Məhkəmə qərarları › İş №2(103)-5789/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5789/2024

23.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5789/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi və iş vaxtından artıq vaxtda işə cəlb olunmaya görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müddətli əmək müqaviləsinə xitam verilməsi; iş vaxtından artıq vaxtda işə cəlb olunmaya görə pul; məcburi iş buraxmaya görə əmək haqqı tələbi”) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2959/2024 nömrəli 02 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı sətəm işi ilə təmin edilməsini xahiş etmişdir.

2. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi müddətli olaraq, 47.c - işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda – bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 4 ay 2 gün müddətinə bağlanmışdır.

3. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə başlama tarixi - əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü ildir. Əmək müqaviləsi müddətlidir, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü ildir. Əmək haqqı aylıq 600 manatdır.

4. İş materiallarında olan Cavabdeh ştat vahidinin əlavə edilməsi barədə 13 noyabr 2023-cü il tarixli 429/K №-li əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən (müddətli) iş icraçısı işinə qəbul edilmişdir.

5. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında 13 noyabr 2023-cü il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

6. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə başlama tarixi - əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü ildir. Əmək müqaviləsi müddətlidir, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü ildir. Əmək haqqı aylıq 1200 manatdır.

7. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 178/k №-li xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “ofis və obyektlər” bölməsində “SƏTƏM” vəzifəsində işləyən İddiaçı Mirzəhüseyn oğlu ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 73. “1” – “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 13 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

8. İş materiallarında olan Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli haqq-hesab vərəqindən görünür ki, sətəm vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi ilə xx.xx.2024cü il tarixli işdən azad edilmə əmrinə əsasən AR Əmək Məcəlləsi 73.1 maddəsi səbəbi ilə xitam verilmişdir. xx.xx.2023- xx.xx.2024 dövrü üzrə istifadə edilməyən məzuniyyət günləri 13 gündür.

9. İş materiallarında olan “Kapital” Bank KM 1 №-li xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən əmək haqqı təyinatı üzrə **********44107 hesab nömrəsinə 2012,96 (iki min on iki manat doxsan altı qəpik) ödənilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30 may 2024-cü il tarixli 317-5/2-A-27962/9/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh MMC-nin rəhbərliyi arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir) xitam verildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1987- ci il təvəllüdlü X2 bildirmişdir ki, Cavabdeh MMC-də işləmişdir, lakin bu əmək kitabçasında qeyd olunmayıb. Hal-hazırda heç yerdə işləmir. Şirkət şənbə-bazar günlərində də işçiləri işlədirdi və gəlməyəndə təhdid edirdilər ki, sabahdan işə gəlmə və müqaviləni ləğv edəcəyik. Şirkətdə işləmə müddəti tam olaraq yadında deyil və təxminən bir ay işləmişdir. Həmin müddətdə səhər saat 8-dən axşam 20:00-dək və şənbə-bazar günləri işləmişlər. İddiaçı ilə eyni firmada işləmişlər, lakin bir sexdə işləməmişlər. Əgər iş günü bayram günlərinə düşürdüsə ödənişləri tək tərəfli verirdilər. Ona bir vərəq verərək, imzalamağını demişlər, lakin imzalamamış, pulunu ödəmələrini tələb etmişdir. Bundan sonra ona dost-tanış vasitəsilə təsir etməyə çalışmışdırlar.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1988-ci il təvəllüdlü X4 bildirmişdir ki, xx.xx.2022-ci ildə İnşaat-Kommersiya MMC-yə iməkçi vəzifəsinə təyin olunmuş, lakin buna baxmayaraq bütün işlərdə işləmişdir. Hər gün 8 saatdan artıq işləmişlər. Yağışlı hava olduqda onları evə göndəriblər və onlardan asılı olmamasına baxmayaraq ödənişlərini etməyiblər. Şənbəbazar günləri məcburi əməyə cəlb olunmuşlar, etiraz edəndə işdən çıxarılma ilə təhdid olunmuşlar və yaxud işlə təmin edən dostlarını təhdid ediblər ki, şənbə-bazar günləri işə çıxmasalar və əlavə ödənişlər tələb etsələr onları də işdən çıxaracaqlar. İşlədiyi müddətdə şahid olmuşdur ki, şirkət rəhbəri Əmək Məcəlləsinin tələblərini pozur, heç bir zəhərli yerlərdə ağardıcı maddələrdən işçilər təmin olunmur, fərdi mühafizə qaydalarını nataman təmin edirlər. Bunu da qeyd edir ki, əlavə ödənişlər olunmurdu, Şəxsən onu şənbə-bazar günlərində işə çıxmağa məcbur edib və etiraz edəndə onu işə düzəldən Məhəmmədəli adlı şəxsi təhdid edib ki, onun gətirdiyi adam şənbə-bazar işə çıxmır və ona görə də onu işdən qovacaqdır. 2022-ci ildə işə qəbul olunan zaman ərazini təlimatı tanışlığı üzrə təhlükəsizlik işçiləri onları qəbul edib və onlardan biri də iddiaçı olub. Onları zavodun ərazisi ilə tanış ediblər və qəbul olanda iddiaçı orada təhlükəsizlik işçisi idi. Qeyd olunanlarla bağlı heç bir orqana müraciət etməmişdir, 3 ay orada işlədikdən sonra görmüşdür ki, insana dəyər verilmir və kreditlə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1984- cü il təvəllüdlü X3 bildirmişdir ki, Cavabdeh MMC-də iddiaçı ilə birgə işləmişdir, lakin hazırda işsizdir. Orada qaynaqçı vəzifəsində işləmişdir. Əmək Məcəlləsində həftəlik 40 saat qeyd olunub, lakin şənbə-bazar günləri adi iş günü kimi onları işlətmişdirlər. Bunu dediyinə görə onu işdən uzaqlaşdırmışlar. İşçilərə bildirmişdir ki, işdən çıxanda öz ərizəniz ilə yazıb çıxmayın, çünki yüzlərlə insanın haqqı yeyilir. Özü heç bir təhlükəsizlik qaydalarını pozmamışdır, sadəcə iclasda bildirmişdir ki, 8 saatdan artıq işləyə bilməz və əgər işləyirsə artıq haqq ödənilməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 2024-cü il tarixli 178/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC ilə aralarında əmək münasibətləri mövcud olmaqla, həmin müəssisədə “sətəm” vəzifəsində işləmişdir. İşəgötürən müəssisədə işlədiyi dövrdə əmək müqaviləsi üzrə üzərinə götürmüş olduğu əmək funksiyalarını layiqincə yetirməklə, nöqsansız əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisədə işlədiyi müddətdə iddiaçı ilə yazılı qaydada əmək müqaviləsi bağlanılmamış, əmək müqaviləsinin şərtləri (gündəlik iş saatı, istirahət və s.) tərəflər arasında razılaşdırılmamışdır. İddiaçı əmək haqqını bank kartı vasitəsiylə almasından və ƏƏSMN-nə məxsus “əmək və məşğulluq alt sistemi” (ƏMAS) onlayn portalında əmək müqaviləsi bildirişinin “aktiv” statusda olması faktına görə işlədiyi müəssisə ilə onun arasında rəsmi əmək münasibətlərinin mövcud olduğunu bilmişdir. Bundan başqa, iddiaçı işlədiyi müddətdə gündəlik iş normasından əlavə yəni iş vaxtından artıq vaxtda görülən işə görə, istirahət günləri (şənbə və bazar günləri) əlavə işə cəlb edilməsi halları daim gündəlik iş normasına çevrilmiş və bu kimi hallara görə əmək haqqıya əlavə şəklində heç bir pul vəsaiti almamışdır. Bundan əlavə iddiaçı müəssisədə “sətəm” üzrə məsul vəzifəli şəxs olduğundan işlədiyi müddətdə daim vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla icra etmiş, işçi hüquqlarının, əmək qanunvericiliyin, xüsusilə texniki təhlükəsizlik normalarının iş yerində qorunması üçün çalışmışdır. Bu səbəbdən bəzi hallarda işçilərin qaynaqçı və s. vəzifəsində işləyənlərin texniki təhlükəsizlik qaydalarına cavab verməyən geyim formaları ilə işə başlamasının qarşısı almış və yeni geyim formaları ilə təmin olunmadan bu kimi işçiləri işdən kənarlaşdırmışdır. Bu kimi tədbirlər görməsi nəticəsində müəssisə rəhbərliyi ilə arasında fikir ayrılıqları dəfələrlə yaranmışdır. Ən sonuncu belə bir hal isə 6 mart 2024cü il tarixdə iddiaçı “Norm sement” zavoduna məxsus ərazidə görülən işlər çərçivəsində qarşıya qoyulmuş işlərin icrası zamanı avadanlıqla işləmə qaydalarının pozulması və ən əsası peşə sağlamlığı, təhlükəsiz əmək şəraitinin qorunması tələb etdiyindən müəssisə işlərinin gördüyü işləri dayandırması nəticəsində ona qarşı müəssisə daxili təzyiqlər başlamış və öz xahişi ilə ərizə yazaraq şdən getməsi tələb edilmişdir. Ərizə yazmaqdan imtina etdikdən sonra nəticə də 14 mart 2024-cü il tarixdə işəgötürən tərəfindən 178/K nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə xitam verilmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 14 mart 2024-cü il tarixli 178/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə 25,472 (iyirmi beş min) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2959/2024 nömrəli 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinə, 47-ci maddəsinin “b” bəndinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnam tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olan iddiaçı tərəfindən çəkilmiş video rolik və digər sübutlar məhkəmə iclasında tədqiq olunmuş, lakin qətnamədə bu hala heç bir münasibət bildirilməmişdir. Lakin məhkəmə işəgötürən müəssisənin işçini müqavilə müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam vermək səlahiyyətində olduğunu və bu da işin hüquqi hallarına uyğun gəldiyini bildirmişdir. Məhkəmə tərəfindən formal və şablon hüquqi əsaslandırma verilməklə, işəgötürən tərəfindən lazımı formaya əməl edilməsinin hüquq nöqtəyi nəzərdən düzgünlüyü vurğulansa da, lakin həmin əmrin verilməsi işin faktiki halları ilə üst-üstə düşməmişdir və məhkəmədə həmin hissəyə münasibət bildirməmişdir. Bundan əlavə məhkəmə iclasına iddiaçı tərəfindən dəvət edilmiş şahidlər təsdiq etmişlərki, bütün digər işçilər kimi iddiaçı da 8saatlıq iş rejimindən əlavə iş saatları işləmiş, habelə,bayram və digərqeyri-iş günləri gündəlik iş saatından əlavə işlərə cəlb edilmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları tam və ətraflı tədqiq etsəydi, o zaman iddiaçı iddia tələbinin qanuniliyi və əsaslılığı görə bilərdi. Lakin məhkəmə formal əsaslandırma verilməklə iddia tələbininin rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

24. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

25. 11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.

26. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

27. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

28. 45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

29. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

30. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

31. 47-ci maddəsinin “b” bəndinə əsasən, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

32. 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

33. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

35. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən; Qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2959/2024 nömrəli 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

49. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

50. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı iddia tələbi 4 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi; 4) iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə 25,472 manat pul tələbi. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

51. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

52. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə).

53. Əmək Məcəlləsinin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir.

54. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.

55. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanmamışdır. Müqavilənin 2.3-cü bəndindən isə görünür ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “c” bəndində - işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda – qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 4 ay 2 gün müddətinə bağlanmışdır. Yəni əmək müqaviləsində müqavilənin hansı müddətə bağlanması, müqavilənin bitmə tarixi dəqiq qeyd olunmuşdur.

56. Bununla yanaşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

57. Hazırki iş üzrə müqavilə bağlanarkən işçinin işəgötürəndən asılılığının olması halları məhkəmə tərəfindən müəyyən olunmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Digər tərəfdən məhkəmə araşdırması zamanə cavabdehin nümayəndəsi tərəfindən Cavabdeh ilə müəssisənin digər işçiləri arasında bağlanmış oxşar müddətli əmək müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır.

58. İddiaçı, işdən azad edilməsi barədə cavabdehin 14 mart 2024-cü il tarixli 178/K nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdeh müəssisə tərəfindən İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

60. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsinin 68-ci maddəsində təsbit olunub. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

61. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: 1) əmək müqaviləsinin müddətinin qurtarması, 2) müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

62. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən isə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh işəgötürən kimi əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ vardır. Hazırki iş üzrə işəgötürən - Cavabdeh, müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmiş və bu barədə müvafiq əmr imzalamışdır. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürən tərəfindən əlavə bir məktub, bildiriş, pretenziya və s. ünvanlanması, əsaslandırma aparılması zərurəti yoxdur. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün zəruri olan şərtlərin hər ikisi vardır: 1) əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, 2) tərəflərdən biri - işəgötürən müqavilənin müddəti bitdikdən sonra - eyni tarixdə müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, bununla bağlı müvafiq əmr vermişdir.

64. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müqavilənin müddəti bitdikdən sonra bir həftə keçməmiş (müqavilə müddəti bitdiyi tarixdə - xx.xx.2024cü il) müqaviləyə xitam verilmiş, bu barədə əmr verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesabı aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.

65. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının Cavabdeh 14 mart 2024-cü il tarixli 178/K nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması“ barədə tələbi əsaslı deyil və təmin edilə bilməz.

66. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı da haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

67. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

68. Məhkəmə kollegiyası, iddia tələbinin dördüncü hissəsi - iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə 25,472 manat pul tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

70. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci bəndinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

71. Həmin Məcəllənin 165-ci maddəsinin 1-ci bəndəinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

72. İddiaçı iddia ərizəsində işəgötürən tərəfindən iş vaxtından əlavə saatarda işlərə cəlb edildiyini iddia edir və artıq iş saatlarına görə cavabdehdən əlavə pul ödənilməsini tələb edir. Qanunvericiliyin tələbinə görə iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulur. Tərəflər arasında bağlanmış əmək müqaviləsində iş saatları müəyyən edilmiş, işəgötürən tərəfindən işçinin əlavə iş saatlarında işə cəlb edilməsi barədə müvafiq əmr və göstəriş verməsi barədə sübut mövcud deyildir. İddiaçının iş vaxtından artıq işləməsi üçün tərəflərin razılığı və işəgötürənin hər hansı əmri və ya sərəncamı olmalıdır. Hazırki işdə isə belə əmr və ya sərəncam yoxdur. Tərəflər arasında əlavə işlərin görülməsinə görə əmək münasibətləri yaranmamışdır. Digər tərəfdən işçinin müəssisəyə giriş-çıxışının qeydiyyatı, onun faktiki olaraq işəgötürən tərəfindən müvafiq rəsmiləşdirmə olmadan könüllü olaraq hər hansı iş vaxtından əlavə saatlarda iş yerində olması həmin iş saatları üçün ona əmək haqqının hesablanmasına əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab edir ki, iddiaçının cavabdeh müəssisədə iş saatından artıq işə cəlb olunması sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2959/2024 nömrəli 02 avqust 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar