Məhkəmə qərarları › İş №2(103)-5785/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5785/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5785/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı övladları 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasında yaşamaq hüququnun tanınması və həmin mənzilə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə quraraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə yaşamağa başlamışdır, birgə nikahdan 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X5 anadan olmuşlar. Qeyd edilən mənzil nikah bağlanmazdan bir neçə ay əvvəl alınmışdır. İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A,15 saylı mənzildə qeydiyyatdadır, lakin cavabdeh və onun anası sözügedən ünvandan istifadəyə maneçilik törədirlər, həmçinin tərəflər arasında nikahın pozulmasına görə Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət edilib, hal-hazırda iki uşağı ilə birlikdə o, məcburi surətdə evi tərk edərək anasının yanında qalır, İddiaçı 2011-ci ildən fasiləsiz olaraq həmin mənzildə cavabdehin anası və atası ilə birlikdə yaşamış, eyni zamanda əmək fəaliyyəti göstərmişdir, bununla yanaşı mənzilin abadlaşdırılmasında da onun vəsaitindən istifadə olunmuşdur, iddiaçının bütün əmlakı həmin mənzildə yerləşir, onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yeri və maddi imkanları yoxdur. İddiaçı bu mənzildə yaşamaq və ondan istifadə etmək hüquqlarının olmasına baxmayaraq kobud şəkildə hüquqları pozularaq evdən çıxarılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları - 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X5 və cehiz əşyaları (çarpayı(taxt) - 01 ədəd, paltar dolabı – 01 ədəd, kamot – 01 ədəd, tumba – 02 ədəd, servant – 02ədəd, televizor altlığı – 01 ədəd, jurnal stolu – 01 ədəd, stol-stul – 01 dəst, divan – 01 ədəd, kreslo – 02 ədəd) ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan övladları - 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014cü il təvəllüdlü X5 anadan olmuşlar, İddiaçı ona aliment tələbi ilə bağlı iddia qaldırmış və 11.10.2018ci il tarixli, 2(011)-8103/2018 saylı qətnaməyə əsasən iddia tələbi təmin olunaraq həmin tarixdən hesablanmaqla övladları - 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlə evlilikləri ilk vaxtlarda mehriban olsa da, sonra ailədaxili narazılıqlar ucbatından 22.06.2020-ci il tarixdə o, övladlarını götürərək evi tərk etmişdir, atası evinə getmiş və bir daha geri qayıtmamışdır. 05.10.2020-ci il tarixdə tərəflərindən nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, 2(011)- 5873/2020 saylı iş Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatındadır, lakin bütün bunlara baxmayaraq, İddiaçı 12 oktyabr 2020-ci il tarixdə məhkəmədə Cavabdeh qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi” tələbinə dair iddia qaldırmışdır, hesab edir ki, qarşı tərəfin iddiası əsassızdır, təmin edilməməlidir, belə ki, tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur, onların ailə münasibətlərinin belə davam etməsi qeyri-mümkündür, bu səbəbdən də cavabdeh İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmalıdır, artıq cavabdeh İddiaçı müəyyən əşyalarını özü ilə aparmış, hal-hazırda ona məxsus cehiz əşyaları: çarpayı (taxt) 01 ədəd, paltar dolabı - 01 ədəd, kamot - 01 ədəd, tumba - 02 ədəd, servant - 02 ədəd, televizor altlığı - 01 ədəd, jurnal stolu - 01 ədəd, stol-stul - 01 dəst, divan - 01 ədəd, kreslo- 02 ədəd Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin 15 saylı mənzilindədir və həmin əşylar mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.04.2011ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin, 15 saylı mənzili Cavabdeh mülkiyyətindədir, o, əvvəllər valideynləri ilə birlikdə onun atasının mülkiyyətində olmuş ünvan 2 ünvanında yaşamışdır. 2011-ci ilin aprel ayında atası sözügedən mənzili satdıqdan sonra mübahisəli mənzili almışlar, valideynlərinin razılığı əsasında yeni alınmış mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. 7 ay sonra isə, yəni həmin ilin noyabr ayında X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 2012-ci ilin fevral ayında onu mülkiyyətində olan mənzilə qeydiyyata almışdır, belə olan halda, İddiaçı Cavabdeh məxsus mənzilinə istifadə hüququ yaranmır, lakin buna baxmayaraq, o, onu və yaşlı valideynlərini incidərək, “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi tələbi’nə dair məhkəmədə əsassız iddia qaldırmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, tərəfindən 05.10.2020-ci ildə nikahın pozulması ilə bağlı iddia qaldırılmış, işin baxılması 26 may 2021-ci il tarixə təyin edilmişdir. Onun nikahın pozulması ilə bağlı fikri qətidir. Bu işlər bir-biri ilə əlaqəli olduğundan hazırkı işin dayandırılması barədə iddia vəsatət versə də, vəsatəti təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçının əsas problemi onun anasıdır. O, valideynlərinə məxsus olmuş mənzili satdıqdan sonra 2011-ci ilin aprel ayında hazırkı mənzili almışdır. Cavabdeh özü mənzildən çıxıb getmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, qarşılıqlı iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar hazırkı iş üzrə iddiaçının yanında saxlanılmışlar. Həmin qətnamənin qüvvəyə minməsi barədə məlumatı yoxdur. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişlər. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 20.09.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20.04.2014-cü il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 12.05.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 17.11.2012-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli 2(011)-8103/2018 saylı qətnamədən görünür ki, 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11.09.2018-ci il tarixdən hesablanmaqla hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə qeydiyyatdadırlar. Beləliklə işin araşdırılmış və tədqiq olunmuş halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddiaçı Cavabdeh həyat yoldaşı, 17.11.2012-ci il təvəllüdlü X6 və 20.04.2014-cü il təvəllüdlü X5 isə tərəflərin birgə nikahlarından olan uşaqlarıdır, onlar mübahisəli mənzildə pasport qeydiyyatdadırlar və Cavabdeh ailə üzvləridirlər. İddiaçı 2011-ci ildən etibarən həmin mənzildə ailə üzvü kimi yaşayır, Cavabdeh M.Navazovanın mənzildən istifadəsinə maneələr yaradır, ilkin iddiaçı hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. Belə ki, cavabdeh tərəfindən iddiaçının uşaqları ilə birlikdə orada yaşamasına razı olmaması bir daha onu göstərir ki, iddiaçıya uşaqları ilə birlikdə cavabdeh tərəfindən mənzildə yaşamasına maneələr yaradılır. Kollegiya, İddiaçı “mənzilə köçürülmə” barədə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2011-ci il tarixdən yarandığından və onlar Cavabdeh ailə üzvü hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi Cavabdeh tərəfindən yaradılmış maneələrlə əlaqədadır. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməkdə haqlı olmuşdur. Həmçinin ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırdığından, kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya mərhələsində cavabdeh tərəf, tərəflər arasında nikahın pozulması barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsini təqdim edərək, iddiaçının mübahisəli mənzildə istifadə hüququnun saxlanılmadığını bildirmiş, iddiaçı tərəf apellyasiya şikayətinin surətini təqdim edərək, həmin qətnaməni mübahisələndirdiklərini bildirmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, hazırkı iş üzrə 02 mart 2021-ci il tarixdə qətnamə qəbul edilərkən, nikahın pozulması barədə 26 may 2021-ci il tarixli qətnaməsi mövcud olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən və hal-hazırda tərəflərin nikahlarına xitam verilmədiyindən, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə cavabdeh tərəf Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər. Kollegiya apellyatorun iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması və onun özünün mənzildən çıxıb getməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu məsələlərə yuxarıda qiymət verilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)- 1023/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar