Məhkəmə qərarları › İş №2(103)-5790/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5790/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5790/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X5 ilə birlikdə Cavabdeh ilə bərabər paylı mülkiyyəti olan, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 99A, mərtəbə 9, mənzil 6-da yerləşən ümumi sahəsi 113,90 kv.m olan 3 otaqlı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah bağlamaqla evlənmişlər, nikahları 08 oktyabr 2015-ci ildə Şəki Rayon Qeydiyyat Şöbəsində 445 № ilə qeydə alınmışdır. Birgə nikahdan 23 noyabr 2016-cı ildə qızı X5 anadan olmuşdur. Cavabdehlə birgə nikah dövründə 2020-ci ildə Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 99, 99A, 101, 101A, 103, 103A, mənzil 206, yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti 99A, mərtəbə 9, mənzil 6 ünvanda 3 otaqlı mənzil almışlar. Mənzil xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə cavabdehin adına qeydə alınmış və çıxarış verilmişdir. Cavabdeh ailə münasibətlərində ona xəyanət etməyə başlamış, ailənin pozulması üçün mütəmadi olaraq ona, uşağa şiddət göstərməyə, zorakılığa başlamış, evə maddi cəhətdən baxmamış, ona görə də o, məcbur olub 01 avqust 2022-ci ildə uşağını da götürüb Şəki şəhərinə atası evinə getmişdir. X8 şəhərində 8 №-li məktəbdə oxumuşdur. O, 2023-cü ildə cavabdehə qarşı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində nikahlarının pozulması, xx.xx.2016-cı ildə doğulmuş qızı Əsmanın onun yanında qalması və aliment tələbi barədə iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-950/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, qızı Əsma onun yanında saxlanmış və onun saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 manat aliment tutulması qət edilmişdir. Həmin vaxt o, qızı ilə Şəki şəhəri, Nizami küçəsi, ev 7-də yaşayırdı. Artıq 1 il olar ki, Bakı şəhərinə köçmüş, hazırda kirayədə qalır, bu onun üçün çətinlik törədir. Cavabdehlə aralarında əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2022/2023 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə etdikləri mənzildə hər birinin mülkiyyət payı ½ hissə müəyyən edilmişdir. Ona görə də o, qızı Əsma ilə mülkiyyətində olan mənzilə köçməlidir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia tələbi təmin edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, mübahisəli əmlak üzərində iddiaçı ilə onun ½ hissədə payı müəyyən olunmuş olsa da, əmlak üzərində iddiaçıya məxsus ½ hissəyə dair mülkiyyət hüququ əldə edilərək çıxarış alınmadığından iddiaçının həmin əmlak üzərində sərəncam vermə hüququ məhduddur. İddiaçı ilə aralarında nikaha xitam verildikdən sonra o, yenidən ailə həyatı qurub. Onun artıq 3 övladı var və o, yeni ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı mənzilə köçdüyü təqdirdə onların bir yerdə yaşamağı mümkün olmayacaqdır. Mənzilin satılması və ya mənzilin real bazar dəyəri miqdarında iddiaçıya pul təklif edərək ½ hissədə paydan imtina etməsi barədə etmiş olduğu təkliflər rədd edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh apellyasiya şikayətində mənzilin satılması və ya mənzilin real bazar dəyəri miqdarında iddiaçıya pul təklif edərək ½ hissədə paydan imtina etməsi barədə təkliflər etdiyini, iddiaçının bü təklifi rədd etdiyini qeyd etsə də, bu məlumatlar həqiqəti əks etdirmir, əksinə, onlar tərəfindən cavabdehə belə təklif irəli sürülmüşdür, lakin cavabdeh bu təkliflərə münasibət bildirməmişdir.

7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 99, 99A, 101, 101A, 103, 103A, mənzil 206, yeni qaydalarla AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti 99A, M9, m6, 113,90 kv.m. ümumi sahəsi tam mülkiyyət kimi 18 yanvar 2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

10. Yasamal Rayon Məhkəməsinin 2(004)-2022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti 99A, mərtəbə 9, mənzil 6 ünvanında yerləşən 3 otaqlı mənzil aralarında bərabər qaydada bölünərək X1 və Cavabdeh həmin əmlak üzərində ½ paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X1 və Cavabdeh birgə nikah dövründə aldıqları 192000 manat borc pulun aralarında mülkiyyət paylarına mütənasib olaraq bölünməsi və 96000 manat pulun X1 alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

11. Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 ilə Cavabdeh arasında Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 445 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 anası X1 yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

14. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

15. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;

16. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

17. 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır;

20. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

28. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Tətbiq edilən prosessual hüquq normaları:

29. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, tərəflər arasında 08 oktyabr 2015-ci il tarixdə nikah bağlanmış, birgə nikah dövründə cavabdehin adına olan mübahisəli mənzil əldə edilmişdir. İddiaçı 2022-ci ilin avqust ayına kimi orada yaşamış, daha sonra məcburən yaşadığı ünvanı tərk etmiş, 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, daha sonra məhkəməyə hazırki iddia ilə müracət etmişdir.

47. Eləcə də, mülki iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)- 2022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olur ki, Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti 99A, mərtəbə 9, mənzil 6 ünvanında yerləşən 3 otaqlı mənzil aralarında bərabər qaydada bölünərək X1 və Cavabdeh həmin əmlak üzərində ½ payları müəyyən edilmişdir.

48. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə nikahı pozulduqdan sonra yenidən ailə həyatı qurmuşdur, hazırda 3 övladı və arvadı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Buna görə də iddiaçının həmin mənzildə onlarla birlikdə yaşaması mümkün deyil.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, bu dəlillər iddiaçının həmin mənzil üzərində ½ hissədə mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas hesab edilmir. İddiaçı cavabdehin keçmiş ailə üzvü olsa da, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mübahisəli mənzil üzərində ½ hissədə mülkiyyət hüququ vardır və beləliklə də, həmin hissə üzərində iddiaçının sahiblik, istifadə, sərəncam hüquqları mövcuddur.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, iddiaçının qanuni tələblərinin rədd olunması üçün əsas ola bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, əgər doğurdan da cavabdehin şikayətində göstərdiyi hallar varsa, onda o, mübahisənin həllinə MM-in 220-221-ci maddələrinin tələblərinə müvafiq qaydada nail ola bilər.

52. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

55. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

56. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar