Məhkəmə qərarları › İş №2(103)-5788/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5788/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5788/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə; kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürmə” barədə ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “kompensasiya verilməklə pay hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3082/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzili (bundan sonra – mənzil) X1 mülkiyyətində olmuş və onun mənzilə dair mülkiyyət hüququ AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Özəlləşdirmə İdarəsi və Bələdiyyə Mülkiyyətinin Texniki İnventarlaşdırma Bürosu Aparatında xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə Qeydiyyat Vəsiqəsi verilmişdir. X3 (İsmayıloviç) xx.xx.2023-cü il tarixdə ölmüşdür. Tofiq Dadaşbəyovdan miras qalmış əmlaklar (hazırkı mübahisə üzrə) mənzildən və “Seat İbiza” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobildən (bundan sonra - avtomobil) və tərəflərin bildirdiklərinə görə qarajdan ibarətdir.

2. İddiaçı ilə cavabdeh X1 (İsmayıloviçin) övladlarıdır. Tofiq Dadaşbəyov ölümündən qabaq iki dəfə notarial vəsiyyətnamə yazmışdır. Birinci vəsiyyətnamə xx.xx.2016-cü il tarixdə (18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir) tərtib edilmiş, həmin vəsiyyətnamədə miras qoyan ölən günədək ona məxsus olan bütün əmlakını iddiaçı ilə cavabdehə vəsiyyət etmişdir. İkinci vəsiyyətnamə isə bundan 5 ay sonra, xx.xx.2016-cü il tarixdə (18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir) tərtib edilmişdir. Həmin vəsiyyətnamədə Tofiq Dadaşbəyov ölən günədək ona məxsus olan Mənzili cavabdehə vəsiyyət etdiyini qeyd etmişdir.

3. İddiaçı, habelə azyaşlı övladları - xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X8 və cavabdeh mənzildə pasport qeydiyyatındadırlar.

4. Mənzil “X10” MMC tərəfindən 78000 manata qiymətləndirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2022- ci il təvəllüdlü X6 birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, mənzil atasının mülkiyyətində olmuşdur. Onlar ailədə iki övlad olublar. Qardaşı (cavabdeh) uzun illərdir Rusiya Fedrasiyasında yaşadığından atasına mütəmadi qayğı göstərməklə onunla birlikdə mənzildə yaşamışdır. Atası xəstə olan vaxt cavabdeh atasının nə qayğısına qalmış, nə bir dəfə olsun ona baş çəkmişdir. Rəhmətə getdikdən sonra atasının bütün dəfn xərclərini və yas mərasimlərinin xərcini o çəkmişdir. Lakin cavabdeh Bakı şəhərinə qayıtdıqdan sonra onun mənzildə yaşadığını bilmiş və oraya gələrək onu bayıra atmışdır. O, üç azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Həyat yoldaşı ilə aralarında uzun illərdir anlaşımazlıq olduğu üçün ayrı yaşayırlar. Çıxandan sonra ona və uşaqlarına məxsus paltarlar, mebellər, qızıl-zinət əşyaları, 2500 ABŞ dolları və 5000 manat pulu da mənzildə qalmışdır. O, dəflələrlə azyaşlaı uşaqları ilə birlikdə mənzilə buraxılmağını xahiş etsə də, cavabdeh israrla imtina edərək hansı yolla olursa olsun, onu qeydiyyatdan çıxaracağını və mənzili satacağını bildirmişdir. Lakin onun mənzildən istifadə etməklə bərabər gözlənilən mülkiyyət hüququ vardır.

7. Eyni zamanda ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 19.500 manat kompensasiya ödənilməklə iddiaçının mənzilə olan pay hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, atası xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Onun ölümündən sonra Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. Eyni zamanda, mənzilə dair mərhum atası tərəfindən xx.xx.2016-cı il taixdə ona vəsiyyətnamə verilmişdir. Həmin vəsiyyətnaməyə əsasən daşınmaz əmlakda iddiaçıya nisbətdə onun pay hüququ daha çoxdur. Həmin mənzil 2 otaqdan ibarətdir və gələcəkdə orada birgə yaşayış qeyri-mümkündür. İddiaçı mənzil üzərində payların müəyyən edilmədən “mənzilə köçürmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, o, uzun illərdir əri Süleyman Süleymanlıya məxsus mənzildə övladları ilə birlikdə yaşayır. Ona görə iddiaçıya bildiriş göndərərək mənzildəki payını ona 10.000 manata satmasını təklif etmiş, lakin təklifə cavab verilməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3082/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş; qarşılıqlı iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün əvvəlcə iddiaçının mənzilə dair hansı hüququnun olmasının müəyyən edilməsi mübahisənin düzgün həllinə imkan vermiş olacaq. Mübahisəli mənzilin tərəflərin mərhum ataları Tofiq Dadaşbəyova məxsus əmlak olaraq vərəsəlik qaydasında keçməsi, tərəflərin onun vərəsələri (övladları) olması, habelə Tofiq Dadaşbəyov tərəfindən iki vəsiyyətnamə tətrib edilməsi, birinci vəsiyyətnamə ilə o, bütün əmlakını tərəflərə, ikinci vəsiyyətnamə ilə yalnız mənzili cavabdehə vəsiyyət edilməsi işin mübahisəsiz hallarıdır.

11. X16 tərəfindən iki vəsiyyətnamə verilmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş vəsiyyətnamənin məzmunundan da görünür ki, Tofiq Dadaşbəyov konkret göstərməməklə ölən günədək ona məxsus olan bütün əmlaklarını tərəflərə vəsiyyət etmişdir. Daha sonra, yəni xx.xx.2016-cı il tarixdə Tofiq Dadaşbəyov tərəfindən ikinci vəsiyyətnamə verilir, bu vəsiyyatnamənin məzmunundan isə görünür ki, o, yalnız mübahisəli Mənzili cavabdehə vəsiyyət edir, iddiaçının adını isə qeyd etmir. Tofiq Dadaşbəyov tərəfindən verilmiş hər iki vəsiyyətnamə qüvvədə olsa da, birinci vəsiyyətnamə mənzillə bağlı hissədə ikinci vəsiyyətnamə ilə qüvvədən düşmüş, lakin digər əmlaklarla dair hissədə öz qüvvəsini saxlamaqdadır. İkinci vəsiyyətnamə ilə mənzilin yalnız cavabdehə vəsiyyət edilməsi isə, qanunla müəyyən edilmiş şərtlərə cavab vediyi halda, iddiaçının məcburi pay hüququnu yaratmış olur.

12. Mirasın açılması (Tofiq Dadaşbəyov xx.xx.2023-cü il tarixdə ölmüşdür), iddiaçının miras qoyanın övladı olması, habelə onun məcburi paydan məhrum edilməməsi və imtina etməməsi işin mübahisəsiz hallarıdır. Miras əmlakın qəbul edilməsi məsələsinə gəldikdə isə, bu hal da iş materialları ilə öz təsdiqini tapır. Belə ki, işin mübahisəsiz halıdır ki, miras kütləsinə daxil olan avtomobil hazırda iddiaçının istifadəsindədir. Bundan başqa, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü tarixli qərarının surətindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə (Tofiq Dadaşbəyovun ölümündən bir ay sonra) Mənzildə olarkən aralarında yaranmış mübahisə zamanı cavabdehin onun üzərinə qaynar su atması ilə bağlı şikayət etmişdir. Həmin Qərarda həm də tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının yaşadığı yer kimi mübahisəli mənzil göstərilmişdir. Bütün bunlar isə iddiaçının miras əmlak olan mənzili faktiki olaraq qəbul etdiyini deməyə tam əsas verir. Eyni zamanda, miras cavabdeh tərəfindən də qəbul edilmişdir.

13. İddiaçının iddia tələbinin əsaslılığını təmin edən növbəti addım isə mənzilin onun mülkiyyəti hesab edilməsi ilə bağlı məsələdir ki, bu hüquqi əsas da Mülki Məcəllənin 1255ci maddəsində müəyyən edilmişdir. Həmin müddəaya görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, nə qədər ki, miras əmlak barəsində müvafiq şəhadətnamə verilməmişdir, mənzil vəsiyyətnamə ilə cavabdehin, məcburi pay hüququ əsasında isə iddiaçının ümumi mülkiyyətinə keçmişdir. İddiaçının iddiası azyaşlı övladlarının onunla birlikdə mənzilə köçürülməsi hissəsində də əsaslıdır. İddiaçının azyaşlı övladlarının onun ailə üzvü olması qanuni əsasdan əmələ gəlir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə ona məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərilmişdir.

14. Qarşılıqlı iddia ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, tərəflər vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar, habelə mənzilə dair paylarının müəyyən edilməsi barədə razılığa da gəlməmişlər. Digər bir tərəfdən, cavabdeh Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən kompensasiya verilməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsini tələb edir. İddiaçının mənzilə dair məcburi payının cüzi olması iş materialları ilə müəyyən edilmir. Belə ki, “X10” MMC-nin qiymətləndirməsinə görə Mənzilin hazırkı bazar dəyəri 78000 manatdır. Cavabdehin kompensasiya kimi təklif etdiyi 19500 manat isə Mənzilin ümumi dəyəri ilə müqayisədə heç də cüzi deyil, əksinə bu məbləğ mənzilin dəyərinin ¼ hissəsinə bərbərdir. Mənzilin real surətdə ayrıla bilməməsi ehtimalı olsa da, iddiaçının həmin miras əmlakdan ümumi istifadə edilməsində mühüm mənafeyinin olması hazırkı mübahisədən açıq-aydın görünür. Bu əsas hər şeydən əvvəl iddiaçının mənzilə dair məhkəmədə iddia qaldırması ilə yaranmış olur.

15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 213.4, 213.5, 215.4, 220.4, 1133.1, 1133.2, 1134.2, 1145, 1166, 1170.1, 1171, 1193, 1222, 1243.2, 1243.3, 1255 və 1256-cı maddələri; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 30.1 və 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

16. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(011)-3082/2024 saylı qətnaməsini ilkin iddianın təmin olunması hissəsində ləğv edilərək, İddiaçı 19.500 manat məbləğində kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən əmlakda olan pay hüququna xitam verilməsi ilə bağlı qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə iddia verərkən iddiada öz etirazlarını sənədlə əsaslandırmayıb, heç bir dəlil təqdim etməyib. İddia tamamilə iddiaçının sözlərinə əsaslanır. Məhkəmə iclasları gedişində iddiaçı heç bir sənədli, yazılı, foto- video sübutlar, şahid ifadələri təqdim etməyib, sənədləri saxtalaşdırıb, iddiaçının iddiasına zidd olan sənədlər təqdim edib, həqiqətə uyğun olmayan ifadələr verib, bütün məhkəmə iclaslarında onun iddiaları yalnız sözlərinə əsaslanır, məhkəmənin diqqətini üç uşağının olmasına və əmək haqqının olmasına vurğulayırdı. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən işdə iştirak edən şəxs kimi onun və digər cavabdehlərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı düzgün yoxlanılmamış və qiymətləndirilməmişdir. Bundan əlavə qətnamədə qeyd olunmuşdur ki, “işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 34cü PŞ-nin xx.xx.2023-cütarixli qərarının surətindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə (Tofiq Dadaşbəyovun ölümündən bir ay sonra) mənzildə olarkən aralarında yaranmış mübahisə zamanı cavabdehin onun üzərinə qaynar su atması ilə bağlı şikayət etmişdir”. Lakin İddiaçı tərəfindən iddia olunan bu məsələ tamamilə əsassızdır. Bununla bağlı şikayət etmiş olsa da sübut edə bilmədiyi və doğru şikayət olmadığı üçün əsaslandırmaq mümkün olmadığından qətnamədə qeyd olunan hadisə öz təsdiqini tapmamışdır. Onu da qeyd edir ki, İddiaçı qeyd etdiyinin əksinə mənzildə heç bir pul və ya qızıl-ziynət əşyası mövcud deyildir. Odur ki, qeyd olunan halları sübut etməsi, əsaslandırması mümkün deyildir.

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamsənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin olunması hissəsində ləğv olunması və qarşılıqlı iddianın təmin olunması xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

25.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

26.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30.213.1-213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

31. 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 32.220.1-220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 34.220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 35.220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 36.221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 37.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 38.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 39.1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 40.1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 41.1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 42.1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 43.1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 44.1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 45.1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.

47.Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və müxtəlif instansiya məhkəmələrinin icraatında olan mübahisələrə tətbiq olunmalıdır.

48.Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusu əsasında konstitusiya işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

49.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

50.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, vəsiyyət olunmuş əmlakın tərkibinə daxil olan məcburi pay bu əmlakdan qanun üzrə çatmalı olan payın ½ hissəsini təşkil etməli və həmin əmlakdan pay şəklində verilməlidir. Mirasdan məcburi pay almaq hüququ əşya hüququdur və məcburi pay üzərində birbaşa səlahiyyətləri şəxslərin, birinci növbə qanun üzrə vərəsələrin hakimiyyətini təmin edir. 53.Belə ki, mülki qanunvericiliyə görə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. 54.Qeyd edilməlidir ki, mirasda məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe deyildir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. 55.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 56.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

57. Paylı mülkiyyətdə olan əmlaka isə bir qayda olaraq sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

58. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan Cavabdeh iddiaçının mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Halbuki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.

59. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh iddiaçının razılığı olmadan mənzilin digər paylı mülkiyyətçisi kimi onun öhdəsinə mənzildə olan 1/4 payına bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, mənzildə olan paylı mülkiyyət hüququna xitam verilməsini iddia edir. İddiaçı isə sözügedən ümumi mənzildən istifadə etməsində onun mühüm mənafeyinin olduğunu, habelə mənzildəki 1/4 payına görə ona təklif edilən 19.500 manat kompensasiya məbləğinin açıq-aşkar real bazar qiymətinə uyğun olmadığını göstərərək, qarşılıqlı iddiaya etiraz edir.

60. Qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi maddələrin məzmunu ilə əlaqədar qeyd edilməlidir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

61. Bununla belə, Mülki Məcəllənin 220.4-cü maddəsi üç halın mövcud olması halda payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir. Bu hallar isə aşağıdakılardır: mülkiyyətçinin payı cüzi olduqda; real surətdə ayrıla bilmədikdə; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.

62. Göründüyü kimi, ümumi paylı mülkiyyətdə pay hüququndan məhrum edilmə yalnız müstəsna hallarda yolveriləndir. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmə tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəkildə tədqiq etməklə müəyyən edilməlidir.

63. Birinci instansiya məhkəməsi də yuxarıda sadalanan müstəsna halların eyni zamanda mövcudluğunun müəyyən edilməməsi əsası ilə iddianın təmin olunmasını mümkün saymamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki mübahisənin obektiv, hüquqi həlli üçün iş üzrə müəyyən olunmuş halları bu məsələni bilavasitə tənzimləyən Mülki Məcəllənin 220.1-220.6-cı maddələrinin dispoziya şərtləri əsasında qarşılıqlı şəkildə təhlil etməklə düzgün nəticəyə gəlmişdir. Əks yanaşma, yəni öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

64. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

65. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

66. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.

67. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 68.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 69.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 70.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3082/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar