Məhkəmə qərarları › İş №2(103)-5799/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5799/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5799/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilin təmirinə və əlavə tikiltinin aparılmasına sərf olunmuş pulun müəyyən edilərək ona düşən hissəsinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X18 və X9 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdeh, nümayəndəsi X14 və nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə və əlavə tikintinin aparılmasına sərd olunmuş pulun müəyyən edilərək ona düşən hissəsinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2024 nömrəli 05 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur.

2. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürlüməsi barədə” xx.xx.2014-cü il tarixli 2 saylı Protokolundan çıxarışa əsasən cavabdeh "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş onun razılıq yolu ilə sözügedən MTK-nın Bakı şəhəri, Əhmədli yaşayış sahəsi, Babək prospekti 94 ünvanında inşa etdiyi 16 mərtəbəli, 11 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 82 kv.m., yaşayış sahəsi 42 kv.m olan 2 otaqlı 83 saylı mənzilə qeydə düşməsi təsdiq edilmişdir. 045803 nömrəli kassa mədaxil qəbzinə əsasən 21.771 manat mənzilə görə pay haqqı cavabdeh tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Bakı şəhəri Xətai rayonu, ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 872, M16, m5) ünvanında yerləşən 76 kv.m.-dən ibarət mənzilə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. Tərəflər nikaha daxil olmamışdan əvvəl, nişanlı olduqları vaxt Mənzildə tam təmir işləri aparılmış, həmçinin onların birgə nikahda olduqları müddətdə Mənzilin daxili otaqlarında yerdəyişmələrdən ibarət təmir işləri aparılmışdır (mətbəx eyvana çıxarılmışdır).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzilin təmirinə çəkilmiş 40,800 manat məbləğində pul vəsaiti və birgə nikah müddətində mənzildə aparılmış əlavə tikintilərə və təmir edilməsinə çəkilmiş 8,900 manat məbləğində vəsaitin ½ hissəsi, yəni 4,445 manat olmaqla, cəmi 45,245 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından iki övladları var. Əvvəllər mehriban yaşamışlar. Cavabdeh son vaxtlar ailədə söz-söhbətlər yaratmış, onun bu hərəkətləri sonda ailənin dağılmasına səbəb olmuşdur. Nikahkları pozulmuşdur. Nişanlı olduqları dövrdə cavabdehin valideynləri tərəfindən Mənzil təmirsiz olaraq alınmışdır. Aralarındakı razılaşmaya görə Mənzilin tam təmirini öz öhdəsinə götürmüş və həmin vaxt Mənzilin tam təmirinə 48.800 manat pul xərcləmişdir. Evlilik dövründə isə iki otağı üç otağa dəyişdirmək üçün 8900 manat pul şəxsən onun tərəfindən ödənilmişdir. Hazırda həmin Mənzildə qeydiyyatdadır.

6. X7 məhkəmə iclasında bildirmişdir ki, iddiaçını qohumu vasitəsilə 2014-cü ildən tanıyır. Evini 3 nəfər usta ilə birlikdə təmir edib. Təmir işləri 2014-cü ilin yaz-payız aylarında aparılıb. Ev mətbəxlə birlikdə 3 otaqdan ibarət idi. Evdə malyar işləri, kafel, metlax, divar kağızının, tavana alçipan və döşəmənin vurulması işlərini yerinə yetirmişlər. Təmir işlərinə görə pulu iddiaçı və onun qardaşı ödəyirdi. Tikinti materiallarını da iddiaçı alırdı. Təmir işlərinə görə ümumilikdə 9500 manat pul almışdır. Təmirin 1 kv.m. 300-320 manata hesablanırdı. Təmir orta keyfiyyətli idi. Hətta, həmin binanın 10-cu mərtəbəsində ev alan bir şəxs onun işini bəyəndiyi üçün onun da evini təmir etmişdir.

7. X2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçını tanıyır, qardaşı ilə birlikdə onun evində işləyib. Ev Babək prospektində Medikal Plazanın yanında idi. 16 mərtəbəli binada yerləşirdi. Elektrik işindən başqa bütün işləri görüblər. Elektrik işini balaca boy, ağsaqqal kişi yerinə yetirmişdi. Təmir işlərini qardaşı Haqverdi iddiaçının qardaşı Vüqarla danışmışdı. Mal-materialları iddiaçı alıb gətirirdi. İddiaçı ilə qardaşından başqa evə heç kəs gəlmirdi. Evin təmirinə görə 9000-10000 manat pul almışlar. Hamama qırmızılı-ağlı kafel-metlax vurmuşlar. Ev yataq otağı, qonaq otağı və mətbəxdən ibarət idi. Evi iddiaçı onlara öz evi kimi təqdim etmişdi. Təmir bir ay yarım davam etdi, iddiaçının toyu qabağı idi, ona görə də tez işləyirdilər. Divar kağızlarının rəngini xatırlamır. Qonaq otağından ümumi koridora çıxış var idi, onu da bağladılar. Hətta bir dəfə iddiaçı zəng etdi ki, vurduqları lambrin qopub, gedib yenidən vurdular. İşləyərkən qardaşı da mahnı oxuyurdu.

8. X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə eyni mərtəbədə yaşayan qonşusu olub. Təmir işini Haqverdi və onun qardaşı edirdi. Alınmamışdan əvvəl iddiaçının mənzilin, hətta saxlanc kimi istifadə edirdi. Təmir işləri aparılanda iddiaçı, qardaşı, atası və usta Haqverdi ilə qardaşından başqa heç kimi görməyib. 3 nəfər usta var idi. İddiaçı ona demişdir ki, təmir üçün kredit götürüb. Eyvanı sonradan birləşdirdilər. O, 2014-cü ildən həmin binada yaşayır. Təmir işləri 2016-cı ildə aparılıb. Mənzil 2 otaqlı idi. Hamamın metlaxı qara rəngli idi.

9. X5 (iddiaçının bacısı) məhkəmə iclasında bildirmişdir ki, evi cavabdehin atası alıb, təmiri isə onun atası və qardaşı (iddiaçı) edib. Ev təmir olunub, sonra cavabdehin cehizləri yığılıb. Mənzil iki otaq bir mətbəx idi, sonradan mətbəxi eyvana köçürüb, mətbəxi otaq elədilər. İkinci dəfə işər görülüəndə evli idilər, uşaqları da var idi. Evin təmirinə 9500 manat pul verilib. Pul veriləndə o, ailəli idi və atasıgildən ayrı yaşayırdı. Eşitdiyinə görə evdə iki usta işləyirdi.

10. X6 (iddiaçının anası) məhkəmə iclasında bildirmişdir ki, iddiaçını nişanladıqdan sonra evlə bağlı söhbətləri oldu. Onlar ayrıca ev almaq, ya da tikmək istəyirdilər, amma cavabdehin atası dedi ki, ehtiyac yoxdur ev var. Evin təmiri üçün "xxxx" ASCdən 12500 dollar kredit aldı. 10000 dollar da əri aldı. İddiaçının da işi var idi, 3500 manat verdi, sonradan 4000 manat kredit aldı, 10000 manat da özündə var idi. Evin təmirinə 30000 manat xərcləri çıxdı, 9500 manat ustalara pul verildi. Təmir işlərinə 2014-cü ilin aprel ayında başladılar.

11. X3 (iddiaçının atası) məhkəmə iclasında bildirmişdir ki, cavabdehin atası evi aldı. Qobu qəsəbəsində torpaq sahələri var idi, cavabdehin atasına təklif etdi ki, ya orada ev tiksinlər, ya da onu satıb başqa ev alsınlar. Sonradan razılaşdılar ki, cavabdehin atasının aldığı evi təmir etsinlər. Yoldaşı 12500 dollar, özü isə 10000 dollar kredit aldı, özlərində də 6000 manat var idi. 8000 manat isə Cəlal özü verdi. Təmir işlərinə cavabdehin tərəflərin evlənmələrinə razılıq alındıqdan sonra, 2014-cü ilin yanvar-fevral ayından başladılar. Mənzil əvvəl iki otaq, qonaq, yataq və mətbəx otaqlarından ibarət idi, sonradan 3 otaq etdilər. Təmir işlərinə 28000-30000 manat pul xərclənib. Təmirdə cavabdeh iştirak etməyib. Materialları “Dərnəgül” tikinti bazarından alıblar. Təmir işlərində əsasən iddiaçı özü iştirak edib, o arabir getmişdir.

12. X1 məhkəmə iclasında bildirmişdir ki, 2014-cü ildə cavabdehin atası ilə tanış olmuşdur. O, bir gün metrodan çıxıb evə gedirdi, əlində tikinti üçün alətlər var idi, cavabdehin atası təsadüfən ona yaxınlaşıb evini təmir etməyi təklif etdi, o da qəbul etdi. Evin təmirini 8000 manata razılaşdılar. Təmirə 2014-cü ilin fevral ayının ortası başladı, üç ay davam etdi, may ayının ortası təhvil verdi. Mənzilin təmirini tək edib. Əvvəl elektrik, sonra suvaq işini yerinə yetirdi. Evə cavabdehin atasından başqa heç kəs gəlməyib. Mal-materialı o, özü alıb gətirirdi. Aldığı 8000 manat pulunu 5000 manatını materiala verib. Hamama ağ-qırmızı şahmat formasında kafel-metlax vurub. Mətbəxə metlax vurmayıb və qapıları quraşdırmayıb. Mənzilin neçənci blokda yerləşdiyi yadında deyil. Divar kağızını onun usta yoldaşı vurub. Döşəmə şam ağacından vurulub.

13. X8 məhkəmə iclasında bildirmişdir ki, cavabdehin atasının evində fəhlə işləmişdir. Təmirə 2014-cü ilin fevral ayının 14-də başladılar, may ayında təhvil verdilər. Malmaterialı Yusif müəllim (cavabdehin atası) alırdı. O, hər gün yanlarında idi. İlkin olaraq divara ağadıcı vurulub, suvaq var idi. Elektruk ustası var idi. Mənzil 16-cı mərtəbədə yerləşirdi, üç otaq (qonaq otağı, yataq otağı, uşaq otağı), bir mətbəx, sanuzel otağından ibarət idi. Divar kağızını Fizuli usta ilə birlikdə vurdular. Evin təmirinə görə pulu cavabdehin atası verirdi, ondan başqa heç kəs gəlmirdi. 8000 manat pul vermişdi. Mətbəxə metlax, tavana isə alçipan vurmuşlar. Qapılar rəngli idi, çöl qapı qırmızı təhər rəngdə və dəmir idi.

14. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai rayonu Babək prospekti 94, ev 11, 83 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 30413 manat məbləğində olduğu müəyyən edilmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyinə görə mənzilin təmir-tikinti işlərinə 2014-cü ildə çəkilmiş xərcin 10380 manat olması müəyyən edilmişdir.

16. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai rayonu Babək prospekti 94, ev 11, 83 saylı mənzildə aparılmış tikintitəmir işlərinə dair layihə-smeta və alınmış materiallara dair qaimə sənədləri mülki iş materiallarında olmadığına görə 2014-cü ilin birinci yarım ilində aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdəndə tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır. Aparılan hesablamalar nəticəsində mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 30413 manat məbləğində olduğu müəyyən edilmişdir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyul 2024-cü il tarixli 2(011)-60/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, 13230 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, Mənzilin təmirinin tərəflərin nikaha daxil olmasından əvvəl aparılması işin mübahisəsiz hallarındandır. Mübahisə isə təmirin kim tərəfindən aparılması ilə bağlıdır. Lakin tərəflər arasında nikaha qədər aprılmış təmir işləri ilə bağlı rəsmi yazılı sübutlar mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, mübahisə yalnız şahid ifadələri və onların mötəbərliyi əsas götürülməklə həll edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş və Mənzildə usta işlədiyini bildirən şahidlər, Haqverdi və Tanrıverdi Mənzildə elektrik işlərindən başqa digər təmir (suvağın vurulması, kafel-metlax, şpaklyovka işləri, divar kağızının və polun vurulması) işlərini yerinə yetirdiklərini, Mənzilin 2 otaq (yataq və qonaq) və bir mətbəxdən ibarət olmasını, sanuzel otağına ağlı-qırmızılı kafel-metlax vurulduğunu, mətbəxin bir hissəsinə də metlax vurduqlarını, 3 nəfər işləməklə təmirin bir ay yarım davam etdiyini dedilər. Cavabdeh tərəfindən təqdim edilmiş və Mənzildə usta işlədiyini bildirən şahid Fizuli Abdullayev də Mənzildə elektrik işləri də daxil olmaqla (otaq qapılarının quraşdırılması istisna olmaqla) Mənzildə təmir işərini tək yerinə yetirdiyini, Mənzilin iki otaq bir mətbəxdən ibarət olmasını, lazım olan mal-materialı özü aldığını bildirsə də, onunla birlikdə fəhlə işlədiyini iddia edən Sahil Hüseynov Mənzili 3 otaq bir mətbəxdən ibarət olmasını, təmir üçün mal-materialı cavabdehin atasının alıb gətirdiyini bildirmişdir. Bundan başqa, Fizuli Abdullayev elektik xəttinin çəkilməsi və suvağın da onun tərəfindən vurulduğunu bildirsə də, Sahil Hüseynov onlar işə başlayarkən Mənzildə suvağın olmasını və onların ilkin olaraq şpaklyovka vurduqlarını bildirmişdir. Son iki bənddə göstərilən şahid ifadələrini müqayisəli təhlil etdikdə görünür ki, cavabdehin təqdim etdiyi şahidlərin ifadələrində kifayət qədər ziddiyyətli məqamlar vardır. Həmçinin, iddiaçı tərəfindən Mənzilin sanitar qovşağında əvvəl aparılan təmir işlərini əks etdirən CD dayışıcıda video görüntü təqdim edilmişdir. Həmin video görüntüdən də görünür ki, Mənzilin sanitar qovşağındakı (məhkəməyə təqdim edilmiş həm CD diskdəki vedo çəkilşdən, həm tərəfələrin və şahidlərin ifadələrindən, həm də ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, sanitar qovşağa vrurulmuş kafel-metlax ağlı-qırmızılı rəngdədir, bu hal həmin video çəkilişin Mənzildə aparılması qənaətinə gəlməyə əsas verir) usta işləyərkən mahnı oxuyur. Halbuki, X24 məhkəmədə ifadə verərkən qardaşının işləyərkən mahnı da oxuduğunu bildirmişdir.

19. Şərh edilənlərə əsasən məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinin (xüsusilə, Tanrıverdi və Haqverdi qardaşlarının) daha ağlabatan və mötəbər hesab etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi cəmi iki şahidin ifadələri arasında isə, yuxarıda şərh edilən ziddiyyətlər vardır. Həmçinin də, Mənzilin sanitar qovşağında əvvəl aparılan təmir işlərini əks etdirən CD dayışıcıdakı video görüntüdə ustanın işləyərkən mahnı oxuması iddiaçı tərəfindən təqdim edilən X24in məhkəmədə qardaşının iş görərkən mahnı oxuması ilə bağlı verdiyi ifadəni təsdiq edir.

20. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş digər şahidlərin ifadələrində müəyyən ziddiyyətlər olduğundan, məsələn şahid Cavid Əhmədov Mənzildə təmir işlərinin 2016-cı ildə aparıldığını bildirsə də, işin mübahisəsiz halıdır ki, təmir 2014-cü ildə aparılmışdır, şahid Vüsalə Azayeva ustalara verilən pulun dəqiq məbləğini göstərsə də, sonradan onun həmin vaxt ər evində olduğunu və atasıgillə birlikdə yaşamadığını bildirmişdir. Həmçinin, işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, şahidlər Sədaqət Qurbanova və Hikmət Qurbanov Mənzildə təmir işləri aparılarkən orada olmamışlar. Bundan başqa, təmir işlərinə Hikmət Qurbanov 10000 ABŞ dolları, Sədaqət Qurbanova isə 12000 ABŞ dolları məbləğində kredit aldığını bildirsələr də, işdə Hikmət Qurbanovla "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində 10000 ABŞ dolları məbləğində kreditin istehlak məqsədi üçün alındığı müəyyən edilir. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarından isə görünür ki, Sədaqət Qurbanova tərəfindən 12500 ABŞ dolları kredit xx.xx.2014-cü il tarixdə çıxarılmışdır. "xxxx" ASC-nin digər hesabdan çıxarış məlumatlarından isə görünür ki, Sədaqət Qurbanova tərəfindın 3092,2 manat kredit 2019-cu ildən başlayaraq ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin (atasının) səs yazısını əks etdirən CD diskdəki danışıqda sonuncu Mənzilin onun tərəfindən alınmasını ildirsə də, ilkin təmir işlərinin də onun tərəfindən alınmasını bildirmir.

21. Bütün bu şərh edilənlər isə nikahdan əvvəl Mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılması barədə qənaətə gəlməyə tam əsas verir. Lakin məhkəmə Mənzildə nikahdan əvvəl təmir işlərinin iddiaçı tərəfindən aparılması qənaətinə gəlsə də, təmir xərci ilə bağlı iddia tələbi ilə razılaşmır. Belə ki, Mənzilin təmirinə həm birinci (2014-cü il), həm də ikinci dəfə çəkilmiş xərcin müəyyən edilməsi barədə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilsə də, iş üzrə rəy vermiş hər iki ekspert yalnız mövcud bazar qiymətlərinə uyğun olaraq Mənziln təmirinə 30413 manat vəsaitin xərcləndiyini qeyd etmişlər. Ona görə də, məhkəmə hər iki ekspert rəyini mörəbər sübut kimi qəbul etmir.

22. Tərəflər birgə nikaha daxil olanadək Mənzildə aparılmış təmir işlərinə çəkilmiş xərcin hesablanması barədə cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyini məhkəmə daha əsaslı və ağlabatan hesab edir, çünki həmin mütəxəsis rəyində Mənzildə təmir işlərinə çəkilən xərc 2014-cü ilin bazar qiymətləri əsas götürülməklə 10380 manat hesablanmışdır. Həmçinin, həmin mütəxəsis rəyində Mənzildə əvvəl aparılan təmirə sərf olunmalı tikinti materialları və onların qiymətləri təfsilatlı şəkildə göstərilmişdir. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının birinci tələbi qismən, Mənzildə tərflərin nikahına qədər aparılan təmirə 10380 manat pulun tutulması hissəsində təmin edilməlidir.

23. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə, Mənzilin daxilində dəyişiklərlə bağlı təmir işlərinin tərəflərin birgə nikah müddətində olduğu vaxt aparılması işin mübahisəsiz halıdır. Əksi sübuta yetirlmədiyi üçün həmin vaxt təmirə çəkilən xərcin tərəflərin birgə qazancları hesabına olması barədə qənaətə gəlmək də mümkündür. Beləliklə, Mənzilin daxili otaqlarının təyinatını (mətbəx və eyvanın) dəyişdirilməklə bağlı ikinci təmir işlərini yerinə yetirmək üçün tərəflər birgə vəsait xərcləmiş, təmir zamanı öz payına düşən pulun sərf ediləsinə razılıq verməkdə iddiaçının məqsədi həmin Mənzildə daimi yaşayaraq öz mənzil təlabatını ödəmək olmuş, lakin həmin təmir işləri başa çatdıqdan qısa müddət sonra (1 ildən sonra) tərfllərin nikahları pozulmaqla ailə münasibətlərinə xitam verilmiş, bununla da iddiaçı Mənzildə daimi yaşamaq istəyindən məhrum olmuş, cavabdeh isə təmirə çəkilmiş xərcin yarısı nisbətində iddiaçının hesabına əsassız varlanmışdır.

24. Lakin məhkəmə iddianın bu hissəsində də, tələb edilən pul vəsaitinin həcmi ilə razılaşmır. Belə ki, Mənzilin təmirinə ikinci dəfə 8900 manat pulun xərclənməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə təfəfindən ekspertiza təyin edilərkən bununla da bağlı ekspert qarşısında suallar qoyulsa da, hər iki ekspert rəyində həmin suallara cavab verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh də ikinci təmirin, yalnız onun hesabına həyata keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut tədim etməmişdir. Buna baxmayaraq iddiaçı ikinci təmirə 8900 manat xərləndiyini bildirsə də, özü məhkəmə iclasında bidirmişdir ki, Mənzildə ikinci təmirin edilməsindən əvvəl özlərində 3500 manat pul olmuş, 2200 manat da kredit (cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləindən də görünür ki, cavabdehə şəxsi istehlak məqsədilə 2200 manat pul verilmişdir) alıb təmir işlərinə başlamışlar. Odur ki, məhkəmə iddiaçının məhkəmə iclasında ikinci təmirlə bağlı etirafını əsas götürərək mübahisənin buna uyğun həll edilməsini ədalətli hesab edir. Beləliklə, şərh edilənlərə əsasən iddia tələbinin ikinci hissəsi qismən, yəni ikinci dəfə Mənzildə aparılmış təmir işlərinə görə çəkilmiş 5700 manat xərcin yarısı, yəni 2850 manat pulun tutulması hissəsində təmin edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

27. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, dövlət ekspertizası tərəfindən təqdim olunmuş rəy ağlabat və düzgün hesab edilmir, ancaq digər hər hansı qondarma bir mütəxəssis rəyi ağlabatan, düzgün və mötəbər hesab edilir. İkinci bir məqam isə məhkəmənin Xətai rayonu, ünvan 3 ünvanında yerləşən 76 kv.m-dən ibarət mənzilin təmiri üçün çəkilmiş xərcləri müəyyən edərkən öz qətnaməsində əsaslandığı "xxxx" MMC-nin mütəxəssi rəyi cavabdeh tərəfindən təqdim edilmişdir. Bu hal özü-özlüyündə həmin rəyin həqiqliyini şübhə altına almaqdadır. Bundan başqa birinci instansiya məhkəməsi xərcləri müəyyən edərkən 2014-cü ilin bazar qiymətlərini nəzərə almışdır.

28. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddia etdiyi ev birgə nikah dövründə əldə edilmiş əmlak deyildir və iddiaçı həmin mənzilin təmiri, mənzildə aparılmış əlavə tikintilər üçün heç bir vəsait xərcləməmişdir. İddiaçının cavabdehə məxsus mənzilə hər hansı vəsait sərf etməsi isə heç bir subutla təsdiqini tapmır. 2021-ci ildə tərəflərin birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti94 ünvanındakı 11 saylı evin 83-cü mənzilinin təmir işlərinə pul lazım olduğundan, Cavabdeh 2200 manat bankdan kredit götürmüşdür. Sonradan qızıllarını satıb krediti ödəmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi bank müqavilələrinə münasibətdə iddiaçının özünün və valideynlərinin bankdan müxtəlif vaxtlarda kredit almaları cavabdehə məxsus mənzilin təmir xərclərinə sərf edilməsi barədə sübut hesab edilə bilməz. İddiaçının adına olan "xxxx" MMC-nin çıxarından isə görünür ki, İddiaçı müxtəlif məbləğlərdə və vaxtlarda götürdüyü kreditlər ayrıayrı dövrləri əhatə edir. Yəni, 2012-ci il, 2013-cü il, 2014-cü ilin aprel, may ayları, 2016-cı il və 2019-cu il. Qeyd edilən kreditlərin əksəriyyəti iddiaçının özü, anası X17 və atası X12 tərəfindən alınaraq şəxsi xərclərinə sərf edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

30. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ekspert rəyi daha mötəbər sübut hesab edilir.

31. Cavabdeh tərəf öz apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh bildirdi ki, faktiki olaraq 15 fevral 2022-ci il tarixindən ayrı yaşayırlar. Mənzildə ikinci təmir 2021-ci ilin noyabr ayında onun qızılları girov qoyularaq bankdan götürülmüş pul hesabına edilmişdir. Təmir təxminən 2 ay çəkmişdir, 2000 manat xərc çəkilmişdir. Əvvəlki mətbəx mebelini satıb, onun pulu ilə yeni mətbəx mebeli almışdır. Qızılları girovluqdan götürməyə atası ilə getmişdir, o zaman artıq iddiaçı ilə birlikdə yaşamırdı. 29 mart 2022-ci il tarixdə qalıq qalmış 1700 manat borcu ödəyib qızıllarını götürmüşlər. 3500 manat evdə pul olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

36. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

45. Mübahisəli mənzil 14 yanvar 2014-cü il tarixdə cavabdehin valideynləri tərəfindən alınmışdır. Tərəflər 06 iyun 2014-cü il tarixdə nikaha daxil olmuşdur.

46. Mübahisəli mənzilin birgə nikah dövründən əvvəl cavabdehin valideynləri tərəfindən alınması və mənzildə birinci dəfə təmir işlərinin tərəflərin birgə nikaha daxil olmasından əvvəl aparılması, həmçinin nikaha daxil olduqdan sonra uzun müddət həmin mənzildə yaşaması və həmin müddətdə ikinci dəfə mənzilin daxili otaqlarında dəyişiklik edilməsi işin mübahisəsiz halıdır.

47. İddiaçı hazırda mənzildə birinci dəfə aparılmış təmirin onun tərəfindən edildiyini bildirərək, ona çəkilmiş xərci və birgə nikah müddətində mənzildə aparılmış əlavə tikintilərə və təmir edilməsinə çəkilmiş xərcin yarısını tələb etmişdir.

48. Mənzildə birinci dəfə təmirin kim tərəfindən aparılması ilə bağlı mübahisə olmuş və bununla bağlı tərəflərin hər ikisi şahidlərini təqdim etmişdir.

49. Cavabdehin təqdim etdiyi şahidlərin ifadələri arasında kifayət qədər ziddiyətlər olmuşdur, belə ki, mənzildə usta işlədiyini bildirən şahid Fizuli Abdullayev də mənzildə elektrik işləri də daxil olmaqla (otaq qapılarının quraşdırılması istisna olmaqla) mənzildə təmir işərini tək yerinə yetirdiyini, mənzilin iki otaq bir mətbəxdən ibarət olmasını, lazım olan mal-materialı özü aldığını bildirsə də, onunla birlikdə fəhlə işlədiyini iddia edən Sahil Hüseynov Mənzili 3 otaq bir mətbəxdən ibarət olmasını, təmir üçün mal-materialı cavabdehin atasının alıb gətirdiyini bildirmişdir. Bundan başqa, Fizuli Abdullayev elektik xəttinin çəkilməsi və suvağın da onun tərəfindən vurulduğunu bildirsə də, Sahil Hüseynov onlar işə başlayarkən mənzildə suvağın olmasını və onların ilkin olaraq şpaklyovka vurduqlarını bildirmişdir.

50. İddiaçı tərəfindən Mənzilin sanitar qovşağında əvvəl aparılan təmir işlərini əks etdirən CD dayışıcıda video görüntü təqdim edilmişdir. Həmin video görüntüdən də görünür ki, Mənzilin sanitar qovşağındakı usta işləyərkən mahnı oxuyur. X24 məhkəmədə ifadə verərkən qardaşının işləyərkən mahnı da oxuduğunu bildirmişdir.

51. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinin (xüsusilə, Tanrıverdi və Haqverdi qardaşlarının) daha ağlabatan və mötəbər hesab etmişdir.

52. Cavabdehin atasının səs yazısını əks etdirən CD diskdəki danışıqda sonuncu Mənzilin onun tərəfindən alınmasını ildirsə də, ilkin təmir işlərinin də onun tərəfindən alınmasını bildirmir.

53. Kollegiya hesab edir ki, nikahdan əvvəl mənzildə təmir işlərinin iddiaçı tərəfindən aparılması barədə məhkəmə əsaslı qənaətə gəlmişdir.

54. Cavabdeh mənzildə həmin təmir işlərinin onun atası tərəfindən aparıldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.

55. İddiaçı tələbində birinci dəfə təmirə 40800 manat xərclədiyini bildirmişdir.

56. Birinci instansiya məhkəməsi tərəfindən təmir xərcinin müəyyən edilməsi məqsədi ilə iki dəfə ekspertiza keçirilsə də, ekspert tərəfindən hər iki rəydə yalnız mövcud bazar qiymətlərinə uyğun olaraq mənzilin təmirinə 30413 manat vəsaitin xərcləndiyi göstərilmişdir.

57. Cavabdeh tərəf isə "xxxx" MMC-nin mütəxəssis rəyini təqdim etmişdir və həmin rəyə əsasən mənzilin təmir-tikinti işlərinə 2014-cü ildə çəkilmiş xərc 10380 manat müəyyən edilmişdir.

58. İddiaçı apellyasiya şikayətində mütəxəssis rəyini əsas götürülməsini mübahisələndirmiş, ekspert rəyinin daha mötəbər sübut olduğunu göstərmişdir.

59. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir. Göründüyü kimi ekspert tərəfindən hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyər müəyyən edilmişdir. Lakin təmir 2014-cü ildə aparılmışdır.

60. "xxxx" MMC tərəfindən rəy verilərkən mənzilə baxış keçirilmişdir. Kollegiya hesab edir ki, rəy kifayət qədər əsaslandırılmış və onu şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmiş, iddiaçı tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

61. Odur ki, məhkəmə haqlı olaraq "xxxx" MMC-nin mütəxəsis rəyini daha əsaslı və ağlabatan hesab etmişdir.

62. Həmçinin məhkəmə onu da nəzərə almışdır ki, xx.xx.2014-cü il tarixdə mənzilin təmirsiz vəziyyətdə 21771 manata alındığı halda, bir aydan sonra təmirinə 40800 manat, yəni təxminən mənzilin dəyərini iki dəfəyə yaxın artıran təmir işlərinin yerinə yetirilməsi ağlabatan görünmür.

63. İddiaçının ikinci tələbi birgə nikah müddətində mənzildə aparılmış əlavə tikintilərə və təmir edilməsinə çəkilmiş 8,900 manat məbləğində vəsaitin yarısının tutulması ilə bağlı olmuşdur.

64. Birgə nikah dövründə birgə vəsait hesabına mənzildə təmir işləri aparıldığı, daxil otaqların təyinatının dəyişdirildiyi mübahisəsizdir və tərəflər arasında nikah pozulduğundan və hazırda iddiaçı həmin evdə daimi yaşamaq istəyindən məhrum olduğundan, məhkəmə əsaslı olaraq göstərmişdir ki, cavabdeh təmirə çəkilmiş xərcin yarısı nisbətində iddiaçının hesabına əsassız varlanmışdır.

65. Ancaq müəyyən olunur ki, ikinci təmir yalnız mətbəxin eyvana çıxarılmasından ibarət olmuşdur.

66. İddiaçı həmin təmirə 8900 manat xərcləndiyini iddia etsə də bu halı təsdiq edən sübut təqdim etməmişdir.

67. Birinci instansiya məhkəməsi zamanı izahatında göstərmişdir ki, mənzildə ikinci təmirin edilməsindən əvvəl özlərində 3500 manat pul olmuş, 2200 manat da "xxxx" ASC-dən cavabdehin adına kredit götürüb təmir işlərinə başlamışlar.

68. Birinci instansiya məhkəməsi də iddiaçının bu izahatını etiraf kimi qəbul edərək, təmir işlərinə görə çəkilmiş xərcin 5700 manat olması qəanətinə gəlmiş və həmin xərcin yarısı, yəni 2850 manat pulun tutulmasını müəyyən etmişdir.

69. Kollegiya hesab edir ki, bu hissədə məhkəmənin qətnaməsi dəyişdirilməlidir.

70. Belə ki, iddiaçı 3500 manat özlərində pul olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

71. Cavabdeh apellyasiya baxışı zamanı bildirmişdir ki, evdə 3500 manat pul olmamışdır. İkinci təmirə cəmi 2000 manat civarında xərc sərf olunmuşdur ki, onu da o, kredit götürmüşdür. Materiallara təxminən 1000-1100 manat, təxminən bir o qədər də ustaya sərf olunmuşdur.

72. Belə olan halda özlərində 3500 manat olması və onun təmirə xərclənməsini iddia edən iddiaçı bu halı təsdiq edən hər hansı sübut təqdim etməmiş və iş materialları əsasında bu hal müəyyən edilməmişdir.

73. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X13 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, 12 ay müddətinə illik 26 % dərəcəsi ilə 2200 manat kredit götürülmüşdür. Müqavilə üzrə öhdəliklərin təminatı kimi eyni tarixdə tərəflər arasında girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, Mədinə Qurbanova 1 ədəd bilərzik, 2 ədəd üzük, 1 cüt sırqa girov qoymuşdur.

74. Göründüyü kimi 05 noyabr 2021-ci il tarixdə 2200 manat kredit götürülmüşdür. Tərəflərin izahatlarından müəyyən edilir ki, həmin kredit təmir üçün götürülmüşdür. Lakin iddiaçı tələbində həmin məbləğin yarısını hesablayaraq təmir xərci tələb etsə də, apellyasiya baxışı zamanı cavabdeh bildirmişdir ki, faktiki olaraq 15 fevral 2022ci il tarixindən ayrı yaşayırlar. 29 mart 2022-ci il tarixdə qalıq qalmış 1700 manat borcu atası ödəyib qızıllarını götürmüşlər.

75. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdə 210,91 manat, xx.xx.2022-ci il tarixdə 210,91 manat və xx.xx.2022-ci il tarixdə 210,91 manat ödəniş edilməlidir və bundan sonra 1707,87 manat borc qalır.

76. Beləliklə kredit 05 noyabr 2021-ci il tarixdə götürülmüş, tərəflər isə 15 fevral 2022-ci il tarixdən faktiki ayrı yaşamışlar, ona görə də 3 ay - dekabr, yanvar, fevral ayları üzrə kredit ödənişinin birgə vəsait hesabına edildiyi müəyyən edilir.

77. İş materiallarından müəyyən edilir ki, 29 mart 2022-ci il tarixdə girov qoyulmuş qızıllar girovluqdan azad edilmişdir.

78. Müəyyən edilir ki, kredit üzrə borc vaxtından əvvəl ödənilmiş və girov predmeti girovluqdan çıxmışdır. Ödəniş cədvəlinə görə mart ayına qalıq borc 1707,87 manat olmuşdur, buradan da cavabdeh tərəfin qeyd etdiyi hal - 29 mart 2022-ci il tarixdə qalıq qalmış 1700 manat borcun tərəfindən ödənilib, qızıllarının götürülməsi təsdiq olunur.

79. Götürülmüş kredit üzrə ödənişlərin yalnız ilk 3 ayının birgə vəsait hesabına ödənildiyi və qalan məbləğin cavabdeh tərəfindən ödənildiyi müəyyən edildiyi üçün iddiaçının bütün məbləğin yarısını tələb etməsi əsassızdır. Odur ki, 3 ay üzrə ödənilmiş 632,73 (210,91+210,91+210,91) manatın ½ hissəsi, yəni 316,36 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2024 nömrəli iş üzrə 05 iyul 2024-cü il tarixli qətnaməsi birgə nikah dövründə aparılmış təmir işlərinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin və ikinci dəfə aparılmış təmir işlərinə görə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 316,36 manat müəyyən edilsin. Qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar