Məhkəmə qərarları › İş №2(103)-5802/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5802/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5802/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3756/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 Kərim (Əzizbəyov) küçəsi döngə 3, ev 3A ünvanında təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və maddi zərər hesablanmışdır:

1. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 4775 m3, 955 manat,

2. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1265 m3, 253 manat,

3. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1206 m3, 241.2 manat,

4. xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1246 m3, 249.2 manat. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 790 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı” barədə müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə yaranmış 1660.90 manat məbləğində zərərin, 300 manat vəkil xərcinin, 40.70 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2001.16 manat borcun (pulun) İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3756/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 811.7 (səkkiz yüz on bir manat, yetmiş qəpik) manat məbləğində dəymiş zərər və 25 (iyirmi beş) manat dövlət rüsumu, 50 (əlli) manat vəkil xərcinin İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 448.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Məhkəmə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 092136 saylı aktlar üzrə hesablanmış məbləğlərlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 0.20 qəpikdən deyil, sözügedən aktlar üzrə müvafiq 0.10 qəpikdən hesablanaraq cəmi məbləğ olaraq 849.2 manat məbləğində dəymiş zərər müəyyən olunmalı idi. Cavabdehə hesablanmış cərimələrdən bugünki tarixədək 37.5 manat pul ödəndiyindən, ödəniş hesablanmış cərimədən çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır – 849.2-37.5=811.7 manat Bundan başqa, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 40.70 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 50 ( əlli) manat vəkil xərci və 25 (iyirmi beş) manat isə dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsində icraat

Qeyd olunan qətnamədən narazı qalan İddiaçı İB (vəkili-nümayəndəsi Vəkil) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad edilən müvafiq maddəyə əsasən bildiririk ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir.

Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “aktlar üzrə hesablanmış borc məbləğinin təmin edilməmiş” hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq Mülki Məcəllə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. - 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. - 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından göründüyü kimi, Cavabdeh fərdi yaşayış evində kənar qaz xəttindən istifadə etməklə, paylayıcı İddiaçı İB-yə maddi ziyan vurmuş və tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin şərtlərini pozmuşdur. Bu barədə qaz paylayıcısı İddiaçı İB tərəfindən yuxarıda qeyd edilən 4 adda tərtib edilmiş aktların həqiqiliyini təkzib edən sübutlar müəyyən edilməmişdir. Lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən aktlar əsasında hesablanmış maddi ziyanın məbləğini itirilmiş təbii qazın hər 1 kubmetrinə 0.2 manatdan hesablasa da, kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, tərəflər arasında mövcud olan xx.xx.2013-cü il tarixli 790 nömrəli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kubmetri üçün 0.1 manat məbləğində müəyyən edildiyindən maddi ziyanın məbləği də bu qiymətə uyğun olaraq hesablanmalıdır. Kollegiya apellyasiya şikayətinin “ekspertiza təyin edilməsi ilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Həmçinin, iddiaçının apellyasiya şikayətinin dəlilləri cavabdehin qaz xəttinə qanunsuz müdaxiləsindən yox, aktlar üzrə hesablanmış cərimə məbləğindəndir. Ona görə də, mübahisə üzrə qaz xəttinə qanunsuz müdaxilə ilə bağlı ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3756/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar