Məhkəmə qərarları › İş №2(103)-5799/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5799/2022

01.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5799/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: : borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(006)-31/2020 saylı qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 28 faizlə, 36 ay müddətinə qaytarmaq şərti ilə 63.000 ABŞ dolları məbləğində borc verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün "xxxx" ASC ilə X3 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “xx.xx.2009-cü il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə müqavilə”yə əsasən, Bakı şəhəri, 4 mkr., H.Seyidzadə küçəsi, ev 2A-da yerləşən 27 saylı mənzili ipotekaya qoyulmuşdur. Müqavilədə ipoteka predmeti qarşılıqlı razılıq əsasında 52000 manat qiymətləndirilmişdir.

3. Həmçinin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 "xxxx" ASC ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlayaraq, borcalan öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

4. X5 xx.xx.2015-ci ildə vəfat etmişdir və 03 may 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsələri – arvadı Cavabdeh3, övladları Cavabdeh1, X6, Cavabdeh2 miras əmlak olan Bakı şəhəri, 4 mkr., H.Seyidzadə küçəsi, ev 2A, mənzil 27-dən bərabər pay müəyyən olunmuşdur.

5. "xxxx" ASC isə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına əsasən isə İddiaçı BOKT ASC-yə çevrilmişdir. İpoteka predmeti olan mənzil cavabdehin ölümündən sonra xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən bərabər paylara bölünmüşdür. Sözügedən kredit müqaviləsi üzrə borc ödənilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış 24350,11 ABŞ dolları faiz borcunun, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə 26267,72 ABŞ dolları cərimənin (dəbbənin), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pulun zamin durmuş Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan - Əzizağa Muxtarova məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bərabər paylarla mülkiyyətinə keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 52000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bir ay ərzində mənzili boşaltmadıqları halda, cavabdehlərin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan Əlibala Muxtarovun ölümündən sonra onun vərəsələri, o cümlədən zamin olan vərəsəsi Cavabdeh1 mərhumun borcunu ödəməmişlər. İddia ərizəsi məhkəməyə verilən ana, yəni xx.xx.2017-ci il tarixə borcun məbləği cəmi 79857,47 ABŞ dolları təşkil etmişdir (əsas kredit borcu 29239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu 24350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) 26267,72 ABŞ dolları). Qeyd edilən borcun ödənilməsi cavabdehlərdən tələb edilsə də, borc ödənilməmiş qalmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21280 saylı, 20 fevral 2018-ci il tarixli rəyi ilə - xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X3 xx.xx.2017-ci il tarixə banka olan borcu - əsas borc üzrə 29775,49 ABŞ dolları, faiz borcu üzrə 9822,49 ABŞ dolları olmaqla, cəmi 39597,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12448 saylı, 30 noyabr 2018-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə - xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X3 xx.xx.2016-cı il tarixə banka əsas borcu 29775,49 ABŞ dolları, faiz borcu 5051,79 ABŞ dolları müəyyən edilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəylə xx.xx.2018-ci il tarixinə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2A saylı evin, 27 saylı mənzilin bazar dəyəri 60000 manat müəyyən edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-31/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan Ə.Muxtarov arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5051,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1000 ABŞ dolları olmaqla, cəmi 35291,43 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun Ə.Muxtarovun kredit müqaviləsi üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh1 ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan - Ə.Muxtarova məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər (mərhumun arvadı) Cavabdeh3, (mərhumun övladı; zamin) Cavabdeh1 və (mərhum övladı) Cavabdeh2 bərabər paylarla mülkiyyətlərinə keçmiş və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə ödənilməsi, mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bir aydan sonra mənzildən çıxarılmaları və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, borclu X5 xx.xx.2015-ci ildə vəfat etmiş, cavabdeh (zamin) Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

13. Məhkəmə həmçinin müəyyən etmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış bağlanmış xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 36 ay müddətinə, illik 28%-lə, 63.000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh1 borclu X3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, həmçinin "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 102/09/PB.b saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2013-cü il tarixli, 01 №-li əlavəyə əsasən Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsi, ev 2A, mənzil 27 öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. X5 xx.xx.2015-ci ildə vəfat etmiş, Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

14. Birinci instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

15. Məhkəmə qeyd etmişdir ki, borclu onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsi, ev 2A, mənzil 27- yə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdehlərə qaytarılmalıdır.

16. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi ekspert rəylərində Cavabdeh1 banka 29.775,49 ABŞ dolları əsas borcu qeyd olunduğu halda, iddia ərizəsində 29.239,64 ABŞ dolları əsas borc tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 29.239,64 ABŞ dolları əsas borc tutulmalıdır. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu 5051,79 ABŞ dolları məbləğində tutulmalıdır. İddia tələbindən kənara çıxmayaraq, Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 29.239,64 ABŞ dolları əsas borc tutulmalıdır.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 442, 443.1, 449.1, 467, 470, 472.1, 1306-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.1 39.3.3, 59.3, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat.

18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər Cavabdeh1 mərhum atasının kredit borcu üzrə ödənişləri vaxtında etmiş və borcun ödənilməsindən yayınmamışdır. Borcun ödənilməsinin gecikməsi “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilmiş karantin tədbirləri ilə bağlı olmuş, karantin tədbirləri Cavabdeh1 maliyyə vəziyyətinə mənfi təsir göstərmiş və o, borcu ödəyə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, tutmanın yönəldiyi mənzil onların yeganə yaşayış yeridir və mənzildən çıxarıldığı halda onlar küçədə yaşamaq məcburiyyətində qalacaqlar.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən mənzilin likvid dəyəri 80000 manat müəyyən edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərardadı ilə daşınmaz əmlakın təkrar qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, “Məhkəmə ekspertizası və kriminalistika tədqiqatları laboratoriyası” MMC–nin xx.xx.20210-ci il tarixli, 06 saylı rəyinə əsasən mənzilin likvid dəyəri 73000 manat müəyyən edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi) R.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ipoteka predmeti olan və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilin ilkin satış qiyməti 73000 manat məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan X5 arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.051,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 ABŞ dolları olmaqla, cəmi 35.291,43 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, Ə.Muxtarovun kredit müqaviləsi üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi;. mənzil satıldığı halda mənzildə yaşayan Cavabdeh1 bir aydan sonra mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bazar iqtisadiyyatı dövründə hər hansı əmlakın qiyməti təklif və tələblər nəticəsində formalaşır və əmlakın qiymətində müəyyən fərqin olması təbiidir. Buna baxmayaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan mənzilin likvid qiyməti hər iki qiymətləndirici Şirkət tərəfindən verilmiş rəylərdə göstərilən məbləğlər nəzərə alınmaqla ortalanma qaydasında ((80.000+73.000) : 2=)) 76500 manat məbləğində müəyyən edilməlidir.

23. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin bir hissəsini təmin etməsə də, iddiaçı ASC qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsindən apellyasiya şikayəti verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə “ipoteka predmeti olan mənzil satıldığı halda cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da bir aydan sonra mənzildən çıxarılmaları” qət edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh1 vermiş və o, qətnaməni tam həcmdə, o cümlədən digər cavabdehlərə münasibətdə də mübahisələndirmişdir.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh1 digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, bunları nəzərə alan məhkəmə mübahisələndirilməyəm hissələrdə qətnamənin əsaslılığını yoxlamamışdır.

25. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla belə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən edilməsi hissəsində ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətlə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, zamin olan Cavabdeh1 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə, birinci instansiya məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuş, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində isə ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 76.500 manat məbləğdə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə öz mövqeyini mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 442, 443.1, 449.1, 467, 470, 472.1, 1306-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 33, 34.1, 38.2.2, 39.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.

28. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) borcun ödənilməsinin yolverilməzliyi qeyd olunub. İpoteka predmeti olan mənzil onun yeganə yaşayış yeridir və məhkəmə işə baxarkən bu halı nəzərə almamış, onun başqa yaşayış yerinin olub-olmamasını araşdırmamışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3143/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir.

31. Kassasiya instansiyası hesab etmişdir ki, zamin Cavabdeh1 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə və məhkəmələr bu tələbi təmin etməkdə haqlı olmuşlar. Lakin iş materiallarından görünür ki, X5 xx.xx.2015-ci ildə vəfat etdikdən sonra 03 may 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak olan Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsi, ev 2A, mənzil 27-dən bərabər pay alan vərəsələr kimi Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 başqa, həm də X6 göstərilmişdir. İddia tələbi əsasında borcun tutulmaması miras qalmış Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsində, 2A saylı evdə yerləşən 27 nömrəli mənzilə yönəldilməsinə baxmayaraq, həmin mənzilin mülkiyyətçilərindən biri olan X6 işə cəlb olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılması, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Həmin məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Həmin məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

36. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

37. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

38. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir.

43. Maddə 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

50. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmiş, cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

51. Bununla yanaşı kassasiya instansiyası Cavabdeh1 tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmamış, qeyd etmişdir ki, zamin Cavabdeh1 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə və məhkəmələr bu tələbi təmin etməkdə haqlı olmuşlar. X2 xx.xx.2015-ci ildə vəfat etdikdən sonra 03 may 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak olan Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsi, ev 2A, mənzil 27-dən bərabər pay alan vərəsələr kimi Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 başqa, həm də X6 göstərilmiş, iddia tələbi əsasında borcun tutulmaması miras qalmış həmin əmlaka yönəldilməsinə baxmayaraq, həmin mənzilin mülkiyyətçilərindən biri olan X6 işə cəlb olunmamışdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilməlidir.

53. İlkin olaraq qeyd edlməlimdir ki, kassasiya instansiyasının yeganə göstərişinə əsasən ipoteka qoyulmuş, miras əmlakın mülkiyyətçilərindən biri olan X6 üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Sonuncu tərəfindən iddiaya hər hansı yazılı münasibət (etiraz və s.) təqdim olunmamışdır.

54. Kassasiya instansiyasının da mövqeyinə görə zamin Cavabdeh1 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə və məhkəmələr bu tələbi təmin etməkdə haqlı olmuşlar.

55. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin yeganə yaşayış yeri olmasını, başqa yaşayış yerlərinin olmamasını göstərsə də, nəzərə almamışdır ki, bu hal özü-özlüyündə əsas tələbin onun təminatı kimi ipoteka qoyulmuş əmlaka yönəldilməsini istisna etmir.

56. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda da xüsusi olaraq qeyd edilmişdir ki, orada qeyd edilənlər ipoteka ilə yüklü edilmiş əmlaklara şamil olunmur.

57. Bununla yanaşı, işdən görünür birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini dəqiqləşdirmiş, cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

58. Lakin, işdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka qoyulmuş əmlakın açıq hərracdan sıtılması zamanı onun ilkin satış qiymətini bazar dəyərinə əsasən müəyyən etmişdir. Halbuki, «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır.

59. Qeyd edilməlidir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məhkəmənin xidməti vəzifəsinə aid olmaqla, tərəflərin bu halı mübahisələndirməsindən asılı deyildir. İşdən görünür ki, əvvəlki apellyasiya baxışı zamanı bu istiqamətdə qiymətləndiricilər təyin olunmuş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən mənzilin likvid dəyəri 80000 manat, “Məhkəmə ekspertizası və kriminalistika tədqiqatları laboratoriyası” MMC–nin xx.xx.20210-ci il tarixli rəyinə əsasən isə mənzilin likvid dəyəri 73000 manat müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qiymətləndiricilərin rəylərini müqayisə edərək hesab edir ki, ortalama qiymətin müəyyən olunması ((80000+73000):2=76500 manat)) ədalətli və ağlabatan olardı. Bu səbəbdən də məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin 76500 manat həddində müəyyən olunmasını qanuni və obyektiv hesab edir.

61. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadığından məhkəmə kollegiyası apellyasiya şikayətinin qismən təmin olunması, qətnamənin qeyd edilən hissədə dəyişdirilməsi nəticəsinə gəlir.

62. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 650 manat məbləğində qiymətləndiricilərin xərcləri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh1 aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(006)-31/2020 saylı qətnaməsi - ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 3 otaqlı 27 №-li mənzilin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilsin, həmin ipotekanın ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdiirlmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən apellyasiya icraatı zamanı aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri kimi 250 (iki yüz əlli) manat tutularaq "xxxx" MMC-nin, 400 (dörd yüz) manat tutularaq “Məhkəmə Ekspertizası və X1” MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar