cavabdehin nə vaxtdan həmin mənzildə yaşadığını bilmədiyini,maliyyə arayışının verildiyini,menecerin texniki səhvə yol verərək mənzilin sahəsini az göstərdiyini qeyd etmiş,cavabdeh tərəfə çıxarış verilmədiyini bildirmişdir. 9.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 2007-ci ildə mənzilin təhvil verildiyini, təmir olunduğunu, təhvil-təslim aktı olmasa da, onlara maliyyə arayışının verildiyini bildirmişdir. Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1 - 420-ci maddələrinə əsasən Qanuni qüvvəsi olan Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılma mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 385-390, 550-554, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 80-82, 88, 385-390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, qətnamədə göstərilmiş əsaslar üzrə maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən, iddiaçı "Universal-Servis İnşaat” MTK Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı işi üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni əsaslarla qətnamə qəbul edilməli, iddiaçı "Universal-Servis İnşaat” MTKnın Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair iddiası öhdəliklərin xitamı əsası ilə rədd edilməlidir. 12.Belə ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərə xitam verilməsi əsasları” adlanan 527-ci maddəsinin tələblərinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (527.1). 13.Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 14.Məcəllənin 529.5-ci maddəsinə əsasən Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 15.Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 16.Məcəllənin 551-ci maddəsində qeyd edilmişdir ki, əgər bu məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 17.Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 18.Müqavilə öhdəlikləri üzrə cavabdeh tərəfindən icra həyata keçirilmiş, 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər onun bağlandığı andan qüvvədə olmuş, iddiaçı tərəfindən müqavilənin dəyişdirilməsi və ya sair qaydada mübahisələndirilməsi təşəbbüsü olmamış, habelə bu təşəbbüs üzrə (öhdəliklərin xitamı üçün ümumi) müddətlər də bitmişdir.İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mənzilin sahəsinin düzgün yazılmaması menecerin səhvi nəticəsində baş vermişdir. Bu baxımdan qeyd edilməlidir ki, menecerin səhvi üzrə mülki məsuliyyət ondan xəbərsiz olan cavabdehə aid ola bilməz. Belə ki, cavabdehin ona artıq sahənin verilməsi barədə məlumatlı olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. 19.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 20.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: İddiaçı "Universal-Servis İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2021 saylı işi üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Universal-Servis İnşaat” MTK-nın Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.