Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5798/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/21 saylı 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “İddiaçıbank” ASC-nin “MXD” filialı ilə (indiki İddiaçı BOKT ASC) Cavabdeh1 arasında bağlanmış 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsinin ləğv edilməsi, 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh1 31185,96 ABŞ dolları əsas borc, 10512,37 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu, cəmi 44698,33 ABŞ dolları (qırx dörd min altı yüz doxsan səkkiz dollar, 33 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və 30 manat məbləğində dövlət rüsumun tutularaq, İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.06008 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 105.000 (bir yüz beş min) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsait tutulmalı məbləğ həddində ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi-Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmeti satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsi üzrə 31185,96 ABŞ dolları əsas, 24460,47 ABŞ dolları faiz dorcu, 72843,40 ABŞ dolları dəbbə, cəmi 128489,83 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ilkin satış qiyməti 67.000 manat olmaqla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.06008 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binanın 4cü girişində, 1-ci mərtəbəsində, 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesanına tələb edilən borcun ödənilməsi, mənzildə yaşayan cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları və mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki “İddiaçıbank” indiki İddiaçı BOKT ASC-nin “MXD” filialından 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə 35000 ABŞ dolları borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.06008 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzil 02.12.2015-ci il tarixli 29.10.2010-cu il tarixli, 800/10/PB nömrəli ipoteka müqaviləsinə edilmiş 02 nömrəli əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 10.10.2019-cu il tarixinədək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsi üzrə 31185,96 ABŞ dolları əsas, 24460,47 ABŞ dolları faiz dorcu, 72843,40 ABŞ dolları dəbbə, cəmi 128489,83 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda bu barədə ərizə reyestr orqanında qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdeh1 mülkiyyətində istifadədə olan mənzil tərəflərin qarşılıqlı razılığına əsasən 64000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt öhdəliklərini icra etməkdən boyun qaçırmamış. Kredit müqaviləsi üzrə pul götürdüyü 2015-ci il tarixindən etibarən aylıq ödənişlərini etmişdir. Sonradan faiz borcu çox yüksək olduğundan ödənişlərini tam şəkildə edə bilməmiş. Lakin qeyd edir ki, heç vaxt qərəzlilik göstərərək borcunu ödəməkdən boyun qaçırmaq məqsədi olmamışdır. Hazırda əsas borcunun ödənilməsinə etiraz etmir. Yalnız faiz borcu çox yüksək olduğundan onu ödəmək iqtidarında deyil. Eyni zamanda hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş dəbbə pulunun miqdarı da xeyli yüksəkdir. Belə ki, iddiaçı tərəfindən ona o halda gecidkirilməyə görə cərimə borcu hesablana bilərdi ki, o, həqiqətən öhdəliklərini icra etməkdən boyun qaçırardı. Lakin iddiaçı əsassız olaraq ondan gecikdirilməyə görə faiz borcu və cərimə borcunun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi də iddiaçının iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamışdır, maddi hüquq normalarının tələbələri pozulmuşdur, sübutlar bir tərəfli qiymətləndirilmiş. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edən Cavabdeh1, şikayətlə razılaşmayaraq təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 3000 ABŞ dolları dəbbə pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilərək, cərimə məbləğini 1500 ABŞ dolları müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 43198,33 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nə ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, əvvəlki “İddiaçıbank” ASC-nin “MXD” filialı ilə (indiki İddiaçı BOKT ASC) Cavabdeh1 arasında bağlanmış 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 23 faizlə 36 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi 02.12.2015-ci il tarixli 29.10.2010-cu il tarixli, 800/10/PB nömrəli ipoteka müqaviləsinə edilmiş 02 nömrəli əlavə ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.06008 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26.02.2021-ci il tarixli 4723 saylı rəyinə əsasən 02.12.2015-ci il tarixli 0441/15/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh1 14.10.2019-cu il tarixə İddiaçı BOKT ASC-yə olan borcu əsas borc üzrə 31185,96 ABŞ dolları, faiz borcu üzrə 10512,37 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.06008 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzilin bazar qiyməti 105.000 manat müəyyən edilmişdir Kollegiyanın iclasında iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, Cavabdeh1 mülkiyyətində olan bank qarşısında ipoteka ilə yüklü edilmiş mənzilin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olduğunu və həmin hissədə qətnamədən şikayət verilməyəcəyini bildirmişdir. Bundan əlavə iş materiallarından görünür ki, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 72843,40 ABŞ dolları dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 3000 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi, cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə yüksək olduğundan dəyişdirilərək, 1500 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan lara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 3000 ABŞ dolları dəbbə pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cərimə məbləği 1500 ABŞ dolları müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 43198,33 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5798/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver