Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5799/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC BOKT, Cavabdeh 10334,86 ABŞ dolları əsas, 2461,13 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12795,99 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “Hyundai Elantra minik” markalı (buraxılış ili- 2011, ban KMHDH41EBCU440899, rəngi- qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayət verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İşdə olan sənədlərdən görünür ki, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən, “xxxx” ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq, “xxxx” ASC, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vemiş və eyni zamanda, problemli şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. İddiaçı QSC-nin tabeliyində adı çəkilən Fərmanla onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştiak etmək məqsədilə hüquqi şəxs kimi “X3 Edilməsi Agentliyi” MMC yaradılmışdır. “xxxx” QSC BOKT-un apelyasiya şikayəti məhkəməyə 16.05.2021-ci il tarixdə daxil olmaqla onun adından “X3 Edilməsi Ağentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmış, lakin həmin tarixdə onun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olunmamışdır. Belə ki, işdə olan İddiaçı QSC tərəfindən Süleyman Bəkirovun adına tərtib edilmiş etibarnamənin müddəti 11.09.2020-ci il tarixdə bitmişdir. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, hazırkı şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də, şikayət qeyri-mümkün hesab edilməli, onun geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(004)- 186/2021 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5799/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5799/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver