Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5793/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-ci il tarixli, e-22(011)- 1003/2011 nömrəli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 171.578 ABŞ dolları əsas kredit borcu, 75363 ABŞ dolları məbləğində faiz borcu, 10295 ABŞ dolları dəbbə pulu, cəmi 257.236 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh2 mülkiyyətində olan ipoteka-qoyulmuş Bakı şəhəri, ünvan 1 ünvanının boşaldılması, açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh2 06 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir.
3. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 01 iyun 2011-ci il tarixli, 2(011)-1003/11 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir.
4. Cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 08 avqust 2011-ci il tarixli qərardadına əsasən iş təzələnərək mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
6. Həmin qətnamədən Cavabdeh2 hüququ varisi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3058343X4 şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, atası vəfat etdikdən sonra onun barəsində qətnamə qəbul edilmişdir. Atası vəfat etdikdən sonra Fərdi yaşayış evində o, yaşayır. Məhkəmənin 06 sentyabr 2011-ci il tarixli qətnaməsi və məhkəmə iclasları barədə məlumatı olmamışdır. Sonradan fərdi yaşayış evinin hərraca çıxarılması barədə bildiriş gəlmiş və Məhkəmənin qətnaməsindən həmin zaman məlumatı olmuşdur.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-ci il tarixli, e-22(011)- 1003/2011 nömrəli nömrəli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 01 iyun 2011-ci il tarixli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməklə prosessual müddətin Cavabdeh2 hüququ varisi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3058343X4 üçün bərpa edilməsi, və və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Qərardadın əsaslarına görə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2011-ci il tarixli, 2(011)-1003/2011 nömrəli qətnaməsi Cavabdeh2 göndərilsə də, zərf üzərində “Bu ünvanda yaşamır” qeyd edilməklə məhkəməyə geri qaytarılmışdır
10. Cavabdeh1 həmin qəraradaddan şikayət verərək, qərardadın prosessual müddətin bərpasına dair hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, X4 iş üzrə Cavabdeh2 hüquqi varisi olaraq işə qoşulmuşdur. X4 ərizəsində göstərir ki, atrası Cavabdeh2 vəfat etdikdən sonra onun barəsində qətnamə qəbul edilmişdir. Həmin mübahisələndirilən qətnamənin məzmunundan bəlli olur ki, Cavabdeh2 iş üzrə iddiaçı "xxxx" ASC-nə kredit müqaviləsi üzrə öhdəliklərinin olduğunu, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, Bağ-Park küçəsində istifadədə olan 0,05019 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 19 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulduğunu bilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilmədiyindən məlumatlı olmuş və buna görə də "xxxx" ASC-i tərəfindən məhkəmədə ona və qeyrilərinə qarşı iddia qaldırıldığını bilmişdir. X4 atasının ölümündən sonra miras əmlaka birinci növbə vərəsə kimi mülki qanunvericiliklə müəyyən olunmuş müddətdə ya miras əmlakı qəbul etmək, yaxud da ondan imtina etmək barədə notariat orqanlarına ərizə ilə müraciət etməli idi. Həmçinin, X1 qanunla müəyyən edilmiş normalara əsasən atası Cavabdeh2 ölümündən sonra onun kreditorlar qarşısında öhdəlikləri üzrə mülki məsuliyyətdən azad oluna bilməz. Məhkəmə işin bu faktiki hallarını nəzərə almadan əsassız olaraq məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi nəticəsinə gəlmişdir. X1 ərizəsində göstərir ki, atası vəfat etdikdən sonra ipotekaya qoyulmuş həmin fərdi yaşayış evində o yaşamışdır. Məhkəmə qətnaməsinin icraya yönəldilməsindən keçən 13 il ərzində ola bilməzdi ki, icra orqanları tərəfindən həmin ünvanda yaşayışın olub-olmadığını, bildirişlərin alınıb - alınmadığını bilməsinlər.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, e-22(011)- 1003/2011 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Şikayətin dəlilini o təşkil edir ki, X1 qanunla müəyyən edilmiş normalara əsasən atası Cavabdeh2 ölümündən sonra onun kreditorlar qarşısında öhdəlikləri üzrə mülki məsuliyyətdən azad oluna bilməz. Məhkəmə işin bu faktiki hallarını nəzərə almadan əsassız olaraq məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi nəticəsinə gəlmişdir.
16. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, apellyasiya şikayəti verilən qətnamə 06 sentyabr 2011-ci il tarixdə çıxarılmış, Cavabdeh2 isə 06 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. Yəni, qətnamə çıxarılan zaman Cavabdeh2 yönəlmiş tələb təmin olunsa da, sonuncu həmin vaxt vəfat etmişdir.
17. Nə məhkəmə baxışı zamanı, nə də icra prosesində Cavabdeh2 vərəsələrinin (prosessual hüquqi varislərinin) işə cəlb olunması, qətnamə və ya icra sənədi ilə bağlı məlumatlı olması barədə iş materiallarından hər hansı bir sübuta rast gəlinmir.
18. Buna görə də, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-ci il tarixli, e- 22(011)-1003/2011 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-ci il tarixli, e-22(011)- 1003/2011 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.