Məhkəmə qərarları › İş №2(103)-5786/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5786/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5786/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2022 saylı 18 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin xx.xx.2015-ci il tarixli 15 nömrəli əmri ilə İddiaçı “Dərmanların keyfiyyətinə nəzarət” şöbəsinə provizor vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 63 nömrəli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 163 nömrəli əmrlə Dərman vasitələrinin qeydiyyatıekspertiza şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 204 nömrəli əmrlə Əczaçılıq subyektləri ilə iş şöbəsinə müfəttiş vəzifəsinə, xx.xx.2017-ci il tarixli, 219 nömrəli əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli, 42-k nömrəli əmrlə Dərman vasitələrinin idxalı ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2019-cu il tarixli, 105 nömrəli əmrlə Dərman vasitələrinin idxal ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə, xx.xx.2021ci il tarixli, 42 nömrəli əmrlə Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir.

2. xx.xx.2021-ci il tarixdə Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdiri yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini, belə halların tez-tez olduğunu, iş vaxtı şöbənin digər işçiləri ilə yersiz mübahisələr etdiyini, təhqiramiz ifadələr işlətdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.

3. xx.xx.2021-ci il tarixli “İzahatdan imtina barədə” Akta görə xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı xidməti məruzədə yazılanlarla tanış olmuş, izahat verməkdən imtina etmiş, əsəbi tərzdə otağı tərk etmişdir.

4. Səhiyyə Nazirliyi Cavabdehn direktoru Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı barəsində toplanmış materialları və Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə alaraq, Əmək Məcəlləsinin 70, 72, 77 və 80-ci maddələrini və Cavabdeh nizamnaməsinin 5.5.12-ci bəndini rəhbər tutaraq, xx.xx.2021-ci il tarixli 163-k nömrəli əmri ilə Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı ilə bağlanmış 219D nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İşçi ilə xx.xx.2021-ci il tarixdə son haqq-hesab aparılmış, o cümlədən istifadə edilməmiş məzuniyyət günləri üçün (xx.xx.2020-2021-ci iş ili üçün 30 gün, xx.xx.2021-2022-ci iş ili üçün 7 gün) 37 gün pul əvəzi ödənilmişdir. Əmrin verilməsinə əsas: xidməti məruzə, aktlar, qərar və izahatlar olmuşdur.

5. İddiaçı əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edərək, hazırki məhkəmə mübahisəsini başlatmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn direktorunun xx.xx.2021-ci il tarixli 163-k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - Cavabdehn Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 ildən artıq bir müddətdir ki, tibb (əczaçılıq) sahəsində çalışır. Keçirilən attestasiyadan ən yüksək bal toplamışdır. Əmək fəaliyyəti dövründə əmək funksiyasını yüksək səviyyədə icra etmiş, bu günə qədər heç bir nöqsana yol verməmiş, heç bir inzibati tənbeh almamışdır. Həmçinin, rus, türk, ingilis və latın dillərini öyrənmişdir. Buna baxmayaraq, əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. İş üzrə ona təqdim edilmiş Aktda hər hansı bir əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsindən söhbət getmir və gedə də bilməz, çünki belə bir hal verməmişdir. Həmin Aktda insident barədə qeyd edilmişdir. Lakin insident adlanacaq və Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə səbəb ola biləcək hadisə də baş verməmişdir. Baş vermiş hadisə ona qarşı uydurma haldır. Ömrünün 30 ildən çoxunu bu sahəyə sərf etmiş, hətta bu sahədə qanun layihəsinin hazırlanmasında da iştirak etmişdir. Hazırda uydurma insident yaratmaqla onun neçə illik kariyerasına bu cür əsasla son qoyulmasını heç cür qəbul edə bilmir. xx.xx.2021-ci il tarixə kimi işində heç bir problemi olmamışdır. Onun vəzifə təlimatı müfəttişlərdən dərmanları alıb, sistemə daxil etmək, dərman qutularının və istifadə təlimatlarının Səhiyyə nazirinin müavininin imzası ilə təsdiq olunmuş təlimatda göstərilən qaydada vahid nümunəyə əsasən təsdiq edilmiş qablaşdırılmaya uyğunluğunu yoxlayır. O, qutuların üzərində uyğunluğa dair qeyd aparır, tarix yazaraq qutuların üzərinə “ + “ və ya “ - ” işarəsi qoyur, əlavə olaraq siyahıda dərmanların qarşısında qeydiyyat aparır. X8 dərmanları digər müfəttişdən təhvil alır, dərmanların tamlığını və təlimata uyğun olub-olmamasını, bir sözlə dərmanların sayını və tamlığını yoxlayır. Dərman qaydalara uyğun olarsa analitik bazaya daxil edir və bundan sonra ona verir. xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitələri gəlmişdir. Dərman qutusunun içərisində təlimata uyğun olaraq Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatı olmamışdır, o, qutusunun üzərində “ - “ işarəsi qoymuş və bazaya qeyd etməsi üçün Fəxriyəyə Həmidovaya vermişdir. Fəxriyyə Həmidova ona bildirmişdir ki, dərman qutusunun içərisində içlik olmuşdur. Yəqin torbanın içərisində qalıb. Lakin torbanın içərisində başqa əzilmiş və cırılmış təlimat vərəqələri olmuşdur. Bir neçə dəfə belə hadisələr olub ki, o qutunun üzərində “ + ” işarəsi, Fəxriyyə isə “ - “ işarəsi qeyd etmişdir. Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin təlimatını Fəxriyyə Həmidova onun otağında olan zibil qutusundan tapıb gətirərək, şöbə müdiri Sərvinaz Tağıyevaya vermişdir. Fəxriyyə Həmidovaya işi o, özü öyrətmişdir, münasibətləri yaxşı olmuşdur. O, Fəxriyyən həmişə sülhə dəvət etmişdir. Soyuducunun açarı həmişə onda olmuşdur. O, başqa dərmanları yoxlayarkən Fəxriyyə onun otağını axtarmış və surətçıxaran aparatın yanında olan zibil qutusunda təlimat vərəqəsini cırılmış şəkildə tapıb gətirmişdir. Fəxriyyə təlimatı şöbə müdirinə vermiş və şöbə müdiri ondan niyə görə təlimatı cırdığını soruşmuşdur. O, isə təlimatı cırmadığını və təlimatı Fəxriyyənin özünün cırıb atmış ola biləcəyini demişdir. Bundan sonra ondan izahat tələb edilmişdir. Lakin o, hüquqşünas çağırmağı tələb etmiş və izahat verməmişdir. İzahatı öz otağında yazıb verəcəyini desə də, ona icazə verilməmişdir. Bu səbəbdən izahat yazmamışdır. xx.xx.2021-ci il tarixdə ona öz ərisəsi ilə işdən çıxması, əks halda əmrlə işdən çıxardılacağı bildirilmişdir. xx.xx.2021-ci il tarixdə işdən çıxanda onun çantası yoxlanılmış, səbəb olaraq dərman itməsi bildirilmişdir. Şöbə müdiri Sərfinaz Tağıyeva, həmçinin həmkarlar ittifaqı təşkilatının sədridir və ona qarşı qərəzli olub. O, direktor müavininin qəbulunda olmuş, lakin onun işi düzgün araşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə Eldar müəllim ona ərizəsini yazaraq işdən çıxmasını bildirmişdir. Həmin gün saat 14:40-da iclasa dəvət etmişlər. O, təxminən 5-6 dəqiqə ərzində HİK-nin iclasında olmuşdur. İclasda direktor müavini onu işdən çıxartmaq istədiklərini bildirmişdir.

8. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Cavabdehn İdxal-ixrac şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və iddiaçını tanıyır. O, xx.xx.2021-ci il tarixdə “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitəsini bazaya daxil edərkən, onun istehsalçısını qeydiyyat bazası və içlik vərəqəsi ilə müqayisə etmək üçün qutunun tamlığını pozaraq içlik vərəqəsini götürərək baxmışdır. Hətta həmin dərmanın içində içlik vərəqəsi ilə yanaşı ayrıca blisteri qoymaq üçün rəngli və sərt ciblik olmuşdur. İstehsalçını dəqiqləşdirdikdən sonra böyük ölçüdə olan içlik vərəqəsini səliqə ilə qatlayıb cibliklə birlikdə qutuya qoymuşdur. Digər dərmanları da yoxlayıb bazaya daxil etdikdən sonra həmişə olduğu kimi qablaşma və içliyini yoxlamaq üçün bunlara baxan mütəxəssisə, yəni İddiaçı vermişdir. Onun bazaya daxil etdiyi dərmanları digər otaqda əyləşən mütəxəssis İddiaçı yoxlayır. Bir neçə saat keçdikdən sonra İddiaçı dərman torbalarını ona qaytarmışdır. Bundan sonra o, baxılan qablaşma içliklərində problem varsa onları yenidən həmin analiz nömrəsi ilə bazaya əlavə etmişdir. Bu zaman o, “Yarina tablet N 21” dərman vasitəsinin üzərində içlik vərəqəsinin ümumiyyətlə içərisində olmadığı barədə yazını görmüş və problem olaraq onu bazaya əlavə etmişdir. Sonra bunu dəqiqləşdirmək, yəni içlik səbəbinin məhz bu olduğunu bilmək üçün gedib İddiaçı özündən soruşmuşdur. İddiaçı qutunun içində içlik olmadığını, yalnız blister olduğunu bildirmişdir. O, İddiaçı şəxsən qutunu açıb baxdığını və içliyi yenidən qutuya qoyduğunu demişdir. İddiaçı ona kobud cavab vermiş və içliyi onun özünün harasa atdığını, işləyə bilmədiyini və sair demişdir. O, işin sonunda problemli dərmanlarla birlikdə bu dərmanı da şöbə müdirinin otağını aparmışdır. Qeydiyyatla bağlı problemləri şöbə müdiri ilə təhlil etmiş, şöbə müdiri qablaşma və içlik problemlərini təhlil etmək üçün otağına çağırmışdır. Şöbə müdiri “Yarina tablet N21” dərmanının probleminin nədən ibarət olduğunu soruşduqda, İddiaçı həmin dərmanın içliyinin ümumiyyətlə olmadığını bildirmişdir. O, içliyi gördüyünü bildirdiyi üçün şöbə müdiri Sərfinaz Tağıyeva təəcüblənmişdir. O, özünə əmin olduğu üçün İddiaçı otağına getmişdir. Həmin vaxt digər işçi Vüsalə Məmmədova da otaqda olmuşdur. O, Vüsaləyə dərmanın içlik vərəqəsinin yerində olmadığını bildirmiş və İddiaçı stolunun üstünə göz gəzdirmişdir. Lakin stolun üstündə içliyi görməmişdir. Bundan sonra X10 Ələkbərovanın zibil qabının hansı olduğunu soruşmuşdur. Çünki İddiaçı əvvəllər də bir neçə dəfə dərmanları, sənədləri və içlikləri otağında saxlamış və ya digər dərman torbalarının içindən tapılmışdır. Vüsalə Məmmədova stolun yanındakı zibil qabının İddiaçı məxsus olduğunu bildirdi. Bundan sonra o, zibil qabına xırdalanmış və əzilmiş içlik vərəqini və cibliyi aşkar etmişdir. Onları zibil qabından çıxartmış və ovcuna yığaraq şöbə müdirinin otağına aparmış və ona göstərmişdir. Vüsalə Məmmədova da bunu görmüş və təəccüblənmişdir. Sərfinaz Tağıyeva çırılmış içliyi və cibliyi gördükdə cox əsəbiləşmiş və İddiaçı izahat yazmasını istəmişdir. İddiaçı həyacanlı şəkildə səsinin tonunu qaldıraraq, qadına yaraşmayan tərzdə nalayiq sözlərlə özünü təmizə çıxartmağa çalışmış və bunları guya onun cırıb zibil qabına atdığını bildirmişdir. Digər otaqda olan işçi onun ümumiyyətlə İddiaçı otağına digər vaxtlarda girmədiyini və doğrudan da, qırıntıları onun zibil qabından götürdüyünü təsdiq edir. İddiaçı əvvəlki aylarda və illərdə onunla və digər işçilərlə xoşagəlməz hadisələr baş vermişdir. O, hamıya qarşı təhqirli sözlər işlətmiş, hamını savadsız saymış, şübhə ilə davranmış və özünü hamıdan savadlı hesab etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)- 4928/2021 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas vəzifələrindən biri də, müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edərək, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil etməkdən ibarət olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N 21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəxriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, xx.xx.2021-ci il tarixli akt, xx.xx.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqini tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını təmin etməmiş və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, Almaniyanın “Bayer” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürənin mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi və 310-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o əmək müqaviləsi üzrə öhdəliklərini pozmamışdır. O, hər hansı bir dərman təlimat içliyini cırmamış, o, heç təlimat kağızını görməmişdir. Eləcə də, içlik deyilən təlimat kağızının onun tərəfindən bilavasitə cırılıb zibil qutusuna atılmasını heç kəs görməmişdir, bu faktı təsdiq edən hər hansı sübut omamışdır, İzahat verən şəxslər belə onun təərfindən hər hansı bir kağız içliyin(təlimatın) cırılmasını və ya onu zibil qutusuna atılmasını gördüklərini deməmişlər. Təlimat icliyinin onun tərfindən cırılması ilə bağlı məhkəmənin qənaəti ancaq ehtimallara əsaslanır. Əzilmiş-cırılmış kağızların zibil qutusuna atılmasına gəldikdə isə bunu hər kəs edə və həmin zibil qutusuna ata bilərdi (çünki iddiaçının iş otağın qapısı daim açıq olur və orada ümumi zibil qutusu mövcuddur).

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişlər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər V.İbayev - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(004)-4928/2021 nömrəli qətnaməsinin ləğv olunmuş, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır və onun rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir.

19. Belə ki, iddiaçının tələbi cavabdehlə (işəgötürənlə) bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 163-k nömrəli əmrin ləğv edilərək Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir.

20. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki işdə Əmək Məcəlləsinin sadalanan normaları pozulmuş, İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal əmrin ləğvedilməsi üçün müstəqil əsasdır.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsi müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi, ondan sonrakı tərixə xx.xx.2021-ci il tarixə tərtib edilmiş “İzahatdan imtina barədə” Aktdan sonra qeydə alınması həmin sənədlərin sonradan tərtib olunmasına və bununla da həmin sübutların mötəbərliliyinə şübhə yaradır.

23. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X6 iddiaçının dəfələrlə əmək funksiyalarını pozduğunu bildirsə də, bu pozuntunun, yəni əmək funksiyasının pozulmasının məhz nədən ibarət olmasını açıqlamamışdır.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.

25. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72, 80 və 300-cü maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

26. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən xüsusatları sübut edə bilməmişdir. İddiaçı qeyd olunan cırılmış dərman vasitəsinin istifadə təlimatının ona məxsus zibil qutusundan çıxmadığını sübut edə bilməmiş, bu barədə onun tərəfindən izahat yazılması tələb olunsa da, belə izahat verməkdən imtina etmişdir. İddiaçının vəzifə təlimatına zidd hərəkətləri digər əməkdaşlar tərəfindən izahatlarla öz təsdiqini tapmışdır. “Bayer” şirkəti dünyanın şöhrətli və keyfiyyətli dərman vasitələrinin istehsalçısıdır. Eyni dərman vasitəsi bütövlüyü pozulmadan dünyanın bir çox ölkəsinə idxal olunur. Bütün ölkələrə maneəsiz daxil olan dərman vasitəsinin ölkəmizə idxal edilməsindən imtina edilməsi əhalinin dərman vasitələri ilə təminatının qarşısını ala və qıtlıq yarada bilər. Apellyasiya məhkəməsi tərəfindən işdə olan sənədlərə iddiaçının maraqlarına uyğun qiymət verilərək iş birtərəfli aparılmış, cavabdeh tərəfindən işdən çıxarılma əmri qanuni tələblərə söykənməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən qanunun tələbi kobud şəkildə pozulmuşdur. Məhkəmə işəgötürənin pozulmuş hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyini qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı işçilərlə davranış qaydalarını bir neçə dəfə pozaraq daim icra intizamının normal ahəngini pozmuşdur.

28. Kassasiya şikayətində Əmək Məcəlləsinin 70, 71, 186 və 310-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad edilmişdir.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayəndəsi Vəkil etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, bu hadisə iddiaçının işdən çıxarılması üçün bəhanədir. O, hər hansı bir dərman içliyi çırmamışdır. O heç, iddia edilən təlimat kağızını da görməmişdir. O, sadəcə içliyi görməmiş və bu barədə qeyd etmişdir. İçliyin iddiaçı tərəfindən cırılması heç nə ilə sübut olunmur. İzahatı alınan şəxslərin heç biri iddiaçının içliyi cırmasını və ya onu zibil qutusuna atmasını gördüklərini deməmişlər. İş üzrə sənədlərin tədqiqi bir daha göstərir ki, təlimat içliyinin iddiaçı tərəfindən cırılması ilə bağlı qənaət ancaq bir ehtimaldır. Həmçinin, təlimat içliyinin cırılması iddiaçıya heç nə vermirdi. Bütün məhkəmə instansiyalarında cavabdehdən işəgötürnə ziyan dəyməsi ilə bağlı sübutlar istənilsə də, heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətində “şahid ifadələri ilə isbat edilmişdir” yazılması yanlışdır və əsassızdır. Aktda imzası olan X7 da izahatında qeyd etmişdir ki, onun sözügedən insident barədə məlumatı yoxdur. Bu da bir daha təsdiq edir ki, aktda yazılanlar uydurmadır.

30. İddiaçı kassasiya şikayətinə etiraz verərək şikayətin əsassız, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsasl olduğunu göstərərək təmin olunmamasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xələfov) 2(102)-2267/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10426/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyasının mövqeyinə görə - apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış, onun hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsi işəgötürənin əmrində əsaslandırılmamış, ümumiyyətlə işçinin əmək funksiyalarını pozmasının nədən ibarət olmasını açıqlanmamış, iddiaçının hərəkətlərində əmək qanunvericiliyində göstərilən əmək müqaviləsinin ləğv olunması əsasları müəyyən edilməmişdir. Bununla da əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, 72-ci maddəsi və 300-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur.

33. Apellyasiya məhkəməsi gəldiyi İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin sübuta yetirilməməsi qənaətinə gələrkən yalnız iddiaçının izahatında göstərilən hallara istinad etmiş, lakin cavabdeh tərəfindən təqdim olunmuş iddiaçının xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna atması barədə 11 iyun 2021-ci il tarixli aktı, həmin aktı tərtib etmiş şəxslərin işəgötürənə verdikləri izahatları və şahid kimi dindirilən X2 ifadəsini, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi, iddiaçı tərəfin izahatı və digər sübutları qəbul etməməsini əsaslandırmamışdır.

34. İddiaçının özü də xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırılmış vəziyyətdə onun istifadə etdiyi zibil qutusundan aşkar edildiyini inkar etməmiş, lakin həmin istifadə təlimatının onun tərəfindən cırılmadığını göstərmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, həmin prosessual hüquq pozuntuları da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

36. İddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsnin əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn fəaliyyəti Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrənin keyfiyyəti, effktivliliyi və təhlükəsizliyi ilə bağlı olmasını, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsini, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyini və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyəni diqqətdən qaçımış, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə almamışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, həmin prosessual hüquq pozuntuları da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

38. İddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin mənafelərinə hər hansı formada ziyan dəyməsnin əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qənaətə gələn apellyasiya məhkəməsi cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn fəaliyyəti Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrənin keyfiyyəti, effktivliliyi və təhlükəsizliyi ilə bağlı olmasını, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsini, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyini və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyəni diqqətdən qaçımış, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə almamışdır.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

41. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi).

42. ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

43. ƏM-nin 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın 7.1-ci bəndinə əsasən dərman vasitəsinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin, habelə dərman vasitəsinin qablaşdırılmasının və istifadə təlimatının “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsidir. İstifadə təlimatı mövcud olmayan dərman vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir

45. “Daxili intizam qaydalarının” 2.5-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərəkən ona təqdim olunmuş sənədlərin tamlığını və konfidensiallığını qorumaq işçinin əsas vəzifələrindən biridir.

46. “Daxili intizam qaydalarının” 11.2 və 11.2.4-cü bəndinə əsasən müəssisədaxili intizam qaydaları işçi tərəfindən pozulduqda işəgötürən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək hüququna malikdir.

47. ƏM-nin 80-nin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

48. ƏM-nin 80-nin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

49. ƏM-nin 300-ün 1-ci hissəsi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

Apelyasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən - “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin müdiri xx.xx.2021-ci il tarixdə yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məsələyə münasibət bildirilməsi məqsədilə həmkarlar İttifaqının iclasına dəvət edilsə də, iclasda bir neçə dəqiqəlik iştirak etmiş, məsələ barəsində məlumat verməkdən və çıxış etməkdən imtina edərək iclası tərk etmişdir. Həmkarlar İttifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. İddiaçı əsas vəzifələrindən biri də, müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edərək, onların dövlət qeydiyyatında olubolmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olubolmadığını yoxlayaraq bazaya daxil etməkdən ibarət olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəhriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, xx.xx.2021-ci il tarixli akt, xx.xx.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqii tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürənin mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir.

60. İşdə olan sübutlardan və kassasiya instansiyasının hüquqi mövqeyindən göründüyü kimi, iddiaçı son vəzifəsi olan “Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsində işləyən zamanı xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etmiş, xidməti araşdırma zamanı, yəni xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmiş, xidməti məruzədə yazılanlarla tanış olmuş, lakin izahat verməkdən imtina etmiş, bu səbəbdən də müvafiq akt tərtib olunmuşdur.

61. İşçi əmək funksiyasını yerinə yetirərəkən ona təqdim olunmuş sənədlərin tamlığını və konfidensiallığını qorumaq işçinin əsas vəzifələrindən biridir. Əks halda işəgötürən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək hüququna malikdir. (bax: 40 və 41-ci bənd).

62. İddiaçının özü də xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırılmış vəziyyətdə onun istifadə etdiyi zibil qutusundan aşkar edildiyini inkar etməmiş, lakin həmin istifadə təlimatının onun tərəfindən cırılmadığını göstərmişdir.

63. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmış, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır.

64. İddiaçı apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, əsasən təqim olunmuş sənədlərin (aktlar və s.) həqiqətə uyğun olmamasını, şahidlərin düzgün ifadə verməməsini və s. qeyd etmişdir.

65. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı təqdim olunmuş sübutların əsassız və ziddiyyətli olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

66. İddiaçı şikayətdə həmçinin “içlik, təlimat” kağızının cırılmasının işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəirməsinin nədə ifadə olunmasının əsaslandırılmamasını da qeyd etsə də, həmin halla bağlı kassasiya instansiyası göstərmişdir ki, cavabdeh Səhiyyə Nazirliyi Cavabdehn fəaliyyətinin Azərbaycan Respublikasına idxal olunan dərman vasitələrənin keyfiyyəti, effktivliliyi və təhlükəsizliyi ilə bağlı olması, iddiaçının isə həmin müəssisədə məsuliyyətli işdə işləməsi, onun tərəfindən buraxılan hər hansı səhvin insan həyatına təhlükə yarada biləcəyi və müvafiq olaraq işəgötürən müəssisənin qanuni mənafeyinə cəddi xələl gətirəcəyi diqqətdən qaçırılmamalı, iddiaçı tərəfindən törədilən qanun pozuntusunun səhv deyil, qəsdən törədilməsini nəzərə alınmalıdır.

67. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunmuş iddiaçının xx.xx.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna atması barədə 11 iyun 2021-ci il tarixli aktı, həmin aktı tərtib etmiş şəxslərin işəgötürənə verdikləri izahatları və şahid kimi dindirilən X2 ifadəsini, Dərman və tibb vasitələrinin idxal-ixracı şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli yazılı xidməti məruzəsi və s. toplanmış sübutları, həmçinin işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini və kassasiya instansiyasının mövqeyni nəzərə alaraq hesab edir ki, əmr qanunidir və onun ləğv olunmasına hər hansı əsas mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

68. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2022 saylı 18 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar